Prezident İlham Əliyevin qətiyyətli mövqeyi antiazərbaycançı

 şəbəkəyə növbəti ciddi zərbə oldu

 

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsi zamanı çıxış edib sualları cavablandıran Prezident İlham Əliyev Ermənistanın işğalçı siyasətini bir daha ifşa edərək təcavüzkar ölkəyə sərt xəbərdarlıq ünvanladı. Dövlət başçısı həm Ermənistan XİN-in nümayəndəsinin, həm də bu ölkənin havadarlarının diqqətinə çatdırdı ki, əgər bu hal davam edərsə, düşmən getdikcə daha sərt cavab alacaq.

Azərbaycan Prezidentinin paneldəki çıxışı və suallara tutarlı arqumentlərlə verdiyi cavabları ölkə ictimaiyyətində böyük qürur hissi yaradıb. Bununla bağlı söylənilən fikirlərdə, açıqlamalarda dövlət başçısının Azərbaycan xalqının haqq səsini dünyaya bir daha qətiyyətlə bəyan etdiyi qeyd olunur.

Milli Məclis sədrinin müavini Bahar Muradova qəzetimizə açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyev konfransda müxtəlif məsələlərlə bağlı dövlətimizin tutduğu mövqe və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan fəaliyyətə münasibət bildirərək növbəti dəfə çox kəskin, açıq, qətiyyətli formada ən müxtəlif dairələrə mesajlar ünvanlayıb. Prezidentin həm çıxışı, həm də suallara cavabları ətrafında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn prinsipləri əsasında çıxış etməsi və bu prinsiplərə uyğun olaraq ədalətin bərpası istiqamətində heç kimə heç vaxt güzəştə getməyəcəyi bir daha bəlli oldu: “Konfransda bir çox məsələlərlə yanaşı, Ermənistan nümayəndəsinin bu ölkənin maraqlarına xidmət edən suallarına cavabında dövlət başçısı çox açıq və konkret münasibət bildirdi. Onlar elə bilirdilər ki, bu suallarla Azərbaycan Prezidentini çətin vəziyyətə salacaqlar. Amma əslində öz sualları ilə özlərini ifşa etmiş oldular. Bu suallarla şərait yaratdılar ki, Ermənistanın təcavüzkar siyasətinin üzü açıq şəkildə ortaya qoyulsun”.

Bahar Muradovanın sözlərinə görə, Prezident İlham Əliyevin cavabı özündə olan sualları onlara ünvanlaması və erməni əsgərinin Ağdama, Füzuliyə nə məqsədlə gəldiyini soruşması Ermənistanı çətin duruma salmış oldu. Çünki onlar bu suala konkret cavab verə bilməzlər. Bu həm də Ermənistanın maraqlarından çıxış edən dairələrə açıq mesaj idi ki, Azərbaycan üçün bu gün Ermənistanın təcavüzkar siyasəti hansı nəticələrə gətirib çıxarıb və bu siyasət dünyadakı yeni münaqişələrin meydana gəlməsi, dünyanı yeni təhdidlərlə üz-üzə qoyması ilə nəticələnib. Zamanında Dağlıq Qarabağ münaqişəsinin həllində düzgün mövqe tutulmaması bu gün Ukrayna hadisələrinin meydana gəlməsi dünyanı çox kəskin təhlükələrlə üz-üzə qoyub: “Beynəlxalq hüquq prinsiplərinin ayrı-ayrı münaqişələrə, yaxud tamamilə bir-birinin eyni olan münaqişələrə fərqli şəkildə tətbiq olunması həqiqətən narahatedici məqamdır və bu, Azərbaycanın haqlı tənqidinə, etirazına səbəb olur” deyən vitse-spiker vurğulayıb ki, Prezident bütün bunları tutarlı arqumentlərlə, faktlarla açıq şəkildə ortaya qoydubu məsələdə obyektiv fəaliyyət göstərməli olan ATƏT-in Minsk qrupu, həmsədr ölkələrin yürütdüyü siyasətdə ikili standartlar prinsipinin mövcudluğunu diqqətə çatdırdı. Prezident haqlı olaraq Minsk qrupu həmsədrlərinin işğalçı ölkənin təcavüzkar siyasətinə dəstək verdiklərini və Ermənistanı müdafiə etdiklərini söyləyərək bunun qətiyyən həmsədrliklə bir araya sığmadığını, vasitəçilik missiyası ilə uyğun gəlmədiyini deyib.

Bahar Muradova hesab edir ki, Ukrayna hadisələri ilə bağlı keçirilən müzakirələrdə diqqətin Dağlıq Qarabağ münaqişəsinə daha aydın şəkildə yönəlməsi üçün çox əhəmiyyətli bir hadisə olub.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın ən böyük siyasətçilərinin bir araya gəldiyi toplantıdır. Ukrayna hadisələrinin gərginləşdiyi bir zamanda böyük siyasətçilərin bir araya gəlməsi, bu konfransın keçirilməsi də ümumi tale üçün məsuliyyətin ortaya qoyulması demək idi. Bu gün dünyanın böyük dövlətləri, siyasətçiləri də başa düşürlər ki, Avropanın mərkəzində baş verən bu alovonun genişlənməsi sonradan çox ağır fəsadlara gətirib çıxara bilər və bu baxımdan bir yerə toplaşaraq bu problemin hüquqi-ədalətli həllinə nail olunması istiqamətində hər kəs öz mövqeyini bildirmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin də bu konfrans çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsindəki iştirakı olduqca vacib və Azərbaycanın mövqeyinin ortaya qoyulması sahəsində mühüm bir addım idi.

Komitə sədrinin fikrincə, dövlət başçısının panel müzakirəsində iştirakı və orada Azərbaycanın haqlı tələbini siyasətçilərin diqqətinə çatdırması ölkə Prezidentinin apardığı qətiyyətli siyasətin məntiqi davamıdır və növbəti uğurlu addımıdır: “Dövlət başçısının elə bir çıxışı, görüşü yoxdur ki, orada Azərbaycan həqiqətləri iştirakçıların diqqətinə çatdırılmasın. Bu dəfə Prezident İlham Əliyev çox vacib bir fikir səsləndirdi. Bildirdi ki, əgər vaxtında Ermənistan-Azərbaycan, Daqlıq Qarabağ münaqişəsinin həllinə ciddi münasibət göstərilsəydi, vacib addımlar atılsaydı və böyük dövlətlər, xüsusilə də Minsk qrupuna daxil olan həmsədr ölkələr öz mövqelərini ortaya qoyub bu problemin həllində bir görmüş olsaydılar, bu gün ayrı-ayrı lokal münaqişələr baş verməzdi. İnsanlar öz yurd-yuvalarından didərgin düşməzdi. Bu gün dünyada 60 milyondan çox qaçqın var. Bunlar böyüklokal münaqişələrin qurbanı olan insanlardır və onların içərisində Azərbaycan o dövlətdir ki, əhalisinin hər doqquzundan biri qaçqın və ya məcburi köçkündür. Düzdür, beynəlxalq təşkilatlar ayrı-ayrı qətnamələr qəbul edir və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də var. Ancaq qətnamələrin icra olunmasında biganəlik nümayiş olunur”.

Rəbiyyət Aslanovanın sözlərinə görə, Prezident İlham Əliyev sözügedən konfransdakı çıxışı zamanı bütün bu proseslərin gələcəkdə nə ilə nəticələnəcəyini gözəl bilən böyük bir praktik siyasətçi kimi özünü göstərdi və konfransda həm iştirakı, həm qətiyyətli mövqeyi, beynəlxalq qurumlardan etdiyi tələbləri onu göstərdi ki, Azərbaycan Prezidenti böyük siyasətçidir, Azərbaycan xalqının inandığı bir liderdir. Hər bir Azərbaycan vətəndaşı bir daha əmin oldu ki, dövlət başçısı xalqımızın ən ağrılı yeri olan bir məsələni həll etmək iqtidarında olan siyasətçidir.

Ermənistan XİN nümayəndəsinin bu ölkənin maraqlarına xidmət edən suallarla dövlət başçısına müraciətinə cənab İlham Əliyevin konkret faktlarla verdiyi cavab iştirakçılarda böyük maraq doğurdu: “Prezident konkret olaraq dedi ki, əgər erməni əsgəri ölmək istəmirsə, Ağdama getməsin. Sizin Yerevanda, Gümrüdə yeriniz var. İqtisadi cəhətdən tənəzzülə uğrayan Ermənistanda əhali ölkəni tərk etmək məcburiyyətində qalıb. Belə olan halda sizin Azərbaycan ərazisində nə işiniz var? Bu, onların üzünə deyilmiş çox ciddi ittiham idi və dövlət başçısı bir daha işğalçı ölkəyə xəbərdarlıq etdi. Eyni zamanda, antiazərbaycançı şəbəkəyə, Ermənistanın havadarlarına bir daha çatdırdı ki, nə qədər bizim torpaqlara ayaq basacaqsınız, daha çox cəzalanacaqsınız, daha çox itki verəcəksiniz. Çünki bu gün Azərbaycanın güclü, qüdrətli ordusu varbu ordu istənilən an erməni əsgərini tarixi torpaqlarımızdan çıxarmağa qadirdir”.

Komitə sədri eyni zamanda bildirib ki, bu gün Azərbaycan dünya erməniliyi və antiazərbaycançı şəbəkəyə qarşı mübarizə aparır. Müxtəlif çirkin kampaniyalardan istifadə edərək ölkəmizə qarşı sanksiyaların tətbiq olunmasına çalışırlar. Azərbaycanı gözdən salmaq, ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün etdikləri cəhdlər isə heç vaxt baş tutmayacaq. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, liderlik xarakteri sayəsində həmin “qüvvələrə” vaxtında lazımi cavab verilir. Dövlət başçısı dəfələrlə beynəlxalq təşkilatlarda, konfransforumlarda bəyan edib ki, artıq Azərbaycanla təzyiq dili ilə danışmaq qeyri-mümkündürbunun heç bir nəticəsi olmayacaq. R.Aslanova hesab edir ki, Azərbaycan xalqının qürur duyduğu siyasi liderinin çəkinmədən, qətiyyətlə bu fikirləri bütün toplantılarda səsləndirməsi xüsusilə, diplomatlarımızı, siyasətçilərimizi bu işdə daha aktiv fəaliyyət göstərməyə sövq etməlidir.

Bu gün dünya iqtisadiyyatını çökdürən qlobal maliyyə böhranı dövründə Azərbaycanın öz sabitliyini qoruyub saxlayan bir ada olduğunu deyən R.Aslanova düşünür ki, bu, çoxşaxəli, böyük bir siyasətin uğurlu nəticəsidir. Azərbaycanın iqtisadi, siyasi sabitliyi onu göstərir ki, düzgün, xalqın etimadına əsaslanan və liderin yürütdüyü siyasət dönməz, güclü siyasətdir: “Həqiqətən də hər bir azərbaycanlı dövlət başçısının bu çıxışlarına baxdıqda bir əminlik yaşayır. Bu, ən vacibdir. Çünki sabahı üçün narahat olmayan bir ölkənin vətəndaşı olmaq böyük xoşbəxtlikdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edirsə, böyük layihələri gerçəkləşdirmək iqtidarındadırsa, deməli, böyük dövlətlər də Azərbaycanla hesablaşmalıdır”.

Sonda isə Rəbiyyət Aslanova vurğulayıb ki, Azərbaycanı, azərbaycanlı obrazını dünyaya tanıtmaq, hər bir ölkə vətəndaşında qürur hissi yaşatmaq yalnız güclü liderin bacarığı, yüksək intellekti sahəsində baş tuta bilərdi və Prezident İlham Əliyev Münxen Konfransında bunu bir daha nümayiş etdirdi.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 11 fevral.- S.3.