Bölgələrdən paytaxta adlı yeni layihəyə

Cənub mirvarisinin təqdimatı ilə başlanılıb

 

Fevralın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bölgələrdən paytaxta adlı yeni layihənin təqdimatı olub.

AzərTAc xəbər verir ki, layihə çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Masallı rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə ilk tədbir Masallıya həsr edilib.

Əvvəlcə tədbir iştirakçıları Masallı rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Əlamətdar haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb.

Nazir vurğulayıb ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının Bölgələrdən paytaxta adlı mədəni tədbirləri təşkil olunacaq. Bu yeni layihədir və bu gün onun icrasına start verilir. Layihə çərçivəsində Qəbələ, Quba, Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarının Bakı şəhərində mütəmadi tədbirləri keçiriləcək. Bu təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verəcək.

Bildirilib ki, bu layihə yeni-yeni istedadlı gənclərin üzə çıxmasına, tanınmasına və gələcəkdə Azərbaycan mədəniyyətinə böyük töhfələr verməsinə səbəb olacaq.

Sonra tədbir Masallı incəsənət ustaları adlı konsert proqramı ilə davam edib.

Rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin və incəsənət ustalarının çıxışları alqışlarla qarşılanıb.

 

 

Azərbaycan.-2015.- 11 fevral.- S.6.