UNDP çərçivəsində turizm sahəsində

əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

 

BMT-nin İnkişaf Proqramının (UNDP) rezident əlaqələndiricisi Antonius Broek Mədəniyyət və Turizm Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə UNDP-nin Azərbaycanda həyata keçirildiyi layihələr barədə məlumat verilib.

A. Broek Əbülfəs Qarayevin cari ilin yanvarında Nyu-Yorka səfəri çərçivəsində keçirilən tədbirlər, xüsusilə BMT rəsmiləri ilə görüşlərin beynəlxalq ictimaiyyətdə böyük rezonans doğurduğunu diqqətə çatdırıb.

Nazir öz növbəsində bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna BMT-nin üç əsas ixtisaslaşmış qurumu UNESCO, Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının cəlb olunması Azərbaycanın bu qurum ilə dərin və çoxşaxəli əməkdaşlığının bariz nümunəsidir. Bildirilib ki, UNDP çərçivəsində turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bütün təkliflər Azərbaycan qanunvericiliyinə uyğunlaşdırıldıqdan sonra onların həyata keçirilmə mexanizmləri ətraflı nəzərdən keçirilə bilər. Bu təkliflərin eyni zamanda cari il mayın 18-19-da Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Mədəniyyət və davamlı inkişaf 2015 gündəliyi ilə əlaqələndirilməsi nəzərdə tutulur.

 

Azərbaycan.-2015.- 12 fevral.- S.3.