Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında

 açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq

 

Vətəndaş müraciətlərinə baxılmasında yeni mərhələ,

 araşdırmalar, təhlillər və həll olunan problemlər

 

2-ci hissə

 

(əvvəli fevralın 11-də "Azərbaycan" qəzetinin saytında verilib)

 

Yola saldığımız 2014-cü ili vətəndaşların müraciətlərinə baxılmasının təşkilində, ümumiyyətlə vətəndaşların problemlərinin əsaslı surətdə həll olunmasında, həmçinin onların gündəlik problemlərinə qayğı və diqqətin artırılmasında yeni bir mərhələ adlandırmaq olar.

Azərbaycan Prezidenti özü başda olmaqla bütün dövlət orqanlarından, vəzifəli şəxslərdən, hər bir məmurdan Azərbaycan dövlətinin əsas dayağı olan Azərbaycan xalqının daha yaxşı yaşamasına şərait yaradılmasını, vətəndaşların hüquq və azadlıqlarının qarantı kimi bu hüquqların təmin edilməsini, onların dövlət orqanlarına etdiyi hər bir müraciətə qanun çərçivəsində, hüquqi müstəvidə baxılmasını çox ciddi tələb edir.

2014-cü ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının rəhbərləri tərəfindən vətəndaşların yerlərdə qəbulu davam etdirilmiş və bu qəbullar əhali arasında getdikcə daha böyük maraq və rəğbətlə qarşılanmışdır. Vətəndaşların vəzifəli şəxslərlə birbaşa ünsiyyəti xalqla hakimiyyət arasında dialoq körpüsünün möhkəmlənməsinə səbəb olmuş və çox böyük səmərə vermişdir.

Respublikanın müxtəlif regionlarında təşkil olunan qəbullarda mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən 67 şəhər və rayondan 10529 vətəndaş qəbul olunaraq onların təqdim etdikləri 10194 müraciətə baxılmış, bunların bir çoxu operativ həll edilmiş, digərləri barədə isə müvafiq orqanlar qarşısında məsələ qaldırılmışdır.

Qəbullarda iştirak etmiş 10529 vətəndaş daxili işlər (1415 nəfər), əmək və əhalinin sosial müdafiəsi (745), iqtisadiyyat və sənaye (711), ədliyyə (656), təhsil (640), ekologiya və təbii sərvətlər (542), mədəniyyət və turizm (485), rabitə və yüksək texnologiyalar (444), nəqliyyat (435), kənd təsərrüfatı (417), səhiyyə (359), gənclər və idman (356), vergilər (325), fövqəladə hallar (303) nazirləri, Baş prokuror (706), Əmlak Məsələləri (381), Torpaq və Xəritəçəkmə (283), Ailə, Qadın və Uşaq Problemləri (185), Gömrük (132), Dini Qurumlarla İş üzrə (87) dövlət komitələrinin sədrləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (271), Dövlət Sərhəd Xidmətinin (191) rəisləri, Dövlət Sosial Müdafiə Fondunun (351), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (109) sədrləri tərəfindən qəbul edilmişdir. Qəbullarda qaldırılan məsələlərin 8374-ü (82,1%) qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmuşdur.

Vətəndaşlar qəbullar zamanı həmin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında həll edə bilmədikləri bir çox məsələlərin həllinə nail olmuşlar. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 37,6 faizi müsbət həll edilmiş, 13,1 faizi əsassız sayılmış, 5,5 faizi icrada saxlanılmış, 30,5 faizi ilə bağlı vətəndaşlara izahat və tövsiyələr verilmiş, 13,3 faizi aidiyyəti üzrə müvafiq qurumlara göndərilmişdir.

Vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq üçün ötən il Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən respublikanın mərkəzi icra hakimiyyəti və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə müxtəlif rayon icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin təşkili vəziyyəti öyrənilmişdir. Belə araşdırmalar Balakən, Beyləqan, Biləsuvar, İmişli, Lerik, Neftçala, Saatlı, Samux rayonlarında aparılmışdır.

Araşdırmalar göstərmişdir ki, bu rayonların sakinlərindən daxil olan şikayətlərin əsas səbəbi müvafiq normativ-hüquqi aktların tələblərinin yerli icra hakimiyyəti orqanları tərəfindən tam yerinə yetirilməməsi ilə bağlıdır. İcra hakimiyyəti başçılarının aparatları və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının bir çoxu həmin aktların tələblərinə lazımınca riayət etmirlər. Buna görə də sənədlərin dövriyyəsi və vətəndaş müraciətlərinə baxılması işi ardıcıl qurulmamış, vahid nəzarət sistemi yaradılmamış, nəzarət qaydasında baxılan müraciətlərin icrasına dair geniş və hərtərəfli təhlillərin aparılması təşkil edilməmişdir.

Bəzən vətəndaşların müraciətlərinə bilavasitə onların iştirakı ilə baxılmır, ayrı-ayrı hallarda müraciətlər baxılmaq üçün şikayət edilən vəzifəli şəxslərə göndərilir və onların hazırladıqları cavablar əsasında işə alınır. Bəzi yerlərdə vətəndaşların müraciətlərinə baxılmasında, onların qəbulunda formalizmə yol verilir, vətəndaşlarla keçirilən hər bir görüşdən yerli problemlərin həlli üçün səmərəli istifadə olunmur və s.

Aparılan araşdırmaların nəticələri RİHB aparatları əməkdaşlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, idarə, təşkilat və müəssisələrin rəhbərlərinin, RİHB-in inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə yerlərdə geniş müzakirə olunmuş, nöqsan və çatışmazlıqlara yol vermiş şəxslər barəsində müvafiq intizam tənbehi tədbirləri görülmüş və onları aradan qaldırmaq üçün müvafiq tədbirlər planları hazırlanıb təsdiq edilmişdir. Bütövlükdə araşdırmaların aparılması səmərəli olmuş, görülən işlər bu sahədə böyük dönüş yaratmışdır.

Ümumiyyətlə, vətəndaş müraciətlərinə və vətəndaşların özlərinə yeni münasibət ili kimi yadda qalan 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına daxil olan müraciətlərin təhlili, statistikası, növləri, coğrafiyası, müraciət edənlərin sosial tərkibi və digər məlumatların öyrənilməsi də maraqlı nəticələr çıxarmağa imkan verir.

Ötən il Prezident Administrasiyasına daxil olan müraciətlər barədə danışarkən ilk növbədə qeyd etməliyik ki, daxil olan müraciətlərin sayı əvvəlki 2013-cü ilə nisbətən 25,8 faiz azalmışdır. Bunun əsas səbəbləri, əvvəldə qeyd edildiyi kimi, ölkə Prezidentinin tapşırıq və tövsiyəsi ilə yerlərdə səyyar qəbulların keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda müraciətlərə daha diqqətlə yanaşılması, xüsusilə təkrar və çoxsaylı müraciətlərin yaranma səbəblərinin aradan qaldırılması, vətəndaşlara onların irəli sürdükləri məsələlərin nə dərəcədə əsaslı olub-olmaması barədə kifayət qədər dolğun məlumatların verilməsi, əhali arasında hüquqi biliklərin daha geniş təbliğ edilməsi, ən başlıcası isə vətəndaşların müraciətlərinə ölkə Prezidentinin müəyyən etdiyi prinsiplər və normalar əsasında baxılmasıdır.

Müraciətlərin say etibarilə azalması daha çox Bakı şəhərinin Binəqədi, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonlarında, Naxçıvan MR-in şəhər və rayonlarında, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Quba, Qubadlı, Qusar, Lerik, Masallı, Saatlı, Sabirabad, Siyəzən, Şəmkir, Yardımlı, Zaqatala, Zərdab, digər şəhər və rayonlarda müşahidə olunur.

Prezident Administrasiyasına daxil olan müraciətlərin ümumi sayı ilə yanaşı, təbiidir ki, hər 1000 nəfərə düşən sayı da azalmışdır. Lakin bəzi şəhər və rayonlar üzrə bu göstərici digərlərinə nisbətən yüksək olmuşdur. Buna misal olaraq Bakı şəhərinin Xəzər rayonunu, Lənkəran, Naftalan, Yevlax, Ağcabədi, Ağstafa, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, Xocalı, İmişli, Kəlbəcər, Laçın, Lerik, Şuşa, Zəngilan, Zərdab, digər şəhər və rayonları göstərmək olar.

Respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərin kənd və qəsəbələr üzrə coğrafiyasına nəzər saldıqda maraqlı mənzərə müşahidə olunur. Yəni elə şəhər və rayonlar var ki, onların kənd və qəsəbələrinin bir neçəsindən, elələri də var ki, demək olar, hamısından vətəndaşlar Prezident Administrasiyasına və digər mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər göndərmişlər. Prezident Administrasiyasına müraciət göndərmiş yaşayış məntəqələrinin sayı çox az olan rayonlar vardır ki, bunlardan da Naxçıvan MR-in şəhər və rayonlarını, Astara, Daşkəsən, Xaçmaz, Xızı, İsmayıllı, Qax, Qəbələ, Quba, Qusar, Oğuz, Siyəzən, Şabran, Yardımlı və digər rayonları göstərmək olar. Lakin yaşayış məntəqələrinin əksəriyyətindən müraciət daxil olan rayonlar da vardır ki, buna misal olaraq Lənkəran, Yevlax, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Göyçay, Göygöl, Lerik, Saatlı, Salyan, Şəmkir, Tərtər şəhər və rayonlarını göstərmək olar.

2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarına daxil olan müraciətlərin ümumi sayı, demək olar ki, 2013-cü il səviyyəsində olmuşdur. Müraciətlərin 80,8 faizi mərkəzi, 19,2 faizi isə yerli icra hakimiyyəti orqanlarında araşdırılmışdır.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına bilavasitə ünvanlanan, yaxud həmin orqanlara kənar təşkilatlardan baxılmaq üçün göndərilən müraciətlərin sayı müəyyən dərəcədə vətəndaşların həmin orqan və təşkilatlara etimadının göstəricisi hesab edilə bilər.

Şəhər və rayon icra hakimiyyətlərinin verdikləri məlumatlardan görünür ki, 2014-cü ildə onlara yuxarı dövlət orqanlarından daxil olan müraciətlər 42,7 faiz təşkil etmişdirsə, bilavasitə özlərinə daxil olan müraciətlər 57,3 faiz təşkil etmişdir. Bilavasitə özlərinə ünvanlanmış müraciətlərin sayının Prezident Administrasiyasından və digər mərkəzi icra hakimiyyəti orqanlarından göndərilmiş müraciətlərin sayından az olduğu rayonlardan Qaradağ, Ağdaş, Astara, Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Kəlbəcər, Şəmkir rayonlarını göstərmək olar.

Mərkəzi icra hakimiyyəti orqanlarına il ərzində daxil olmuş müraciətlərin 23,7 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 76,3 faizi isə bilavasitə vətəndaşlardan daxil olmuşdur. Mərkəzi Banka, Dövlət Sığorta Kommersiya Şirkətinə, “Azərenerji”, “Azneftkimyamaş” ASC-lərə, “Aqrarkredit” QSC-yə bilavasitə daxil olan müraciətlərin sayı daha az olmuşdur.

Vətəndaş müraciətlərinin təhlilində onların növlər üzrə bölgüsü mühüm yer tutur. Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə nisbəti 2014-cü ildə şikayətlərin ümumi sayının və il ərzində daxil olmuş müraciətlərə nisbətən faizlərin azalması ilə səciyyəvidir. 2013-cü ildə müraciətlərin ümumi sayında şikayətlər 31,1 faiz olmuşdursa, 2014-cü ildə bu rəqəm 30,9 faizə enmişdir. Ərizələrin sayı isə müvafiq olaraq 2013-cü ildə 66,9 faiz, 2014-cü ildə isə 68 faiz olmuşdur. Müraciətlərin növlərinin qanunla müəyyən edilmiş təsnifatında vətəndaşların cəmiyyətdəki problemlərə aktiv münasibətini əks etdirən təkliflər xüsusi maraq doğurur.

Ölkə Prezidenti müxtəlif çıxışlarında, o cümlədən 2014-cü il yanvarın 27-də Göygöl rayonundakı çıxışında qeyd etmişdir ki, respublika regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında respublika sakinlərindən gələn təkliflər nəzərə alınır və bu proqramlar verilmiş təkliflər əsasında formalaşdırılır.

2014-cü ildə respublikanın 43 şəhər və rayonundan 500-dən çox təklif xarakterli müraciət daxil olmuşdur. Bu müraciətlərin bir qismində ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, bu məqsədlə müxtəlif materiallardan hazırlanmış, ulu öndərin şəkli və sözləri həkk olunmuş suvenirlərin buraxılması təklif olunur. Daxil olmuş təkliflər arasında I Avropa Oyunlarına xüsusi diqqət yetirilməsi, kəndlərdə mədəniyyət evlərinin tikinti və təmirinin davam etdirilməsi, metro stansiyalarında əlillər və uşaqların daha rahat hərəkətinə şərait yaradılması, Azərbaycan alimlərinin və mühəndislərinin təklif etdiyi layihələrdən geniş istifadə edilməsi, elmin inkişafı, Dağlıq Qarabağ məsələsində təbliğat işinin gücləndirilməsi, gənc istedadlar üçün xüsusi məktəblərin açılması, orta məktəblərdə ekoloji guşələrin yaradılması, xalq tətbiqi sənəti nümunələrinin istehsalı və satışının təşkil edilməsi, kredit faizlərinin endirilməsi, yeni yolların salınması, bir sıra yolların təmir olunması, müasir elektrotexnika müəssisələrinin, yeni aqrolizinq, fitosanitar, baytarlıq regional məsləhət mərkəzlərinin yaradılması, geni modifikasiya olunmuş məhsulların toxumlarından istifadənin qarşısının alınması və sair çoxsaylı məsələlər barədə təkliflər, fikirlər, mülahizələr verilmişdir. Təkliflərin bəziləri nəzarət qaydasında baxılaraq həll olunmuş, daha dərindən öyrənilməsi tələb olunan təkliflər baxılmaq üçün aidiyyəti qurumlara göndərilmişdir.

Müraciətlərin böyük əksəriyyətini (68 faiz) təşkil edən ərizələr vətəndaşların bilavasitə şəxsi problemlərinin həllinə kömək göstərilməsi, o cümlədən ünvanlı sosial yardımların, əlil arabaları və minik avtomobillərinin, ipoteka və digər kreditlərin, dərman preparatlarının verilməsi, xaricdə müalicəyə yardım edilməsi, ali və orta ixtisas məktəblərini bitirmiş gənclərin işlə təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, əfv məsələləri və s. barədədir. Belə müraciətlərə daha böyük diqqət və qayğı ilə yanaşılmalı, hər bir vəzifəli şəxs, hər bir məmur özünü həmin vətəndaşın yerində hiss edərək ona mümkün olan yardımı göstərməli, bir sözlə, vətəndaş heç vaxt özünü köməksiz hesab etməməlidir.

 

Vətəndaşları narahat edən əsas mövzular və problemlər

 

Daxil olan müraciətlərin mövzular üzrə təhlili həmişə maraq doğuran və düşündürən məsələlərdən biridir. 2014-cü ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı əksər mövzular üzrə azalmışdır. Mövzular üzrə əvvəlki illə müqayisədə azalma daha çox prokurorluq və polis orqanlarının fəaliyyəti, vətəndaşlıq, pasport qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi, maliyyə məsələləri və sahibkarlığın inkişafı, kreditlərin verilməsi, əmlak, elm və təhsil, nəqliyyat, ekologiya və təbii sərvətlər məsələləri üzrə müşahidə olunmuşdur.

Lakin yaşıllıqların və meşələrin mühafizəsi, meliorasiya və su təsərrüfatı, uşaq bağçaları və körpələr evlərinin fəaliyyəti, turizm, məişət məsələləri ilə əlaqədar müraciətlərin sayında bir qədər artım müşahidə olunub.

Prezident Administrasiyasına keçən il daxil olmuş müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki illə müqayisədə azalsa da, hüquq-mühafizə və məhkəmə orqanlarının, hakimlərin fəaliyyəti, torpaq sahələrinin ayrılması və pay torpaq sahələrinin sənədləşdirilməsi, şəhər, rayon İHB-ləri aparatlarının, habelə inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyələrin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, sahibkarlığın inkişafı, əhalinin sosial müdafiəsi, mənzillə təmin olunma, şəhərsalma və tikinti, enerji daşıyıcıları və su təchizatı, səhiyyə, dövlət qulluğu, kənd təsərrüfatı, məişət, turizm və sair məsələlər barədə digər mövzulara nisbətən daha çox müraciət daxil olmuşdur.

Hüquq-mühafizə orqanlarının, məhkəmələrin və hakimlərin fəaliyyəti ilə bağlı müraciətlərin sayı 2013-cü illə müqayisədə 22,2 faiz (o cümlədən polis orqanları - 20,9 faiz, məhkəmələr və hakimlər - 25,7 faiz, prokurorluq orqanları - 15,4 faiz) azalmışdır. Bu azalmanı onunla izah etmək olar ki, ölkə Prezidentinin səyləri ilə son illərdə bu sahədə geniş islahatlar aparılmış, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti xeyli gücləndirilmiş, korrupsiya hallarına qarşı mübarizə genişləndirilmiş, “ASAN xidmət” kimi qurumların yaradılması ilə bir çox neqativ halların qarşısı alınmış, son 3 ildə 20-dək yeni məhkəmə yaradılmış və hakimlərin sayı 2 dəfə artırılmışdır. Ümumiyyətlə, Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən olduqca yüksək qiymətləndirilmişdir.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının, məhkəmələrin və hakimlərin fəaliyyəti mövzusunda müraciətlər başqa mövzulara nisbətən yenə də çoxdur və ümumi müraciətlərin 18,4 faizini təşkil edir.

Prezident Administrasiyasına 2014-cü ildə daxil olan müraciətlərin 8,2 faizi polis orqanlarının fəaliyyəti ilə bağlıdır. Bu mövzuda olan müraciətlərdə istintaqın aparılmasında, oğurluq və dələduzluq hallarının araşdırılmasında, vətəndaşların hüquqlarının qorunmasında yol verilən çatışmazlıqlardan daha çox bəhs olunur və belə müraciətlər Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Suraxanı rayonlarından, Gəncə, Sumqayıt, Şəki, Abşeron, Biləsuvar, Goranboy, Kürdəmir, digər şəhər və rayonlardan daha çox daxil olmuşdur.

Məhkəmə orqanları və hakimlərin fəaliyyəti barədə müraciətlər ümumi müraciətlərin 7,4 faizini təşkil etmişdir. Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apelyasiya məhkəmələrinin, həmçinin Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, eləcə də Xəzər, Səbail, Yasamal, Gədəbəy, Qusar, Tərtər, Kəpəz, Nizami (Gəncə) və digər rayonların məhkəmələrinin hakimləri tərəfindən yol verilmiş süründürməçilik, prosessual və etik qaydaların pozulması barədə müraciətlər daxil olmuşdur.

Prokurorluq orqanlarının fəaliyyəti barədə müraciətlər isə 2,8 faiz olmuş, Bakı şəhəri və onun Nizami, Sabunçu, Yasamal rayonlarından, Gəncə, Şirvan, Ağdam, Ağdaş, Ağstafa, Xaçmaz, Şamaxı, digər şəhər və rayonlardan göndərilmişdir.

Prezident Administrasiyasına daxil olan müraciətlərin əsas mövzularından biri də ətraf mühitin qorunması, əhalinin içməli su ilə təchizatı, meliorasiya və su təsərrüfatı məsələləridir. Son illərdə respublika Prezidentinin səy və tövsiyələri ilə bu sahələrdə olduqca böyük işlər görülmüş, əksər rayon mərkəzlərində su və kanalizasiya xətlərinin çəkilməsinə, əvvəlki xətlərin bərpasına başlanmış və bu sahədə görülən işlər ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanmışdır.

Son illərdə elektrik, qaz və su sayğaclarının quraşdırılmasında və onların dəyişdirilməsində müsbət irəliləyişlər baş vermiş, vətəndaşların bu sahədə şikayətləri azalmışdır. Bununla belə, bu mövzuda müraciətlər hələ daxil olmaqdadır. Həmin müraciətlərdə kommersiya istehsalat obyektlərinə sayğac qoyulması üçün tələb olunan rüsum ödənilsə də, sayğacların quraşdırılmamasından, istehsalat sahələrində sayğac olmasına baxmayaraq, əlavə borc yazılmasından və sair məsələlərdən narazılıq bildirilir. 2014-cü ildə elektrik sayğacları ilə əlaqədar Ağdam, Ağdaş, Hacıqabul, Saatlı, Sabirabad, Siyəzən, qaz sayğacları ilə əlaqədar Gəncə, Sumqayıt, Qazax, Neftçala, Oğuz, Samux, Şabran, su sayğacları ilə əlaqədar Bakı şəhəri və onun bəzi rayonlarından, Mingəçevir, Şirvan, Göyçay, Göygöl, Hacıqabul, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daxil olan müraciətləri göstərmək olar.

Prezident Administrasiyasına daxil olmuş müraciətlərin öyrənilməsi və təhlili göstərir ki, bu müraciətlərin arasında şəhər və rayon icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, RİHB-lərin inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin fəaliyyəti barədə ərizə və şikayətlər də az deyildir. Bu mövzuda müraciətlər son illərdə ardıcıl olaraq azalsa da, respublikanın bəzi şəhər və rayonlarından bununla bağlı istər fərdi, istərsə də kollektiv müraciətlər, o cümlədən şikayət xarakterli müraciətlər hələ də daxil olmaqdadır. Respublikanın bir çox şəhər və rayonunu, kənd və qəsəbəsini əhatə edən belə müraciətlərdə müxtəlif sənədlərin rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verilməsindən, bəzi icra nümayəndələrinin vətəndaşların müraciətlərinə laqeyd yanaşmasından, vətəndaşların istifadəsində olan torpaq sahələrinin qanunsuz olaraq başqa şəxslərə satılmasından, kənd və qəsəbələrin abadlıq işlərinə lazımınca diqqət yetirilməməsindən narazılıq bildirilir.

Bütün sahələrdə şəffaflığın olmasını, işlərin səmərəli aparılmasını ölkənin uğurlu inkişafı üçün vacib hesab edən Azərbaycan Prezidenti 2015-ci il yanvarın 27-də Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda vətəndaş-məmur münasibətlərindən danışarkən Azərbaycanın bu sahədə də nümunəvi ölkə olmasının vacibliyini önə çəkərək demişdir: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.

Ölkə Prezidenti əksər hallarda müsbət mənzərənin olması ilə yanaşı, etimadı doğrultmayan məmurların da olduğunu, belələrinin cəzalandırıldığını qeyd edərək xüsusilə icra hakimiyyəti başçıları qarşısında qoyduğu tələbləri bir daha yüksək tribunadan elan edərək deyir: “Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm. Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.

Şəhər, rayon İHB-lərinin inzibati ərazi dairələri üzrə nümayəndələri əhali ilə daha sıx ünsiyyətdə olduqlarına və onların fəaliyyəti bilavasitə icra hakimiyyəti orqanları barədə rəy formalaşdırdığına görə bu barədə daha geniş bəhs etmək lazım gəlir. Bəzən vətəndaş həmin şəxslərin laqeydliyi ilə üzləşir və birbaşa Prezident Administrasiyasına müraciət etməli olur. Nümayəndələrin fəaliyyəti mövzusunda şəhər və rayonların bir çox kənd və qəsəbəsindən müraciətlər daxil olmuşdur. Buna misal olaraq Lənkəranın Lüvəsər, Göyşaban, Ağcabədinin Boyat, Hüsülü, Kəbirli, Cəlilabadın Üçtəpə, Təzəkənd, İmişlinin Qaradonlu, Qaraqaşlı, Xoşçobanlı, Lerikin Blaband, Veri, Masallının Öncəqala, Qarğalıq, Salyanın Arbatan, Yenikənd, Şəmkirin Qapanlı, Yeni Həyat, Tərtərin Mamırlı, Bəyimsarov, Tovuzun Qalaboyun, Sarıtala, Dondarlı kəndlərindən və başqa rayonlardan daxil olan digər müraciətləri göstərmək olar.

Bələdiyyələrin fəaliyyətində isə vətəndaşları narazı salan əsas cəhət odur ki, vətəndaşlar tərəfindən seçilmiş bu yerli özünüidarəetmə orqanlarının üzvləri bəzən onların etimadını doğrultmur, bələdiyyələrə ayrılmış vəsaitdən düzgün istifadə etmir, bələdiyyələrin maliyyə imkanlarını genişləndirmək üçün lazımi tədbirlər görmür, kənd və qəsəbələrin ümumi istifadəsində olan torpaqları, o cümlədən ehtiyat fondu üçün nəzərdə tutulmuş torpaq sahələrini, həmçinin örüş yerlərini qanuna zidd olaraq ayrı-ayrı şəxslərə satır, yaxud icarəyə verir, bələdiyyə şuralarının iclaslarını vaxtlı-vaxtında keçirmirlər.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən 2014-cü ildə respublikanın bəzi rayonlarında müraciətlərə baxılmasının yoxlanılması zamanı torpaqların, xüsusilə bələdiyyə torpaqlarının istifadəsində nöqsanlara yol verildiyi aşkar edilmişdir. 2014-cü ilin dekabrında keçirilən sonuncu bələdiyyə seçkilərində, demək olar ki, bələdiyyələrin əksəriyyətinin tərkibi yenilənmişdir. Yəqin ki, bələdiyyələrin ünvanına deyilən tənqidi qeydlər öz nəticəsini verəcək və əvvəlki bələdiyyə sədrlərinin yol verdikləri nöqsanlar aradan qaldırılacaqdır. Ümumiyyətlə, bələdiyyələrin fəaliyyəti haqqında müraciətlər Sabunçu, Lənkəran, Ağdam, Qazax, Quba, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, həmçinin digər şəhər və rayonlardan daha çox daxil olmuşdur.

Prezident Administrasiyasına daxil olan müraciətlərin bir hissəsi isə kollektiv və təkrar müraciətlərdir. Növündən və sayından asılı olmayaraq bu müraciətlər xüsusi diqqət tələb edir. Müəyyən qrup insanların, bəzən bir məhəllənin, yaxud bir kəndin, bir rayonun fikrini ifadə edən kollektiv müraciətlərə həmişə diqqət göstərilir, onlara daha çox nəzarət qaydasında baxılaraq lazımi tədbirlər görülür. Kollektiv müraciətlər Prezident Administrasiyasına daxil olan bütün müraciətlərin cəmi 4,2 faizini təşkil etsə də, onların daha çox insanın fikrini ifadə etməsi nəzərə alınmışdır. Belə müraciətlərin 66 faizi ərizə, 32 faizi şikayət, 2 faizi isə təkliflərdən ibarətdir və 2013-cü ilə nisbətən onların sayı xeyli azalmışdır. Kollektiv müraciətlər Bakı, Lənkəran, Mingəçevir, Şəki, Ağcabədi, Bərdə, Göygöl, Quba, Laçın, Masallı, Neftçala, Şamaxı, Şəmkir, Tovuz, digər şəhər və rayonlardan daha çox daxil olmuşdur.

Təkrar və çoxsaylı müraciətlərin yaranmasının obyektiv və subyektiv səbəbləri haqqında hər il geniş məlumat verildiyini nəzərə alaraq qeyd etməliyik ki, 2014-cü ildə onların sayı, demək olar ki, 2 dəfəyə qədər azalmışdır. Bununla belə, Bakının 17 nəfər, Gəncənin 8 nəfər, Ağcabədinin 5 nəfər müntəzəm yazan və bunu vərdişə çevirən sakini çoxsaylı müraciətlər yazmaqda yenə də öndədirlər. 2014-cü ildə çoxsaylı müraciətlər yazanların sayı əvvəlki ilə nisbətən xeyli azalsa da, Binəqədidən Roza Hümbətova, Zərbani Ağayeva və Əhməd Məmməd, Xətaidən Elman Heydərov, Səadət Həsənova, Svetlana Quliyeva, Nərimanovdan Kamran Rəcəbov, Əbülfəz Səfərov, Sənan Ağamirov, Nəsimidən Sevda Hüseynova, Qızılgül Məmmədova, Nizamidən Dursun Məmmədova, İsa və Aidə Cəfərovlar, Sabunçudan Olqa Smolyaninova, Azər Səfərov, Səbaildən Alya Təmrazova, İsrafil İsmayılov, Suraxanıdan Bəşir Həsənov, Yasamaldan Susanna İslamzadə, Züleyxa Fərəcova, Əjdər Hacıyev, Tofiq Məmmədov, Lənkərandan Nazim Məmmədov, Abşerondan Lətifə Zeynəddinova, Ağcabədidən Nizami Nərimanov, Zahid Musayev, Masallıdan Nərgiz Əmirova və başqaları Prezident Administrasiyasına çox müraciət yazanların siyahısındadırlar. Onlara dəfələrlə lazımi izahat verilməsinə baxmayaraq, yenə də yazırlar.

 

Şikayətlərin azalması problemlərin həllindən asılıdır

 

Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi vətəndaşların şikayətlərindən ibarətdir və bunların üzərində daha ətraflı dayanmaq vacibdir. Çünki bu müraciətlər hər bir şəhər və rayon icra hakimiyyətinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının və onların yerlərdəki idarə, müəssisə və təşkilatlarının fəaliyyəti barədə daha dolğun məlumatı özündə əks etdirir. Daxil olan müraciətlərin ümumi sayında şikayətlərin faiz nisbəti bir sıra şəhər və rayonlar üzrə yüksəkdir. Belə şəhər və rayonlardan Bakı şəhərini və onun bəzi rayonlarını, Naftalan, Yevlax, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, Xızı, İmişli, Laçın, Tərtər, Tovuz, digər şəhər və rayonları göstərmək olar.

Təəssüf ki, bəzi yerlərdə bunun əksi müşahidə olunur. İlk mərhələdə yerli bələdiyyə sədrinin, yaxud digər vəzifəli şəxsin qəbul etdiyi qərardan çox şey asılıdır. Xüsusilə ayrı-ayrı vəzifəli şəxslərin fəaliyyəti barədə müraciətlərin çoxunun şikayət olması heç də müsbət hal sayıla bilməz. Belə şikayətlərin sayı 2013-cü ilə nisbətən 24,7 faiz azalsa da, Bakı şəhəri və onun Binəqədi, Xəzər, Nizami rayonlarında, Mingəçevir, Beyləqan, Bərdə, Biləsuvar, Gədəbəy, Kürdəmir, Laçın, Şəmkir şəhər və rayonlarında daha çox olmuşdur. Bu şikayətlərin bir çoxuna respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında baxılmış və lazımi tədbirlər görülmüşdür.

Son illərdə respublikada avtomobil yolları boyunca meşə zolaqlarının salınması və onların getdikcə genişləndirilməsi diqqəti cəlb edir. 2015-ci il yanvarın 10-da respublika Nazirlər Kabinetinin geniş iclasında dövlət başçısı qeyd etmişdir: “Ekologiya ilə bağlı məsələlər prioritet olaraq qalır. Keçən il Azərbaycanda 4 milyona yaxın ağac əkilibdir. Bu, çox müsbət haldır. Bu proses həm Abşeron yarımadasında, həm də bütün bölgələrdə gedir”. Bakı şəhərində hazırda həyata keçirilən böyük ekoloji layihələr, o cümlədən Böyükşor, Bibiheybət, Ağ şəhər, Zığ gölü və digər layihələr reallaşdıqdan sonra Bakının “...parklar, bağçalar şəhəri olmaqla, həm də təmiz göllər şəhəri” olacağını bildirən ölkə Prezidentinin ekoloji məsələlərə nə dərəcədə böyük əhəmiyyət verdiyini hər bir məmur, hər bir vətəndaş bilməlidir.

Şikayətlərdə yaşıllıqların və meşələrin mühafizəsində yol verilən qüsurlar da qeyd olunur. 2014-cü ildə bu mövzuda müraciətlərin sayı Ağsu, Balakən, Biləsuvar, Cəlilabad, Daşkəsən, Gədəbəy, Qusar, Lerik, Masallı, Tovuz, Yardımlı rayonlarından daha çox olmuşdur. Bu müraciətlərdə yaşıllıqların, meşə zolaqlarının lazımınca qorunmaması, həmin yerlərdə mal-qara saxlanılması, bostan və əkin yeri kimi istifadə edilməsi, balıqçılıq təsərrüfatlarının yaradılması, fərdi yaşayış evlərinin tikilməsi, meşələrdən odun və tikinti materialı hazırlamaq üçün istifadə edilməsi, meşə gözətçilərinin öz işlərinə bəzən laqeyd yanaşması və sair məsələlər barədə məlumat verilir. Respublikanın şəhər və rayonlarının qəsəbə və kəndlərindən daxil olan belə müraciətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumatda çoxsaylı intizam və inzibati tənbeh tədbirləri görüldüyü bildirilir.

Prezident Administrasiyasına daxil olan şikayətlərin bir çoxu şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, evlərin sökülməsi və kompensasiyaların verilməsində yaranan problemlərlə əlaqədardır. Əvvəlki illərə nisbətən belə şikayətlər bir qədər azalsa da, onların sayı hələ də yüksəkdir. Vətəndaşlar tikinti şirkətləri tərəfindən mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, ev və ya verdikləri pulu geri ala bilmədiklərindən, ümumiyyətlə, tikinti şirkətlərinin fəaliyyətinə zəif nəzarət edilməsindən narazılıqlarını bildirirlər. Belə müraciətlər Bakı və Sumqayıt şəhərlərinin sakinlərindən, həmçinin Abşeron rayonundan daxil olmuşdur. Vətəndaşlar “İnşaatçı-GM”, “Qolden”, “Azərtikinti ATF”, “İdeal-İnşaat”, “Şahbulaq”, “Abşeron-1”, “A.E.K”, “Xəmsə İnşaat”, “Qaraçay”, “Bios”, “Bəyaz”, “Dərəçiçək”, “Meqa-siti Holdinq”, “Elita-R”, “Gənc”, “AAF-İnşaat”, “R+R”, “Birlik inşaat”, “Ulduz”, “FOLKLOR”, “ABC”, “Fuad LTD”, “Kamran”, “Safari-N”, “Yeni Yasamal”, “Effekt İnşaat”, “Ələsgəroğlu”, “AENT-E”, “HAYAN-E”, “Klass Azko”, “Badu Kubə”, “Olimpus-AZ”, “Cənnət”, “Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq bildirirlər.

Tikinti məsələləri ilə bağlı müraciətlər arasında vaxtilə vətəndaşların şifahi icazələr əsasında tikdikləri evlərin sökülməsindən də narazılıq ifadə edilir. 2015-ci ilin ilk günlərində ölkə Prezidentinin belə evlər kommunikasiya xətlərinin üzərinə düşmədikdə, onların qeydiyyata alınması və sənədləşdirilməsi barədə verdiyi sərəncam rəğbətlə qarşılanmışdır və həmin sərəncam bu sahədə qayda-qanun yaradılmasına xidmət edəcəkdir.

Prezident Administrasiyasına daxil olan bəzi şikayətlərdə vətəndaşlar şəxsi təsərrüfatlarında saxladıqları mal-qara üçün örüş yerlərinin ayrılmaması, yaxud ümumi örüş yerlərindən başqa məqsədlər üçün istifadə edilməsi, onların yerli bələdiyyələr və icra nümayəndələri tərəfindən kənar şəxslərə verilməsi, həmin ərazilərdə kənd təsərrüfatı bitkilərinin əkilməsi barədə məlumat verir, bunun qarşısının alınmasını xahiş edirlər. Respublika Nazirlər Kabinetinin 2006-cı il 2 mart tarixli “Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə” qərarının pozulması vətəndaşların haqlı narazılığına səbəb olur. Otlaq sahələrindən düzgün istifadə edilməməsi ilə bağlı Ağsu, Balakən, Daşkəsən, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, Tovuz, Zaqatala və digər rayonlardan müraciətlər daxil olmuşdur. Bəzi yerlərdə vətəndaşların ümumi istifadəsində olan örüş yerlərinin çox hissəsinin ayrı-ayrı şəxslər tərəfindən zəbt edilməsi də vətəndaşları narazı salan cəhətlərdən biridir.

Respublikada həyata keçirilən böyük abadlıq və quruculuq işləri, yeni açılan müəssisələr hesabına təkcə keçən il 123 min, o cümlədən 100 mini daimi olan iş yerləri açılmışdır. Lakin vətəndaşların əmək hüquqlarının pozulması və işlə təminatı barədə müraciətləri hələ də az deyildir. Əmək mübahisələri ilə əlaqədar müraciətlərdə bir sıra özəl şirkətlər tərəfindən əmək müqavilələrinin bağlanmaması, nəticədə vətəndaşlara iş stajı hesablanmaması daha çox narazılıq doğurur. “Enermech”, “Tatlı” şirkətləri, “AzVirt” MMC, “Det Al.Aliminium” MMC, “Caspian Sea”, “TRUSİ-SS”, “Akkord” Tikinti Sənaye İnvestisiya Korporasiyası şirkətlərində belə hallara yol verilməsi müraciətlərdə öz əksini tapmışdır. İl ərzində əmək mübahisələri barədə daxil olan və nəzarət qaydasında baxılan müraciətlərin böyük əksəriyyəti müsbət həll olunmuşdur.

Təkcə sıravi vətəndaşlardan deyil, hüquqi şəxs olan sahibkarlardan, fermerlərdən və ictimai təşkilatlardan daxil olan müraciətlərin də bir hissəsi şikayətlərdən ibarətdir ki, bu şikayətlərdə onların rastlaşdıqları problemlər, narahatlıq doğuran məsələlər öz əksini tapmışdır. Ölkə Prezidentinin fərman və sərəncamları, həmçinin tapşırıq və tövsiyələri ilə respublikada sahibkarlığın inkişafı üçün son dərəcə əlverişli mühit yaradılmasına, bilavasitə dövlətin verdiyi güzəştli kreditlər hesabına çoxsaylı özəl müəssisələrin daha geniş fəaliyyət göstərməsinə baxmayaraq, bəzi hüquqi şəxslər öz müraciətlərində onların işinə maneçilik törədilməsi və digər hallar barədə məlumat verir, belə halların aradan qaldırılmasını xahiş edirlər.

Təəssüf ki, belə şikayət məktubları respublikada fəaliyyət göstərən xarici ölkə vətəndaşlarından da daxil olur. Onların böyük əksəriyyəti ölkəmizdə aparılan böyük abadlıq və quruculuq işlərini yüksək qiymətləndirməklə yanaşı, müəyyən qüsurlarla rastlaşdıqlarını da qeyd etməyi unutmurlar.

Sahibkarlıq məsələləri ilə bağlı daha çox müraciət Bakı, Gəncə, Mingəçevir, Şəki şəhərlərindən, Beyləqan, Füzuli, Göygöl, İmişli, Masallı, Saatlı, Tərtər, Zərdab və başqa rayonlardan daxil olmuşdur. Bu məsələlərə dair daxil olan bir sıra müraciətlərə nəzarət qaydasında baxılaraq müsbət həll olunduğuna görə Gəncə, Şirvan, Neftçala və Şabrandan minnətdarlıq məktubları da daxil olmuşdur.

 

Nəzarətin gücü onun səmərəsi ilə ölçülür

 

Hər bir dövlət orqanında, hər bir idarə və təşkilatda işin düzgün və səmərəli təşkili qəbul edilmiş qərarların, verilmiş tapşırıqların, daxil olmuş sənədlərin icrasına, həmçinin vətəndaşların göndərdikləri müraciətlərə qanunauyğun şəkildə və müddətlərdə baxılmasına nəzarətin düzgün həyata keçirilməsindən çox asılıdır. Nəzarət işi bütün sahələrdə olduğu kimi, vətəndaş müraciətlərinin baxılmasında da əsas vasitələrdən biridir. Özlüyündə ictimai nəzarətin bir növü olan vətəndaş müraciətləri yerlərdə olan vəziyyətin güzgüsü kimi müvafiq şəhər və rayonun, eləcə də mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə real vəziyyəti öyrənib obyektiv və əsaslı qərarlar qəbul etməyə imkan verir.

2014-cü ildə də Prezident Administrasiyasında nəzarət qaydasında baxılan müraciətlərin sayı kifayət qədər yüksək olmuş, bu sahədə şəffaflıq artırılmış, mövcud olan çatışmazlıqlara və nöqsanlara qarşı daha ciddi tədbirlər görülmüşdür. Məhz nəzarətin artırılması sayəsində ötən il vətəndaşların qaldırdıqları məsələlərin daha çoxu müsbət həll edilmiş, xüsusilə nəzarət qaydasında baxılmaq üçün respublikanın Ədliyyə, Daxili İşlər, Təhsil, Nəqliyyat, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, İqtisadiyyat və Sənaye nazirliklərində, Əmlak Məsələləri Dövlət Komitəsində, “Azərenerji”, “Azərsu” ASC-lərdə və digər təşkilatlarda vətəndaşların müraciətlərinə baxılmasında səhlənkarlığa və süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verdiklərinə görə 48 nəfər vəzifəsindən kənarlaşdırılmış, 56 nəfər barəsində inzibati və intizam tənbehi tədbirləri görülmüşdür. Məsələn, Suraxanı rayonu Zığ qəsəbə sakini R.Axundovanın müraciəti əsasında polis sahə rəisi A.Nəsirov intizam məsuliyyətinə cəlb edilmiş, Lənkəran rayonu Separadi kənd sakini Ş.Axundovun şikayətindən sonra tikinti işləri apararkən ağacları zədələmiş şəxslər böyük məbləğdə cərimə olunmuş, vəzifəli şəxslərə axırıncı xəbərdarlıq edilmiş, Sabirabad rayonu Sərxanbəyli kənd sakini X.Quliyevanın RİHB-in Moranlı kənd İƏD üzrə nümayəndəsinin müavini D.Dövlətovun bir sıra qanunsuzluqlara yol verməsi barədə müraciəti əsasında o, işdən azad edilmişdir.

Ümumiyyətlə, 2014-cü ildə Prezident Administrasiyasına göndərilmiş və nəzarətə götürülmüş müraciətlərlə bağlı 7 nəfər barəsində hüquq-mühafizə orqanlarına müraciət edilmiş, qanun pozuntusuna yol vermiş 64 hüquqi və fiziki şəxs cərimə olunmuş, qanunsuz işdən çıxarılan 7 nəfər öz işinə bərpa edilmiş, 19 halda cinayət işinin istintaqı bərpa olunmuş, 12 halda cinayət işinə yenidən baxılması barədə prokurorluq orqanları qarşısında vəsatət qaldırılmışdır və sair.

Müraciətlərə nəzarət qaydasında baxılması nəticəsində onların 27,8 faizi müsbət həll olunmuş, 24,6 faizinə müvafiq izahat verilmiş, 20,6 faizinin hazırda icra edildiyi, 19 faizinin əsassız, qərəzli, böhtan, anonim olduğu, 8 faizinin icrasının dövlət proqramlarında nəzərdə tutulduğu bildirilmişdir. Bəzən vətəndaşlar öz dediklərini təkzib edərək müraciətlərini əsəbi vəziyyətdə yazdıqlarını göstərmişlər.

Ayrı-ayrı dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda vətəndaşların nəzarət qaydasında baxılan müraciətlərinə cavabların gecikdirilməsi hallarına yol verilir. Elə hallar da olur ki, müraciətlərə cavablar ziddiyyətli olur və bu, eyni məsələ ilə əlaqədar müxtəlif təşkilatlara göndərilmiş müraciətlərə alınan cavabların təhlili zamanı nəzərə çarpır və belə cavablar yenidən araşdırılır. Ziddiyyətli və başdansovdu cavabların verilməsi heç vaxt diqqətdən kənarda qalmır, belə hallarda məsələ sona çatanadək nəzarətdə saxlanılır və yenidən cavablar tələb olunur. Burada əsas tələblərdən biri də odur ki, heç bir şikayət qanunun tələblərinə zidd olaraq barəsində şikayət edilən vəzifəli şəxsə göndərilməməli, müraciətlər sonadək araşdırılmalı, vətəndaşlara əsaslandırılmış və əhatəli cavablar verilməlidir. Təəssüf ki, bəzi nazirlik və RİH-lərdə, o cümlədən Kənd Təsərrüfatı Nazirliyində, Bakı şəhər, Astara, İmişli, Kürdəmir, Qobustan, Laçın rayon icra hakimiyyətlərində belə hallara təsadüf olunur.

Nəzarətin təşkilində təhlil işinin düzgün qurulması da böyük rol oynayır, hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanında məsələnin hərtərəfli araşdırılıb müvafiq nəticələr çıxarılmasına şərait yaradır.

Məhz təhlillər nəticəsində vətəndaşların qaldırdıqları problemlər ümumiləşdirilir, onlar fərdi rəy çərçivəsindən çıxarılaraq ictimai rəy kimi formalaşdırılır və həmin problemlər barəsində əsaslı qərarların qəbul olunmasına şərait yaradılır. 2014-cü ildə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində təhlil işi daha da genişləndirilmiş, müraciətlərin mövzular üzrə təsnifatında yer almış 35-dən artıq mövzu üzrə təhlili məlumatlar hazırlanaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə göndərilmiş, bu məsələlərin bir çoxu barəsində müvafiq sorğular verilərək cavab alınmışdır. Belə sorğu məktublarına Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye nazirliklərindən, Əmlak Məsələləri Dövlət Komitəsindən, Bakı Şəhər İcra Hakimiyyətindən, Dövlət Neft Şirkətindən, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərsu”, “Azəristiliktəchizat” ASC-lərdən və digər qurumlardan alınmış cavablarda vətəndaşların qaldırdıqları problemlərin mövcudluğu təsdiq edilmiş, həmin məsələlərin bəziləri müsbət həll olunmuşdur, digərlərinin həlli üçün isə tədbirlər görülməkdədir.

Məsələn, Bakı və digər şəhərlərdə yaşayış binalarının zirzəmiləri və birinci mərtəbələri özəlləşdirildikdən sonra sahibkarlar tərəfindən istilik xətlərinin kəsilməsi barədə daxil olan şikayət və ərizələr əsasında şöbə tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə və “Azəristiliktəchizat” ASC-yə göndərilmiş sorğudan sonra dövlət əmlakının alqı-satqı və icarə müqavilələrinə bu xətlərin saxlanmasına və qorunmasına dair ayrıca bəndin əlavə edilməsini vətəndaşlar müsbət qarşılamışlar.

Məhz təhlillər sayəsində müraciətlərə baxılması zamanı yol verilmiş nöqsanlar aşkara çıxarılır və qaneedici cavablar alınmadığı hallarda məsələ yenidən araşdırılır. Məsələn, Astara rayonu Rudəkənar kənd sakini R.Əliyevin, Beyləqan rayonundan E.Murtuzayevin, Neftçala rayonu Xol Qaraqaşlı kənd sakini F.Xəlilovun müraciətlərini, başqa rayonlardan daxil olmuş bəzi müraciətləri misal göstərmək olar.

Təhlillərin daha obyektiv və operativ aparılması üçün şöbədə istifadə olunan elektron proqramın “Analitika” bölməsi müntəzəm təkmilləşdirilir, bu da yeni məlumatların əldə edilməsinə və şöbədə təhlil işinin daha yaxşı aparılmasına şərait yaradır.

 

Sənədlərlə işin düzgün təşkili qanunvericiliyin düzgün tətbiqi deməkdir

Dövlətin idarə olunmasında sənədləşmənin əhəmiyyəti inkaredilməzdir. Hər bir ölkənin qanunvericiliyi onun inkişaf səviyyəsinin göstəricisi olaraq vətəndaşların hüquq və azadlıqlarının, rifahının təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların düzgün tətbiq edilməsi, ümumiyyətlə, yerlərdə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanlarının vəzifə və funksiyalarının müəyyən edilmiş normalar əsasında icrası bilavasitə vətəndaşların gündəlik həyatına öz təsirini göstərir. Bir məsələ tam aydındır ki, hər bir dövlət orqanı, hər bir dövlət qulluqçusu, hər bir vətəndaş hər bir işdə qanunun tələblərini əsas tutmalı, qanunun aliliyi prinsipinə riayət etməlidir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aparatlarında sənədlərlə işin düzgün təşkili bu idarə və təşkilatların daha yaxşı işləməsində, qanunun tələblərinə riayət olunmasında, bununla da vətəndaşların gündəlik həyatının normal məcrada davam etməsində olduqca vacib amildir.

2014-cü ildə bəzi şəhər və rayonların icra hakimiyyəti başçıları aparatlarında, həmçinin onların inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, şəhər, qəsəbə və kənd bələdiyyələrində, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında sənədlərlə işin təşkili yoxlanılarkən məlum olur ki, bu sahədə aşkar edilən nöqsan və çatışmazlıqların böyük əksəriyyəti həmin orqanların fəaliyyətini və sənədlərlə işi tənzimləyən aktların tələblərinə riayət olunmamasından, bu tələblərin dərindən öyrənilməməsindən irəli gəlir.

Bəzi rayon icra hakimiyyətlərində “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın, eləcə də kargüzarlıq qaydalarını tənzimləyən digər təlimatların, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla əlaqədar qəbul edilmiş digər aktların tələbləri, həmçinin “Normativ-hüququ aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müddəaları kifayət qədər dərindən öyrənilib tətbiq olunmur.

Aparılan araşdırmalar zamanı bəzi rayonlarda inzibati ərazi dairələri üzrə nümayəndələrin yanında qanuna zidd olaraq məsləhət şuralarının yaradılması, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin tələblərinin bəzi hallarda pozulması, yerli icra hakimiyyətləri ilə yerli özünüidarəetmə orqanları olan bələdiyyələr arasında münasibətlərin düzgün qurulmaması, yerli icra hakimiyyəti orqanlarının aktlarının düzgün tərtib edilməməsi, bu zaman torpaq, meşə, su və meliorasiya, əmlak, vergi, əmək, mənzil və digər qanunvericilik aktlarının tələblərindən kənara çıxılması hallarına yol verilir ki, bu da son nəticədə ciddi nöqsanların yaranmasına səbəb olur.

Məsələn, hələ də bəzi rayon icra hakimiyyəti başçıları aparatlarında sovet dövründən qalma qeydiyyat jurnallarından istifadə olunur, yaxud Təlimatdakı nümunələrə uyğun olmayan dəftərxana jurnallarından qeydiyyat kitabları hazırlanır, bunların nümunəyə uyğun sifariş edilərək çap olunması təmin edilmir.

Normativ-hüquqi aktlarla işçilərin tanış edilməsini, hər bir dövlət qulluqçusunun davranışını və gündəlik fəaliyyətini tənzimləyən bu aktların hərtərəfli öyrənilib tətbiq olunmasını təmin etmək yerli icra hakimiyyəti orqanları rəhbərlərinin vacib vəzifəsidir. Bu məsələ heç vaxt diqqətdən kənarda qalmamalıdır və müasir informasiya-kommunikasiya texnologiyaları bunu asanlıqla həyata keçirməyə imkan verir.

 

Məmur və vətəndaş məsuliyyətini artıran yeni qanun layihəsi

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasında vətəndaşların müraciətlərinə baxılması məsələləri Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq 1997-ci ildə qəbul edilmiş “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunu, kargüzarlıq işləri isə bu qanun əsasında 1998-ci ildə təsdiq edilmiş müvafiq Qaydalar ilə tənzimlənir.

Ötən müddət ərzində ölkənin qanunvericilik bazası əsaslı surətdə təkmilləşdirilmiş, bir sıra yeni və mühüm qanunlar qəbul edilmiş, yeni dövlət strukturları yaradılmış, vətəndaşların bilavasitə müraciət etdikləri yerli özünüidarəetmə orqanlarının fəaliyyəti daha da genişlənmişdir. Eyni zamanda, vətəndaşlar özəl sektora aid müəssisə və şirkətlərə də öz problemləri ilə bağlı müraciətlər edir, həmin özəl qurumlarda və ictimai təşkilatlarda vətəndaşların müraciətlərinə baxılması məsələlərinin daha geniş tənzimlənməsinə ehtiyac yaranmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında hazırlanmış və cari ilin fevral ayında yeni redaksiyada müzakirəyə çıxarılmış “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsində əvvəlki əsas müddəalar saxlanmaqla, müraciətlərin növləri, müraciətlərə baxılmasına dair əsas anlayışlar bir daha dəqiqləşdirilmiş, qanunun təsir dairəsi genişləndirilmiş, müraciətlərə və onlara baxılmasına dair tələblər daha da gücləndirilmiş, vətəndaşların qəbul edilməsi qaydası, onların müraciətlərinə baxan subyektlərin və rəhbər şəxslərin vəzifələri, müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları, canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri, qanunun pozulmasına görə vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti daha dəqiq müəyyən edilmişdir. Sözsüz ki, bu qanun vətəndaş müraciətlərinə baxılmasında yeni bir mərhələ olacaq və bu sahədə işin daha da təkmilləşdirilməsinə təkan verəcəkdir.

 

Reallığa çevrilən elektron sənəd dövriyyəsi bu gün də, sabah da aktualdır

 

Müstəqillik illərində Azərbaycanın bütün sahələrdə inkişafı göz önündədir. Hələ ulu öndər Heydər Əliyevin respublikaya yenidən rəhbərlik etdiyi illərdə ölkəyə müasir texnologiyaların gətirilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun olaraq tətbiq edilməsi ön plana çəkilmiş, 2003-cü ildə təsdiq edilən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”ya uyğun olaraq həyata keçirilməyə başlanan dövlət proqramları sayəsində bu gün Azərbaycan müasir texnologiyaların geniş tətbiq edildiyi bir məkana çevrilmişdir. Xüsusilə son on ildə bu sahəyə diqqət daha da artırılmış, Azərbaycanda əslində bu sahədə texnoloji inqilab həyata keçirilmişdir. Hazırda respublikada tətbiq olunan “Elektron hökumət” sistemi gündən-günə inkişaf edir və respublika iqtisadiyyatının, eyni zamanda idarəetmə sisteminin bütün sahələrini əhatə etməkdədir. Artıq çoxsaylı elektron xidmətlərin göstərilməsi heç bir təəccüb doğurmur və hər bir insanın həyatına və məişətinə yaxından daxil olmaqdadır. İndi respublikanın ən ucqar kəndindən belə birbaşa elektron poçtla istənilən dövlət orqanına məktub göndərmək, yaxud internet resurslarından istifadə edərək hər cür məlumatı almaq, dünyanın istənilən nöqtəsi ilə rabitə yaratmaq mümkündür.

2013-cü ilin ölkə Prezidenti tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması bu sahənin inkişafına böyük təkan vermiş, hazırda idarəçiliyin ən müxtəlif səviyyələrində, o cümlədən yerli dövlət orqanlarında məlumat-sorğu mərkəzləri, rəsmi saytlar yaradılmış və kağızsız sənəd dövriyyəsi getdikcə əsas vasitəyə çevrilməkdədir. Azərbaycanın 2013-2014-cü illərdə kosmosa buraxılmış 2 peykinin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Təkcə bu göstərici Azərbaycanın həmin sahədə inkişafını aydın nümayiş etdirir.

Dünya İqtisadi Forumunun hesabatına əsasən, respublikamız internetin inkişafına görə MDB və Mərkəzi Asiya ölkələri arasında birinci yerdədir. Hakimiyyət orqanlarının informasiya texnologiyaları vasitəsilə əhaliyə xidmət göstərmək bacarığı indeksi üzrə BMT-nin reytinqində 68-ci yer tutmuş, 28 pillə irəliləyərək Çin, Türkiyə, Serbiya kimi ölkələri artıq geridə qoymuşdur. Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatına əsasən, son 10 ildə Azərbaycanda İKT sektorunun inkişaf sürəti 25-30 faiz olmuş, ən çox investisiya yatırılan sahəyə çevrilmişdir. Məhz bu inkişaf sayəsində hazırda “ASAN xidmət” şəbəkəsi geniş fəaliyyət göstərə bilir. Hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən 300-dən çoxu elektron formada təqdim edilir. 2017-ci ildə başa çatması gözlənilən “Genişzolaqlı internetin inkişafı” layihəsindən sonra Azərbaycan əhalisinin 85 faizi, o cümlədən bütün evlər, işgüzar subyektlər genişzolaqlı internetlə təmin olunacaqdır.

Elektron xidmətlər dövlət hakimiyyəti orqanlarında sənədlərlə iş sahəsində də geniş tətbiq olunmaqdadır. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin təşəbbüsü ilə yerli icra hakimiyyəti orqanlarında sənədləşmə işi üzrə vahid elektron qeydiyyat sisteminin yaradılıb tətbiq edilməsi üçün hazırda intensiv iş gedir. Respublikanın bütün şəhər və rayonları elektron sənəd dövriyyəsi sisteminə qoşulmaq üzrədir və yaxın vaxtlarda xidməti sənədlərin dövriyyəsi məhz elektron formada həyata keçiriləcəkdir. Bununla yanaşı, vətəndaşların müraciətləri üzrə də belə proqram yaradılmaqdadır. Bu proqram respublikada vətəndaş müraciətləri üzrə vahid elektron informasiya-qeydiyyat sisteminin yaradılmasına və müraciətlərə dair ümumrespublika məlumat bazasının formalaşmasına imkan verəcəkdir. Çox güman ki, bu ilin fevral-mart aylarında onun tətbiqi həyata keçiriləcəkdir. Gələcəkdə bu sistem daha da mükəmməlləşdiriləcək və müraciətlər elektron formada qəbul edilməklə yanaşı, onlara cavabların verilməsi də bu yolla həyata keçiriləcək, yəni kağızsız sənədləşmə işi adi iş normasına çevriləcəkdir.

 

Vətəndaşların qəbulu düzgün təşkil edildikdə...

 

2014-cü ildə Prezident Administrasiyasına respublikanın müxtəlif bölgələrindən fərdi və kollektiv şəkildə qəbula gələn vətəndaşların sayı 2013-cü ilə nisbətən 15,9 faiz azalmışdır. İl ərzində fərdi qaydada müraciət edən 8844 vətəndaş, qrup halında müraciət edən 3168 vətəndaş qəbul edilmişdir. Vətəndaşları Prezident Administrasiyasının qəbul otağına gətirən səbəblər müxtəlifdir. Yazılı müraciətlərdə olduğu kimi, fərdi qəbullar zamanı da vətəndaşlar daha çox hüquq-mühafizə, məhkəmə orqanlarının və hakimlərin, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti, sosial müdafiə, sahibkarlıq, maliyyə-kredit, şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, kompensasiyaların ödənilməsi, mənzillərin verilməsi və yaşayış evlərinin tikintisi, təhsil, səhiyyə, mədəniyyət, enerji, kənd təsərrüfatı və digər məsələlər üzrə müraciət etmişlər. Qrup halında müraciətlərin əsas mövzusu yaşayış evlərinin tikintisi, sökülməsi və kompensasiyaların verilməsi ilə bağlı olmuşdur.

“President.az” saytında yaradılmış “Qəbula yazılmaq” bölməsi vasitəsilə vətəndaşlar hətta uzaq rayonlardan belə Prezident Administrasiyasında qəbula yazılmaq imkanı əldə etmişlər. Onlar qəbulunda olmaq istədikləri şəxsi və öz konkret ünvanlarını göstərməklə müəyyən olunmuş cədvələ uyğun qəbula yazılır və bu iş Qəbul otağında elektron formada həyata keçirilir. Qəbula yazılmanın bu forması getdikcə genişlənir.

İl ərzində respublikanın bölgələrindən qəbula gələn vətəndaşların sayına nəzər salsaq, Bakı şəhəri və onun rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağstafa, Astara, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, Laçın, Lerik, Masallı, Neftçala rayonlarının sakinləri daha çox müraciət etmişlər. Prezident Administrasiyasında qəbul olunmaq üçün edilən yazılı müraciətlərin təhlili göstərir ki, bu mövzuda Bakı şəhəri və onun bəzi rayonlarından, Lənkəran, Yevlax, Ağcabədi, Biləsuvar, Göyçay, Quba, Lerik, Saatlı, Salyan, Ucar, Zəngilan şəhər və rayonlarından müraciətlər daha çox daxil olmuşdur. Onların araşdırılması göstərir ki, bəzən vətəndaşlar yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin qəbulunda öz məsələlərinə ətraflı və dolğun cavab ala bilmir, hətta ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olmaq üçün Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar.

2014-cü il ərzində respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 655 mindən çox vətəndaş qəbul edilmişdir. Onların 73,3 faizi mərkəzi, 26,7 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunmuşdur. Mərkəzi icra hakimiyyəti orqanlarında qəbul edilən vətəndaşların 27,2 faizi onların mərkəzi aparatı işçiləri, o cümlədən 2,8 faizi bilavasitə təşkilat rəhbəri, 72,8 faizi isə tabeli qurumlar tərəfindən qəbul olunmuşdur. Yerli icra hakimiyyəti başçıları aparatlarında vətəndaşların 38 faizini icra hakimiyyəti başçıları, qalanlarını isə aparatın digər məsul əməkdaşları qəbul etmişlər.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məsələləri 2014-cü ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 285 dəfə müzakirəyə çıxarılmış, yol verilən nöqsanlara görə 1487 nəfərə intizam tənbehi tətbiq olunmuş, o cümlədən 448 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 37 nəfərə xəbərdarlıq elan olunmuş, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 79 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 3 nəfər, Vergilər Nazirliyində 2 nəfər olmaqla ümumilikdə 84 nəfər işdən azad edilmişdir.

2014-cü ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında şura iclaslarında və müşavirələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması vəziyyəti 917 dəfə müzakirə edilmiş, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 335 nəfər barəsində intizam tənbehi tətbiq edilmişdir.

Qeyd etmək lazımdır ki, 2014-cü ildə respublikanın bölgələrində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və digər yüksək vəzifəli şəxslərin qəbullarının keçirilməsi vətəndaşlar tərəfindən çox yüksək səviyyədə qarşılanmış, il ərzində keçirilən qəbullarda yüzlərlə vətəndaş Bakı şəhərinə gəlmədən bu şəxslərlə görüşüb problemlərini həll edə bilmişdir.

Vətəndaşların qəbulunun təşkilində narahatlıq doğuran məsələlərdən biri də odur ki, ayrı-ayrı hallarda yerlərdə qəbul düzgün təşkil edilmir, qəbul cədvəlləri bəzən formal xarakter daşıyır, onların tərtibinə lazımınca fikir verilmir. Halbuki qəbul cədvəllərinin düzgün tərtib edilməsi eyni zamanda qəbulun yaxşı keçirilməsinə zəmanət verir.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi qəbul cədvəllərini təhlil edərkən aydın olur ki, bəzi iş günlərində qəbul nəzərdə tutulmur, qəbul saatları ya göstərilmir, ya da son dərəcə qısa vaxtla məhdudlaşdırılır, əlaqə nömrələri qeyd edilmir və digər qüsurlara yol verilir. Məsələn, Müdafiə Sənayesi, Maliyyə, Kənd Təsərrüfatı nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Hesablama Palatası, Ticarət və Sənaye Palatası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Bakı Ağır Cinayətlər Məhkəməsi, “Azərenerji” ASC, Qaradağ, Sabunçu, Füzuli, Göyçay, Kəpəz, Qəbələ, Neftçala, Tərtər və digər rayonların icra hakimiyyətlərinin qəbul cədvəllərində belə qüsurlar nəzərə çarpır.

Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər nazirliklərində, Baş Prokurorluqda, Bakı şəhərinin Nərimanov, Nəsimi, Səbail rayonlarında, Şəki, Ağdaş, Ağstafa, Cəlilabad, Daşkəsən, Xocavənd, Qobustan, Laçın, Oğuz, Sabirabad, Samux, Şəmkir şəhər və rayonlarında qəbul cədvəlləri daha yaxşı tərtib edilmişdir.

Bəzi yerli icra hakimiyyəti orqanlarının internet saytlarında qəbul cədvəlləri yenilənmir və lazımi informasiyalarla təchiz olunmur. Məsələn, Xızı və Neftçala rayon icra hakimiyyətlərinin saytlarında cədvəllər əvvəlki illərə aiddir. İmişli RİH-in saytında isə qəbul cədvəli ümumiyyətlə yerləşdirilməmişdir. Qəbul cədvəllərinin ictimaiyyətə çatdırılması məsələsi də vacib olduğuna görə yerli kütləvi informasiya vasitələrində elan edilməsi təmin olunmalıdır.

 

Sənədlər tariximizdir, onları qorumalı və yaşatmalıyıq

 

Sənədlərlə işin tərkib hissələrindən biri də arxiv işinin təşkili, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının gündəlik fəaliyyəti nəticəsində yaranıb formalaşan, imzalanıb təsdiq olunan və həyata keçirilən sənədlərin gələcək nəsillər üçün qorunub saxlanması, daha doğrusu, bugünün tarixinin yaşadılmasıdır.

Son illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi və Milli Arxiv İdarəsinin birlikdə apardıqları müntəzəm iş nəticəsində bu sahəyə bütün şəhər və rayonlarda diqqət xeyli artırılmış, sənədlərin arxivə verilməsi, onların sistemləşdirilməsi, qorunması üçün daha yaxşı şərait təmin edilmiş, idarə, müəssisə və təşkilatlarda formalaşan sənədlərin şəhər və rayon arxivlərinə təhvil verilməsinə nəzarətin artırılması öz müsbət nəticələrini vermişdir. Bir çox rayonlarda arxivlər daha müasir binalara köçürülmüş, rayon arxivlərinin fəaliyyəti gücləndirilmiş, RİHB aparatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə sənədlərin qorunub saxlanması və arxivə təhvil verilməsi üçün müəyyən edilmiş müddətlərə əməl olunmasına nəzarət artmışdır.

Hər il Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli sərəncamının yerinə yetirilməsi vəziyyətini öyrənmək üçün RİHB aparatlarının məlumatları ətraflı təhlil edilir, bu sahədə aşkar edilmiş nöqsanlar və çatışmazlıqlar aradan qaldırılır və bu işin təşkili üçün müvafiq idarə və müəssisələrə vaxtaşırı tövsiyələr verilir.

Həmin məlumatlardan aydın olur ki, bəzi şəhər və rayonlarda, məsələn, Bakı şəhəri və onun Xəzər, Qaradağ rayonlarında, Bərdə, Xızı, Xocalı, Qazax, Qobustan, Samux, Ucar rayonlarında sənədlərin arxivə təhvil verilməsi ləngidilir.

2014-cü ildə Prezident Administrasiyasının vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin təşkili vəziyyəti öyrənilərkən yerlərdə mövcud arxivlərə də baxış keçirilmiş, bəzi rayonlarda arxivlərin daha yaxşı binalara köçürülməsinin zəruri olduğu müəyyən edilmişdir. Təbiidir ki, həmin yoxlamalardan sonra bu rayonlarda sənədlərlə işə diqqət artırılmışdır.

Şəhər və rayon arxivlərinin fəaliyyətinə ümumiyyətlə daha diqqətlə yanaşılmalı, xüsusilə onların binalarının texniki vasitələrlə təminatı yaxşılaşdırılmalı, gələcəkdə sənədlərin elektron arxivlərinin yaradılması vacib məsələlərdən biri kimi qarşıya qoyulmalıdır.

 

Xalqla Prezidentin birgə iradəsi hər çətinliyə qalib gələcəkdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunmuş iclasındakı yekun nitqində respublikanın növbəti ildə də sürətli inkişafının, Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrin yerinə yetirilməsinin davam etdiriləcəyini, əhalinin sosial rifahının daha da yaxşılaşdırılacağını, ölkəmizin əvvəllər də belə sınaqlardan uğurla çıxdığını qeyd etmiş və yaşadığımız ilin də Azərbaycan tarixinə inkişaf və tərəqqi ili kimi düşəcəyini bildirmişdir.

Dünya iqtisadiyyatında yaranan durğunluq və böhran getdikcə daha çox artmaqdadır. Bu, özünü bir sıra dövlətlərdə daha qabarıq göstərir, xüsusilə neftin qiymətlərinin sürətlə aşağı düşməsi bir çox ölkələr üçün 2015-ci ildə heç də uğurlar vəd etmir. Belə tarixi sınaqlardan o ölkələr uğurla çıxa bilir ki, xalqla Prezidentin iradəsi vəhdət təşkil edir, ölkənin güclü və çoxşaxəli iqtisadiyyatı formalaşmışdır və təkcə enerji resurslarından asılı deyildir. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri və uzaqgörənliyi sayəsində məhz qeyri-neft sektorunda yaradılmış potensial bu gün Azərbaycanın stabil inkişafına təminat verir və bu böhran ona sarsıntılar yetirə bilməyəcəkdir.

2015-ci ilin ilk günlərindən başlayaraq ölkə Prezidentinin aktiv daxili və xarici siyasəti, respublika iqtisadiyyatı üçün xüsusi önəm daşıyan yeni sənaye və ictimai obyektlərinin açılışında iştirakı davam edir. Onun bu ilin yanvar ayında respublikanın paytaxtı Bakı şəhərində, eləcə də Sumqayıt şəhərində bir sıra yeni obyektlərin, o cümlədən “Alyans Tekstil” tikiş fabrikinin, həmçinin beton məmulatı zavodunun açılışında iştirakı ötən ilin quruculuq estafetinin davamı hesab edilə bilər. Şərqi Avropada analoqu olmayan bu zavodun 7 istehsal sahəsində ayda 10-12 min metr beton boru istehsal ediləcəkdir. İstifadəyə verilən bu müəssisələrdə yüzlərlə işçi çalışacaqdır.

Ölkə Prezidentinin bu ilin ilk dövlət səfəri Türkiyə Respublikasına olmuş və Azərbaycanın qardaş ölkə ilə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən bu səfərdə Azərbaycan Prezidenti bir daha ölkələrimiz arasındakı əməkdaşlığın, xüsusilə hərbi sənaye sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini, Azərbaycan-Türkiyə hərbi təlimlərinin bundan sonra da davam etdiriləcəyini və Azərbaycanın öz ərazi bütövlüyü uğrunda daha əzmlə mübarizə aparacağını bütün dünyaya bəyan etmişdir. Hər iki ölkənin dünya siyasətindəki mövqeləri və bir-birinə dəstəyi gündən-günə möhkəmlənir. “Böyük 20-liy”in (“G-20”) Türkiyədə keçiriləcək növbəti sammitinə Azərbaycanın da dəvət olunması bunu bir daha sübut edir. Eyni zamanda, tarixi Çanaqqala döyüşünün 100 illiyinin 2015-ci il aprelin 24-də qeyd ediləcəyinin də həmin səfər zamanı bəyan edilməsi çox ibrətamiz haldır.

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyədən sonra Almaniyaya səfəri, Davos Forumunda dünyanın siyasət və biznes elitası ilə keçirdiyi çoxsaylı mühüm görüşlər, forumdakı nümayəndələrin I Avropa Oyunlarına hazırlıq işlərinin təqdimat mərasimində iştirakı ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasına əyani sübutdur.

Dünyada gedən böhranlardan asılı olmayaraq, Azərbaycanın inkişafını və burada mövcud olan ictimai-siyasi vəziyyəti Azərbaycanın böyük sərvəti adlandıran ölkə Prezidenti 2015-ci il yanvarın 27-də keçirilən konfransda bunu belə səciyyələndirir: “Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır... Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır”.

Azərbaycan Prezidentinin ölkənin sosial-iqtisadi inkişafı və əhalinin rifahının yaxşılaşacağı barədə verdiyi proqnozlar artıq reallaşmaqdadır. Respublika müəllimlərinin əməkhaqlarının, pensiyaların sığorta hissəsinin artırılmasını buna misal göstərmək olar və heç kim şübhə etmir ki, Azərbaycan iqtisadiyyatı bütün gərginliklərə dözəcək, ölkə əhalisinin güzəranı bu il də yaxşılaşacaq və Azərbaycan təkcə I Avropa Oyunlarını deyil, Azərbaycanda keçirilməsi planlaşdırılan digər mühüm tədbirləri də uğurla reallaşdıracaq, həm ölkəmizin qüdrəti, həm də insanlarımızın rifahı daha da yüksələcəkdir.

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Azərbaycanın nailiyyətlərinə dostlar sevinir, düşmənlər gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Şübhə yoxdur ki, elə də olacaqdır.

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Azərbaycan.-2015.- 13 fevral.- S.3-5.