Alban dövrü memarlıq abidələri məqsədli şəkildə erməniləşdirilir

 

Rus çarı I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmana görə Azərbaycanın qərbində İrəvan xanlığı ləğv edilərək, əvəzində rus imperatorluğu tərəfindən idarə olunan “Erməni mahalı” adlanan yeni vilayət yaradıldı. Vilayətin yaradılmasında məqsəd birbaşa İran və Türkiyə sərhədlərində Rusiya üzərində baş verə biləcək hər hansısa hücumların qarşısını almaq üçün itaətkar erməni millətindən ibarət cəbhə formalaşdırmaq idi. Azərbaycan torpaqlarında Rusiyanın vilayət yaratma təşəbbüsü ermənilərin işinə yaradı. Çünki heç vaxt dövləti və dövlətçilik ənənəsi olmayan bir millət üçün bu tarixi bir fürsət idi. Dünyanın bir çox ölkələrindən bu ərazilərə köçürülən ermənilər həmin hadisəni sevinclə qarşılayırdılar. Qısa zaman ərzində ermənilər nəinki Qərbi Azərbaycanda, eyni zamanda, Qarabağ, Gəncə, Şamaxı və Quba bölgələrində də sürətlə məskunlaşmağa başladılar. Bu tarixi fürsətdən məharətlə yararlanan ermənilər Rusiyanın təhriki ilə Azərbaycan ərazilərinə yerləşdirildikdən sonra yerli xalqların tarixini və mədəniyyətini də mənimsəməyə başladılar.

Tarixdən məlumdur ki, antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri Qarabağ da daxil olmaqla Azərbaycan AlbaniyaAtropatena dövlətlərinin tərkib hissəsi olmuşdur (e.ə.IV - eramızın VII əsri). Məhz bu dövrlərdə memarlıq sənəti həmin ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf etmişdi.

Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, təbii ki, bu din Alban dövləti mövcudluğunun müəyyən dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.

Təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdir. Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər, xristianlıq amilindən istifadə edərək bu tipli abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək onları erməniləşdirirlər.

Cənubi Qafqazda mədəni dəyərlərin erməniləşdirilməsində Rusiyanın dəstəyi də mühüm rol oynamışdır. Belə ki, 1836-cı ildə rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunaraqonun mülklərinin erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilməsi üçün rus çarı I Nikolay xüsusi olaraq fərman da imzalamışdı. Bu hadisədən bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri, daha dəqiq desək, Qarabağ regionunda ermənilərin XVIII əsrin sonlarından başlayaraq davam edən sıx məskunlaşmaları nəticəsində Alban dövlətçiliyi və dini Qarabağda müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin qriqoryanlaşdırılması, yəni erməniləşdirilməsı prosesi başladı.

Bu da öz növbəsində alban kilsələrindəki əlyazmaların erməni dilinə tərcümə edilərək orijinallarının yandırılmasına, kilsə və monastırların interyerindəki yazıların və bədii daş nümunələrinin dəyişdirilməsinə səbəb oldu. Bütün bu saxtakarlıqlara baxmayaraq Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti Azərbaycanın bir çox ərazilərində öz ilkin formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatmışdır. Buna misal olaraq Kəlbəcər rayonunda Xudavəng memarlıq kompleksi (XIII əsr), Talış kəndində Urek məbədi (1279-cu il), Vəng kəndində Gəncəsər məbədi (XIV əsr), Qozlu kəndində Xudavəng məbədi (1204-cü il), Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastırı (IV əsr), Ağdərə ərazisindəki müqəddəs Yelisey Məbədi, Ağdam rayonu Maqadiz kəndində Yegiş Arakel məbədi (XII əsr), Xocalı rayonunda Xansıx (1122-ci), Xaçmaz (1100-cü il), Armudlu (1202-ci il) məbədləri, Xocavənd rayonu Tuğ kəndində Qırmızı məbəd (1000-ci il), Qərbi Azərbaycan ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Dədəvəng məbədi, Ağtala məbədi, Ərcivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridirlər.

Alban dövrü memarlıq abidələrinin daşdivar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər məskunlaşdıqları ərazilərdəki tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.

Təsadüfi deyildir ki, əsrlərlə qarşılıqlı hörmət və məhəbbətlə dinc yanaşı yaşayan albantürk tayfaları öz bədii yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmişlər. Bu da hələ o dövrdən Azərbaycanda multikulturalizmin mövcudluğundan xəbər verir. Odur ki, elmi ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin alban-türk memarlıq abidələri kimiqeyd olunması heç də təsadüfi sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur. Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə görkəmli Qafqazşünas tarixçi alim Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir amil məlumdur, Qafqaz Albaniyasının tarixitaleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludular”.

Qeyd etdiyimiz kimi, qədim Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Lakin Şərq memarlığına məxsus tikintilər sırasında Alban memarlığı özünəməxsusluğu ilə digərlərindən kəskin şəkildə fərqlənirdi. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan kilsə tikintiləri idi. Bu kilsələr uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növ məbədlərin üstü ikiqatlı sadə daşlarla örtülürdü. Bu tipli tikintilər adətən inzibati yaşayış mərkəzlərində əhalinin ibadət etmələri üçün inşa olunurdu.

Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və həmin memarlıq üslubu yalnız albanlara aiddir. Bunu bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığa qədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.

Bunlara baxmayaraq, Cənubi Qafqazdakı Alban dövrü abidələrinin üzərindəki ornamentləri, elementləri və digər yazı nümunələrini bu bölgədə məskunlaşdırılan ermənilər dəyişərək saxtalaşdırırlar, yəni erməniləşdirirlər, bu da kütləvi şəkildə Alban dövrü abidələrin ilkin görkəminin itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilərək tarixdən silinməsinə səbəb olur.

Albaniyada dairəvi məbədlərin inşası erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır. Həmin cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir ki, bu da tamam başqa bir söhbətin mövzusudur.

Beləliklə, ermənilərin Cənubi Qafqazda Alban mədəniyyətini erməniləşdirməklə özlərinə erməni tarixi və mədəniyyəti yaratmaq cəhdləri bu cür faktlar qarşısında çox gülünc görünür.

Alban dövrü memarlığının ən kütləvi formalarından biri də sovmələrdir. Sovmələr, karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində memorial tikililərdir. Bu ərazilərdə həm mehrabsız, həm də merablı sovmələrə təsadüf olunur. Həmin sovmələrin divarları, bir qayda olaraq, zərif naxışlara malik nişan daşlarıyla bəzədilir. Karvan yolları üzərində sovmələrin tikilməsində əsas məqsədlərdən biri də insanların səfər zamanı əziyyətli yolçuluqdan sonra dincəlib istirahət etmələrinə, soyuqdan və yağışdan qorunmalarına, axşama düşdükdə gecələmələrinə şərait yaratmaq idi. Bu tipli tikintilər yalnız ibadət üçün nəzərdə tutulmadığından, onların memarlıq quruluşlarında da müxtəliflik var idi.

Alban dövrünün ən mürəkkəb tikililəri isə bir qayda olaraq bazilikalar və monastırlar hesab olunurlar. Monastır və bazilikalar, kilsə və sovmələrdən fərqli olaraq iki, üç və hətta dördnefli əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulurdu. Onların da tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını erməni kilsələri kimi təqdim edirlər. Alban dövrünün bütün növdən olan tikintilərini “erməni kilsəsi” adlandıran ermənilər, Dağlıq Qarabağda bunların sayının 500 olduğunu iddia edirlər. Halbuki sovet Ermənistanının bütün ərazilərində cəmi 2 erməni kilsəsi mövcud idi.

Cənubi Qafqazda tarixi kökə və mədəniyyətə malik olmayan ermənilər süni şəkildə belə iyrənc yollarla özlərinə tarix yaradıb dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridirlər.

Məhz bu səbəbdən də ermənilər məqsədli şəkildə işğal altında saxladıqları ərazilərdə Alban abidələrini mənimsəyərək, Alban memarlığının milli mənsubiyyətini dəyişdirirlər. Bu da öz növbəsində tarixin saxtalaşdrılmasına gətirib çıxarır. Bu barədə gürcü tarixçisi A.Cavcavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirmişdi. O yazırdı: “...Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtı ilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi” adlandırırlar”. Cənubi Qafqazda erməni dövlətinin olmamasını inkar edənlər sırasında nə qədər qəribə də olsa, ermənilər də var; bu barədə erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə “Ermənistan və ermənilər” əsərində yazırdı: “Ermənilərin dövlətləri olmayıb. Onlarda vətən hissi, vətənə bağlılıq siyasəti yoxdur. Erməni təəssübkeşliyi yalnız yaşadıqları yerlərlə bağlıdır”.

Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər bir qisminin vandalizmə uğradılması ciddi təşviş doğurur. Memarlıq abidələri; öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; qalalar, siklop tipli memarlıq abidələri, karvansaralar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar, qara damlarev damları; sovmələr, bazilikalar, kilsələr və monastırlar; xüsusi quruluşa malik fərdi evlər, hərbi istehkamlar, mədəniyyət sarayları, ictimai binalar, ticarət mərkəzləri; elm, təhsil və nəqliyyat müəssisələrinin binaları, o cümlədən heykəllər, qəbirüstü abidələr, bədii incəsənət nümunələrinin böyük bir qismi tamamilə sökülüb tanınmaz hala salınmış və ya təhqir edilmişdir. Ermənistanın bu hüquqazidd əməlləri nəticəsində işğal altındakı Azərbaycan ərazilərində qalan islam dini abidələri, bağ parklar və memarlıq ansamblları ermənilər tərəfindən dağıdılaraq artıq çoxdan tarixə çevrilmişdir. Hesab edirik ki, ermənilərin bu əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır.

Aydındır ki, təkcə hüquqazidd əməlin törədilməsinə qədər mövcud olan vəziyyətin bərpa edilməsi tam ödəmə üçün kifayət deyil. Belə ki, bu cür əməllər tək maddi zərərin vurulması ilə məhdudlaşmır, onlar eyni zamanda, əlavə mənəvi zərərin vurulması ilə də müşayiət olunur. Odur ki, BMT Baş Assambleyasının 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” qətnaməsinə əlavənin 31-ci maddəsinə əsasən “məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllərə görə vurduğu zərəri ödəməlidir və bu zərər hüquqazidd əməllər nəticəsində vurulmuş istənilən maddi və mənəvi ziyanı özündə əks etdirir”. Bundan başqa, həmin “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsinə əsasən beynəlxalq hüquqazidd əməllər nəticəsində meydana gəlmiş hüquq pozuntularının nəticələrini bütövlükdə aradan qaldırmaq üçün ödəmə ya ayrı-ayrı formaların və ya bütün formaların tətbiq edilməsini tələb edə bilər. Bu pozulmuş beynəlxalq öhdəliyin xarakterindən, həmçinin vurulmuş zərərin növündən və miqdarından asılıdır. Ödəmə formasının seçilməsi eyni zamanda zərərçəkmiş tərəfin əsaslandırılmış istəyindən asılıdır.

 

Faiq İSMAYILOV,

Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri

Azərbaycan.-2015.- 13 fevral.- S.10.