O, xalqın divanəsiydi

 

 

Bu gün hamının sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Bunu desək də, deməsək də, tarix özü bu həqiqəti təsdiq edib. Nizami, Füzuli, Nəsimi, Rumi, Xətai, Yunis İmrə, Vaqif, Sabir, Hadi, Müşfiq, Səməd Vurğun, Şəhriyar, Nazim Hikmət, Rəsul Rza... Bu müqayisədə heç bir mübaliğə görmürəm. Şairlərin böyüklüyünü xalq bilir, xalqın yaddaşı onun sevgisi kimidir.

Sovet ədəbiyyatının klassiklərindən, ruhən müasir bir yazıçı, dilimizin, mədəniyyətimizin qorunmasında böyük xidmətləri olan Mirzə İbrahimov yazır: “Bəxtiyar Vahabzadə şeirimizin Füzuli, Vaqif, Sabir, Səməd Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi, estetik ləzzət duyursan”.

Ustad Rəsul Rza deyirdi: “Bəxtiyar Vahabzadə sözün əsl mənasında şairdir. Onun poetik fırçasının çəkdiyi lövhələr rəngarəng və maraqlıdır. Bəxtiyar Vahabzadənin poeziyası-düşüncələr poeziyasıdır”.

Tanrının XX əsrdə türk dünyasına bəxş etdiyi böyük yazıçı Çingiz Aytmatov isə B.Vahabzadəni belə qiymətləndirirdi: “Tarix çoxdan ötüb keçib. Nə haqlılar qalıb, nə haqsızlar. Adama elə gələ bilər ki, keçmiş “fəna mülkünə” qərq olubsa, əzab çəkməyə dəyməz. Lakin Bəxtiyar tarixi bugünün gözüylə mühakimə edir, bizi inandırır ki, bunun bilavasitə ona və müasirlərinə dəxli var. O, bizi inandırır ki, indiki adamların, indiki zamanın taleyi keçmişdən asılıdır”.

Hələ mən B.Vahabzadə haqqında yazılan namizədlik və doktorluq dissertasiyalarını, neçə-neçə monoqrafiyanı və sayı-hesabını sağlığında heç özünün də bilmədiyi yüzlərlə məqalələri demirəm. Onların əksəriyyəti məhəbbətdən, Bəxtiyara sevgidən yaranıb.

Bəxtiyar Vahabzadə poeziyası onun şəxsiyyətindən ayrılmazdır. Əslində, hər hansı bir şeir şairdən kiçik bir zərrədir. Poeziya onun ruhi, aləminin bəlirtiləridir. Şairin dünyası isə ÖZ DÜNYASI ilə yaşadığı dünyanın harmoniyasından, yaxud ziddiyyətindən yaranır. Harmoniya yarananda şair yaşadığı dünyanın gözəlliklərindən hədsiz zövq alır.

Bəxtiyar Vahabzadə Mirzə Ələkbər Sabirdən sonra dövranla, dünya ilə ən amansız müxalifətdə olan şairlərimizdən biridir. Dahi Sabirin “Hophopnamə”si göz yaşları içində qəhqəhə idi, üz tutduğu xalqaözünü dərk et” harayını, fəryadını çatdırırdı. Bəxtiyarın “Bəxtiyarnamə”si isə nə göz yaşlarıdı, nə də qəhqəhə. Müdrik bir şair-filosofun bəzən çılğın, bəzən qəzəb, HİDDƏT, ÜSYAN dolu çağırışlarıdır. “Ey xalqım, özünü dərk etdüşün... əsrlər boyu səni izləyən və qəhr edən bu bəlalardan özün çıxış yolu ara, tarixdən ibrət al!”

Əllinci illərin sonları. Sovet imperiyasının hələ heç sarsılmadığı, daha da güc topladığı o illərdə Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını yazdı. Bircə elə bu fakt kifayətdir deyək ki, o taylı-bu taylı yatmış millətin içində huşyar insanlar da vardı, biri də Bəxtiyar Vahabzadə idi. Ötən illərdə yazılan bir məqalədə oxumuşdum ki, guya bu poemanı yazmaqla Bəxtiyar Vahabzadə özü haqqında ucuz şöhrət, illüziya yaratmaq istəyirmiş. Bəlkə də həmin müəllif poemanın yazıldığı illərdə ali məktəbdə marksizm-leninizm kursu keçirdi və təpədən-dırnağa komsomolçu idi. Cürət, qeyrət, milli amal insana heç də əlli, altmış yaşında bəxş olunmur, insanla birgə doğulur, qanda, ilikdə yaranır bunlar.

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı,

Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın.

Xalqın, millətin sevimli şairinə ilk mənəvi zərbə də elə bu poemadan sonra dəydi. Amma Bəxtiyar sarsılmadı, bəziləri kimi etirafda bulunmadı.

Biz millət şairi, xalq şairi ifadələrini tez-tez işlədirik. Bəzən buna layiq olmayanların və haqqı çatmayanların adlarının qarşısında bu ifadələri işlətməkdən çəkinmirik. Bəxtiyar Vahabzadənin həm şəxsiyyəti, həm də yaradıcılığı onu millətin, xalqın böyük şairi anlamına gətirir. Onun üçün dünya Azərbaycandan başlayırdı, Azərbaycanla da bitirdi. Bu xalqın dəli-divanəsiydi.

Bəxtiyar Vahabzadə poeziyamızda milli birliyin, vahid azərbaycançılığın lideri idi. Bunu söyləməklə onun poeziya tarixində xidmətlərini şişirtmək fikrində deyilik. Ancaq həqiqət budur ki, milli birlik, Azərbaycanı vahid görmək ideyası sovet dönəmində Bəxtiyar Vahabzadə poeziyasından başlayır. Onun bu xalqın fikri-mənəvi intibahına səsləyən harayına qoşulanda istər-istəməz fikirləşirsən: yalnız öz xalqını sevən bir şair, onun tarixi keçmişiylə qürrələnən, həm də faciələrini görən bir insan böyük ərklə onu qınaya bilər, həm də ona qarşı hər hansı haqsızlığa dözümsüzlük göstərər.

Bəxtiyar poeziyasında həmişə Zamanın ahəngi, ritmi, hətta addım səsləri aydınca duyulmuşdur. Zaman onun poeziyasında həm konkret mənada-dəqiq ayı, ili, əsri ilə məlum çərçivədə, həm də bütün keçmişləri, indiyə və gələcəyə sığışdırılan bir dairədədir. Zamanın ayrı-ayrı bölümlərini ifadə edən yazılarında Bəxtiyar Vahabzadə “Gülüstan”, “416”, “Şəhidlər”, “Yollar-oğullarşairidir. Yəni konkret tarixi hadisələrin konkret Zaman bölümündə əksi... Amma unutmaq olmaz ki, burada konkretliyin özündə də bir şərtilik var. “Gülüstanbir xalqın tarixi faciəsinin ibrət dərsidir, bir zamanın başqa bir zamanda ehyası, sonrakı zamanın da əbədi ağrısıdır. “Şəhidlər” də həmçinin.

Amma elə şeirlər, poemalar var ki, orada Zaman dəyişməz və bütövdür, konkret bir ayla, əsrlə məhdudlaşmır. Məsələn, “İnsanzaman” silsiləsindən olan bir sıra şeirlər, “Latın dili”, “Gəl, ana təbiət”, “Muğam”, “Mənə nə var?”, “Özümdən narazıyam”, “Həyat, sən nə şirinsən”, “Ana dili” və s. bu qəbildən olan poetik nümunələr.

B.Vahabzadə müasir Azərbaycan poeziyasında bir tendensiya xarakteri daşıyan fəlsəfi lirikanın gözəl nümunələrini yaratmışdır. Vaxt, Zaman, Ölüm-Olum, Gözəllik, Təbiət və Urbanizisaya, Xeyir və Şər və s. bütün bu anlayışlar Bəxtiyar poeziyasında öz fəlsəfi-poetik həllini tapırdı. Əzəldən bu böyük şairin daxilində narahat və ağıllı bir filosof yaşayırdı. O, heç bir vaxt ateist olmadı, dinimizi inkar etmədi.

Bəxtiyar şeirinin bütün parametrlərində, hətta onun kiçik çalarında belə qüvvətli şəkildə hiss edilən, duyulan, hətta bir çox məqamlarda bu poeziyanın aparıcı fiquruna çevrilən BƏXTİYAR obrazıdır. Çağdaş poeziyamızda belə bir görünüş, yəni şair obrazının onun poeziyasında bu dərəcədə aparıcı rol oynaması ilk növbədə, bu obrazın xarakterindən doğur. Belə demək mümkünsə, bütün şeir və poemalarında poetik duyğunun, hissin mərkəzində şair obrazı durur. Həyat, ölüm, insan məhəbbəti, həqiqət uğrunda mübarizə, istiqlal düşüncələri, kədər, nifrət, tarixə baxış, müasirlik - bütün bu problemlər Bəxtiyar-Şair obrazında təmərküzləşir. Bəxtiyar obrazında XX əsr insanının-düşünən, düşündürən, əsrin təzadları və mürəkkəblikləri qarşısında həyəcanlanan, əsəbi hallar keçirən, bəzən heyrətlənən, hər hansı gözəllik önündə səcdə qılan, əcdad, kök, ilkinlik duyğusunu qanında yaşadan, doğma ana dilini, xalq mənəviyyatını hər şeydən uca tutan, azadlıq mücadiləsində, xalqının istiqlal savaşında SÖZÜ GÜLLƏYƏ ÇEVİRƏN və təbii ki, sevən, sevilən, əzab çəkən bir Aşiq canlanır. Bu Aşiq sözünü xüsusi vurğulamaq istəyirəm. Azadlıq aşiqi, təbiət aşiqi, Vətən aşiqi, gözəllik aşiqi, poeziya aşiqi.

Bəxtiyar obrazının məramnamə xarakteri daşıyan ifadəsini bircə şeirdə canlandırmaq istəyi məni rahat buraxmadı. Müxtəlif şeirlərinə üz tutdum, sonda bu misraların üzərində dayandım:

Uçmaq istəyirəm,

yalnız zirvədən

Seyr edim bu günü, ötən çağları.

O qədər ucalım, yüksəlim ki, mən

Görməyim yerdəki xırdalıqları.

Uçmaq istəyirəm,

əsəblərimi,

Əsrin öz kökündə çəkib tarıma.

Uçmaq istəyirəm,

dərdi-sərimi

Dərmana yetirən nağıllarıma.

Ucalıq və yüksəklik! Genişlik və səmavilik! Xəyal və romantika! Məncə, Bəxtiyar poeziyasının bütün pafosunu bu sözlər təyin edir.

...Bir neçə ildir Bəxtiyarsız yaşayırıq. Onun səsini eşitmirik, təzə şeirlərini oxumuruq. Ancaq Bəxtiyar Vahabzadə elə bir ədəbi irs qoyub ki, əsrlərə yetər. Nədir bu əbədiyaşarılığın sirri?

Birincisi - XX əsr və XXI əsrin ilk illərinin Azərbaycan ədəbiyyatını B.Vahabzadənin yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan xalqının mənəvi dünyasını, mübarizələr tarixini, intellektual aləmini, keçmişindən bu gününə uzanan yolu-bu yolun şərəfli-şanlı səhifələrini, həmçinin faciəli, dramatik mənzərəsini biz digər böyük sənətkarlarımızın yaradıcılığı ilə bir sırada Bəxtiyar poeziyasında da izləyə bilərik.

Bəxtiyar Vahabzadə poeziyası klassikmüasir Azərbaycan poeziyası arasında bir körpü idi. Onlarla misallar göstərə bilərik ki, B.Vahabzadə klassik poeziyadan yaradıcı şəkildə necə təsirlənirdi. Xüsusilə, Füzuli poeziyası onun üçün bir məktəb idi. O, dünya poeziyasına dərindən bələd idi, amma Azərbaycan poeziyası onun üçün sevimlidoğma idi, milli şeir ənənələrinə xor baxanlara qarşı mübarizəni elə şeirlə aparırdı. Burada onun Azərbaycan klassikmüasir ədəbiyyatının bir sıra problemlərinə, həmçinin sevdiyi sənətkarların yaradıcılığına həsr etdiyi onlarla məqalələrini xatırlayırsan. B.Vahabzadə füzulişünas deyildi, lakin onun Füzuli poeziyası və ölməz “Leyli və Məcnun” poeması haqqında yazdığı məqalə fikrimcə, füzulişünaslığın incilərindən biri sayıla bilər. O, C.Məmmədquluzadə yaradıcılığının tədqiqatçısı deyildi, amma Mirzə Cəlil sənəti barədə yazdığı məqalə heç bir tədqiqat əsərindən geri qalmır. Müasirlərindən kimin haqqında yazmadı ki?! Səməd Vurğunun ömür yolu və yaradıcılığı haqqında ilk monoqrafiyanın müəllifi də o oldu. Yeri gəlmişkən deyim ki, B.Vahabzadə S.Vurğun ədəbi məktəbinin ən istedadlı nümayəndəsi idi, S.Vurğunun ölməz poeziyasından çox şey əxz elədi, lakin sənətdə, poeziyada öz yolunu tapdı və ondan sonra ədəbiyyata gələn bir çox şairlərimiz üçün də Bəxtiyarın poeziyası örnək oldu.

İkincisi, Bəxtiyar poeziyası o taylı-bu taylı hər bir azərbaycanlı üçün Vətən dərsi idi. Onun şeirlərini, poemalarını oxuyub Vətəni sevdik, onun torpağını, daşını sevdik. Xalqımızın tarixini vərəqlədik, fiziki Azərbaycanın parçalandığını görsək də, mənəvi Azərbaycanımızı bütöv gördük. Onun poeziyası tarixi keçmişimizə və XX əsr Azərbaycanına tutulan saf, ləkəsiz, təmiz bir güzgüdür. Poeziyamızda CƏSARƏTİN necə boy atdığını, müstəbidləri necə titrətdiyini hiss etdik. Qanlı Yanvar faciəsindən bir neçə gün sonra Bəxtiyar Vahabzadənin rus generalının üzünə ən ağır sözlər söylədiyini dedilər, amma o, öz şeirlərində çox-çox əvvəl imperiyanın üzünə həmin sözləri demişdi.

Bəxtiyar şeiri düşüncə, idrak yoluna işıq saçır. Bu işıqdan hələ neçə nəsil faydalanacaqdır.

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Azərbaycan.-2015.- 13 fevral.- S.12.