Hər il Salyanın tarixinə yeni səhifələr yazılır

 

2014-cü il Salyan rayonunun ictimai-siyasi, mədəni həyatında mühüm hadisələrlə zəngin olmuşdur. Ölkə rəhbəri İlham Əliyevin müvafiq sərəncamları ilə türk dünyasının böyük şəxsiyyətlərindən olan Ə.Hüseynzadənin 150 illik yubileyi və Muğan-Babazanlı abidələrinin 2800 illiyi böyük təntənə ilə qeyd edilmişdir. Bayram sevinci yaşanan hər iki tədbirdə xarici ölkələrin, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, əlaqədar nazirliklərin rəhbərləri, Milli Məclisin deputatları, bir sıra ölkələrin respublikamızdakı səfirliklərinin diplomatları, görkəmli mədəniyyət və incəsənət xadimləri, yazıçılar, şairlər, habelə digər görkəmli şəxslər iştirak etdilər. Yüksək səviyyədə keçirilən əlamətdar hadisələr rayon əhalisinə, eyni zamanda, tədbirə qatılan qonaqlara sevincli anlar yaşatdı, yaddaşlarda silinməz izlər buraxdı.

Yeni inşa edilən Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr geniş təhlil edildi. Hesabat məruzəsi ilə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov bildirdi ki, ötən il rayonda məhsul istehsalının həcmi 14 milyon 895 min, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 11 milyon 257 min manat olmuşdur ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Rayonda tikinti-quruculuq, abadlıq işləri də sürətlənmişdir. Salyan şəhərində yenidənqurma işləri aparılmış, 38 mindən çox ağacgül kolları əkilmişdir. YAP Salyan Rayon Təşkilatının yeni inzibati binasında və rayonlararası ciyər xəstəlikləri xəstəxanasında tikinti işləri başa çatmışdır. Hazırda beşmərtəbəli yaşayış binasında, ticarət mərkəzində, rayon prokurorluğu və ərazi kənd təsərrüfatı idarələri üçün inşa olunan binalarda tikinti işləri gedir.

Məruzədə qeyd olundu ki, Salyan respublikanın iri kənd təsərrüfatı rayonlarındandır. Keçən il burada qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon üzrə 2013-cü ildə 2014-cü ilin məhsulu üçün 17 min 899 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun 6 min 230 hektarı buğda, 11 min 669 hektarı arpa olmuşdur. Hər hektarın məhsuldarlığı 29,5 sentner olmaqla ümumi taxıl istehsalı 52 min 717 ton təşkil etmişdir. Cari ilin məhsulu üçün isə 19 min 647 hektar sahəyə toxum səpilmişdir. Payızda havaların yağmurlu keçməsi yaxşı çıxış alınmasına şərait yaratmışdır. Odur ki, kənd sakinləri sahələrdən bu il daha çox məhsul gözləyirlər. Artıq əkinlərə yemləmə gübrəsi verməyə başlamışlar. Onu da qeyd edək ki, keçən il rayonda 19 ərazi komissiyası üzrə 10 min 673 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 122 min 697,6 manat subsidiya verilmişdir.

Heyvandarlıq sahəsində də qazanılan nailiyyətlər az deyil. Hesabat ilində ət istehsalı (diri çəkidə) 12 min 954,5, süd istehsalı 44 min 775, yun istehsalı 346 tonyumurta istehsalı 34 milyon 650 min ədəd olmuşdur.

T.Kərimov dedi ki, əhalinin yaşayışında mühüm əhəmiyyət kəsb edən elektrik enerjisi, təbii qaz və içməli su təminatı sahəsində keçən il müəyyən işlər görülmüşdür: “400-dən çox müxtəlif güclü transformator əsaslı və cari təmir edilmiş, 284 sayğac quraşdırılmış, “SİP” kabelinin çəkilməsi ilə əlaqədar 42 ağac, 10 dəmir-beton dirək qoyulmuşdur”.

İndi rayonda təbii qazla təmin olunan yaşayış məntəqələrinin sayı 53 faizdir. Keçən il Qaraçala qəsəbəsində təbii qaz infrastrukturu yenidən qurulmuş, 820 abonentmavi yanacaqla təmin olunmuşdur. Kürqaraqaşlı kəndində 171, Salyan şəhərində 144 evə qaz çəkilmişdir. Əhalinin fasiləsiz, itkisiz və keyfiyyətli təbii qazla təmin olunması məqsədilə qaz xətləri üzərinə müasir tipli 15 qaztənzimləyici və müxtəlif diametrli 20 siyirmə quraşdırılmışdır. 2014-cü ildə rayon ərazisində 895 yeni qaz sayğacı quraşdırılmış, 280 qaz sayğacı yeniləri ilə əvəz edilmişdir. 350 yeni mənzil qazlaşdırılaraq qeydiyyata alınmışdır. Xalac, Kolanı, Dayıkənd, Sarvan, Bəydilli, Qızılağac kəndlərində qazlaşdırma işlərinə başlanılmışdır.

Məruzədən o da məlum oldu ki, hazırda rayon ərazisində 6 min 362 nəfər telefon abunəçisinə genişzolaqlı internet 21 növ müxtəlif multimedia xidmətləri göstərilir. Əhalinin genişzolaqlı internet xidmətinə olan tələbatı nəzərə alınaraq Babazanlı yaşayış massivində 24, “İnşaatçılar” yaşayış massivində 48, “Plastmas” yaşayış massivində 32, Arbatan kəndində 24, Kürqaraqaşlı kəndində 32, Xalac kəndində 24, Sarvan kəndində 32, Qarabağlı kəndində 46, Qalalı yaşayış massivində 24, Çuxanlı kəndində 24 portluq yeni “DSLAM” (ADSL) avadanlıqları quraşdırılaraq istifadəyə verilmişdir. Nəticədə sürətli internet istifadəçilərinin sayı il ərzində 402-dən 2083-ə yüksəlmişdir.

Prezident İlham Əliyevin imzaladığı 20 iyun 2007-ci il tarixli “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamının icrası çərçivəsində rayonda bir sıra işlər görülmüşdür. Salyan şəhəri əhalisinin içməli suya olan tələbatını ödəmək üçün hazırda Babazanlı dağında yeni su anbarı tikilir və təzyiqli su xətti çəkilir. 32 yaşayış məntəqəsində isə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Daha 6 yaşayış məntəqəsində də belə qurğuların quraşdırılmasına başlanılmışdır. Beləliklə, 38 yaşayış məntəqəsində quraşdırılmış qurğular 70 min nəfər kənd əhalisinin ekoloji cəhətdən təmiz içməli sudan istifadə etməsinə imkan yaradacaq.

2014-cü ildə rayonun səhiyyəsində də müəyyən uğurlar əldə olunmuşdur. Rayonlararası Şorsulu əsəb-nevroloji xəstəxana üçün 100 çarpayılıq yeni korpus tikilmiş, xəstəxana zəruri avadanlıqla təchiz edilmişdir. Hazırda 50 çarpayılıq rayonlararası ciyər xəstəlikləri xəstəxanasında son tamamlama işləri görülür. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, keçən il fevral ayının 17-dən may ayının 1-nə kimi əhalinin tibbi müayinəsi aparılmış, 18 yaşdan yuxarı 61 min 37 nəfər müayinədən keçmişdir. Bu hazırda davam edir.

Rayon mədəniyyət və turizm şöbəsinin tabeliyində 16 mədəniyyət evi, 26 klub, 47 kitabxana, Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, dövlət rəsm qalereyası, dövlət kukla teatrı, incəsənət məktəbi, Yenikənd musiqi məktəbi fəaliyyət göstərir. Bakı şəhərində keçirilən Novruz şənliklərində mədəniyyət evinin 3 xalq kollektivi, “Cəngi” və “Mahirlər” ailə ansamblları, “Hünər” sirk xalq kollektivi çıxış etmiş, 18 adda Salyan məhsulları və qədim toxunma əl işləri nümayiş etdirilmişdir. Şöbə tərəfindən bayramlara, tarixi hadisələrə və yubileylərə həsr olunmuş 73 mədəni-kütləvi tədbir keçirilmişdir. Bunlardan əlavə, ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar rayonun mədəniyyət müəssisələrində vətənpərvərlik mövzusunda şeir, mahnı, rəsm müsabiqələri keçirilmiş, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzularında konfrans və “dəyirmi masalar təşkil edilmişdir.

Hesabat məruzəsi ətrafında çıxış edən rayon maliyyə idarəsinin rəisi M.Kərimov, təhsil şöbəsinin müdiri Ə.Bədəlov, regional qaz istismarı idarəsinin rəisi X.Hüseynov, Heydər Əliyev Mərkəzinin direktoru A.Ələsgərova, rayon ziyalılar birliyinin sədri A.Piriyev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Tədbirdə Milli Məclisin deputatları Ə.Hüseynov, F.Ağamalı və Prezident Administrasiyasının məsul işçisi D.Abdullayev çıxış etdilər.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

 

Seyran CAVADOV,

Azərbaycan.-2015.- 14 fevral.- S.5.