Unudulmayan dərdlər

 

 

Qaradağlı faciəsindən 23 il keçir

 

Deyirlər, zaman ən böyük dərdləri belə unutdurur, ən ağır yaraları sağaldır. Amma tarixə Qaradağlı soyqırımı kimi daxil olmuş bu faciədən 23 il keçsə də, ürəyimizə vurulan yaralar qaysaq bağlamır, ağrı-acısı bir zərrə belə azalmır. Tökülən nahaq qanların, amansızlıqla qətlə yetirilən günahsız insanların intiqamı alınmayınca, cənnət Qarabağ erməni vandallarının tapdağından azad edilməyincə Qaradağlı faciəsinin yaraları sağalan deyil

1992-ci il fevralın 15-də ermənilər Qaradağlını mühasirəyə alıb, hər tərəfdən atəşə tutdular. Hələ xeyli əvvəldən ətraf mühitlə əlaqəsi kəsilmiş Qaradağlının gözlənilən faciə öncəsi harayına səs verən, dadına çatan bir qüvvə yox idi. Bu, o zaman idi ki, Qarabağda Ermənistan silahlı qüvvələri Azərbaycan kəndlərini bir-birinin ardınca talan edir, odlara qalayır, dinc əhalini isə qadın-kişi, uşaq-qoca demədən süngüdən keçirir, qan təşnəsi olduqlarını insanlığa sığmayan bəd əməlləri ilə bir daha təsdiq edirdilər. O vaxtlar Azərbaycanın mərkəzində, ölkənin yaxın-uzaq kəndlərinin ümid yeri bildiyi Bakıda hakimiyyət oyunları gedirdi. Paytaxt hakimiyyət uğrunda maraqların toqquşduğu bir savaş meydanına çevrilmişdi. Bu tarixi fürsətdən məkr və məharətlə yararlanan Ermənistan silahlı qüvvələri isə öz qanlı planlarını həyata keçirir, daha çox yaşayış məntəqələrini xarabazara çevirməyə, daha çox azərbaycanlını qətlə yetirməyə, daha böyük əraziləri işğal etməyə çalışırdılar. Təəssüf ki, müharibəyə cəlb edilmiş ölkənin paytaxtı Bakıda və qanlı döyüşlərin getdiyi Qarabağda hərbi-siyasi mənzərə o dövrdə tamam fərqli idi.

Mühasirə halqası getdikcə Qaradağlını sıxır, vəziyyəti çıxılmaz edirdi. Qeyri-bərabər döyüşdə Qaradağlının qəhrəman övladları əsl sücaət göstərir, son damla qanlarına qədər isti yuvaları, doğma ev-eşikləri uğrunda çarpışırdılar. Ancaq bir neçə gün davam edən bu döyüş Qaradağlının süqutu ilə nəticələndi. Qaradağlı faciəsini haqlı olaraqikinci Xocalı” adlandırırlar. Kəndin hər 10 sakinindən biri ermənilər tərəfindən öldürüldü. Doğma yurd uğrunda döyüşlərdə 117 nəfər Qaradağlı sakini şəhid oldu. Çox sayda kənd sakini girov götürüldü. Öldürülənlərin 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər biri 4 nəfər şəhid vermişdi. Bu faciədə 42 ailə başçısını itirdi, 140 uşaq yetim qaldı. İşğal zamanı Ermənistan silahlı qüvvələri kənddə 200 evi, 1 mədəniyyət evini, 320 yerlik orta məktəb binasını, 25 çarpayılıq xəstəxananı və bir çox sosial obyektləri darmadağın etdilər.

17 fevral 1992-ci il Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi hüznlü bir gündür. Bir kəndin timsalında ermənilərin soyqırımı törətdiyi təkzibolunmaz faktlarla dünyaya bəyan edilmişdir. Əlbəttə, bu faciə təsadüfi bir hadisənin nəticəsi deyildi, bu, birmənalı şəkildə işğalçıların nə zamandan bəri dəqiqliklə hazırladığı və icrasına fürsət gözlədiyi Azərbaycan ərazilərini ələ keçirmək planının tərkib hissəsi idi. Bu məkrli planın  366-cı alayın iştirakı və köməyi ilə həyata keçirilməsi isə sadəcə olaraq, acı təəssüf doğurur.

Sürətlə keçən zaman yaraları sağaltmasa da, çox mətləblərə aydınlıq gətirir, yalnız özünə güvənməyin doğruluğunu dönə-dönə isbatlayır. Biz bu həqiqəti dərk edərək ötən illəri küləyə verməmişik. Müstəqillik, demokratikhüquqi dövlət quruculuğu yolunda inamla irəliləyirik. Cəsarətli səsimiz dünyanın ən mötəbər tribunalarından eşidilir. Qazanılan iqtisadi uğurlar, siyasi qələbələr nə qədər fərəhli və qürurverici olsa da, Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bizim Qarabağ məsələsindən başqa bir problemimiz yoxdurbu məsələ öz həllini tapana qədər bizim üçün prioritet olaraq qalacaqdır.

Bir millət olaraq biz 20 Yanvar, 20 Noyabr, Qaradağlı, Xocalı faciələrini yaşasaq da, acılar, ağrılar  çəksək də, sarsılmamışıq, üzümüzə açılan sabahların xoş müjdələr gətirəcəyinə ümidimizi itirməmişik. Böyük itkilər üçün çəkdiyimiz ah-naləyə, axıtdığımız göz yaşlarına artıq yetər demişik. Nə yaxşı ki, bu gün çox nikbinik. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasət sayəsində Azərbaycan Ordusu bütün regionun ən güclü modern ordusuna çevrilmişdir. Bizim hərbi sahəyə ayırdığımız vəsait bütövlükdə Ermənistan Respublikasının dövlət büdcəsindən müqayisəedilməz dərəcədə çoxdur. İndi zaman bizim xeyrimizə işləyir. Ermənistan haqlı və qüdrətli Azərbaycan qarşısında, təslim olmağa məhkumdur. Əks təqdirdə, bizə yaşadılan Qaradağlı, Xocalı faciələrinin, digər ağrı-acıların qarşılığını birə onqat alacağını unutmamalıdır.

 

Lazım QULİYEV,

Azərbaycan.-2015.- 17 fevral.- S.5.