“Cənub” qaz dəhlizi möhkəm təmələ əsaslanır

 

“Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən görüşü layihənin uğurla irəlilədiyini bir daha təsdiq etdi. Burada tədbirin layihənin praktiki olaraq həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyəti vurğulandı. Görüş iştirakçıları aparılan müzakirələrin, fikir mübadiləsinin nəzərdə tutulan bütün işlərin uğurla həyata keçirilməsinə töhfə verəcəyinə əmin olduqlarını bildirdilər. Eləcə də dəhlizin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Şahdəniz” qazını daşıyan Cənubi Qafqaz Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum kəməri kimi nəhəng layihələrə əsaslandığı qeyd olundu.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ilin sonlarında istifadəyə veriləndən bəri “Şahdəniz” qazını Azərbaycana və Gürcüstana çatdırır. 2007-ci ilin iyul ayından isə bu kəmərlə qaz həm də Türkiyəyə nəql olunmağa başlayıb. Belə ki, Gürcüstan-Türkiyə sərhədində CQBK-ya əlavə kəmər birləşdirilir və o, Azərbaycan qazını Ərzurumadək aparır. Səngəçaldan başlayaraq Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 və Türkiyədə 280 kilometr məsafə boyu uzanan bu boru xətti bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Əslində, reallaşmaqda olan “Cənub” qaz dəhlizinin möhkəm bünövrəsi, uğurlu başlanğıcı məhz bu kəmərdir.

Keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: “2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisitarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır. Bu kəmərin yeni xəttinin tikintisi əslində bu gün başlayır. Azərbaycan artıq “Cənub” qaz dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir”.

“Cənub” qaz dəhlizi bütün regionun enerji xəritəsini dəyişdirəcək bir layihədir. Bu dəhliz boyu Azərbaycan qazı Xəzərdən başlayaraq Adriatik dənizindən keçən və İtaliyaya çatan bir yol gedəcək. Dəhlizin ümumi uzunluğu 3500 kilometrdən çox olacaq. Başqa sözlə, üç boru kəməri bir-birinə calanaraq dəhliz yaradacaq.

Birinci seqment əlbəttə ki, Cənubi Qafqaz Boru Kəməridir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq qaz Transanadolu Boru Kəmərinə (TANAP) məhz CQBK vasitəsilə qovuşacaq. Bunun üçün CQBK-nın genişləndirilməsinə başlanıb. Belə ki, Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə yanaşı, yeni xətt tikiləcək. Buradan Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometr olacaq. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyasının tikilməsi nəzərdə tutulub. CQBK-nın Gürcüstanda planlaşdırılan işlərinə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqi azaldan və ölçən stansiyaların tikintisi daxildir. Bununla da genişləndirilmiş CQBK “Cənub” qaz dəhlizinin güclü bir qoluna çevriləcək.

Azərbaycan qazını Avropaya aparan yollar təbii ki, Türkiyədən keçəcək. Azərbaycanla Avropa arasında körpü yaratmaq yolu TANAP-ın üzərinə düşür. Bu layihənin həyata keçirilməsi təşəbbüsünü Azərbaycan irəli sürmüşdür. TANAP-ı yüksək dəyərləndirən Prezident İlham Əliyev demişdir: “Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünübiz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür. Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır”.

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev yeni layihələrin möhkəm təmələ əsaslandığını qeyd edərək demişdır: “Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə istifadəyə verilmişdir, dəhliz yaradılmışdır. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik “Cənub” qaz dəhlizi icra edilməyəcəkdi... Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı”.

“Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə bu fikir bir daha vurğulandı. Qeyd olundu ki, artıq Azərbaycanda və qonşuluqda yaradılan həmin mühüm elementlər olmasa, bu gün “Cənub” qaz dəhlizi layihəsi yalnız yaxşı bir ideya və ya istək kimi səslənərdi. Layihə məhz həmin elementlərə əsaslanaraq uğurla həyata keçirilməkdədir.

TANAP “Cənub” qaz dəhlizinin mühüm bir hissəsi olaraq Türkiyənin şərq sərhədində CQBK-nın çıxış məntəqəsindən başlanır. Onun uzunluğu təxminən 1900 kilometr olacaq. Bu boru xətti Türkiyənin qərb sərhədində Transadriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

Beləliklə, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində TANAP və TAP bir-birinə qovuşacaq. Buradan başlayaraq TAP şərqdə Yunanıstan və Albaniya ərazilərindən keçərək qərbə doğru - Adriatik dənizinin sahilinə uzanacaq. Kəmərin sualtı hissəsi Albaniyanın Fiyer şəhəri yaxınlığından başlayacaqAdriatik dənizinin altından keçərək İtaliyanın Puqliya bölgəsində sahilə çıxacaq. Bundan sonra isə İtaliyanın qaz nəqletmə şəbəkəsinə qoşulacaq.

TAP-ın ümumi uzunluğu təxminən 870 kilometr olacaq ki, bunun da 550 kilometri Yunanıstanda, 210 kilometri Albaniyada, 105 kilometri Adriatik dənizinin altında və qalan bir neçə kilometri İtaliya ərazisində yerləşəcək.

Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə Prezident İlham Əliyev demişdir: “Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbənin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizindən çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə qaz mənbəyi olacaq”.

“Cənub” qaz dəhlizi ilə “Şahdəniz”in işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz daşınacaq. “Şahdəniz-2”dən ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropaya nəql olunacaq. İlk qazın Türkiyəyə 2018-ci ildə, Avropaya isə ondan təxminən bir il sonra çatdırılacağı gözlənilir.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 kilometrlik məsafədə yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizinin boru kəmərləri layihələri birlikdə dünyanın neft-qaz sənayesində indiyədək həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən sayılır. Təsadüfi deyil ki, mütəxəssislər bu layihələri bir neçə amilə görə önəmli hesab edirlər.

Əvvəla, Azərbaycan və onun timsalında bütün region ilk dəfədir belə nəhəng miqyaslı layihəyə qədəm qoyub. Ölkəmiz bu layihə ilə zəngin qaz ehtiyatlarının istismarına başlayacaq ki, bu da bütün regionun gələcəyinə geniş yol açacaq. İkincisi, bu layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirəcək və beləliklə, neçə illərdən bəri aparılan danışıqlar, görülən işlər bəhrəsini verəcək. Nəhayət, “Şahdəniz-2” Xəzər regionu ilə Avropa bazarlarını bir-birinə bağlayacaq və Avropanın mərkəzinə qədər olan ərazidəki bir çox ölkəyə mənfəət gətirəcək.

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 18 fevral.- S.1.