Bir gecədə məhv edilən şəhid şəhər

 

Elman MƏMMƏDOV: “23 il ötsə də, mənim

 üçün Xocalı hər gün dağıdılır, hər gün yanır”

 

XX yüzilliyin tarixinə ən faciəli hadisələrdən biri kimi daxil olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 27 il ötür. Bu münaqişələr və regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində dəhşətli qətliamla, soyqırımına məruz qalan xalqımız yaşadığı tarixi faciələri unutmur. O günlərdən ən dəhşətlisi isə Xocalı soyqırımıdır.

1992-ci il fevralın 25-də 613 nəfərin qətlə yetirildiyi bu soyqırımının, dəhşətli qətliamın canlı şahidlərindən biri də həmin dövrdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı olmuş, Milli Məclisin deputatı Elman Məmmədovdur. O günləri bir daha xatırlamaq Elman müəllim üçün nə qədər ağır olsa da, bir neçə sualla ona müraciət etdik:

- Elman müəllim, faciə baş vermədən öncə siz tez-tez Bakıya gəlir, hətta parlamentdə deputatlar qarşısında çıxış edərək Xocalıya kömək istəyirdiniz. Amma heç bir xeyri olmurdu. Siz icra başçısı idiniz, həm ölkə başçısı ilə birbaşa telefon əlaqəniz, həm də görüşə bilmək imkanınız vardı. Nədən birbaşa ölkə rəhbərinə telefonla məlumat vermirdinizya təkbətək görüşmürdünüz?

- Əvvəla onu deyim ki, bu hadisədən 23 il ötsə də, mənim üçün Xocalı hər gün dağıdılır, hər gün yanır. Xocalının taleyi sanki Allah tərəfindən belə yazılmışdı. Çünki XX əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Mənim həmin dövrdə ölkə başçısı ilə danışmaq imkanım var idi. Zəng edirdim, onun köməkçisi Ayaz Mütəllibovla birləşdirmirdi. Axırıncı dəfə Bakıya 1992-ci ilin fevral ayının 9-da gəldim. Fevralın 10-da Müdafiə Nazirliyinə getdim. Həmin vaxt qərargah rəisi olan Dadaş Rzayevlə görüşdüm. Orada əməliyyat xəritəsi üzərində xeyli plan işlədik. Sonra baş nazir Həsən Həsənovun yanına gəldim. Həsən müəllim bizə həmişə kömək edirdi. Ona dedim ki, məni Ayaz Mütəllibovla görüşdür, o məni qəbul etmir. Həsən Həsənov qayıdıb dedi ki, heç məni də qəbul etmir. Respublika rəhbərliyi arasında da münasibətlər pozulmuşdu. Müxtəlif qüvvələr ölkədə hegemonluq edirdi. Rəhbərliyin müharibə aparmaq üçün bacarığı, qabiliyyəti yox idi! Heç vaxt deməmişəm ki, Ayaz Mütəllibov qəsdən Xocalını qırğına verdi. Amma həmişə demişəm ki, bu şəxs bacarıqsız, qətiyyətsiz, laqeyd rəhbər idi. Buna görə də məlum qüvvələr onu acınacaqlı vəziyyətə saldılar. Soyqırımına məruz qalan biz olduqonun bioqrafiyasına, taleyinə isə bu faciə qara hərflərlə yazıldı.

- Xocalıdan öncə ermənilər Şuşanın Malıbəyli və Quşçular kəndinə hücum etdilər və 27 nəfəri öldürdülər. Həmin vaxt da Xocalının yolu açıq idi. Düşünmədinizmi ki, növbəti hücum Xocalıya olacaq?

- Xocalı bu hadisələr başlayana qədər, yəni, 1988-ci ildə kənd statusunda idibu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırdı. Ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri var idi. Çünki Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran qalasıdır. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yoxdur ki, iki erməni kəndini keçməmiş ora gedə biləsən.

Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idiora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Malıbəyli və Quşçular kəndinə ermənilər hücum edəndə biz real təhlükənin yaxınlaşdığını daha aydın hiss etməyə başladıq. Ancaq torpağımızı qoyub qaçmaq barədə düşünmürdük. Torpağımızı qorumaq gücündə idik və Azərbaycan hökumətinə hələ də arxayın idik ki, bizi köməksiz, tək qoymazlar.

Xocalı demək olar ki, 4 il mühasirədə qaldı. Bu illər ərzində dəfələrlə məhv olmaq təhlükəsi ilə üz-üzə oldu. Xocalıya ilk hücum 1988-ci ilin sentyabrın 18-də olmuşdu. Ermənilər Xankəndidən mitinqdən birbaşa Xocalını işğal etmək üçün yola çıxmışdılar. Gəlib 6 evimizi yandırdılar, amma biz onlara layiqli müqavimət göstərdik və xeyli erməni öldü. Özləri ilə meyitləri apardılar. İlk dəfə Azərbaycan hökumətinin biganəliyini onda gördük. Səhər tezdən türk düşməni Zori Balayan Yerevandan təyyarə ilə həkim briqadası gətirdi. Xocalı hava limanına enib ermənilərin köməyinə getdilər. Bəs, Azərbaycan hökuməti bizim köməyimizə nə vaxt gəldi? 3 gündən sonra. 3 gün mühasirədə qaldıq, yollar bağlandı, çörək qurtardı. Sentyabrın 21-də rəhbərlikdən 3 nəfər - Mərkəzi Komitənin katibi Həsən Həsənov, daxili işlər nazirinin müavini Kamil Məmmədov və Ağdam Həmkarlar Komitəsinin sədri Zeynal Məmmədov gəldi. Bu da hökumətin xocalılılara münasibətini göstərdi.

1991-ci ilin payızından müharibə başlamışdı və artıq Azərbaycanın Müdafiə Nazirliyi var idi. Həmin ilin noyabrın 1-də Xocalının bütün yolları bağlandı. Azərbaycanla Xocalının əlaqəsi kəsildi və 4 ay şəhər tam blokada şəraitində qaldı. Nə qədər rəhbərliyə müraciət etdik, teleqramlar vurduq xeyri olmadı. Bakıya gəlib parlamentin binasında bəyan edirdim ki, biz hər an qırğın qarşısındayıq, köməksiz qalmışıq. Amma heç bir faydası olmurdu.

Xocalı ilə tək vertolyot əlaqəsi qalmışdı və 1992-ci ilin yanvar ayının 28-də o əlaqə də kəsildi. Həmin vaxt Ağdamdan Şuşaya gedən mülki vertolyot vuruldu. İçərisində olan 50-yə yaxın insan həlak oldubununla da, uçuşlar dayandı. Fevralın 13-də Gəncəyə gedib kömək istədim. Güc-bəla ilə 3 vertolyotun uçması üçün icazə aldım və hər 3 vertolyot Xocalıya 2 dəfə uçuş etdi. Pilotların yanında özüm oturub tamam başqa yolla gətirdim ki, vura bilməsinlər. Hər bir şeyi öz gücümüzə edirdik. Axşama qədər 300 nəfərə qədər adamı çıxara bildik. Gecə düşdüyü üçün uçuş mümkün olmadı. Çox uçuş etmək də olardı. Amma sovet ordusunun generalı buna imkan vermədi.

- Nədən general uçuşun intensivliyinə əngəl törətdi?

- Gəncədən birKaMAZyük aparırdıq. Un torbaları idi. Onların içərisinə silah-sursat yığmışdıq. Müdafiə Nazirliyinin xətti ilə Gəncəyə gətirilmişdi. Üst hissəsinə un doldurmuşduq. Sovet ordusunun bundan xəbəri yox idi. Həmin yükü M-26 vertolyotunun içinə boşaltmışdıq. Bir general gəlib yoxlamağa başladı tapdı. Məcbur etdi ki, yenidən o qədər yükü boşaldaq. Əmri yerinə yetirdik. Sonra mən eskadrilya komandirini tapdım. Soruşdum ki, uçuşlar üçün ona nə qədər pul verilməlidir. Məbləği dedi və mən ona artıq pul verəcəyimi söylədim. Dedi general kimdir, burda komandir mənəm, torbaları yükləyin vertolyota. Yenidən yükü yığdıq və mən ona vəd olunan puldan 20 dəfə artığını ödədim. Bu hadisə çox vaxt apardığı üçün uçuşlar cəmi 2 dəfə oldu.

Tapşırmışdım ki, Xocalıya çatanda vertolyotun arxa hissəsini açmayın. Döyüşçülərə də tapşırmışdım ki, hava limanında sədd yaratsınlar. Xəstələri, qocaları, qadın və uşaqları öncə mindirsinlər. Amma vertolyot düşən kimi arxa hissəsini açdı və aləm qarışdı. İnsanlar vertolyota hücum çəkdilər və apardığımız yükün üçdə bir hissəsini boşalda bilmədik, yük də qaldı ruslara. Beləcə silah-sursatlar da əldən çıxdı və Xocalı özünü qorumaq məcburiyyətində qaldı.

- Bəs canlı qüvvə sarıdan kömək olmadımı?

- Oldu, ancaq necə? 8 milyonluq Azərbaycandan Xocalıya cəmi 21 nəfər köməyə gəldi. Azərbaycanın müxtəlif bölgələrindən olan 21 nəfərdən ibarət döyüşçü dəstəsinə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almış leytenant Aqil Quliyev rəhbərlik edirdi. Həmin 21 nəfərin də 5 nəfəri müəyyən səbəblərə görə yanvar ayında Xocalını tərk etdi. 8 milyonluq Azərbaycandan cəmi 16 döyüşçü savaşırdı Xocalıda... Bu, sahibsizlik, yiyəsizlik idi! Bax, bu, respublika rəhbərliyinin Xocalıya laqeyd, cinayətkar mövqeyi idi. İndi özlərini təmizə çıxarıb eks-prezident statusu ilə rahat yaşayırlar. Amma ölənə kimi günahlar onları izləyəcək. Vicdanları varsa əgər, hesabat verməli olacaqlar. Məni qoruya bilmirdinsə, günahsız insanların oradan çıxarılmasına niyə yardım göstərmədin? Xocalıda o qədər insan qətlə yetirilməyə bilərdi. Yenə də xocalılıların əsir düşməsinin, köməksiz insanların xilası mümkün idi. Amma ölkə rəhbərliyi buna göz yumdu.

- Elman müəllim, deyirsiniz Xocalıda o qədər insan qətlə yetirilməyə bilərdi və köməksiz insanların yenə də xilası mümkün idi. Başqa hansı çıxış yolu vardı ki?

- Bəli, bu faciə baş verməyə bilərdi. İstintaq müəyyənləşdirib ki, həmin vaxt Ağdamda olan bizim qüvvələr və hərbi texnikanın sayı Əsgəran zolağında olan ermənilərin texnika və canlı qüvvəsindən 5-10 dəfə çox olub. Ancaq onların Xocalıya kömək etməməsinin yeganə səbəbi vahid komandanlığın olmaması idi. Həmin qüvvələr bir-biri ilə razılığa gəlmədi. Çünki onların hamısının rəhbərləri Bakıdakı siyasətçilər idi. Belə olmasaydı, hazırladığımız plan baş tutardı. Azərbaycanın o vaxtkı gücü ilə Əsgəran zolağını aradan götürüb yolu açmaq lazım idi. Ağdamda mövcud olan könüllü dəstələri və Müdafiə Nazirliyinin orada olan bir hərbi hissəsinin şəxsi heyəti Xocalıya gətirilməliydi. Yuxarıdan Şuşada, aşağıdan isə Xocalıda olan həmin qüvvələrin mövcudluğu iki şəhər arasında qalan Xankəndinin təslim olması ilə nəticələnərdi.

Bununla da, qələbə Azərbaycan tərəfdə olardı. Hətta bunu Dadaş Rzayevə demişdim. Bildirmişdim ki, Azərbaycan ləngimədən bunu həyata keçirə bilsə, qalib gələcəyik. Edə bilməsə, ermənilər Xocalını işğal edib Xankəndidə olan qüvvələri gətirib Əsgəranda cəmləşdirsə, Dağlıq Qarabağın taleyi bununla da bitəcək. Fevral aynın 13-də Dadaş Rzayev mənə zəng etdi ki, gəlmişəm və axşam 23-cü diviziya ilə Əsgəran yolunu açıb Ağdamdakı qüvvələri bu tərəfə keçirəcəyik. Ancaq bu da baş tutmadı. Sonradan istintaqda bəlli oldu ki, həmin gün Dadaş Rzayevlə bağlı əmr imzalanıb və təcili olaraq Goranboy istiqamətinə göndərilib. Məqsəd nə idi, kim idi bu işin arxasında duran? Biz dönə-dönə rəhbərlikdən xahiş edirdik ki, bircə yolumuzu açın, kömək göndərin. Heç bir faydası olmadı. Sonradan arxivlərdən nə qədər xocalılıların məktubları, müraciətləri tapıldı. Hamısı gizlədilibmiş.

- Xocalıda 1275 qoca, uşaq, qadın əsir götürülmüşdü. Onların xeyli hissəsi geri qaytarıldı, əsirlərlə dəyişdirildi. Amma məlumatlarda bildirilir ki, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bununla bağlı müraciətləriniz, axtarışlarınız davam edirmi?

- Xocalı faciəsində bizim mindən çox sakinimiz girov götürülmüşdü. Sonra müxtəlif yollarla onların dəyişməsi, alınması prosesi getdi. Bu prosesin ən qızğın dövrü bir ay çəkdi. Bu qədər zaman keçdikdən sonra hərdən 1-2 nəfər alırdıq ermənilərdən. Axırıncı 2 əsirimizi 6 aydan sonra geri qaytara bildik. Bu müddətdən sonra heç kimdən xəbər çıxmadı. Xəbər çıxmayanların sayı 150 nəfər idi. Onların içərisində qadınlar, uşaqlar, gənclər, qocalar da vardı. 23 il ərzində həmin adamların heç birindən beynəlxalq təşkilatlar vasitəsi ilə də xəbər ala bilməmişik. Onların siyahısı bu işlə məşğul olan bütün beynəlxalq təşkilatlarda var.

- Artıq soyqırımından 23 il keçir. Amma bu dəhşətli qətliamı hələ dünya birliyi soyqırımı kimi tanımayıb. Bir çox ölkələrin parlamentləri qərar qəbul etsə də, işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmur...

- Bu 23 ildə hər gün Xocalıya qayıdacağımızı fikirləşmişik. Amma dünyanın özünə məxsus ədalətsizliyi, haqsızlığı, idarəolunma qaydaları varbu idarəolunma qaydaları həmişə ermənilərin xeyrinə işləyir. Bəzən təəssüf edirsən ki, bu qədər qətliamlar törədən ermənilərə qarşı tarixin heç bir dövründə cəza verilməyib. Sanki onları bu faciələri törətməyə həvəsləndiriblər. Yəni, bu, məqsədyönlü olub. Kökü, mənşəyi bilinməyən erməniləri gətirib bu ərazidə yerləşdirərək Azərbaycan türklərinə qarşı hazırlayıblar. Onlara silah verib türk millətinə qarşı ərazi iddialarında olmağa sövq ediblər. Özləri isə elə davranırlar ki, guya ermənilərin bu əməllərindən xəbərləri yoxdur. Prezident İlham Əliyev son vaxtlar beynəlxalq tədbirlərdə çox cəsarətlə bu fikirləri dünya birliyinə çatdırır. Sonuncu Münxen Təhlükəsizlik Konfransında isə dövlət başçısı bildirdi ki, ermənilər işğalçılıq siyasəti yürüdür və beynəlxalq təşkilatlar, bəzi dövlətlər işğalçı ilə eyni fikirdədir.

- Sanksiyalar tətbiq olunmasa da, dünyanın bir çox ölkələri erməni vəhşiliyi, vandalizmi barədə artıq məlumatlıdır və Xocalıda ermənilər tərəfindən soyqırımının törədilməsi ilə bağlı qətnamələr qəbul edilib...

- Bu işdə ən böyük xidmət Prezident İlham Əliyevin üzərinə düşdü. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Dövlət başçısının tapşırığı, təşəbbüsü ilə bütün səfirliklərimiz, diplomatik korpusların nümayəndələri çalışdıqları ölkələrdə faciəmizlə bağlı geniş toplantılar, sərgilər təşkil edir və həmin ölkələrin parlamentlərində soyqırımı kimi tanınması üçün əllərindən gələni əsirgəmirlər. Demək olar ki, son 15 ildə bu istiqamətdə böyük işlər görülüb. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. “Xocalıya ədalət!” kampaniyası xüsusi qeyd edilməlidir. Bu gün ABŞ-ın 15 ştatı və 11 ölkənin parlamenti Xocalı soyqırımını rəsmən tanıyır. Ancaq dayanmaq olmaz. Həmişə fikirləşməliyik ki, az görmüşükdaha çox çalışmalıyıq. Gün gələcək, dünya bu soyqırımını tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Onun üçün biz avropalı, amerikalı ilə onların öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımını tanıtmalıyıq.

- Sizin Xocalı faciəsinin tanıdılması istiqamətində başqa təklifləriniz də var idi. Soyqırımına məruz qalmış Xocalıya şəhid şəhər statusunun verilməsini də istəyirsiniz. Müraciətinizə hansı cavab verilib?

- 23 illik bir ömür payı ayırır bizi Xocalı faciəsindən. Bu uzun zaman kəsimi çox şeyə məlhəm olsa da, yaddaşımıza qanla yazılmış soyqırımının ağrılarını bizdən götürə bilmədi. Çünki bu, sağalmaz, dəhşətli yaralardır. Bu səbəbdən də mən bir neçə təklif irəli sürmüşəm. Təkliflərdən biri odur ki, Xocalı faciəsinin daim diqqətdə saxlanması üçün Şəhidlər xiyabanının giriş hissəsində böyük bir lövhə vurulsun və üzərində soyqırımı ilə bağlı məlumat yerləşdirilsin. Bu yazı 3 dildə yazılarsa, daha yaxşı olar. Ziyarətə gələn xarici qonaqlar da məlumatlanarlar. Bunu mən çox güclü təbliğat vasitəsi hesab edirəm. Bununla bərabər, təklif edirəm ki, Xocalı faciəsi ilə bağlı ucaldılan “Ana fəryadı” heykəli rəsmi ziyarət protokollarına daxil edilsin. Azərbaycana gələn istənilən xarici qonaq oranı ziyarət edərsə, bizim üçün xeyirli olar.

Xocalıda işgəncə görmüş, əsirlikdə olmuş, əzab çəkmiş insanların çoxu həyatdan köçüb. Ancaq xocalılılar hələ yaşayırlar, onlar həmin soyqırımının şahidləridirlər. İstərdim ki, tarix üçün, beynəlxalq aləm üçün həmin insanlara “soyqırımına məruz qalmış şəxs” statusu verilsin. Bu sənəd tarixin bir səhifəsinə düşsün. Xocalıya da “Soyqırımına məruz qalmış şəhər” statusunun verilməsi də növbəti təklifdir. Ola bilər ki, müharibə bitdikdən sonra bəzi şəhərlərə qəhrəman şəhər statusu veriləcək. Ancaq Xocalı yerlə-yeksan edildiyi üçün soyqırımına məruz qalmış şəhər kimi yaddaşlarda qalacaq. Ona görə də bu statusun verilməsi daha məqsədəuyğun olar. Əgər ilkin razılıq olsa, bununla bağlı qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim edərəm.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 24 fevral.- S.6.