Bakıda Küveytin milli bayramı qeyd edilib

 

Küveytin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 54-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azadlıq bayramının 24-cü ildönümünə həsr olunduğunu bildirib.

Səfir ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin Küveytə rəsmi səfərinin əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb.

Nəqliyyat naziri Ziya Məmmədov əlamətdar gün münasibətilə Küveyt xalqını Azərbaycan dövləti adından təbrik edib, xoş arzularını çatdırıb.

Nazir qeyd edib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Z.Məmmədov dost ölkənin Azərbaycan ilə ikitərəfli formatda və beynəlxalq səviyyədə əməkdaşlıq etdiyini söyləyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin Küveytə rəsmi səfəri əlaqələrimizin yeni müstəvidə inkişaf etməsinə təkan verib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin ötən il üçün 433 milyon ABŞ dolları həcmində olduğunu söyləyən Z.Məmmədov vurğulayıb ki, münasibətlərimiz getdikcə daha da möhkəmlənəcək və dərinləşəcək.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.-2015.- 25 fevral.- S.5.