Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi

monoqrafiyasının təqdimatı keçirilib

 

 

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini, tanınmış jurnalist İbrahim Məmmədovun Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi adlı monoqrafiyasının təqdimatı keçirilib.

Akademiyanın rektoru, akademik Urxan Ələkbərov tədbiri açaraq kitab haqqında məlumat verib. Bildirilib ki, monoqrafiya Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə yazılıb və nəşr olunub. Kitab AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxıb. Monoqrafiyanın Ön sözünün müəllifi və elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

U.Ələkbərov kitabın gələcəkdə DİA-da tədris vasitəsi kimi istifadə olunmasının nəzərdə tutulduğunu deyib.

Təqdimat mərasimində çıxış edən İbrahim Məmmədov bildirib ki, Sumqayıt hadisələri Ermənistanın rəsmi informasiya siyasətində Azərbaycana qarşı istifadə olunan yeganə psevdoarqumentdir. Bu kitab onların yeganə arqumentinipuç edir. Kitab 1988-ci il Sumqayıt hadisələrinə həsr olunmuş ilk elmi tədqiqat, monoqrafiyadır.

Kitabın yazılması üçün Sumqayıt hadisələrinin istintaqını aparmış 120 nəfərdən çox sovet istintaq qrupunun təhqiqatlarının nəticəsi olan 34 cildlik cinayət işi oxunub, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik NazirliyiBaş Prokurorluğunun arxiv sənədlərindən istifadə olunub.

Moskvada mühüm şəxslərlə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Filip Bobkov ilə, məşhur hüquqşünas, Sumqayıt hadisələrinin təhqiqatında iştirak etmiş Vladimir Kalniçenko və Azərbaycanın rəsmi şəxsləri, hadisələrin şahidləri ilə söhbətlər aparılıb.

Kitabda Sumqayıt hadisələrinin erməni millətçiləri və Moskvadakı imperialist dairələrin, o cümlədən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Sov.İKP MK-dakı antiazərbaycan ovqatlı şəxslərin əli ilə təşkil olunduğu sənədlər və ifadələrlə sübut olunur.

İ.Məmmədov qeyd edib ki, bu monoqrafiya ingilisrus dillərinə də tərcümə olunub. Hazırda isə türk dilinə tərcümə edilir. Eyni zamanda, kitabın erməni dilinə də tərcüməsi və elektron formatda yayılması nəzərdə tutulur. Artıq hər bir dildə 1000 nüsxə çapdan çıxarılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə 300-400 nüsxə həm rus, həm ingilis dillərində xarici ölkələrdəki səfirliklərimizə, o cümlədən bir sıra beynəlxalq təşkilatlara göndərilib. Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə isə kitablar Avropanın mərkəzi kitabxanalarına təqdim olunub. Əsas məqsəd sübut etməkdir ki, Sumqayıt hadisələri zamanı dinc insanlara qarşı bu zorakılığı törədənlər ermənilər olub. Bu kitabda yer alan dəlillərdən bir çox məqamlar ortaya çıxdı ki, Sumqayıt hadisələri ermənilərin Azərbaycan torpaqlarını hissə-hissə ələ keçirmək planlarının tərkib hissəsi idi. Bu hadisələr Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün zəmin hazırlamağa yönəlmişdi.

Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov kitabın 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində baş vermiş hadisələrin gedişinin, tarixi köklərinin, səbəblərinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu deyib.

R.Usubov qeyd edib ki, ermənilər dünya ictimaiyyətini, beynəlxalq təşkilatları hadisələrin mahiyyəti ilə bağlı aldatmaqdan əl çəkmirlər. Onlar həmin hadisələrin əsl mahiyyətini gizlədərək Azərbaycan xalqı haqqında vəhşi obrazı yaratmaq üçün əllərindən gələni edirlər. Halbuki Sumqayıt hadisələri zamanı azərbaycanlılar tərəfindən yüzlərlə erməninin həyatı xilas edilib. Həmin ermənilər özləri sonralar dəfələrlə azərbaycanlılar tərəfindən xilas edildiklərini bildirmişdilər.

Sumqayıt şəhərində törədilmiş cinayətlərlə bağlı aparılmış istintaq və məhkəmə prosesləri zamanı bu hadisələrin əsl günahkarları məsuliyyətə cəlb olunmayıb. Vaxtilə hadisələrin istintaqı qərəzli və siyasi sifariş əsasında aparılıb. Belə ki, əsl cinayətkarlar məsuliyyətdən kənarda qalıb, hadisələrin əsl mahiyyəti açılmayıb, cinayətin bütün iştirakçıları müəyyən edilməyib. Bu hadisənin əsl təşkilatçıları isə ümumiyyətlə məsuliyyətdən kənarda qalıb, onların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib, cinayətin baş vermə səbəbi araşdırılmayıb. Ona görə də Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranıb. Hazırda aparılan istintaqın əsas məqsədi də Sumqayıt hadisələri ilə əlaqədar erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla hadisənin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını müəyyən etməkdən ibarətdir.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov və digər çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları, təcavüzkarlıq və etnik təmizləmə siyasətini tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıblar.

 

Azərbaycan.-2015.- 26 fevral.- S.3.