Cinayət də məlumdur, cinayətkarlar da

 

23 il keçməsinə baxmayaraq hələ də Xocalı deyiləndə ətrafı qəm bürüyür. Dünyaya sığmayan dərd, müsibət,  zülm var.  Xocalı deyəndə anaların fəryadını, körpələrin dəhşətli qışqırığını, qız-gəlinlərin xəcalətli hıçqırığını eşidirik. Üzgün baxışlı, çarəsiz duruşlu , qəzəbindən dodağı çat verən ataları,  babaları, qardaşları xatırlayırıq.  O gün bütün bəşəriyyətə, insanlığa qarşı amansızlıqla divan tutuldu. O gün törədilən vəhşilikləri, cinayətləri görənlər insan adını daşımağa utandılar. İnanmaq olmurdu ki, bu qədər qəddarlığı insan dediyimiz kəslər edir, özü də dünyanın gözü qarşısında...

Ermənilərin xalqımıza qarşı təcavüzü, ən rəzil üsullardan istifadə etməsi bir daha onu göstərdi ki, bu mənfur məxluqlar təkcə torpaqlarımıza göz dikməyiblər. Türk qanına susayaraq soyqırımı törətmək kimi vəhşi bir yola çıxıblar. Bir gecədə dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı görünməmiş əzablarla öldürmək, bu, ancaq vandal ermənilərə xas xislət ola bilərdi... Əslində, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə şovinist ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm həyata keçirilən etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi idi. “böyük Ermənistan “ ideoloqlarının sərsəm siyasəti nəticəsində müxtəlif vaxtlarda bir milyon azərbaycanlı qaçqına, məcburi köçkünə çevrildi, qırğınlara tuş gəldi. On minlərlə insan həlak oldu, əlil vəziyyətinə düşdü.

Xocalı şəhərinə hücum əməliyyatına  366-cı alayın ikinci taqım komandiri Seyran Ohanyan, üçüncü taqımın komandiri Yevgeni Nabokix , birinci taqımın qərargah rəisi Valeri Çitçiyan rəhbərlik etmişdilər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnika cəlb edilmişdi. Dinc əhaliyə divan tutanlar arasında Xankəndi səhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyan, Əsgəranda rəis işləmiş Mavrik Qukasyan,  Xankəndi şəhər həbsxanasının rəisi olan Serjik Koçaryanın və başqalarının xüsusi qəddarlıq xidmətləri olmuşdur. Əliqanlı bu qatillərin Xocalı soyqımından sonra mayor rütbəlisi - generalla əvəzləndi, sıravisi dövlət orqanlarında müxtəlif vəzifəyə gətirildi.

Mülki əhaliyə qarşı kollektiv cəza tədbirləri, terror hərəkətləri nə beynəlxalq qanunlara, nə də insani münasibətlərə uyğun olmasa da, ermənilər açıq- aşkar törətdikləri vəhşiliklə öyünür, utanmaq əvəzinə, özlərini qəhrəman hesab edirdilər. 63 körpəni, 106 qadını, 70 qocanı xüsusi qəddarlıqla qətlə yetirənlər - hamilə qadınların qarnını, kiçik uşaqların köksünü süngü ilə deşik-deşik edənlər, insanların başını kəsən, dərisini soyan, bir gecədə 613 nəfəri vəhşiliklə öldürənlər 23 ildə bir kərə peşman olduğunu etiraf etmək əvəzinə, insan qanı töküb rütbələr qazanmağı düşünənləri - erməniləri, başda da öz qanlı cinayətlərini fəxrlə gizlətməyən Ermənistanın qatil prezidenti Serj Sarkisyanı necə insan adlandırmaq olar?!

Xocalıdan gətirilən bütün soydaşlarımızın cəsədləri ilk olaraq Ağdamın mərkəzi meydanına , sonra da məscidə aparıldı. Gələn maşınlara tərəf qaçan, üz-gözü şırımlanmış , saçlarını yola-yola fəryad edən ana-bacılara baxmaq üçün daşdan ürək lazım idi. Bu da bir həqiqətdir ki, əzizlərinin cəsədini tapan sevinirdi, hətta bunun üçün qurban deyəni də vardı. Cəsədlərin arasında olan 4-5 yaşlarında bir oğlan uşağının ürəyini çıxarıb məftillə boğazından asmışdılar. Taxtaya dönən körpə uşaqları, dərisi soyulmuş tanınmaz halda olanları görənlər dəhşətə gəlir, bütün bunların insan əli ilə törədilməsinə inana bilmirdilər. Amma inanmaq istəməsək də, bu soyqırımının törədiciləri torpağımızın qoynunda yer verdiyimiz, qonşu dediyimiz namərd ermənilər və onların arxasında dayanan, azərbaycanlıların iztirabından həzz alan imperiyanın cəlladları idi. Sivil dunyanın biganə sükutu isə Dağlıq Qarabağ münaqişəsinin davamına rəvac verdi və bugünədək bu haqsız sükut, ikili standartlara xidmət erməniləri ruhlandırmaqdadır.

 

Zəkurə QULİYEVA,

Azərbaycan.-2015.- 26 fevral.- S.6.