Vətənə xidmət missiyasının təntənəsi

 

Mehriban xanım Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi dövlətin layiqli vətəndaş mövqeyinə və mükəmməl peşəkarlığa verdiyi yüksək dəyərdir

 

Azərbaycanın müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, ölkəmizin tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz hər sahədə Heydər Əliyev kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. 11 il öncə elə bu zərurətdən yaranan Heydər Əliyev Fondu ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir.

 

İnsanlara qayğı və xeyriyyəçilik missiyası

 

Xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə, ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Fond ictimai statusla fəaliyyət göstərməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verir, milli mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunmasında və təbliğində müstəsna rol oynayır. Milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, müstəqillik amallarını rəhbər tutan, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasına da yaxından dəstək olur. Hər addımı ilə ölkəmizin inkişafına böyük töhfələr verən fondun fəaliyyəti eyni zamanda bəşəriyyətin həmrəyliyi üçün sivilizasiyalararası dialoqa yönəlib. Odur ki, qarşıya qoyduğu məqsədlər nəticəsində Heydər Əliyev Fondu nəinki respublikamızın hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuzetimad qazanıb.

Azərbaycanı dünyaya daha yaxından tanıdan, hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında yer alan Heydər Əliyev Fondunun uğurlarının əsasında dayanan əsas amil ona rəhbərlik edən ölkəmizin birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Mehriban Əliyevanın əzmkarlığı və təşəbbüskarlığıdır. Sülhə və əmin-amanlığa töhfələr verməyi, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet elan edən ölkəmizin birinci xanımı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliği, milli genefondumuzun qorunmasını və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir. Mehriban xanım Əliyeva öz səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Heydər Əliyev Fondunun xətti və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin, talassemiyadiabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin yenidən qurulması və onlar üçün yeni binaların tikintisi layihələri məhz bu məqsədə xidmət edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən xeyriyyəçilik tədbirlərinin nəticəsində yüzlərlə insan normal sağlam həyata dönüb.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Mədəniyyət Fondu ölkəmizdə idmanın və mədəniyyətin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək verir. Bu sahələrdə qazanılan hər bir nailiyyətin qayəsində şəxsən Mehriban Əliyevanın təşəbbüsləri dayanır.

 

Əzmkar fəaliyyətə verilən layiqli qiymət

 

Məhz xeyirxah fəaliyyətinə, sivilizasiyalararası dialoqa görə Mehriban xanım Əliyeva ötən 11 ildə bir sıra beynəlxalq mükafatlarlaadlarla təltif olunub. 2004-cü ilin avqustundan UNESCO-nun, 2006-cı ilin noyabrından ISESCO-nun “Xoşməramlı səfiri” olan Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsindəki töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə FondununYaqut Xaçordeni ilə təltif edilib. Mehriban xanım Əliyeva 2005-ci ildə ölkəmizdə “İlin qadını” adına, mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ildə BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə “Heydər Əliyev mükafatı”na layiq görülməsi Mehriban Əliyevanın əzmkar fəaliyyətinə verilən layiqli qiymətdir. Ölkəmizin birinci xanımı 2009-cu ildə Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə isə Fransanın “Şərəf LegionuordeniUNESCO-nun “Qızıl Motsart” medalı ilə təltif olunub.

Ermənistanın işğal etdiyi ərazilərimizdən qaçqın və məcburi köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddiqeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Mehriban xanım Əliyeva 2010-cu ildə Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) “Türk dünyasına xidmət” mükafatına və 2011-ci il iyunun 24-də isə Krans Montana Forumunun qızıl medalına layiq görülüb.

Mehriban xanım Əliyeva 2012-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına, MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatına və Krans Montana ForumununPrix de la Fondation” mükafatına layiq görülüb. Pakistanın nüfuzluDaily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban Əliyevanı “Humanizm simvolu - 2012-ci ilin adamı” elan edib. 2013-cü ildə isə Mehriban xanım Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013”ə layiq görülüb.

Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və MisirinNefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü ilin “Ən nüfuzlu qadını” seçilib.

Həmin ilin mayında sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına, eləcə də Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən “İlin birinci xanımı” mükafatına layiq görülüb.

2014-cü ilin iyununda Mehriban xanım Əliyeva Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellencexüsusi fəxri mükafatı, avqust ayında “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub.

Mehriban xanım Əliyeva bu il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistanali ordeninə, martın 26-da isə Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı olanSreten” ordeninə layiq görülüb.

 

Azərbaycanın ən ali dövlət təltifi

 

Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevaya Prezident İlham Əliyevin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Azərbaycanın ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeni verildi. Bu, Azərbaycan dövlətinin Mehriban xanım Əliyevanın fəaliyyətinə və xalqımız qarşısındakı xidmətlərinə verdiyi yüksək qiymətin göstəricisidir.

“Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına ölkəmizin tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə olan müstəsna xidmətlərinə görə verilir. Bu baxımdan Mehriban xanım Əliyevanın həyata keçirdiyi çoxşaxəli fəaliyyət onun ölkəmizin ən ali dövlət təltifinə layiq olduğunu təsdiq edir. Son iki ildə isə Mehriban xanım Əliyeva I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi bir missiyanı layiqincə yerinə yetirdi.

Azərbaycan iyunun 12-dən 28-dək tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarına layiqli evsahibliyi etdi. Bu müddətdə tək Avropa deyil, bütün dünya əsl evsahibliyinin, yüksək təşkilatçılığın nümunəsini gördü. Xüsusən açılış və bağlanış mərasimlərində ərsəyə gətirilən kreativ şou heyrətamiz bir mənzərə yaratmaqla hər bir azərbaycanlını qürurlandırdı, xarici ölkə təmsilçilərini riqqətə gətirdi. Bu günlərdə dünyanın idman nəbzi Azərbaycanla döyündü, beynəlxalq ictimaiyyət Azərbaycanın yeni tarix yazmasının, möhtəşəm uğura imza atmasının şahidi oldu. Yüksək təşkilatçılıqla yanaşı, xalqımızın qonaqpərvərliyi, Azərbaycanın inkişafı, Bakının gözəlliyi hər bir idmançını, nümayəndə heyətlərinin üzvlərini heyran qoydu.

Bu möhtəşəm uğura Azərbaycan cəmi iki il ərzində keçirdiyi hazırlıq nəticəsində nail oldu. Bütün Avropanın təmsil olunduğu, 6 mindən çox idmançının 20 idman növü üzrə mübarizə apardığı bir idman müsabiqəsini cəmi iki ilə təşkil etmək sıradan bir deyil. Avropa Oyunları tarixdə ilk dəfə keçirilsə də, digər qitələrdə bu tip yarışlar çoxdan mövcuddur. Amma onların heç birində təşkilatçı ölkəyə hazırlıq üçün 2 il vaxt verilməyib. İstənilən bu cür idman tədbirlərində hazırlıq üçün qarşıda ən azı 8 il vaxt olur. Bu baxımdan Azərbaycan Yay Olimpiya Oyunları səviyyəsində olan I Avropa Oyunlarına hazırlıq işlərini cəmi iki ilə başa çatdırmaqla həm də bir ilkə imza atdı. Bu qısa müddət ərzində Bakıda tamamilə yeni 5 idman kompleksi tikildi, digər idman qurğuları ən müasir standartlar səviyyəsində yenidən quruldu. Oyunlar başlamazdan əvvəl idmançıların qarşılanması, onların Atletlər kəndindəki yaşayışı, yarışlarda iştirakının təmini, o cümlədən xarici ölkələrin nümayəndə heyətlərinə və mətbuat nümayəndələrinə yaradılan şərait ən yüksək standartlara cavab verdi. Bu baxımdan I Avropa Oyunlarının hazırlıq və təşkilatçılıq işləri dünyaya nümunə oldu. Bütün bunlar Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyini göstərir.

 

Azərbaycanın hər qələbəsinin arxasında Prezident İlham Əliyevin iradəsi dayanır

 

“Heydər Əliyev” ordenini Mehriban xanım Əliyevaya iyunun 29-da I Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş zamanı Prezident İlham Əliyev təqdim etdi.

Əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən Mehriban xanım Əliyeva müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Prezident İlham Əliyevin iradəsinin durduğunu bildirdi: “Hörmətli cənab Prezident, bizim əməyimizi belə yüksək qiymətləndirib Azərbaycanın ali orden və medalları ilə təltif etdiyinizə görə hər birimizin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaqbiz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq”.

Eurovision” mahnı müsabiqəsində olduğu kimi, I Avropa Oyunlarında da Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddət ərzində ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu. I Avropa Oyunları bütün məziyyətləri ilə müstəqil Azərbaycanı dünyaya yenidən tanıtdı, ölkəmizin təbliğində olduqca müstəsna rol oynadı. Bu baxımdan “Heydər Əliyev” ordeni ilə təltif olunması Mehriban xanım Əliyevanın layiqli və mənəvi haqqıdır.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 1 iyul.- S. 4.