Azərbaycan Avropa idmanının ən möhtəşəm tarixini yazdı

 

Tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarına yekun vuruldu. Bir-birindən maraqlı idman yarışlarının şahidi olduq. Qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəldi. İlk Oyunların standartlarını müstəqil Azərbaycan müəyyənləşdirdi və Avropada yeni tarix yazdı.

Avropanı bir araya gətirən idmandostluq bayramından sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu qitənin sərhədlərini aşaraq dünyada daha da artacaq. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir daha dünyaya bəyan etdi ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar. Təkcə qitə miqyasında deyil, dünyada bu ilin ən böyük idman hadisəsindən sonra əsrlər keçəcək, Avropa Oyunlarının təşkil olunduğu bütün ölkələrdə Bakının adı xatırlanacaq. Bundan sonrakı Oyunların məşəli də məhz “Atəşgah”da alovlandırılacaq.

17 gün ərzində 20 idman və 30 yarış növü üzrə 253 dəst medal uğrunda təşkil olunan yarışların keçirildiyi arenaların inşasından idmançıların qarşılanması və yerləşdirilməsinədək bütün məsələlər yüksək səviyyədə həll olunmuşdu. Bir-birindən möhtəşəm yarışlara evsahibliyi edən 18 arena (Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı İdman Sarayı, “Baku Crystal Hall”, Mingəçevir “KürOlimpiya Tədris İdman Mərkəzi, BMX Veloparkı, Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, Bilgəh çimərliyi, Şose) maraqlı idman mübarizələrinin şahidi oldu.

Dövlətin idmana və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq turnirlərdə yeni-yeni qələbələr qazanmasına şərait yaradır. Bu, Avropa Oyunlarında növbəti dəfə özünü doğrultdu. Belə ki, Azərbaycan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 50 ölkə arasında 2-ci yeri tutaraq növbəti dəfə güclü olduğunu göstərdi. Dövlət başçısı İlham Əliyevin, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışların keçirildiyi arenalarda final qarşılaşmalarını izləmələri isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstək idi.

Ölkəmizə ilk medalları karateçilər qazandırdılar. 12 dəst medal uğrunda 96 idmançının mübarizə apardığı karatenin kumite növündə idmançılarımız 4 qızıl və 2 bürünc medal qazanaraq proqnozları doğrultdular. Firdovsi Fərzəliyev (60 kq), Rəfael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq) və İrina Zaretska (68 kq) qızıl, Niyazi Əliyev (67 kq) və İlahə Qasımova (55 kq) bürünc medal əldə edərək komanda hesabında 1-ci yerə layiq görüldülər.

Bütün idmansevərlərin böyük maraqla və həyəcanla medal gözlədiyi idman növləri sırasında güləş xüsusi yer tuturdu. Bundan əvvəlki yarışlarda qazandıqları nəticələrlə xalqımızı sevindirən pəhləvanlarımız bu dəfə də etimadı doğrultdular. Azərbaycan güləşçiləri “Bakı-2015”i ümumilikdə 15 medalla başa vurdular. Onlardan 6-sı qızıl, 2-si gümüş, 7-si bürünc olub.

Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz ölkəmizə iki dəst medal qazandırdılar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olublar.

Sərbəst güləşçilərin mübarizəsində isə Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) isə bürünc medala layiq görüldülər. Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Avropa Oyunlarının qalibi oldular. Nataliya Sinişin (55 kq) isə bürünc medalla kifayətləndi.

Boksçularımız da Avropa Oyunlarındakı əzmkar qələbələri sayəsində xalqımıza sevinc hissləri yaşatdılar. “Baku Crystal Hallda bir-birindən maraqlı və gərgin döyüşlərin şahidi olduq. Oyunları arenada izləyən azarkeşlər medallar uğrunda mübarizə aparan boksçularımıza böyük dəstək nümayiş etdirdilər. Bunun nəticəsidir ki, “Bakı-2015”də boksçularımız 11 medal qazanaraq tamaşaçıları sevindirdilər. Boksçulardan Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq), Kollazo Sotomayor (64 kq), Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev (91 kq) qızıl, Xaybula Musalov gümüş, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Anna Əlimərdanova (51-54 kq) və Yana Alekseyevna (57-60 kq) bürünc medala sahib oldular.

“Bakı-2015” ilk Avropa Oyunlarında tamaşaçıların daha çox böyük maraq göstərdiyi idman növlərindən biritaekvondo idi. Baku Crystal Hallda təşkil olunan yarışlarda 128 idmançı 4 yarış günü ərzində 8 medal dəsti uğrunda gərgin mübarizə apardı. “Bakı-2015”də 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan taekvondoçularımız ölkəmizin idman şərəfini layiqincə qoruyub bayrağını ucaltdılar. Radik İsayev (+80 kq), Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanaraq yüksək vətənpərvərlik və mübarizə əzmi nümayiş etdirərək üçrəngli bayrağımızı zirvələrə qaldırdılar. Komanda hesabında isə ilk pillədə yer aldılar.

Avropa Oyunlarında gimnastlarımız da 7 medal qazanaraq böyük uğura imza atdılar. Ölkəmizi təmsil edən Oleq Stepko yarışlarda bir qızıl, iki gümüşiki bürünc medal qazanmaqla Azərbaycan gimnastikasında tarixi uğura nail oldu.

Oleq ilk medalını kişi idman gimnastikası üzrə komanda yarışlarında qazandı. O, Petro PaxnyukEldar Səfərovdan ibarət yığma komandanın tərkibində Avropa Oyunlarının bürünc medalına layiq görüldü. Paralel qollarda isə hərəkət üzrə ən yüksək nəticə göstərərək (15,733) qızıl medala sahib çıxdı. Dayaqla tullanma yarışında isə idmançımız üçüncü nəticə (14,966) göstərərək bürünc medalla kifayətləndi. Batut gimnastikası üzrə yarışlarda təmsilçimiz İlya Qrişunin 58,765 xalla 3-cü oldu. Xanım idmançımız Marina Durunda isə lentlə hərəkətlərdə gümüş medala yiyələndi.

Samboçularımız da Avropa Oyunlarında Azərbaycanın aktivinə 4 gümüş medal yazdırdılar. Təmsilçilərimiz İslam Qasımov (57 kq), Amil Qasımov (74 kq), Vasif Səfərbəyov (+100 kq) və Nəzakət Xəlilova (52 kq) qitənin ən mötəbər yarışında həlledici mərhələdə qızıl medaldan məhrum oldular.

Avarçəkmə yarışlarında yeganə medalı ölkəmizə kanoeçi 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko qazandırdı. İdmançımız kanoeçilərin 200 metr məsafəyə yarışında finiş xəttinə ikinci çataraq gümüş medalın sahibi oldu.

Fərəhli haldır ki, paralimpiyaçılarımız da Avropa Oyunlarında uğurla çıxış edərək 3 medal qazandılar. Belə ki, paracüdo yarışlarında iki çəki dərəcəsi üzrə təşkil olunan güləşdə Azərbaycan 3 idmançı ilə təmsil olundu. Millimizin aparıcı üzvü İlham Zəkiyev qızıl, Zakir Mislimov gümüş və Səbinə Abdullayeva bürünc medala layiq görüldülər.

Ölkəmizin aktivinə medal yazdıran idman növlərindən biritriatlon oldu. Azərbaycanda Triatlon Federasiyasının yaranmasının heç bir ili tamam olmasa da, lakin əldə olunan nailiyyətlər haqqında danışmaq mümkündür. Çünki komandamızın heyətində Rostislav Pevtsov üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışını 3-cü pillədə bitirərək bürünc mükafata layiq görüldü.

Azərbaycanın medal qazandığı idman növləri sırasında qılıncoynatma da yer almışdı. Dörd qadın sablyaçımız fərdi yarışların son günündə mükafatçılar sırasına düşməyə çalışsa da, onlardan yalnız ikisi - “Neftçiİdman Klubunu təmsil edən SevilSevinc Bünyatova bacıları fəxri kürsüyə qalxdılar. Sevil gümüş, Sevinc isə bürünc medalla kifayətləndi.

Təbii ki, “Bakı-2015”də qazanılmış bu möhtəşəm qələbələr hansısa təsadüfün nəticəsi deyil. Bu zəfərin təməlində dövlətin bu sahədə yeritdiyi siyasət, bədən tərbiyəsi və idmanın inkişafı naminə görülən ardıcıl tədbirlər, mütəxəssis və idmançıların peşəkarlıq və məsuliyyəti durur.

Sevindirici haldır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Şahmat Olimpiadasının Bakıda keçirmək hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.

Azərbaycan öz növbəsində tarixin səhifələrində I Avropa Oyunları kimi mötəbər bir yarışı bütün əvvəlki dünyaAvropa çempionatlarından, Olimpiya təsnifat turnirlərindən də yüksək səviyyədə, hamının alqışına layiq bir şəkildə keçirməklə bütün dünyaya sübut etdi ki, Yay Olimpiya Oyunlarının da təşkilatçısı olmağa layiqdir. Şübhəsiz, “Bakı-2015” idman ictimaiyyətimizi bu arzusuna yaxınlaşdıracaq, bütün ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaqdır.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 2 iyul.- S. 1, 3.