Azərbaycan Avropanın yeni idman tarixini yazdı

 

“Azərbaycan” qəzetinin “dəyirmi masa”sı

 

Azərbaycanın evsahibliyi etdiyi I Avropa Oyunları uğurla başa çatdı. Respublikamız Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, “qoca qitə”nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi. Nümunəvi və qüsursuz təşkilatçılığı, olduqca kreativ açılış və bağlanış mərasimləri ilə yaddaqalan I Avropa Oyunları keçirildiyi günlərdə dünyanın əsas idman hadisəsinə çevrildi.

I Avropa Oyunları Azərbaycanın istənilən beynəlxalq tədbiri ən ideal şəkildə təşkil etmək imkanlarının növbəti təsdiqi olmaqla yanaşı, həm də ölkəmizdə idmanın inkişafda olduğunu, Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi. İdmançılarımızın 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandıqları 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu! Bu bir daha göstərdi ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir.

“Azərbaycan” qəzetinin redaksiyasında keçirilən “dəyirmi masa”sında da I Avropa Oyunlarının yekunları müzakirə olundu. “Dəyimi masa”da Azərbaycan Milli Məclisi Sədrinin müavini Bahar MURADOVA, Milli Məclisin komissiya sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş NOVRUZOV, Milli Məclisin deputatı Rasim MUSABƏYOV, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, dünya və Avropa çempionu, əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Xəzər İSAYEV, əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Respublikasının əməkdar məşqçisi, “Şöhrət” ordenli, Prezidentin fəxri diplomçusu, güləş üzrə Olimpiya kateqoriyalı hakim, London Olimpiadasının “Qızıl fit” mükafatçısı, I Avropa Oyunlarının hakimi Hicran ŞƏRİFOV iştirak edirdilər.

“Dəyimi masa” giriş sözü ilə açan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Hörmətli tədbir iştirakçıları.

Bu, “Azərbaycan” qəzetinin redaksiyasında keçirilən, idmana həsr olunmuş üçüncü “dəyirmi masa”dır. Çox böyük sevinc və fəxarətlə qeyd etməliyəm ki, bugünkü görüşümüz I Avropa Oyunlarının yekunları ilə bağlıdır.

Hamımız bu fikrə şərikik ki, I Avropa Oyunları çox möhtəşəm idi! Görünməmiş bu möhtəşəmlik özünü açılış və bağlanış mərasimlərində, məşəlin alovlandırılmasında və Azərbaycanı gəzdirilməsində, dövrə vurmasında göstərdi! Bu möhtəşəmlik yarışların gedişində, qazanılan qələbələrdə, azarkeşlərin hərəkətində, təşkilati işlərdə və nəticələrdə özünü göstərdi! Bu idman yarışması da müstəqilliyimizin bəhrəsi sayıla bilər. Çünki müstəqillik olmasaydı müstəqil idman siyasəti yürüdə, müstəqil şəkildə öz komandamızla yarışlara çıxa bilməzdik!

Məhz müstəqil Azərbaycanda yaradılan şərait imkan verdi ki, ölkəmiz öz bayrağı ilə yarışlara getsin və onun bayrağı dalğalansın, himni səslənsin! Məhz müstəqillik Azərbaycana imkan verdi ki, idmanın inkişafına müstəqil şəkildə vəsait ayrılsın. Hansı məqamdan yaxınlaşsan, görürsən ki, bunlar müstəqilliyin bəhrəsi və nəticəsidir!

Çox qısa müddətdə möhtərəm Prezident İlham Əliyevin simasında, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti kimi, bu sahəni müstəqillik dövründə yaradan və inkişaf etdirən, bu səviyyəyə çatdıran bir insan kimi biz bunun nəticəsini, bəhrəsini görürük. Bir sıra başqa məsələləri də görürük. Bu gün “dəyirmi masa” ətrafında hadisələrin içində olan çox təcrübəli və səviyyəli insanlar əyləşib. Sizin bu məsələlərlə bağlı fikirlərinizi bilmək istərdik. Mən isə qısa şəkildə bir neçə məsələyə toxunmaq istərdim.

Olimpiya Oyunları yarananda sülhə xidmət edib müharibələri dayandırmaq üçün yaranıb. İlk Avropa Oyunlarının keçirilməsinə razılıq verərkən Azərbaycan çox ağır bir yükün altına girmişdi. Prezidentimiz cənab İlham Əliyev bu məsuliyyəti öz üzərinə götürməklə Avropanı böyük bir ədalətsizlikdən, böyük bir utancdan xilas etdi! Belə ki, Avropanın beşiyində indiyədək Avropa Oyunları keçirilməyib. Məhz Azərbaycan sinəsini qabağa verməklə bu Oyunları keçirdi və qısa müddətdə rekord göstəricilərə nail oldu. Rekordlar çoxdur! Ən böyük rekord isə odur ki, haradasa 7 illik işi 27 aya gördük! Bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki özü “dünya rekordu” kimi qiymətləndirdi və bununla əlaqədar I Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi Mehriban xanım Əliyevanın çox möhtəşəm işini yüksək dəyərləndirdi. Cənab Prezident də Mehriban xanımın bu sahədəki fəaliyyətini çox yüksək qiymətləndirdi.

Dediyim kimi, bu Oyunlar zamanı bir çox rekordlar qırıldı. Binaların tikilməsindən tutmuş bütün bu işlərin qurulmasına kimi - hamısı qısa müddətdə həyata keçirildi və biz ən yüksək səviyyədə standartları müəyyənləşdirdik!

Biz sülhə xidmət edirik, əməkdaşlığa xidmət edirik. Öz hesabımıza Avropanı ədalətsizlikdən, utancdan qurtarıb bu Oyunları keçiririk, bu möhtəşəm yarışlara baxmağa dəvət edirik, bəziləri isə “boykot”dan danışırlar. Azərbaycan nə edir ki? Azərbaycan sülhə, əməkdaşlığa xidmət edən, insanların sağlamlığına xidmət edən, insanları əyləndirən, onlara yaxşı hiss, həyəcan duyğuları yaşadan yarışma təşkil edib. Bununla da onlar özlərini boykot etmiş oldular. Çünki 50 dövlət öz bayrağı ilə gəlib bir parad şəklində Azərbaycan Prezidentinin qarşısından keçdi, bayraqları dalğalandı. İndi hansı siyasi xadim gəlməyibsə, o, özünü boykot vəziyyətinə salıb və bu möhtəşəmliyi görməkdən özünü məhrum edib. Yekunda bütün Avropa ölkələrinin komandaları gəldilər, iştirak etdilər, peşəkarlıqlarını, ustalıqlarını artırdılar, medallar qazandılar, Azərbaycanla tanış oldular və bunun böyük bir faydası oldu. Ancaq belə yanaşma bizim üçün, belə deyək, qəribədir. Yəqin ki, bu məsələyə də münasibət bildiriləcək.

Bizim bu yarışmanı keçirməyimizlə, eyni zamanda, Azərbaycanın gənc və müstəqil dövlət olaraq idman siyasətinə böyük diqqət yetirməsi ilə və bundan əvvəl vurğuladığım kimi, cənab Prezident, həm də Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çox qısa bir müddətdə dövlət üçün, dövlətin gələcəyi üçün, bizim nəsil üçün faydalı olan bir sahəni inkişaf etdirdi. Burada həm maddi-texniki bazadan söhbət gedir, həm gənclərin hazırlığından, texniki personalın və hakimlər korpusunun hazırlığından tutmuş digər məsələlər də daxil olmaqla Azərbaycan gəncinin idmana istiqamətləndirilməsindən. Bu, həm də tək sağlamlıq deyil, pis, ziyanlı vərdişlərdən uzaqlaşmaqdır. Bu, Azərbaycan bayrağının bir çox ölkələrdə keçirilən müxtəlif yarışlarda dalğalanmasıdır. Bunun çox mühüm tərbiyəvi əhəmiyyətindən biri vətənpərvərlik hissi və duyğularının aşılanmasıdır. İndiyədək bayrağa bu qədər məhəbbət, himnə bu qədər hörmət, bayrağı yüksəyə qaldıran və himni səsləndirən idmançıya bu qədər məhəbbət və hörməti görməmişdik!

Bizim Prezidentimiz hər dəfə qızıl medal təqdim edəndə təkcə qalibə əl verib sıxmırdı, səbəbkarı bağrına basırdı! Deməli, bu, ürəkdən gələn bir jestdir! Bu, idmançılar üçün, gələcək nəsil üçün çox böyük nümunə idi, örnək idi və hamı böyük həvəslə idmana istiqamətlənmişdi.

17 gün ərzində çox böyük işlər baş verdi və möhtəşəm yarışlar keçirildi. Buna qədər bizim məşəlimiz alovlandı, bütün Azərbaycanı gəzdi və bütün dünya televiziya kanalları vasitəsilə Azərbaycanı izlədi. Gördü ki, bütün bölgələrimiz inkişaf edib. Azərbaycan vətəndaşlarını gördü, bölgələrdə yaşayan insanların geyimləri ilə, davranışları ilə, danışıqları ilə tanış oldu və anladı ki, onlar avropalılardan geri qalmırlar. Dünya bizim bölgələrdəki inkişafın - tikinti, quruculuq, abadlıq işlərinin, insanların intellektinin, davranışının, geyimi və mədəniyyətinin şahidi oldu.

Yarışlarda da hamı gördü ki, Azərbaycan gənci nəyə qadirdir! Çox şadıq ki, biz bu möhtəşəm tədbiri yüksək səviyyədə keçirdik! Allah-təala da bizim tərəfimizdə oldu. Torpaqlarımızı işğal edən “məzlum və zavallı millət” küçələrdə yatır, öz polisi onu döyür, söyür, su şırnağı və dəyənəklərlə vurur... Bu, bəzi beynəlxalq qurumların başını sığalladığı millətdir. Görünən isə Azərbaycandır! Hansı ki, yarışlar keçirir, mədəniyyət nümayiş etdirir, sevgi nümayiş etdirir, əməkdaşlıq nümayiş etdirir! Azərbaycan gəncinin gücünü, qüdrətini, vətənpərvərliyini nümayiş etdirir. Bax, bu müqayisəni elə bil Allah-təala bizim üçün yaratdı ki, dünya bunu da görsün! Əgər görmək istəyirsə...

Biz bu gün böyük məmnuniyyətlə bu yarışların yekununa həsr olunmuş “dəyirmi masa” keçiririk. Çox böyük sevinc və fəxarətdir. İstərdik ki, hamı öz fikrini bildirsin.

Bahar MURADOVA:

- Azərbaycanın I Avropa Oyunlarına layiqincə evsahibliyi etməsi, bu tədbirin ən yüksək səviyyədə təşkili doğrudan da böyük sevincdir. Nəticələr təkcə sevinc bəxş etmir, həm də qürur və məsuliyyət aşılayır. Hər hansı bir işin bünövrəsində xoş niyyət dayananda o, mütləq uğurla nəticələnir. Azərbaycan öz tarixi keçmişi, milli adət-ənənəsi, zəngin mədəniyyəti, eyni zamanda bu kimi möhtəşəm mərasimləri keçirməsi ilə həmişə həm soydaşlarımıza, həm də onu sevən insanlara qürur bəxş edib və bu haqda çox danışa bilərik.

Əlbəttə, hər bir millətin, dövlətin həyatında yaddaqalan, sonrakı illərə, çox uzun dövrlərə start verə bilən, hadisələri yönəldən, şüurlarda, təfəkkürlərdə, yanaşmalarda dəyişiklik edən ciddi hadisələr olur. Bu hadisələr özbaşına yaranmır, öz-özünə meydana gəlmir. Bunların özlərinin istinad, dayaq nöqtələri var. Odur ki, əsas olmadan belə böyük uğurlu işə də imza atmaq mümkün olmazdı. Bünövrə olmadan, bu, baş tuta bilməzdi! Əgər Azərbaycanın iqtisadi imkanları, səriştəsi, müasir dünyanın çağırışlarını düzgün dəyərləndirməsi, problemlərə və nailiyyətlərə balanslı yanaşması, o cümlədən özünün imkanlarını bu kontekstdən istifadə etmək yollarını bilmək qabiliyyəti olmasaydı, belə bir tədbirə evsahibliyi etmək, onu belə yüksək səviyyədə keçirmək mümkün olmazdı!

Bir də planlaşdırılan hər irimiqyaslı işin gündəlik və gələcək hədəfləri olur. Doğrudan da, Avropa Oyunlarının keçirilməsi məsələsi qarşıda durarkən irəliyə çıxıb bu ciddi məsələnin həllinə çiynimizi vermişiksə, bunu öz üzərimizə götürmüşüksə, hazırkı şəraitdə təşəbbüskarları və iştirakçı dövlətləri problemdən qurtarmışıqsa, bu, kimin üçünsə bugünün hədəfi, nəticəsi sayıla bilər. Amma ümumilikdə bu işin gələcək hədəfləri daha dəyərli, daha ciddi və daha uzun müddətə hesablanmışdır. Çünki bu, təkcə “Oyunlar Asiya, Amerika qitəsində keçirilir, Avropa qitəsində də keçirilsin” məqsədinə xidmət etmir. Azərbaycan da bunu özünün bir Avropa ölkəsi olduğunu, Avropa dəyərlərini bölüşdüyünü sübut etmək üçün etmir. Azərbaycan imza atdığı bütün layihələri, planlaşdırdığı bütün işləri ilk növbədə öz ölkəsi, xalqı, dövləti, vətəndaşları üçün edir. Və biz belə böyük bir bayramı ilk növbədə vətəndaşlarımıza yaşatdıq. Birinci məqsədimiz bu idi.

İkincisi, Azərbaycan dövlətinin iqtisadi imkanlarını onun müəyyənləşdirdiyi siyasi prioritetlərə uyğun istifadə etdik. Çünki idman bizim siyasi istiqamətlərimizin əsaslarından birini təşkil edir. Bu da “yaxşı görünmək üçün”, “biz müasir dövlətik və bu işləri təşkil edə bilirik” fikrini aşılamaq üçün deyil. Sağlam bir nəsil, millət, insanlar yetişdirmək və onlar üçün ölkəsinin yaratdığı bütün imkanlardan istifadə etmək şəraiti yaratmaqdır. Bu, yenə də ilk növbədə Azərbaycan vətəndaşları üçündür.

Təbii ki, ölkəmizdə indiyədək belə böyük miqyaslı tədbir olmamışdı. Bu səbəbdən də onun hər bir sahə üzrə, hər mənada möhtəşəmliyini böyük qürurla qeyd edirik. Həqiqətən də çox böyük, möhtəşəm tədbir idi. Bu tədbir həm də Azərbaycan dövlətinin imkanlarını, onun mədəniyyətini, folklorunu, tarixini, düşüncə tərzini, etnik qruplara, xalqlara tolerant münasibətini, onunla bu vətəni, bu torpağı bölüşən insanlara himayədar mövqeyini ortaya qoydu.

Bunu da Azərbaycan ilk növbədə özü üçün sübut etdi. İnsanlarımıza aşıladı ki, sən belə bir dövlətin vətəndaşısan, belə bir xalqın nümayəndəsisən. Bilirsiniz, bunun doğurduğu qürur, sevinc bizə daha çox fayda verir. Bununla biz daha çox faydalandıq, biz özümüzü daha artıq dərk etdik. Dərk etdik ki, bizi qaralayanların, bizi hədəf seçənlərin cızdığı çərçivə adamı deyilik. Biz daha qlobal, daha böyük miqyasların insanlarıyıq. Bu, bizə dövlətimizə, potensialımıza inam, birliyimizin və həmrəyliyimizin daha möhkəm, bizi daha irəliyə aparan bir amil olduğunu dərk etmək imkanı verdi.

Biz müharibə şəraitində yaşayan dövlətik, ərazimizin bir qismi işğal olunub, insanlarımız qaçqın, köçkün vəziyyətində, bəziləri mənəvi düşkünlük hissinin nədən ibarət olduğunu öz həyatında bilən, dərk edən insanlardır. Bu insanlara nə böyük ruh verə bilər? Mən bu gün idman qədər, döyüş səhnəsindəki qəhrəmanlıqlar qədər xalqa, millətə ruh verən ikinci bir hadisə tanımıram. Çünki elə bir mədəni hadisə, elə bir gözəl çəkilmiş əsər və ya elə bir heykəltəraşlıq nümunəsi yoxdur ki, eyni zamanda milyonlarla insanın diqqətini özünə cəlb etsin. Onların hamısına qürur duydursun və hamısını hansısa hisslərə kökləsin. Amma bir futbol matçını, hansısa başqa bir idman yarışını dünyada milyonlarla insan eyni vaxtda izləyir, eyni hissi, həyəcanı keçirir, eyni məsələ ətrafında birləşir. O nöqteyi-nəzərdən lokal olaraq Azərbaycan miqyasında götürdükdə, dünyanın bütün diqqətini ölkəmizə cəlb edəcək bir məqamda, belə bir ciddi diqqət altında nəyə qadir olduğumuzu ortaya qoymaq imkanını reallaşdırmaq qədər Azərbaycan xalqına ruh verəcək ikinci bir hadisə ola bilməz.

Prezident İlham Əliyev bu işi öz üzərinə götürəndə hər məqamı zərgər dəqiqliyi ilə hesablamışdı. Bilirdi ki, Azərbaycan onun rəhbərliyi ilə hansı layihəyə imza atıbsa, o işi uğurla həyata keçirib və bu da çox müvəffəqiyyətlə başa çatacaqdır. Bu, təkcə idmançıları sevindirməyəcək, təkcə dünyaya fərəh hissi, həyəcan bəxş etməyəcək. Bu, Azərbaycan xalqına, dövlətinə böyük inam aşılayacaq. Bu, hər bir Azərbaycan insanında özünə inam yaradacaq. Əgər insanın özünə, dövlətinə inamı varsa, onu heç bir təhlükə qorxutmur. Hesab edirəm ki, bu Oyunların bizə verdiyi töhfələrin ən böyüyü, ən vacibi budur. Biz özümüzə bir daha inandıq. Biz seçkilər vaxtı - 1993-cü ildə, 2003-cü ildə, bu dövrlər arasındakı məlum hadisələr vaxtı dəfələrlə öz birliyimizi ortaya qoymuşduqsa, öz müstəqilliyimizi qorumaq imkanımızı sübut etmişdiksə, bu gün onu daha artıq qorumaq, inkişaf etdirmək və bir insana öz dövləti ilə, xalqı ilə qürur duymaq imkanını yaşatdıq.

Prezident İlham Əliyev Avropa Oyunlarına evsahibliyi etməyi üzərimizə götürməklə Azərbaycan dövlətinin imkanlarını ilk növbədə Azərbaycan insanına, Azərbaycan xalqına, sonra bütün dünyaya göstərdi. Azərbaycanın iqtisadi, siyasi, coğrafi və insani resurslarını araşdıran və buna uyğun siyasət yürüdən dünya ölkələri onsuz da bilirlər ki, Azərbaycan hansı imkana malikdir. Əgər bizim Azərbaycan vətəndaşları arasında cüzi bir inamsızlığı olan var idisə, hesab edirəm ki, onun aradan qaldırılması üçün bu Oyunların çox ciddi əhəmiyyəti oldu.

Prezident İlham Əliyev bunu etməklə həm də dünyaya bir mesaj göndərdi. O məzlum millətə - bədxah qonşumuza mesaj vermiş oldu ki, Azərbaycanla hər hansı bir dildə hədə ilə, təzyiqlə danışmaq mümkün deyil! Azərbaycanla əməkdaşlıq etmək, dostluq etmək lazımdır, onun imkanlarını bölüşmək lazımdır. Bu, təkcə bizə deyil, bizi əhatə edən qonşu ölkələrə, Avropaya, dünya dövlətlərinə fayda verir, sevinc bəxş edir.

Qaldı ki bir sıra Avropa ölkələrinin bəzi dairələrində buna qısqanclıqla yanaşılmasına, bunun üçün də çox ciddi səbəblər var. Bunun səbəbi məhz müstəqil siyasi iradənin ortada olmasındadır: “Öz taleyimi də, öz siyasətimi də özüm müəyyən edirəm, resurslarımı da xalqımın, ölkəmin maraqları üçün istifadə edirəm. Heç bir kənar diktəni qəbul etmirəm, heç bir hədədən qorxmuram. Heç kəs müəllimlik edərək bizi qarşısına qoyub şagird, tələbə kimi danlaya bilməz. Öz yolumuzu özümüz müəyyənləşdiririk. Bu yol təkcə bizə yox, bizimlə münasibətdə olan digər xalqlara və dövlətlərə də fayda gətirir. Bunu dəyərləndirmək, qiymətləndirmək lazımdır”.

Oyunların keçirilməsi zamanı siyasi iradə də böyük rol oynadı. Ölkə Prezidentinin qətiyyəti, cəsarəti, siyasi iradəsi, heç kəsin təzyiqi qarşısında geriyə çəkilməməsi və Oyunları pozmaq üçün göstərilən cəhdlərin qarşısını alacaq bir fəaliyyət ortaya qoyması öz uğurlu nəticələrini verdi. Mehriban xanım Əliyevanın sonuncu tədbirdə söylədiyi bir fikri təkrar etmək istəyirəm. Azərbaycan xalqı bir komanda kimi təşkil edilərək bu işə yönəldildi və bu iş uğurla başa çatdırıldı.

I Avropa Oyunlarının Azərbaycana həvalə olunması, ölkəmizin bu səlahiyyəti öz üzərinə götürməsi və uğurla başa çatdırması həm də Avropanın, bütün dünyanın uğurudur. Doğru vurğulanır ki, Azərbaycan bu Oyunları keçirməklə böyük bir tarix yazdı. “Bakı-2015” Azərbaycan xalqının tarixinə çox parlaq səhifə kimi daxil oldu, Azərbaycan idmanının tarixinə yaddaqalan, möhtəşəm günlər kimi yazıldı. Bu, Avropa idmanının həyatına, ilk Avropa Oyunlarının tarixinə də unudulmaz günlər, anlar bəxş edən Oyunlar kimi daxil olacaq.

Bu Oyunların standartlarının müəyyənləşdirilməsi kimi bir vəzifənin yerinə yetirilməsi ilə Azərbaycan dünya idmanına çox böyük töhfə verdi. Bundan sonra Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürən ölkələr çox düşünməli, bu standartları yerinə yetirmək iqtidarında olub-olmadıqlarını götür-qoy etməlidirlər. Avropa Oyunlarını keçirməyi boyunlarına götürsələr, ciddi işləməlidirlər. Hesab edirəm ki, bu standartlar digər böyük yarışlara, Olimpiadalara da mükəmməl örnəkdir.

Başqa bir məsələyə toxunmaq istəyirəm. Bu, Avropa Oyunlarının təşkilinin ölkənin birinci xanımına həvalə olunmasıdır. Düşünürəm ki, cənab Prezident bu addımı atmaqla əvvəlcədən böyük uğuru təmin etmiş oldu. Mehriban xanımın təşkilatçılığı, məsələyə prinsipial yanaşması, müasir tələbləri, çərçivələri, standartları nəinki bilməsi, eləcə də onları müəyyən etmək qabiliyyəti nəzərə alınmışdı.

Mehriban xanım Əliyeva bu müddət ərzində çox gərgin işlədi. Biz bayaq məşəlin ölkəni gəzməsi mövzusuna toxunduq. Avropa ölkələrinin paytaxtlarında Oyunların təqdimat mərasimlərinin keçirilməsi bunun qədər, hətta bundan da əhəmiyyətli idi. Bu mərasimlər Azərbaycan mədəniyyətinin, folklorunun, ictimai-siyasi fikrinin, görkəmli nümayəndələrinin - bütövlükdə Azərbaycanın təqdimatı idi. Bunların Azərbaycanın imkanlarını göstərmək baxımından böyük əhəmiyyəti vardı.

Mehriban xanım Əliyevanın yanaşması, zövqü, tələbləri çərçivəsində qurulan işlər məhz bu şəkildə nəticə verə bilərdi. O, bizim həmkarımız - Milli Məclisin deputatı kimi, Azərbaycan qadınlarının öndə gedən nümayəndəsi, müasir Azərbaycan qadınının simvolu kimi bu işin öhdəsindən şərəflə gəldi və hamımıza qürur yaşatdı.

Prezidentimizin Mehriban xanımın əməyini yüksək qiymətləndirməsi, “Heydər Əliyev” ordeni ilə təltif etməsi onun halal haqqı idi. Bu, Mehriban xanım Əliyevanın öz ləyaqətli işi, yüksək məsuliyyəti ilə, prosesə Azərbaycan prizmasından yanaşması ilə əldə etdiyi uğura verilən qiymət idi.

Bu, Mehriban xanım Əliyevanın həm şəxsi uğurudur, həm də bütövlükdə Azərbaycan qadınlarının uğurudur. O, bizə göstərdi ki, müasir Azərbaycan qadını necə olmalıdır. Deyərdim ki, bu, bütün ölkələrin birinci xanımlarına bir örnəkdir. Bu gün mən dünyada ikinci belə birinci xanım görmürəm. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev dünya siyasi liderləri sırasında sayılıb-seçildiyi, fərqləndiyi, yüksəklikdə durduğu kimi, birinci xanım da həmin mövqedədir.

Onlar Azərbaycanı qoşa qanad kimi uğurdan-uğura qovuşduracaqlar. Bu inamımızın əsasını indiyə qədər olan fəaliyyətlərin yekunu və gələcək fəaliyyətlərin bünövrəsi kimi Avropa Oyunları təşkil edir. Bu Oyunlarda fəaliyyət göstərən, Azərbaycanı təmsil edən, uğur ardınca uğur qazanan, bizə 56 medal sevincini yaşadan Azərbaycan idmançılarını, onların məşqçilərini, hakimləri ürəkdən təbrik edirik. Yarışlarda hətta cüdo üzrə qadın hakim də gördük. Onların hamısı birlikdə Azərbaycan tarixinə qızıl səhifələr yazdılar. Bizə böyük qürur yaşatdılar, eyni zamanda gənc nəsildə idmana maraq, sevgi oyatdılar. Hamını ürəkdən təbrik edirik.

Siyavuş NOVRUZOV:

- Azərbaycanın idman siyasətinə nəzər salsaq, bunun Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət etməsinin şahidi olarıq. Çünki istənilən dövrdə idmançılarımızın fəaliyyətinə baxanda görürük ki, Azərbaycanda həmişə idmana diqqət və qayğı olub və bu proses davamlı şəkildə diqqətdə saxlanılır. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı zamanı Azərbaycanda xaos, anarxiya, dövlətin parçalanması, separatizm, iqtisadiyyatın tamamilə iflasa uğraması, ərzaq çatışmazlığı və digər ciddi problemlər mövcud idi. Bu problemləri aradan qaldıra-qaldıra Gənclər və İdman Nazirliyi yaradıldı. Halbuki dünyanın bir çox ölkəsində belə bir struktur yoxdur. Sadəcə olaraq olimpiya komitələri fəaliyyət göstərir və idman federasiyaları onların tərkibində birləşir. Görün, nə qədər uzaqgörən bir siyasət idi ki, 21 il öncə Heydər Əliyev dövlət quruculuğunun ilk çağlarında belə bir nazirlik yaratdı. O vaxta qədər bizim idmançılarımız beynəlxalq yarışlarda iştirak etmək üçün vəsait tapa bilmirdilər, qapı-qapı gəzərək özlərinə maddi dəstək axtarırdılar. Lakin idman siyasəti dövlətin prioritetlərindən biri elan olunduqdan və o cümlədən cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra Azərbaycanda idmanın inkişafı, olimpiya ideallarının təşəkkül tapması geniş vüsət aldı.

Son 15 ildə Azərbaycanda 40-dan çox Olimpiya idman kompleksi tikilib. Bu mənada nəzərə almaq lazımdır ki, Avropa Oyunlarının keçirilməsi üçün ölkəmizin ilkin bazası var idi. Son iki il yarımda isə bu infrastruktur daha da gücləndirildi. Bu gün ölkəmizdə idman bazası ən müasir tələblərə, olimpiya normalarına cavab verir və burada istənilən idman tədbirini keçirmək mümkündür.

Bu gün müxtəlif dünya və Avropa çemionatlarının, Qran-Pri yarışlarının və digər idman yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizin təşkilatçılıq qabiliyyəti, idmana olan diqqət, dövlətin iqtisadi inkişafı, ictimai-siyasi sabitlik, o cümlədən xalqla iqtidarın birliyi ilə əlaqədardır. Bax, ölkəmizə qarşı olan təzyiqlərin də kökündə məhz bu kimi məsələlər dayanır. Avropa Oyunları ilk dəfə keçirildiyi üçün onun təşkili ilə bağlı heç bir standart yox idi. Bu yarışmanın Olimpiya Oyunları, dünya çempionatı, yaxud Avropa çempionatı səviyyəsində keçiriləcəyi hələ bəlli deyildi. Çünki bunların hərəsinin öz standartı var. Ona görə Azərbaycan yeni standart müəyyənləşdirməli idi. Çox güman ki, antiazərbaycançı qüvvələr düşünürdülər ki, Azərbaycan bu Oyunları keçirə bilməyəcək və onlar bundan əlavə təzyiq metodu kimi istifadə edəcəklər. Son iki ildə bəzi xarici mərkəzlər, antiazərbaycançı dairələr çox çalışdılar ki, I Avropa Oyunlarına kölgə salsınlar. Onlar bu idman tədbiri ilə bağlı məqsədyönlü şəkildə qərəzli informasiyalar yayır, yanlış təəssürat yaratmağa çalışırdılar. Əfsuslar olsun ki, bəzi daxili qüvvələr də bu qərəzli kampaniyaya çox cidd-cəhdlə qoşulmuşdular. Lakin bunların hamısı Oyunların keçirildiyi ərəfədə və sonrakı dövrdə iflasa uğradı. Nəyə görə? Ona görə ki, yalan, böhtan üzərində qurulan kampaniya əvvəl-axır fiaskoya məhkumdur.

İdmanla yanaşı ölkəmiz mütəmadi olaraq müxtəlif mövzulu digər beynəlxalq tədbirlərə də evsahibliyi edir. Hər il Azərbaycanda müxtəlif dövlət başçılarının, keçmiş prezidentlərin, tanınmış siyasətçilərin, alimlərin toplandığı humanitar forum keçirilir. Həmçinin ölkəmiz Şərq və Qərb arasında körpü yaradan, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa xidmət edən bir məkandır. Hər il Qəbələdə böyük musiqi festivalı keçirilir. MDB ölkələrinin heç birində belə yüksək səviyyəli musiqi festivalı təşkil olunmur. Bunların hamısı onu göstərir ki, Azərbaycanın istənilən tədbirə nümunəvi evsahibliyi etmək bacarığı var. Yəni Azərbaycan hansı tədbirə evsahibliyi edirsə, onu yüksək səviyyədə təşkil edir. Qaragüruhçu dairələr isə bundan çox narahat olurlar. Görürlər ki, Azərbaycan yeni müstəqillik qazanmış bir dövlət olsa da, müstəqil siyasət aparır, öz beynəlxalq imicini ucaldır, mövqelərini gücləndirir.

Burada I Avropa Oyunlarını “boykot” etməkdən söhbət açıldı. Əslində, hər hansı bir dövlətin bu Oyunlarla bağlı boykotu olmadı. Bu kimi məsələlər sadəcə bəzi mətbuat orqanları, ermənipərəst dairələr və erməni lobbisi vasitəsilə maliyyələşən təşkilatlar, qruplar tərəfindən ortaya atılırdı. Xatirinizdədirsə, Pekin Yay Olimpiya Oyunları zamanı bir sıra dövlətlər bu oyunlarda iştirak etməmək üçün bəyanatlar vermişdilər. Yaxud, Rusiyada keçirilən Soçi Qış Olimpiya Oyunlarında “boykot”lar rəsmi dövlət səviyyəsində dövlət başçıları və ya nümayəndələri tərəfindən səsləndirildi. Amma I Avropa Oyunları zamanı hansısa dövlət tərəfindən rəsmi mövqe ortaya qoyulmadı. Hətta Oyunlarda iştirak etməyən dövlətlərin başçılarının burada iştirakı bilavasitə Azərbaycan dövlətinin nüfuzundan, respublikamızın oynadığı həm regional, həm də beynəlxalq roldan irəli gəldi. Bunlar bir daha göstərdi ki, dünya ölkələri tərəfindən Azərbaycana nə qədər maraq var.

Əlbəttə, qısqanclıq hər zaman olub. Çünki müstəqil Azərbaycanı gözü götürməyən qüvvələr də mövcuddur. Təəssüf ki, sapı özümüzdən olan baltalar da var. Məsələn, ABŞ-da Azərbaycanla bağlı bədnam dinləmələr keçirilir, orada iştirak edən beş nəfərdən biri vaxtilə Azərbaycanda işləmiş səfir, biri antiazərbaycançı “Human Right Watch” təşkilatının nümayəndəsi, üçü isə azərbaycanlıdır. Onların içərisində özlərini erməni adı ilə yazdıranlar da var. Yəni ABŞ-ın hər hansı konqresmeni, senatoru, yaxud da siyasətçisi bu dinləmələrdə iştirak etmir. Sadəcə, bir neçə azərbaycanlı yığışıb Azərbaycana qarşı hər hansı təzyiqlər göstərilməsinə cəhd edirlər.

Bundan başqa, bu yaxınlarda Avropa Parlamentində belə bir müzakirə aparıldı ki, idman sülh deməkdir. BMT-nin də “idmanı siyasətə qatmaq olmaz” kimi qətnaməsi var. Lakin Avropa Parlamenti idman və insan hüquqları altında analoqu olmayan bir məsələ də ortaya çıxardı. Guya Azərbaycanda “siyasi məhbus”lar var. Avropanın özündə çoxsaylı biabırçılıqların yaşandığı, rüşvət qalmaqallarının qeydə alındığı, mitinqlərin polis gücünə qəddarlıqla dağıdıldığı bir vaxtda idmanı gətirib siyasətə qatmaları və diqqətlərini Azərbaycana yönəltmələri antiazərbaycançı düşüncədən xəbər verir. Azərbaycanda isə siyasi fəaliyyətinə görə kiməsə təzyiq olunması ilə bağlı bircə fakt belə yoxdur! Törətdiyi konkret cinayət əməlinə görə kiminsə məsuliyyətə cəlb olunmasına siyasi don geyindirmək absurddur. Bu cür məsələlərin Avropa strukturlarında yenidən qaldırılması təbii ki, Azərbaycana olan qısqanclıqdan irəli gəlir.

Bir sıra ölkələrin televiziyaları riyakarlıq edib bu Oyunları yayımlamasalar da, ümumilikdə bir milyard insan bu Oyunları izləməklə Azərbaycanın nə qədər stabil, inkişaf etmiş, müasir, Şərq və Qərb sivilizasiyasının ən önündə gedən bir dövlət olduğunu gördü. O cümlədən, buraya gələn idmançıların, turistlərin hər biri ölkəmiz barədə öz ətrafında danışanda milyonlarla insan Azərbaycanı daha yaxından tanıyacaq.

I Avropa Oyunları həm də Azərbaycan xalqı üçün bir səfərbərlik idi. Sabah Dağlıq Qarabağ üçün ediləcək səfərbərliyin ilk imtahanı idi. Çünki bu tədbirlə əlaqədar hər kəs öz məsuliyyətini dərk etdi. Mən xüsusilə 12 mindən artıq könüllünün fəaliyyətini qeyd etmək istəyirəm. Onlar əməkhaqqı almırdılar, sadəcə öz vətənlərini təmsil etmək üçün prosesə qoşuldular. Könüllülərin Oyunlar boyu canfəşanlıqla, həvəslə çalışmaları vətənləri qarşısında layiqli xidmətləri idi. Belə bir deyim var: “Soruşma ki vətən mənim üçün nə edib, soruş ki, sən vətən üçün nə etmisən?” Bax, gənclərimiz Avropa Oyunları zamanı “mən vətən üçün nə etmişəm” sualına cavab verdilər.

Mehriban xanım Əliyevanın rəhbərliyi altında I Avropa Oyunlarının Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Cənab Prezident Mehriban xanıma “Heydər Əliyev” ordeni təqdim edərkən belə bir ifadə işlətdi ki, Mehriban xanım bu yolda öz canını qoydu. Doğrudan da, belə oldu! Mehriban xanım məmurlara bir nümunə göstərdi. Tapşırılan işi layiqincə, yüksək səviyyədə, Prezidentin zövqünə, apardığı siyasətə uyğun yerinə yetirmək budur! Hər bir şəxs öz tutduğu postda öz vəzifə borcunu bu səviyyədə yerinə yetirsə, cəmiyyətdə heç bir problem qalmaz! Bax, bunun özü də müxtəlif strukturlarda çalışan insanlara bir mesaj idi.

Hesab edirəm ki, Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın böyük bir uğuru idi. Mənim xoşuma gələn cəhətlərdən biri də Oyunların açılış və bağlanış mərasimlərində əksər siyasi partiya nümayəndələrinin iştirak etməsi idi. Həmçinin, bəzi QHT-ləri çıxmaq şərtilə, hamısı orada iştirak etdi. Xüsusən də Azərbaycan mediası bu Oyunları çox gözəl işıqlandırdı. Mətbuatımız Azərbaycana atılan böhtanlara, qarayaxmalara tutarlı cavablar verdi. Sadəcə, bir-iki bədnam qəzet idmançılarımızın uğurlarını həzm edə bilmədi. Bəzi idmançıların legioner olduğunu qabartdılar. Buna qalsa, fransız idmançıların əksəriyyəti qaradərili idi. Rusiya güləşçilərinin hamısı Şimali Qafqazdan olanlardı. Yəni idmanda belə şeylər normaldır. Onların qaragüruhçuluğuna baxmarayaq I Avropa Oyunları Azərbaycan cəmiyyətindəki birliyi, həmrəyliyi daha da möhkəmləndirdi. Dünyaya sübut olundu ki, bəzi qüvvələrin aranı qatmasına baxmayaraq həlledici məqamlarda, ümumxalq, ümumdövlət maraqları ortaya qoyulanda Azərbaycan cəmiyyətinin sıx birliyi daha aydın görünür. Bütövlükdə, Prezident İlham Əliyevin qətiyyəti, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin mütəşəkkil və peşəkar fəaliyyəti antiazərbaycançı dairələrin bütün niyyətlərini gözündə qoydu.

Rasim MUSABƏYOV:

- Hər bir böyük tədbirə sonda qiymət verilməsinə ehtiyac var. Əlbəttə başa çatan I Avropa Oyunlarının yekunu barədə təəssüratlar yüksəkdir. Lakin bunun idmanla yanaşı, təşkilatçılıq, təbliğati və s. tərəfləri də var və ayrı-ayrılıqda hər biri müzakirə olunaraq qiymətləndirilməlidir. Müəyyən məsələlər barədə mülahizələrimi qeyd etmək istərdim. İlk növbədə bu tədbir Azərbaycan xalqı üçün idi. Bu baxımdan qarşımıza qoyulan məqsədlərə nail olduq. Bunun üçün müasir idman infrastrukturu yaradıldı. Hansı ki bu gün inkişaf etmiş Avropa ölkələrində belə mükəmməl idman infrastrukturu mövcud deyil. Bakı bu tədbir ərəfəsində daha da abadlaşdı, şəhər təsərrüfatının bütün sahələrində böyük işlər görüldü. Heydər Əliyev Hava Limanında təzə terminal tikildi, yollar və digər infrastrukturlar da yüksək səviyyəyə gətirildi.

Belə möhtəşəm tədbir Avropa tarixində ilk dəfə idi ki, keçirilirdi. Ona görə də bir qeyri-müəyyənlik var idi. Olimpiya Oyunları adətən Yunanıstandan başlanıb, dünya miqyaslı bir tədbirə çevrilsə də, bu yarışlarda iştirakına görə daha çox Avropa qitəsi dövlətləri üstünlük təşkil edirdi. Ötən əsrin əvvəllərində demək olar ki, Amerika Birləşmiş Ştatlarından başqa Olimpiya Oyunlarının iştirakçılarının hamısı Avropa dövlətləri idi. Digər qitələrin idmançıları yalnız ötən əsrin 50-ci illərindən tədricən bu yarışlara qoşulmağa başlayıb. Asiya, Amerika Oyunları mövcud olsa da, ayrıca Avropa Oyunları keçirilmirdi. Çünki Avropa qitəsində belə hesab edirdilər ki, beynəlxalq miqyasda keçirilən Olimpiya Oyunları elə Avropa Oyunlarıdır. O da faktdır ki, Olimpiya Oyunlarında medalların çoxunu da Avropa ölkələri qazanırlar. Lakin tədricən belə bir fikir yarandı ki, Avropanın özündə də ayrıca Oyunlar keçirilsin. Amma ilk Oyunların təşkilinin çətinliyini bildikləri üçün heç bir dövlət bu məsuliyyəti öz üzərinə götürmək istəmirdi. Azərbaycan dövləti bu böyük məsuliyyəti üzərinə götürərək I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə müraciət etdi. Avropa ölkələri Olimpiya Komitələrinin demək olar ki, yekdil qərarı ilə yarışların Azərbaycanda keçirilməsinə razılıq verildi. Bu da səbəbsiz deyildi! Bu vaxta qədər ölkəmiz bir çox beynəlxalq səviyyəli idman yarışlarına evsahibliyi edərək yüksək təşkilatçılıq nümayiş etdirib. Eyni zamanda, Avropa Olimpiya Komitələrinin və ayrı-ayrı idman federasiyalarının rəhbərləri və mütəxəssisləri yaxşı bilirdi ki, ölkəmizdə mükəmməl idman infrastrukturu mövcuddur. Bu səbəbdən də böyük səs çoxluğu ilə Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə razılıq verildi.

Bu yarış ilk dəfə keçirildiyi üçün Azərbaycanın üzərinə böyük məsuliyyət düşürdü. Ona görə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə ölkəmizin razılıq verməsi minnətdarlıqla qarşılanmalıdır. Ona qədər hələ heç kəs bilmirdi ki, bu Oyunlarda hansı standartlar tətbiq edilməlidir. Belə bir qeyri-müəyyənlik var idi. Bəziləri bunu Avropada gənclərin idman yarışı kimi də təsəvvür edirdi. Lakin Azərbaycan bu yarışları Olimpiya Oyunları səviyyəsində keçirərək Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Bizdən sonra kim bu yarışlara evsahibliyi etsə, Bakıda tətbiq olunan standartlara əməl etməli olacaq! Çünki bu, həm də təşkilatçı dövlətin nüfuz məsələsidir. Mənə elə gəlir ki, Avropa Oyunlarının təşkilatçı dövlətləri bu standartlara əməl etməyə məcbur olacaqlar!

Hər bir mötəbər idman yarışlarından sonra onun nəticələrinə qiymət verilir. Təbii ki, Bakıda keçirilən I Avropa Oyunlarının nəticələrinə də müxtəlif ölkələr, eləcə də beynəlxalq təşkilatlar qiymət verəcək. Hətta hansı ölkənin nə qədər medal qazanmasının da hesabı aparılacaq. Sözsüz ki, daha çox yüksək nailiyyət göstərib medal qazanmaq ölkənin nüfuzunu artıran amillərdən biridir. Bu mənada I Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasına təkan verir. Digər amil isə yarışların keçirilməsində ölkəmizin təşkilatçılıq qabiliyyətinin qiymətləndirilməsidir. Şübhəsiz ki, I Avropa Oyunları Azərbaycanda çox yüksək səviyyədə keçirildi. Bu, təkcə bizim fikrimiz deyil. Yarışların keçirilməsində bizimlə birlikdə çalışan Avropa idman ictimaiyyətinin nümayəndələri də bu fikirdədir. Ən əsası isə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki ölkəmizdə keçirilən yarışları yüksək qiymətləndirdi. O, xüsusilə bu yarışların keçirilməsində dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin və I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək əməyini qeyd etdi.

Bir mühüm məsələni də vurğulamaq istəyirəm. Hazırda dünyanın hər yerində terror, xaos baş alıb getdiyi bir zamanda Azərbaycanda böyük idman tədbiri heç bir insident baş vermədən keçirildi. Bu müddətdə asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin edildi. Buna görə də Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə minnətdarlığımızı bildiririk. Bu orqanların əməkdaşları, necə deyərlər, yüksək sayıqlıqla öz vəzifə borclarını dövlət qarşısında şərəflə yerinə yetirdilər.

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verildiyi andan və Oyunların keçirildiyi günlərdə ölkəmizə qarşı haqsız basqılar oldu. Əslində bu basqıları həyata keçirən Avropa dövlətləri Azərbaycana minnətdar olmalı idilər. Biz ilk dəfə bu böyük məsuliyyəti üzərimizə götürərək yarışların Azərbaycanda keçirilməsinə razılıq verdik. Lakin bizə qarşı haqsızlıq gündən-günə artmaqda davam edirdi. Mənim şəxsi fikrim belədir ki, bu basqıların əsas səbəbi ölkəmizin müstəqillik qazandığı qısa müddətdə əldə etdiyi siyasi, iqtisadi, hərbi, eləcə də idman sahəsində əldə etdiyi uğurlardan yaranan qısqanclıqdır. Bəzi Avropa dövlətləri bizə diktə edərək öz şərtlərini qəbul etdirmək istəyirlər. Azərbaycan dövləti isə öz mənafeyindən çıxış edərək xarici və daxili siyasət yürüdür. Bu da öz şərtlərini yeritməyə çalışan ölkələrə, eləcə də onların siyasətini həyata keçirən beynəlxalq qurumlara xoş gəlmir. Mətbuat, parlament və müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə təzyiq göstərərək tutduğumuz düz yoldan bizi döndərmək istəyirlər. Lakin bu, mümkün deyil!

Xəzər İSAYEV:

- Olimpiya hərəkatının çox qədim tarixi var. İdmançı kimi bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm. Belə bir tədbirin ölkəmizdə, Azərbaycanda da keçirilməsini çox arzulamış, necə deyərlər, həsrətində olmuşam. Belə günləri yaşatmaqda dövlətimizin başçısı bizlərə yeni bir ömür verdi. Gənclərin idmana kütləvi axınına stimul yaratdı. Bu məsələ ilə əlaqədar çox danışmaq olar. Ən əsası da odur ki, biz Oyunların canlı şahidi olduq. Burada qeyd edildiyi kimi, oyunları izləyəndə fəxarət, qürur hissi keçirdik. Bəlkə də idmançı olduğum üçün bu məsələyə daha həssas düşüncələrlə yanaşıram.

Siyasi cəhətdən siz çox dəyərli sözlər dediniz, fikirlər söylədiniz, amma bir idmançı kimi, mən sanki hələ ayılmamışam! Hələ də oyunların keçirildiyi 17 günün təsirindəyəm: bilmirəm ki, necə gəlib-keçdi. Biz artıq bu Oyunlar üçün darıxırıq! Oyunlar başa çatsa da, onun yaratdığı ab-hava uzun müddət bizi öz təsiri altında saxlayacaq. Artıq Oyunların uniformasını əynimizdən, “qeydiyyat kartı” isə yaxamızdan çıxarmışıq, amma mənə elə gəlir ki, geyimimdə nəsə çatışmır! Bu Oyunların möhtəşəmliyi onda idi ki, nəinki Avropa, bütün dünya onun keçirilməsinə heyran qalmışdı. Bu da təsadüfi deyildi! Çünki Oyunların yüksək səviyyədə təşkili üçün münbit şərait vardı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ümumi inkişaf Azərbaycan idmanında da özünü gözəl şəkildə göstərdi. Bu möhtəşəmliyə gələn yol 1997-ci ildən başlanıb. Bunu danmaq olmaz! Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idmana münasibətin kökündən dəyişməsi, hər il Avropa və dünya çempionatlarının keçirilməsi, Olimpiya ailəsinə inteqrasiya, beynəlxalq idman qurumlarının Azərbaycanla qurduqları münasibətlər və nəhayət siyasi-ictimai sabitlik və respublikamızın mükəmməl idman infrastrukturu I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini şərtləndirdi. Bu uğurun qazanılmasının arxasında Azərbaycan dövləti və onun Prezidenti dayanır.

Burada qeyd edildi ki, bu Oyunların keçirilməsinə hazırlıq üçün, ən azı, 7 il müddət lazımdır. Bu müddət olmasa, belə tipli oyunların təşkili məqsədyönlü hesab edilmir. Buna baxmayaraq, Azərbaycan dövlətinin başçısı və MOK-un prezidenti bəyan etdi ki, biz bu Oyunların keçirilməsini öhdəmizə götürürük və bu işi layiqincə yerinə yetirəcəyik!

Məsələnin başqa bir tərəfini diqqətə çatdırmaq istərdim. Düzdür, Avropa Parlamentində Azərbaycan haqqında hansısa bir söhbət gedə bilər. Amma mən əminliklə deyirəm ki, Avropa Olimpiya Komitəsinin tərkib hissəsi elə Avropa dövlətlərinin nümayəndələrindən formalaşıb. Yəni bu gün Avropa Parlamentindəki söz-söhbət, sadəcə, daldan atılan daş təsiri bağışlayır. Buna ehtiyac yoxdur! Çünki həmin insanlar Bakıya gələrək hər cür hazırlığın şahidi olublar. Həmin dövrdə I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın başçılığı ilə 5 dəfə Koordinasiya Komissiyasının iclası keçirilib. Avropalı nümayəndələr məsələnin incəliyinə qədər təhlilini aparıblar. Əgər onları qane etməyən məsələlər var idisə, elə o zaman bu söhbətləri edə bilərdilər. Hər bir Avropa dövlətinin nümayəndələri Oyunlarda iştirak edirsə, demək, onların sonradan məsələyə başqa prizmadan yanaşmalarına lüzum yoxdur!

Siyasətçi olmasam da, idmançı kimi belə incəlikləri görürəm. Biz qarşıya qoyulan bütün hədəflərə çatdıq! Məsələlər öz həllini tapdı, həm də iki ildən bir qədər artıq müddətə! Avropa Olimpiya komitələrinin nümayəndələri özləri də inanmırdılar ki, Oyunlar bu səviyyədə baş tuta bilər! Doğrudur, bizdə bəzi idman oyunlarının beynəlxalq səviyyədə keçirilməsinə şəraitimiz və hətta təcrübəmiz də var idi. Amma elə idman növləri var ki, bizim üçün yenilik idi. Bu yeniliklər üçün də yeni idman qurğuları tikilməli idi ki, bunu da vaxtında edə bildik.

Azərbaycan idmanında fərdi qaydada yarışmada yüksək çoxsaylı nəticələrimiz var. Amma komanda idman növlərində bu olduqca azdır. Avropanın 50 ölkəsindən idmançıların həm də komanda halında yarışlarda iştirak etməsi bizim üçün mühüm və önəmli məsələdir. Lakin Oyunlarda yalnız fərdi idman növləri daha çox olsaydı, deyərdim ki, qazandığımız medalların sayı bundan da artıq olardı. Bildiyiniz kimi, komanda idman növlərində bir qədər çatışmazlıqlarımız var, bu istiqamətdə tam şəkildə formalaşa bilməmişik.

Mən Cənab Prezidentin idmançılarımızın nailiyyətlərinə göstərdiyi münasibətə də toxunmaq istəyirəm. Dövlət başçısının, eləcə də ölkəmizin birinci xanımının, həmçinin ailə üzvlərinin oyunlarda iştirakı mübarizə aparan idmançılarımızı qürurlandırır, qələbəyə ruhlandırırdı. Bir idmançı kimi deyirəm, bəzən məndə həmin idmançılara yaxşı mənada qibtə hissi oyanırdı. Ürəyimdə, “kaş, onun yerində mən olaydım” - deyə düşünürdüm. Bu, iki aspektdən, həm yarışların ölkəmizdə, vətənimizdə keçirilməsindən, həm də dövlət başçımızın və onun ailə üzvlərinin oyunlara belə vətənpərvərcəsinə can yandırmalarından yaşanan hisslər idi!

Zəfərlər qazanmaq üçün şərait həmişə, hər yerdə yaradılmır. Lakin I Avropa Oyunlarının hər bir iştirakçısı üçün zəfərlərə imza atma imkanı yaradılmışdı. Ona görə də Oyunlar gözləniləndən də artıq şəkildə və yüksək səviyyədə baş tutdu. Bu Oyunlar dövlətimizin ümumi inkişafı, idmançılarımızın hərtərəfli hazırlığı ilə yanaşı, xalqımızın mədəniyyətini, tarixini, vətəndaşlarımızın milli-mənəvi dəyərlərimizə böyük diqqət və qayğısını, vətənpərvərlik duyğuları ilə yaşadıqlarını bütün dünyaya nümayiş etdirdi.

Bilirsiniz, idmançılarımızın bir-birinin ardınca zəfərlərə imza atmaları onların azarkeşlər tərəfindən yüksək alqışlanması ilə də sıx bağlı idi. Hətta, uduzan idmançılarımız alqışlanırdı ki, növbəti döyüşlərdə qalib olsunlar. Bununla da dünya Azərbaycan vətəndaşının idmana və idmançısına verdiyi dəyərin şahidi oldu. Bu, Azərbaycan vətəndaşının mədəniyyəti, həm də vətənə bağlılılğının nümunəsidir.

MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri kimi deyirəm ki, idman arenalarında hər şey hakimlər tərəfindən ədalət və haqq meyarında dəyərləndirilirdi. Kiçik bir detalın (voleybol yarışlarının birində baş verən “dırnaq məsələsi”ni xatırlatmaq istərdim) hakimlər tərəfindən diqqətdən kənarda qalmaması diqqəti cəlb edirdi. Ona görə də, bu, həm də ədalətli oyunların nümayişi idi. Yarışların bu cür - haqq-ədalətlə keçirilməsi də hazırlıq və təşkilatçılığın yüksək səviyyəsindən irəli gəlirdi.

5 medal alan gimnastımız var. Avropanın ən güclü dövlətlərinə qarşı yarışmada 5 medal almaq hər idmançıya nəsib olan xoşbəxtlik deyil. Bu da rekorddur, əlbəttə, bir idmançının 5 medal alması onun düzgün istiqamətdə hazırlığından və oyunların hakimlərinin ədalətli qərarından irəli gəlir. Bunu hakimlər müəyyənləşdirir. Təbii ki, bütün bunlar yüksək təşkilatçılıqdan və hakimlər briqadasının ədalət meyarı ilə çalışmalarından irəli gəlirdi. Yarışların getdiyi günlərdə gördük ki, həm də idmanda olan bu səmimilik əsl sülhün carçısı olan Azərbaycana yaraşır. Bununla fəxr etməyə dəyər!

Yenə də bizim idmançıların qələbəsinə qayıtmaq istəyirəm. Deyəndə ki, bu Oyunlar iki ildən bir az artıq müddətə keçiriləcək, federasiyalarımız məsələyə çox həssas və məsuliyyətlə yanaşdılar. London Olimpiadasında ilk günlər medal qazana bilməmişdik. Hər birimiz medal gözləyirdik. Nəhayət, ümidlərimiz özünü doğrultdu və bir-birinin ardınca qızıl medallar qazandıq. Bu, bizim üçün gözlənilən və həm də hədsiz sevindirici qələbə oldu! Avropa Oyunlarında isə qələbəmiz daha çox oldu və biz bunun üçün Gənclər və İdman Nazirliyinin, MOK-un, ayrı-ayrı federasiyaların gərgin zəhmətinin yüksək nəticəsini qiymətləndirməliyik.

Standartlara gəldikdə onu deyim ki, bu, ilk olaraq hər birimiz üçün qeyri-müəyyən idi. Ona görə ki, hələ Avropa miqyaslı oyunlar keçirilməmişdi. Bunun təyinatı qurulmalı, yeni bir status yaranmalı idi. Bu statusun, Avropanın 50 dövləti arasında Bakıda yaranması bizim ən böyük nailiyyətimiz idi. İkincisi, biz “Atəşgah”dan od alaraq məşəlimizi yandırıb bütün bölgələrimizi gəzdik və Azərbaycan xalqının mədəniyyətini, idmana olan bağlılığını dünyaya təqdim etdik. Prezident İlham Əliyevin qürur və fəxrlə qeyd etdiyi kimi, bundan sonra Avropa Oyunları hansı ölkədə keçirilməsindən asılı olmayaraq məşəl Azərbaycanda alovlandırılacaq! Bax, bu, Azərbaycan xalqının yeni tarixidir! Azərbaycan 50 ölkə arasından yeganə dövlət oldu ki, Avropanın idman tarixini yazdı! Önəmli məsələlər də bundan ibarətdir.

Hər birimiz çalışırıq ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək. Bu baxımdan Avropa Oyunları Azərbaycanın təbliği baxımından mühüm hadisə oldu. Bununla nəyə qadir olduğumuzu sübut etdik. Biz özümüzü dünyaya göstərdik və verdiyimiz sözün arxasında dayandığımızı təsdiqlədik. Mənə elə gəlir ki, bu, Avropa və dünya xalqlarına bir örnək oldu. Bununla bizi sevənləri sevindirdik, sevməyənləri isə məyus etdik.

Hicran ŞƏRİFOV:

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan Azərbaycan dövləti idmanın, xüsusilə də Olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün Azərbaycanda lazımi maddi-texniki baza da yaradılıb.

Lakin məlumdur ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə yaranmış böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. İdmanın xilası və inkişaf etdirilməsi üçün ilk növbədə dövlətin idmana münasibətində ciddi dəyişiklik yaranmalı idi. Bu, 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən sonra başladı. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra idmana da münasibət kökündən dəyişdi. Azərbaycan xaos və anarxiya girdabından çıxdığı zaman idmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

Həmin dövrdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyətinin birinci beşilliyində (1992-1997-ci illər) görülmüş işlər qənaətbəxş sayıla bilməzdi. Çünki MOK-un fəaliyyəti lazımi səviyyədə qurulmamışdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdı. Bu mənada MOK da qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün kənarda qalmamalı, aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe tuta bilmədi, ölkənin idman həyatına müsbət təsir edəcək işləri, demək olar ki, görə bilmədi.

MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisində bütün bu məsələlər ciddi müzakirə olundu. Məlum oldu ki, istedadlı idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən getmiş, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. Həmçinin aydın oldu ki, MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə əlaqəsi yoxdur.

Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı cənab İlham Əliyev MOK-un prezidenti seçildi. Elə ilk günlər göstərdi ki, MOK bu seçimdə səhv etməmişdir! Gözlənildiyi kimi, yeni prezident fəaliyyətə coşqun enerji və işə bələdliklə, mövcud durumu düzgün qiymətləndirməklə, idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib dərhal hərəkətə keçməklə başladı.

Beləliklə, 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə ölkədə Olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. İlk növbədə Olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı. İşə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı. Beləliklə, cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, bu sahədə sistemli şəkildə işlər görüldü.

Həmin dövrdən başlayaraq Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi və digər beynəlxalq idman təşkilatları ilə əməkdaşlığın daha da genişləndirilməsi ölkəmizin dünya Olimpiya hərəkatına fəal şəkildə qoşulmasını təmin etdi. Bir sözlə, MOK Prezident İlham Əliyevin rəhbərliyi ilə ideal bir Olimpiya Komitəsinə çevrildi. Bunu idmançılarımızın Olimpiya Oyunlarında göstərdikləri nəticələr əyani şəkildə nümayiş etdirir. İdmançılarımız Olimpiya Oyunlarında getdikcə daha çox medal qazanaraq hər dəfə milli rekordu təzələdilər. Belə ki, ölkəmizin ilk dəfə müstəqil yığma komanda kimi qatıldığı Atlanta Olimpiadasında (1996) cəmi bir medal (gümüş) qazanılmışdısa, sonrakı Olimpiya Oyunlarında - Sidneydə 3 medal (2 qızıl, 1 bürünc), Afinada 5 medal (1 qızıl, 4 bürünc), Pekində 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc), nəhayət, Londonda 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) əldə edildi. Prezident İlham Əliyevin hər dəfə Olimpiya Oyunları keçiriləndə idmançılarımızın yanında olması və dəstəkləməsi onları daha da ruhlandırıb və əlavə stimul verib.

Prezident İlham Əliyevin rəhbərliyi altında MOK-un qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Azərbaycanın 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və futbol üzrə AÇ-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.

İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutduğundan “Bakı-2015” ilk Avropa Oyunları idman tariximizdə mühüm hadisə və yeni səhifə kimi daim xatırlanacaq. “Bakı-2015” I Avropa Oyunları həm də dörd ildən sonra keçiriləcək növbəti Oyunların bələdçisi və Oyunların konsepsiyasının ən gözəl nümunəsidir. Eyni zamanda, Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi, gələcək yarışlar üçün meyarlar yaratdı. Lakin 2019-cu ildəki Oyunların Bakıdakı yarışmanın tam təkrarı olacağına inanmıram. Çünki Azərbaycan ən ideal təşkilatçılıq nümunəsini ortaya qoymuşdu və onun təkrarlanması çətindir.

Ən əsası, Azərbaycan Avropa Oyunlarını Yay Olimpiya Oyunları standartları səviyyəsində keçirməklə daha möhtəşəm yarışlara evsahibliyi edə bilmək imkanlarını nümayiş etdirdi. Bütün yarış meydançaları, məşq zalları, idmançıların istirahət otaqları, onların qidalanması, Atletlər kəndinin yaradılması və digər proseslər ən müasir Olimpiya standartlarına uyğun qurulmuşdu. Ona görə bu gün Azərbaycandakı mövcud idman infrastrukturu ölkəmizə daha böyük miqyaslı idman tədbirlərini keçirməyə imkan verir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bu dövrdə Avropa idman ailəsinin ölkəmizə göstərdiyi yüksək etimadı layiqincə doğrultdu. Həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır.

İdmançılarımızın “Bakı-2015”də əldə etdiyi yüksək nailiyyəti xüsusi qeyd etmək lazımdır. Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının qızıl medallar uğrunda gərgin mübarizə apardığı Oyunlarda Azərbaycan 50 ölkə arasında 2-ci yerlə növbəti dəfə güclü olduğunu nümayiş etdirdi. 291 atletimiz möhtəşəm idman yarışında ölkəmizi layiqincə təmsil etdi. Bir daha dünyaya nümayiş olundu ki, Azərbaycan idman sahəsində də Avropada öndə gedən ölkədir. Avropa Oyunlarına daxil olan 16 olimpiya idman növündən 12-si lisenziya xarakterli idi. Bu fürsətdən hər bir idmançı yararlanmaq istərdi. 100-dən artıq Olimpiya və dünya çempionu “Bakı-2015”də yarışdı.

Hakimlik də Avropa Oyunlarında çox yüksək səviyyədə təşkil olunmuşdu. Olimpiya Oyunlarında olduğu kimi, burada da hakimlərin işinə çox ciddi nəzarət var idi. Həm də edilən səhvlər hakimlərə “Rio-2016” Olimpiya Oyunlarına qatılmaqda maneələr yarada bilərdi. Ona görə də hakimlər hər bir qərarda ədalətli və diqqətli olmağa çalışdılar və buna nail oldular.

Bəxtiyar SADIQOV:

- Bir məsələyə toxunmaq istərdim. Demə, möhtəşəmliyin kökü özümüzdə imiş, elə içimizdə imiş. Amma biz bunu bilməmişik! Bir fikrə şərikəm ki, fərdi yarışlarda yaxşı nəticələr əldə edirik. Ancaq komanda yarışlarında uğur qazanmağa çətinlik çəkirik...

Ancaq Avropa Oyunlarında cənab Prezident elə bir komanda yaratdı ki, elə ilk təcrübədə ilk möhtəşəmliyi qazandıq! Deməli, komanda düzgün formalaşanda, liderimiz hamımızı düz istiqamətləndirəndə hər şey yaxşı olur və uğurlu nəticə əldə edilir.

I Avropa Oyunlarının möhtəşəm rəmzləri barədə da danışmamaq mümkün deyil. Ceyranımız nə qədər zərif, çırağımız nə qədər gözəl idi... Açılış mərasimində sanki “Min bir gecə” nağılı yaradılmışdı... Doğrudan da, qısa bir müddətdə bu qədər iş görmüşüksə, Azərbaycanın böyük potensialı vardır.

Bahar MURADOVA:

- Bu möhtəşəmlik, bu tədbir bir daha onu göstərdi ki, Azərbaycana qarşı yönəldilən bəd niyyətlərin hamısı cəfəngiyyatdır, həmçinin bizdə özümüzdən narazılıq yaratmaq üçün aparılan məqsədli siyasətdir. Beyinlərə süni surətdə yeridilən siyasətdir ki, bu millət heç bir iş görməyə qadir deyil, birlikdə ola bilmir, komandada oynamağı bacarmır.

O qərəzli yazılara, bədxah hücumlara, məkrli hədələrə ondan daha artıq cavab vermək vəzifə borcumuzdur! Millətin şüuruna kənardan yeridilən “layihə”lərə çox diqqət yetirmək onları tirajlamaq deməkdir. İnsanlara onları sevindirən, həyəcanlandıran, riqqətə gətirən pozitiv məqamları daha çox çatdırmaq lazımdır.

Əgər bu millət bütöv bir komanda kimi çıxış edə bilirsə, onun niyə voleybol komandası olmasın, niyə futbol komandası olmasın, hərə qolu özü vurmaq istəsin?! Siyasətdə ədalətli ola biliriksə, iqtisadi proseslərdə ədalətli ola biliriksə, idmanda niyə ədalətli ola bilməyək ki?

Biz BMT-nin Təhlükəsizlik Şurasında sədrliyə başlayanda prinsiplərimizdən biri ədalət idi! Prezident İlham Əliyev də bu təşəbbüsü irəli sürəndə Azərbaycanın düşüncəsinə, milli-mənəvi dəyərlərinə, təfəkkürünə istinad edirdi. Biz ədalətli xalqıq.

Ədalətlilik bu Oyunlarda da başlıca prinsip idi və hətta texniki parametrlərdə də özünü göstərirdi. Əvvəlki beynəlxalq yarışlarda texniki imkanların bu qədər genişliyi ilə rastlaşmamışdıq. Burada isə anındaca hər şeyi dəqiq təyin etmək olurdu. Məsələn, yarış vaxtı hansısa mübahisə doğuran məqam baş verirdi və yüksək texniki çəkim vasitəsilə məsələyə aydınlıq gətirilirdi.

Xatırlayıram ki, biz seçkilər zamanı məntəqələrdə veb-kameralar yerləşdirəndə deyirdilər ki, siz bunu vətəndaşların kimə səs verdiyini müəyyənləşdirmək üçün edirsiniz. Bizim məqsədimizi tamamilə başqa cür qiymətləndirirdilər. Biz burada ədalətli olmaq istəməsəydik, bu imkanları yaratmazdıq! Deyərdik ki, qoy məsələni subyektiv mövqe həll etsin. Bunu etdiksə, deməli, bizim yanaşmamız belədir və hər kəs də ondan keçən qərarı düzgün hökm kimi qəbul edir və hakimin də iradəsinə qarşı çıxmır.

Siyavuş NOVRUZOV:

- Açılış və bağlanış mərasimlərində möhtəşəm məqamların şahidi olduq. Olduqca təqdirəlayiqdir ki, “Eurovision” mahnı müsabiqəsində olduğu kimi, burada da ənənələrimizi, tariximizi, mədəniyyətimizi, incəsənətimizi dünyaya göstərdik. Məsələn, ilk insan məskəninin Azərbaycan olması, Qobustan qaya rəsmləri və s. 100-dən artıq ölkədə göstərildi. Bilirsiniz ki, hazırda Nizami Gəncəviyə şərik çıxanlar çoxdur. Amma onun əsərlərindən ibarət miniatürlərin yaradılması, geniş şəkildə təqdim olunması ilə dünyaya göstərildi ki, Nizami Azərbaycan mütəfəkkiridir. Bundan başqa, “Sarı gəlin” mahnısına bir daha öz möhürümüzü vurduq. Həmçinin balabanın səsləndirilməsi və digər detallara nəzər saldıqda görürük ki, Azərbaycanın milli maraqları düşünülmüş şəkildə təmsil olundu. Həmçinin Avropa Oyunlarının açılış mərasimində məşəli paralimpiyaçının yandırmasının özündə də dərin anlam vardı. Bu, Qarabağ müharibəsi nəticəsində bir idmançının öz səhhətini itirməsi demək idi. Eyni zamanda, həm Azərbaycanın sosial ədalət prinsipinin qorunması, həm də dövlətin Qarabağ müharibəsi iştirakçılarına olan diqqətinin təcəssümü idi.

Qeyd etdiyimiz antiazərbaycançı dairələr indi də Oyunlara sərf olunan vəsait haqqında düzgün olmayan, bayağı, heç bir hesablamaya uyğun gəlməyən rəqəmlər səsləndirirlər. Lap onların dediyi rəqəmlərlə götürək, bu xərclənənlər havaya uçmayıb ki... Azərbaycanda 68 min nəfərlik böyük bir stadion, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı, Velopark tikilib, bütün digər idman qurğuları yenidən qurulub. Bundan başqa, nə qədər hotellər istifadəyə verilib, yollar abadlaşdırılıb. Bütün bu işlərin görülməsində azərbaycanlılar işləyib, əməkhaqqı alıblar. Biz bu Oyunlardan bəhrələnərək şəhər infrastrukturu da yaratmışıq. Bunu alqışlamaq lazımdır. Yəni dərk edən, prosesi qavrayan adam bu məsələlərə qərəzli mövqedən yanaşmamalıdır. Əksinə, deməlidir ki, qurulan hər şey Azərbaycana qalan mirasdır. Gələcəkdə bu obyektlərin hər birindən geniş şəkildə istifadə olunacaq və böyük gəlir götürüləcək.

Rasim MUSABƏYOV:

- Avropa mətbuatında dərc olunan yazılara əhəmiyyət vermək lazım deyil! Çünki bu yazıları elə Avropa ölkələrinin özündə oxuyan yoxdur. Lakin Bakıda keçirilən yarışları dünyanın kütləvi informasiya vasitələri işıqlandırıblar. Avropanın aparıcı idman telekanalları yarışları birbaşa canlı yayımlayıblar. Bunun müqabilində bəzi qəzet və televiziya kanallarının yazdığı yazılar və hazırladığı verilişlər böyük auditoriyaya təsir etmək imkanında deyil!

Yarışlar başa çatdı. Bu yarışları özündə əks etdirən videomateriallar internet və televiziya kanallarının arxivində qalacaq. Ən başlıcası isə bundan sonra I Avropa Oyunları keçirilərkən mütləq onun tarixinə nəzər salmağa məcbur olacaqlar. Bu zaman Bakıda keçirilən ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimindən müxtəlif yarışlarda reportaj verəcəklər. Ən maraqlısı isə odur ki, bütün Avropa Oyunlarının məşəli Bakıda “Atəşgah”da alovlandırılacaq və bu mərasim də bütün kütləvi informasiya vasitələri ilə yayılacaq. Azərbaycanın bu yarışlara yüksək səviyyədə evsahibliyi etməsinin üzərindən xətt çəkmək mümkün deyil! Bakıda tarix yazılıb və bu tarix də Avropa Oyunları keçirildikcə yad ediləcək!

Siyavuş NOVRUZOV:

- Bəzi dairələr insan hüquqları adı altında ölkəmizə təzyiq göstərməyə çalışırlar. Adını da qoyurlar ki, insan hüquqları heç bir dövlətin daxili işi deyil. Yaxşı, əgər belə olduğunu deyirsinizsə, sizə də bu cür yanaşılmalıdır. Son 8 ayda ABŞ-da yalnız polis tərəfindən 100-ə yaxın qaradərili insan qətlə yetirilib. Sanki XXI əsrdə Amerikada qaradərililərə qarşı bir soyqırımı kampaniyası aparılır. Ötən il Ferqyuson hadisələrində qaradərili vətəndaş qətlə yetirilən zaman sakinlər etiraz əlaməti olaraq küçələrə çıxmışdılar. Amma ABŞ bu hadisənin öz daxili işi olduğunu bildirdi.

Əgər insan hüquqlarından danışırıqsa, İraq və Suriyada “İslam dövləti” adlı silahlı qruplaşma hazırda kütləvi qətllər, edamlar törədir. Əgər insan hüquqları Qərb üçün belə maraqlıdırsa, niyə İraq və Suriyada baş verənlərlə bağlı tədbir görmür, niyə bunun qarşısını almaq üçün addımlar atmır? Əgər insan hüquqları bir ölkənin daxili məsələsi deyilsə, niyə oradakı insanların hüquqlarının qorunmasına çalışmır. Məgər onlar insan deyillər? ABŞ qoşunları İraqa girənə qədər Səddam Hüseynə ittiham irəli sürürdülər ki, onun dövründə 165 nəfər günahsız insan öldürülüb. Lakin bugünkü statistikaya görə, İraqa ABŞ-ın müdaxiləsindən bəri bu ölkədə bir milyon insan terror nəticəsində öldürülüb, 6 milyondan artıq insan şikəstdir. Qoy, insan hüquqlarından danışan o adamlar bundan utansınlar.

Yaxud da işgəncələrlə bağlı “Human Right Watch”, “Freedom House” kimi təşkilatlar müxtəlif hesabatlar hazırlayırlar. Bəs niyə indiyədək bir dəfə də olsun Quantanomoda baş verənlərə diqqət yetirməyiblər?! Axı orada insanlara bəşəriyyətdə görünməyən işgəncələr verildi və bu gün də gizli həbsxanalarda bu proses davam edir.

Yəni biz bu mesajları həm o şəxslərə, həm də xalqımıza verməliyik ki, bu gün insan hüquqları Azərbaycanda kifayət qədər qorunur. Antiazərbaycançı şəbəkəni isə Azərbaycanda insanların hüquqları deyil, özlərinin çirkin planlarının reallaşması maraqlandırır!

Xəzər İSAYEV:

- Avropa idman komissiyaları ilə daim ünsiyyətdəyəm. Onlar da I Avropa Oyunlarının gedişindən tam razı qalıblar. Cənab Prezident qeyd etdi ki, mən Mehriban xanımı Təşkilat Komitəsinin sədri seçəndə bilirdim ki, bütün işlər çox yüksək səviyyədə keçiriləcək. Təşkilati məsələlərlə yaxından tanış olan biri kimi deyərdim ki, doğrudan da, Mehriban xanım Əliyeva I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi, bütün bu nailiyyətə ona görə imza atdı ki, formalaşdırdığı komanda saat mexanizmi, zərgər dəqiqliyi ilə işlədi. Mehriban xanımın özünün dediyi kimi, öndə kapitan olaraq cənab Prezident ümumi işimizin ortaya yüksək səviyyədə çıxarılmasına çalışdı və istənilən nailiyyətə imza atdıq. Bu qüruru isə cənab Prezident istər yarışları izləyərkən, istərsə də qalibləri mükafatlandırarkən dəfələrlə hiss etdirdi.

Hicran ŞƏRİFOV:

- Bir məsələni də qeyd etmək istərdim ki, Avropa Oyunlarının təhlükəsizliyi ən yüksək səviyyədə təmin olundu. İdman qurğularının, açılış və bağlanış mərasimlərinin, idmançıların təhlükəsizliyi üçün bütün lazımi tədbirlər həyata keçirildi. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi altında Azərbaycan polisi ilk Avropa Oyunlarının sabit və təhlükəsiz şəraitdə baş tutması, paytaxtın əsas prospekt, küçə və yollarında hərəkətin təhlükəsizliyinin, habelə əcnəbi qonaqların yerləşdirildiyi obyektlərin, o cümlədən Atletlər və Media kəndlərinin qorunması üçün bütün lazımi tədbirləri yüksək səviyyədə gördü. Yarışların keçirildiyi arenaların ətrafında, nümayəndə heyətlərinin işlədikləri, istirahət etdikləri, əyləndikləri və yaşadıqları yerlərdə ictimai asayiş çox yüksək səviyyədə qorundu. Bununla yanaşı, qonaqların ictimai nəqliyyatdan da istifadə edəcəyi nəzərə alınaraq metroda, marşrut avtobuslarında ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması yönündə qabaqlayıcı tədbirlər həyata keçirildi.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti qanunvericiliklə üzərinə düşən məsul vəzifələrin, habelə dövlət başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqların öhdəsindən layiqincə gəldi. Sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəmədi.

I Avropa Oyunlarından danışarkən könüllülərin də işini xüsusi qeyd etmək lazımdır. Səmimi, mehriban könüllülərin iştirakı olmadan ilk Avropa Oyunlarını bu cür ideal şəkildə keçirmək çətin olardı. Çünki bu Oyunların bir hissəsi məhz könüllülərin çiyinləri üzərində idi. Düşünmək olar ki, Azərbaycan gəncləri könüllü olaraq ilk Avropa Oyunlarının simasına çevrilərək Bakı şəhərinə gələn qonaqlar üçün nadir bir mühitin yaradılmasında iştirak etdilər.

Bütövlükdə, I Avropa Oyunlarının möhtəşəm şəkildə baş tutması ölkəmizin çox böyük və tarixi uğurudur! Bu uğurun qazanılmasında hər kəs öz üzərinə düşən vəzifəni layiqincə icra etdi.

Bahar MURADOVA:

- Durna çırağının nə olduğunu bəlkə də indiyə qədər çoxlarımız bilmirdi. İndi biz o durna çırağına tamamilə başqa gözlə baxdıq. Deməli, əsas məsələ malik olduqlarımızı necə təqdim etməkdir. Bu, Azərbaycan standartı idi! Özümüzə xas olan formada, özümüzün lazım bildiyimiz formada təqdimatımız o qədər gözəl idi ki, özümüz onu yenidən dərk edib dəyərləndirdik. Folklorumuza, tariximizə, qəhrəmanlarımıza, obrazlarımıza, musiqimizə yeni yanaşma yarandı. Rəngləri yada salaq. Onların necə gözəl ahəngi vardı. Özü də insanın ruhunu oxşayan, insana ruh verən rəng seçimi idi. Düşünmürəm ki, orada kimsə yorula bilərdi. Heç kəs o açılış, bağlanış mərasimlərinin sona çatmasını istəmirdi.

Şəxsən Prezidentin azarkeşliyi məsələsini xüsusi qeyd etmək istəyirəm. İştirak etmək başqadır, azarkeşlik başqa! Ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin təşkilatçılığından əlavə, azarkeşliyi ən yüksək səviyyədə və ali səmimiliklə özünü göstərdi. O, bu tədbirdə də böyük mənada azərbaycanlı, vətəndaş, azarkeş kimi çıxış edirdi! Hamı ilə bir sırada əyləşməsi, yarışlara ailəsi ilə birlikdə tamaşa etməsi, hiss-həyəcanını göstərməsi, bundan çəkinməməsi nümunə idi! Bütün bunlar ümumilikdə cəmiyyətdə azarkeşlik mədəniyyətini formalaşdırırdı.

Cənab Prezidentin azarkeşliyi göstərdi ki, insan kimliyindən, vəzifəsindən, ranqından asılı olmayaraq insandır. Hamı kimi onun da sevdiyi idman növü var və onun üçün özü istədiyi kimi sevinməyi bacarmalıdır. Bir sözlə, Prezident uğurlarımıza hamıdan çox sevindi, uğursuzluğumuz olanda hamı qədər məyus oldu. Amma ruhdan düşmədi, təsəlli verdi. Yarışda uduzan 17 yaşlı idmançımız ağladı, Prezident şəxsən ona zəng vurub təsəlli verdi, “səndən uğurlar, qələbələr gözləyirik” dedi. Gəncdə ruh yüksəkliyi yarandı. Bu, böyük bir səmimiyyət, insanpərvərlik, diqqətdir!

Bəxtiyar SADIQOV:

- Qeyd etməliyəm ki, I Avropa Oyunlarının ən ali azarkeşi Azərbaycan Prezidenti cənab İlham Əliyev idi. Amma arenalarımızda südəmər körpələr, azyaşlı uşaqlar da az deyildi. Bu, təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının bariz nümunəsi idi...

Xatırladım ki, müstəqillik dövründə ölkəmiz 5 Yay Olimpiya Oyunlarında iştirak etmişdi. Əgər ilk Oyunlarda cəmi bir medal (gümüş) qazanılmışdısa, sonuncu London Yay Olimpiya Oyunlarında idmançılarımız 2-si qızıl, 2-si gümüş olmaqla on medala layiq görülmüşlər. İndiyədək Avropa, dünya çempionatlarında və beynəlxalq turnirlərdə atletlərimiz təxminən 7473 medal almışlar. Ən rekord nəticə isə I Avropa Oyunlarında qeydə alındı. Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla bütövlükdə 56 medala sahib çıxdı. Bu arada, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin açıqladığı son rəqəmləri diqqətinizə çatdırmaq istəyirəm. Yarışları hər gün 80 faizdən çox tamaşaçı izləmişdir. Oyunlar dünyanın 145 ölkəsində işıqlandırılmışdır. Təkcə möhtəşəm açılış mərasimi 120 ölkədə canlı yayımlanmışdır. Bütün dünyaya 1100 saatdan çox yayım vaxtı verilmişdir. Ümumiyyətlə, Oyunları 823 milyona yaxın tamaşaçı izləmişdir. Hər gün təqribən 5-6 milyon adam yarışlara Oyunların rəsmi internet səhifəsindən tamaşa etmişdir.

Bəziləri elə bilirdi ki, ölkəmiz bu ağır yükün altında qalacaq və bədxahlar buna sevinəcək! Lakin biz bu Oyunları elə bir səviyyədə keçirdik ki, indi heç bir ölkə bu yükün altına girməyə cəsarət etmir! I Avropa Oyunlarının alovu daim “Atəşgah”da, Azərbaycan torpağında yanacaq! Bu 17 gündə yaşadığımız böyük həyəcana, coşquya, fəxarətə və qürura görə cənab Prezidentə minnətdarıq!

I Avropa Oyunları bütün göstəricilər üzrə - hazırlıqdan, yarışların keçirilməsindən tutmuş xalqımızın qonaqpərvərliyinə, yeməklərin dadına kimi yeni, yüksək standartlar müəyyənləşdirdi.

Azərbaycan 17 gün davam edən yarışlarda özünün həqiqi simasını təqdim etdi! Hamı dövlətimizlə, dövlətçiliyimizlə tanış oldu! Prezidentimizin necə bir insan olduğunu gördü! Azərbaycan gəncinə idmana, bayrağa məhəbbət hissi aşılandı. Müharibə aparan bir dövlət üçün bu, çox zəruri idi!

17 gündə bayrağımızı çox sevdik, himnimizə çox hörmətlə yanaşdıq! Bu da böyük uğurlardan biridir.

Hamı gördü ki, cənab İlham Əliyev Azərbaycanı təkcə iqtisadi cəhətdən inkişaf etdirməyib, həm də Avropanın ikinci idman dövlətinə çevirib. Həmişə deyirdik ki, Azərbaycanın iqtisadi inkişaf modeli mövcuddur. Amma indi əmin olduq ki, idmanın da inkişafının Azərbaycan modeli var. Məhz bu model imkan verdi ki, qısa bir müddətdə idmançılarımız Avropa Oyunlarında 56 medal qazansın!

Beləliklə, müstəqilliyimizin ilk möhtəşəm idman bayramı keçirildi. İlk Avropa Oyunları xalqımızın, dövlətimizin, cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın qələbəsi ilə, bütövlükdə millətimizin qələbəsi ilə başa çatdı və tarixə yazıldı! Bu, bizim bugünkü nəsil üçün çox böyük fəxarətdir! Gələcək nəsillər üçün də fəxr mənbəyidir. Yarışlarda iştirak edən bütün insanlara, başda cənab İlham Əliyev və Mehriban xanım Əliyeva olmaqla minnətdarlığımızı bildiririk. Könüllülər, polis əməkdaşları və digərləri saat mexanizmi kimi işləyərək Oyunların problemsiz keçirilməsinə yardımçı oldular.

Hamınızı bir daha təbrik edirəm. Bu, bizim ilk böyük qələbəmiz idi! Gələcəkdə uğurlarımız daha çox olacaq! Tanrı Prezidentimizi qorusun! Xalqımız bir daha cənab İlham Əliyevə olan məhəbbətini nümayiş etdirdi. Ümidvarıq ki, lazımi məqamda xalqımız Ali Baş Komandanın ətrafında birləşərək Qarabağ torpağını da azad edəcək!

 

Azərbaycan.- 2015.- 4 iyul.- S. 3, 4, 5.