Ayxan TAĞIZADƏ: “Cənab Prezidentin zəng edib məni təbrik etməsi qələbəmi birə-min etdi”

 

Hər səhəri sevinc, xoşbəxtlik və zəfər sədaları ilə açılan iyun ayını həyəcanla yola saldıq. I Avropa Oyunlarının möcüzələrlə dolu açılış mərasimi, idmançıların əzmli mübarizəsi və möhtəşəm bağlanış mərasimi bütün iştirakçılara və izləyicilərə unudulmaz anlar yaşatdı. Heç şübhə yoxdur ki, barlı-bərəkətli iyun ayı bundan sonra həmvətənlərimizin yaddaşında həm də idman bayramının baş tutduğu xüsusi təqvim ayı kimi qalacaq. Təkcə ona görə yox ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi həmin vaxta təsadüf etdi, həm də bu Oyunlar Azərbaycan dövlətinin qüdrətini, idmanımızın inkişafını və idmançılarımızın gücünü bir daha dünyaya nümayiş etdirdi. Çempionlarımızın qələbələri sayəsində 50 ölkənin ən güclü idmançıları arasında ikinci yerdə qərarlaşdıq.

Bu qürurlu günlərin tarixə yazılmasında Oyunlara ciddi hazırlaşıb əzmlə mübarizə aparan idmançılarımızın hər birinin payı var. Onlar ölkə başçısının idmanın inkişafına ayırdığı diqqəti və idmançılara göstərdiyi xüsusi qayğını dəyərləndirməyə, göstərilən etimadı doğrultmağa çalışdılar. Digər xüsusi hal isə ondan ibarətdir ki, bu yarışmanın əsas favoritləri gənc idmançılar, yəni müstəqil Azərbaycan dövlətinin yetirmələri oldu. Avropa Oyunlarının çempionları arasında nəinki müstəqillik dövründə idmançı kimi formalaşan, hətta dünyaya göz açıb ilk məşqlərinə müasir idman komplekslərində başlayan gənclər də kifayət qədər idi. Onlardan biri də taekvondo üzrə Avropa Oyunlarının çempionu Ayxan Tağızadədir. “Baku Crystal Hall”da təşkil olunan yarışlarda ölkəmiz taekvondoda 8 idmançı ilə təmsil olundu və üçü qızıl olmaqla beş idmançımız medalla mükafatlandırıldı. Ayxan birinci yerə yüksəlməklə fərqlənməyi, uğurların sayını artırmağı bacardı.

Biz də çempionla görüşüb sevincinə şərik olduq, uğurları və idman fəaliyyəti haqqında söhbət etdik. Ayxanın qələbə təəssüratlarına keçməzdən öncə gənc idmançını daha da yaxından tanımaq üçün onun doğulub boya-başa çatması, idmana marağının yaranması və bu sahədə atdığı ilk qədəmlərindən bu günə qədər keçdiyi həyat yolu ilə maraqlandıq. Öyrəndik ki, A.Tağızadə 1996-cı ildə Bakı şəhərində idmançı ailəsində dünyaya göz açıb. Yasamal rayonunda yerləşən 158 nömrəli məktəbdə orta təhsilini başa vurub. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir, ikinci kursda oxuyur.

İlk dəfə 3 yaşı olarkən valideynləri balaca Ayxanın çevikliyini, bir az da dəcəlliyini görüb onu taekvondo ilə məşğul olmağa yönəldiblər. Bu qərar həm valideynlər, həm də balaca Ayxan üçün tez olsa da, gələcək çempionun taleyini, ömürlük peşəsini müəyyən edib. Ayxanın ildən-ilə inkişaf etməsi, idmanda qazandığı uğurlar bir daha təsdiq etdi ki, onun idmançı olacağı haqqında hələ 3 yaşı olarkən verilən qərar zamanında və dəqiq olub. Əgər belə olmasaydı, bu gün valideynləri, dostları və ən nəhayət bütün idmansevərlər onun uğurlarından, bacarıqlı idmançı olmasından ağızdolusu danışmazdılar...

Gənc çempion taekvondoya gəlişində atasının rolunun əvəzsiz olduğunu deyir: “Əslində bu qədər erkən yaşdan ciddi idmana başlamağım atam Əvəz Tağıyevin sayəsində olub. Özü idmançı idi, yəqin ki, idmanın sirlərini yaxşı bildiyinə, onun insan üçün əhəmiyyətinə və vacibliyinə əmin olduğundan öz oğlunu da bu sahəyə yönəltməyə çalışıb”. Ayxanın qardaşı da taekvondoçudur. Hazırda Naxçıvan Muxtar Respublikasında bu sahə üzrə məşqçidir.

Ayxan 10 yaşından yarışlarda çıxış etməyə başlayıb. Dəfələrlə ölkəmizdə keçirilən turnirlərin, ölkədaxili yarışların qalibi olub. Dördqat Azərbaycan çempionu olan idmançının beynəlxalq arenada əsas uğurları 2011-ci ildən başlayıb. O, bir neçə beynəlxalq yarışın mükafatçısı olub. 2013-cü ildə isə Portuqaliyada keçirilən Avropa çempionatında 2-ci yeri tutub. Avropa Oyunlarından bir ay öncə dünya çempionatında çox yaxşı çıxış etsə də, medal döyüşündə rusiyalı rəqibinə uduzub. Ayxan onu medaldan məhrum edən rəqibində “qisasını” çox qoymadı. Avropa Oyunlarında yarımfinal mərhələsində yenə həmin rəqiblə - rusiyalı idmançı Aleksey Denisenko ilə qarşılaşdı və onu doğma divarlar arasında 7:5 hesabı ilə məğlub etdi. 68 kq çəki dərəcəsində keçirilən görüşdə həlledici mərhələdə həmyerlimizin rəqibi polşalı idmançı Karol Robak oldu. Hər iki idmançı birinci yer uğrunda gərgin mübarizəyə başlasa da, Ayxan qızıl xalla qələbə çalaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşdı. O, I Avropa Oyunlarında taekvondo üzrə millimizə ilk qızıl medal qazandıra bildi. Bu uğuruna görə Ayxan Tağızadə ölkə başçısının sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olundu.

Gənc çempion yarışdığı çəki dərəcəsində (68 kq) həmişə güclü rəqiblər olmasına baxmayaraq, özünə güvəndiyini deyir: “Əvvəlki turnirlərlə yanaşı, Avropa Oyunlarında da bunun şahidi oldum. Onların arasında dünya, Avropa çempionları ilə yanaşı, olimpiya oyunlarının qalibləri də var idi. Demək olar ki, mənim çəkimdə ayrı-ayrı ölkələrdən gələn bütün idmançılar güclü idi. Bəlkə də elə ona görədir ki, mən taekvondoda öz çəkimdə yarışan hər bir idmançını özümə rəqib görürəm”.

A.Tağızadə deyir ki, aylarla davam edən gərgin məşq, inamlı mübarizə və doğma azarkeşlərin dəstəyi öz bəhrəsini verdi. Digər xüsusi hal isə ondan ibarət oldu ki, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın yarışları izləməsindən mənəvi qüvvə alan Ayxan finala doğru daha da əzmlə irəliləməyə başladı. O, belə bir qayğıya və ona göstərilən etimada görə idmançı kimi əlindən gələni etdiyini və canla-başla çalışdığını deyir: “Açığı, özümü digər görüşlərdən çox məsuliyyətli, həm də qüvvətli hiss edirdim. Tatamiyə çıxanda bir anlıq düşündüm ki, mən indi döyüşəcəyəm və cənab Prezident baxacaq. Ona görə mütləq qalib gəlməliyəm və onun etimadını doğrultmalıyam. Yarış müddətində məşqçilərimin öyrətdiklərinə, döyüş taktikasına maksimum əməl etməyə çalışırdım və nəticədə Avropa Oyunlarının çempionu olub hamını sevindirdim”.

Gənc çempion final görüşünü bitirdikdən sonra heç ağlına gəlməyən bir sürprizlə qarşılaşdığını sevinclə qeyd edir. İkiqat qələbəni sanki bu zaman qazandığını bildirir: “Cənab Prezident yarımfinal mərhələsində iştirak etsə də, final görüşümə gələ bilməmişdi, ancaq döyüşümü izləmişdi. Görüşü başa vurub zaldan təzəcə çıxmışdım ki, dedilər, ölkə başçısı səninlə danışmaq istəyir. Tez telefonu aldım və xəttin o başından cənab Prezidentin səsi eşidildi: “Salam, Ayxan, səni təbrik edirəm, bayrağımızı qaldırdın. İnşallah, səni 2016-cı ildə Rio de-Janeyroda görəcəyəm”, - dedi. Mən də qürurla: “Cənab Prezident, çox sağ olun, bu, bizim borcumuzdur”, - dedim. Cənab Prezidentin zəng edib məni təbrik etməsi qələbəmi birə-min etdi”.

Beləcə, Ayxan çempion olduqdan sonra ilk və ən böyük təbrikini ölkə başçısından alır. Bu gün həm qələbəsinə, həm də gözlənilməz təbrikə görə özünü çox xoşbəxt hiss edir. Taekvondo üzrə yarışlardan sonra Ayxan boya-başa çatdığı evə yollanır. Burada isə onu təbrik etmək üçün dostları, tanışları yığışmışdı. Atası Ə.Tağıyev deyir ki, Ayxan qapıya çatan kimi dostları onun çempiontək gəlişinə qoç kəsdilər. Anası isə sonbeşiyini sevinc gözyaşları ilə qarşılayıb ürəkdən təbrik etdi və ona “əhsən” dedi.

“Həm valideyn, həm məşqçi, həm də bir vətəndaş kimi üçqat sevinc yaşadım”

Ayxanın atası Əvəz Tağıyev həm də onun şəxsi məşqçisidir. O, parataekvondo üzrə yığma komandanın baş məşqçisi, eyni zamanda əməkdar məşqçidir. Ə.Tağıyev bizimlə söhbətində tələbəsi və oğlu Ayxandan danışdı: “Həm valideyn, həm məşqçi, həm də bir vətəndaş kimi üçqat sevinc yaşadım. Ayxanın rəqibləri çox güclü, dünyada tanınmış idmançılar idi. Ancaq Ayxan onların hamısını məğlub etdi. Mən bir məşqçi kimi çoxlu sayda dünya, Avropa çempionu yetişdirmişəm. Ayxan da onlardan biridir. Ancaq məşqçi olmaqla yanaşı, valideyn kimi övladını birincilər arasında görmək tam fərqli və xüsusi bir hissdir. O, bu qələbəsi ilə məni də, anasını da çox sevindirdi. Ona görə hər kəsə - ölkə başçısına, məşqçilərə, azarkeşlərə, Ayxanın yetişməsində xidməti olan bütün insanlara minnətdarlığımı bildirirəm”.

Əməkdar məşqçi dərslər zamanı oğlu ilə digər tələbələr arasında heç bir fərq, ayrı-seçkilik olmadığını bildirsə də, evdə sonbeşikləri ilə fərqli münasibətlərindən də danışdı: “Məşqlər zamanı çox sərtəm, evdə isə onunla mülayim davranırıq, o da heç vaxt bizi incitmir. Çox tərbiyəli, sakit, səbirli və təmkinlidir. Onun belə olmağı idmanda da uğur qazanmasına kömək edib. Həm müəllim, həm də valideyn kimi bundan sonra da Ayxana dəstək olmağa çalışacağıq. Ayxan qazandığı titulu qorumalı və daha yüksək nailiyyətlər əldə etməlidir”.

Milli yığma komandanın böyük məşqçisi Elnur Amanov Ayxan haqqında söhbətə taekvondonun əsas prinsiplərini sadalamaqla başladı və bildirdi ki, nəzakət, düzgünlük, təmkin və sərbəst ruh hər bir taekvondoçu üçün vacib şərtlərdəndir. İdmançı məşğul olduğu idman növü üzrə texniki göstəriciləri mənimsəməklə bərabər, fiziki və mənəvi inkişaf səviyyəsinə, eləcə də təlim-tərbiyəsinə fikir verməlidir.

O, idmançıların davranışında, onların yetişməsində və formalaşmasında qeyd olunan nüanslara xüsusi diqqət yetirildiyini deyir: “Ayxanla ilk məşqlərimizdən az müddət keçəndən sonra onun tərbiyəli və səriştəli gənc olmasını hiss etdim. Onun məşqlərə ciddi yanaşması, üzərində canla-başla çalışması və zəhməti öz bəhrəsini verdi. Bir ay əvvəl dünya çempionatında o, nəyə qadir olduğunu göstərmişdi. Oradakı çıxışını çox bəyənmişdik və Avropa Oyunlarında ondan qələbə gözləyirdik. Sağ olsun ki, burada öz sözünü deyə bildi və ümidlərimizi doğrultdu”.

Tələbəsinin uğurunu yüksək qiymətləndirən E.Amanov bu Oyunlardan sonra digər mötəbər turnirlərdə də taekvondoçularımızın, o cümlədən Ayxanın yüksək nəticələr göstərəcəyinə əminliyini bildirdi. Əlavə etdi ki, Ayxanla bağlı gözləntiləri 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək yay olimpiya oyunlarında iştirak etməklə hər kəsi sevindirməkdir.

 

Elnur HADIYEV,

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 4.