Qadın azadlığının carçısı

 

XX yüzilliyin əvvəllərində dirçəliş illərini yaşayan Azərbaycanın milli mətbuatı mövcudluğunun bütün dövrlərində ictimai həyatın müxtəlif sahələrinə təsir göstərən qüdrətli vasitələrdən birinə çevrilmişdi. Milli mətbuatımız öz proqramına qadının ictimai həyata cəlb edilməsi kimi mühüm və olduqca çətin bir vəzifəni də daxil etmişdi. Fanatik adətlər, ağır güzəran, savadsızlıq, ictimai həyatdan təcrid olunmuş şəraitdə yaşamaq, cəmiyyətdə qadın sərbəstliyinə etimadsızlıq üzündən bu zümrənin sosial həyatdan kənarda qalması onların şəxsi həyatı üçün bir sıra çətinliklər yaratmışdı və mətbuat bu problemləri qaldırmaq, xalqa çatdırmaq yolunda mühüm addımlar atmışdı.

Azərbaycanın qabaqcıl nümayəndələri xalqı maarifləndirmək, ona öz hüquq və vəzifələrini anlatmaq yolu ilə ictimai rəyə təsir göstərməyə çalışır, jurnalist və publisistlər “qadın bir şəxsiyyət kimi azad olmayınca onun problemləri həllolunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Bu mövzuda daha çox H.Zərdabi, Ə.Ağayev, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Razi, Ə.Nəzmi, M.Ə.Sabir, F.Köçərli, M.S.Ordubadi, C.Cabbarlı, N.Bəsir, H.İ.Qasımov, M.Rəsulzadə, S.Hüseyn, H.Minasazov, R.Məlikov, M.Qarayev, H.Vəzirov və başqaları yazırdılar.

Öz səhifələrində qadın mövzusuna yer verən “Şərqi-Rus”, “Həyat”, “Səda”, “İrşad”, “Tərəqqi”, “Kaspi”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Dirilik”, “Zənbur”, “Tuti”, “Babayi-Əmir” və s. qəzet və jurnallar qadının əsasən üç mühüm problemindən - təhsil, ailə-nikah və sosial məsələlərdən bəhs edir, hicabın ləğvi ilə bağlı məsələlərə daha çox yer verirdilər.

Hələ XIX əsrin sonlarında Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi “Əkinçi” qəzetində senzura təqiblərindən və fanatik dindarların hücumlarından çəkinməyərək diqqəti qadın problemlərinə də cəlb edə bilmişdi. Bu qəzetin qədim adətlərimizdən bəhs edən bir yazısında - “Elm xəbəri”ndə qızların zorla götürülüb qaçırılaraq “ev dustağı halına salınması, kişinin onunla qul kimi rəftar etməsi” tənqid olunurdu. Zərdabi azyaşlı qızların ərə verilməsinin zərərini də elmi biliklərin təbliği adı altında ictimaiyyətin diqqətinə çatdırırdı: “Övrətlərin də ömrü kəbində uzun olur, əgər kəbin 20 yaşından sonra olmuş ola. Amma 20 yaşdan az olsa, onların ömrünü qısa edir”.

Qadına kişilərlə bərabər təhsil verməyin zəruriliyini diqqətə çatdıran H.Zərdabi yazırdı: “Osmanlı dövləti ki, qeyri-islam dövlətlərindən Avropa əhlinə yavuqdur, bu səbəblərə bir neçə ildir ki, nizami-külliyə qoyub, məktəbxanalar bina edib... ancaq ol məktəbxanalarda ancaq kişilər oxuyur, ünas tayfası elmdən bixəbərdir. Çünki tərbiyənin binası ana ilədir, uşaq 7-8 yaşına gəlincə, ona ana tərbiyət edir, ona binaən ünas tayfası tərbiyətsiz qaldığına görə Osmanlı dövlətinin kişilərə elm öyrətməyindən o qədər də nəf olmur”.

Qadının kişidən asılı və hüquqsuz vəziyyətindən söz açan başqa bir yazıda o, mütiliyi, öz acınacaqlı vəziyyəti ilə barışmaq kimi halları önə çəkirdi: “Satınalma qulu azad etməyi savab hesab edə-edə, biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil?”

XX əsrin başlanğıcında isə Azərbaycan qadınının azadlığı problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində qaldırılırdı. Onun təsisçisi, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi M.Şahtaxtlı müsəlman aləmində qadın azadlığı məsələlərindən bəhs edən məqalələr yazıb çap edirdi. Onun bu mövzudakı yazıları əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf aləmdən, ictimai həyatdan tədric edən problemlərə həsr olunurdu. “Arvadların tərbiyəsi məsələsi biz türklərin qövmi-zindənganlığı üçün hərfi-hərfinə ölüm və ya sağ qalım məsələsidir” fikrini irəli sürürdü. M.Şahtaxtlı bakılıları hərəkətə gəlməyə, öz fikir və düşüncələrini “Şərqi-Rus”a yazmağa səsləməklə qadın azadlığı problemini müzakirəyə çıxarmağa, günün mövzusu etməyə çalışırdı. Azərbaycan milli mətbuatı tarixində ilk qadın imzaları da “Şərqi-Rus”un səhifələrində görünmüşdür. Bu qəzetdə “Bir xanım”, “Gəncəli bir xanım”, “Bakılı bir xanım” imzaları altında qadınlar da çıxış etmişlər.

“Şərqi-Rus” qəzetində qadın problemləri mövzusunda 34 iri material dərc olunmuşdur. Onun 16-sı Məhəmməd ağa Şahtaxtlı, qalanları isə tatar və başqırd publisistləri tərəfindən yazılmışdır.

XX əsrin ilk illərində Azərbaycan qadınlarının mühüm problemlərindən birinin - təhsil almaq imkanının məhdudluğu ilə bağlı məsələlərin mətbuatda səslənməsi səbəblərindən biri də H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. “Kaspi” qəzetində bu əlamətdar hadisə ilə bağlı Əhməd bəy Ağayevin “Müsəlmanlar arasında qadın təhsili” sərlövhəli geniş yazısı və bir sıra imzasız məqalə dərc edildi.

“Rus müsəlmanları qadın məsələsinə münasibətdə geridə qalmışlar və Bakıda açılmış qız məktəbi bu istiqamətdə ilk addımdır” deyən qəzet daha sonra yazırdı: “...Patriarxal həyatın əsasları, qadının tamamilə maddi təminat içərisində yaşadığı vəziyyət zəifləmişdir və indi kişilərlə rəqabət üçün müsəlman qadınına elm və təhsil zəruridir. Təhsil, elm, tərbiyə, ağıl - qadında çatışmayan silah budur və onu bu silahlarla təchiz etmək lazımdır”.

Məktəbin təntənəli açılışı günü - 1901-ci il oktyabrın 7-də “Kaspi” Cənubi Qafqaz şeyxülislamı Axundzadənin xeyir-duasını da dərc etmişdi. O, Məhəmməd peyğəmbərin “elm öyrənmək həm müsəlman kişiyə, həm də müsəlman qadınına vacibdir” sözlərini xüsusi vurğulamış, islamın tarixindən, həkim, alim kimi şöhrət tapmış müsəlman qadınlarının həyatından misallar və sitatlar gətirmiş və demişdi: “Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, İslamda bu qədər şöhrətli müsəlman qadını yetişməzdi. Əgər bu vaxta qədər Zaqafqaziyada qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir”.

Müsəlman qadınının təhsilə cəlb edilməsinin vacibliyi ilə bağlı “Həyat” qəzetinin dərc etdiyi oxucu məktubları mühüm əhəmiyyətə malikdir. Qəzetdə Sankt-Peterburq, Sibir və Kazanda yaşayan müsəlman qızlara təhsilin nə qədər mühüm olduğu vurğulanırdı.

Görkəmli yazıçı və publisist Nəcəf bəy Vəzirov bu qəzetdə “Dərviş” təxəllüsü ilə yazdığı “Balaca mütəfərriqələr” başlıqlı felyetonlarında “bu iş camaat işidir, kömək camaatdan gərək...” sözlərini yazmaqla ictimaiyyətin, ziyalıların, xalqın başında duranların diqqətini Azərbaycanda nikah, ailə-məişət problemlərinin vəziyyətinə və onun həlli yollarının hamılıqla axtarılıb tapılmasının zəruri olduğuna yönəltmək istəyirdi.

Əhməd bəy Ağayevin nəşr etdirdiyi “Tərəqqi” qəzeti isə ictimai rəyi qadınların öz problemlərini təşkilatlar vasitəsilə birləşərək həll edə biləcəklərinin vacibliyinə yönəldirdi. Bu sahədə Osmanlı qadınlarının fəaliyyətindən nümunə götürməyi məsləhət görən qəzet “Osmanlı qadınları”, “Müsəlman xanımlarının ittifaqı”, “Xatunlar ictimai”, “Xanımlar arasında Osmanlı tərəqqipərvər cəmiyyəti” sərlövhəli yazılarında belə cəmiyyətlərin proqramlarını da dərc etməklə azərbaycanlı qadınları bu sahədə mühüm işlər görməyə istiqamətləndirirdi.

Əli bəy Hüseynzadənin redaktorluğu ilə işıq üzü görən “Füyuzat” jurnalı İslam aləminin məşhur qadınları haqqında yazılar dərc etməklə ictimai-mədəni həyatda onların fəal iştirakının məziyyətlərini diqqət mərkəzinə gətirməyə çalışırdı.

Əli bəy Hüseynzadə “Molla Nəsrəddin” jurnalının qadın azadlığına dair 1907-ci ildəki çıxışlarını təqdir edənlər və jurnalın müdafiəçiləri sırasında idi. Onun nəşr etdirdiyi “Tərəqqi” qəzeti valideynlərin öz qız övladlarına qarşı mərhəmətsiz davranmaları, onların hissiz, şəfqətsiz buraxıldıqları və beləliklə, fəlakətə sürükləndiklərini xüsusi vurğulayırdı.

Qəzetdə “Həqiqi gözəllik və hərəkətsiz nəsfimiz” adlı məqalə ilə çıxış edən görkəmli ədəbiyyatşünas və tənqidçi Firudin bəy Köçərli qadın problemlərinin kökünü araşdırır, kişini təklikdə “naqis və yarımçıq bir vücud” kimi qiymətləndirib onun digər yarım hissəsinin “arvadın vücudandan” ibarət olduğunu bildirirdi. Ailə qurmaq istədiyi qadının cahil və kəmsavad olduğunu dərk edəndən sonra kişi üçün zahiri gözəllik öz qədr-qiymətini itirir. Əsl gözəllik isə surətdə deyil, ağıl, kamal, əxlaqdadır - deyə yazırdı.

İlk nömrəsindən başlayaraq “Molla Nəsrəddin” qadın mövzusunu satirik publisistikaya yeni gətirilən üsul və vasitələrdən, sual-cavab, atalar sözü, lüğət, tapmaca və s. istifadə etməklə səsləndirdi. Jurnal qadınların hamılıqla təhsilə cəlb olunmasının zəruriliyi məsələsini qaldırır, “Hicab”, “Daldan atılan daş topuğa dəyər” sərlövhəli satirik yazılarda bu sahədəki nöqsanların onların xoşbəxtliyi qarşısında yaratdığı problemlərdən söz açırdı.

Qızların təlim-tərbiyəsinə maneələr törədilməsi ilə bağlı məsələlər “Molla Nəsrəddin” jurnalının əsas tənqid hədəflərindən biri idi. Burada “Qızdırmalı” imzası ilə verilmiş “Milli zəmanə libaslarımız” adlı yazıda qız uşağı məktəbə gedərsə, onun ərə getmək vaxtının ötəcəyindən ehtiyat edən avam valideynlər satira atəşinə tutulurdu: “Bu gün eşitdim ki, Bakıda təzə açılmış müsəlman qız məktəbinə 31 qız gəlib... o məktəbə qəbul olunan qızların yaşı 4 yaşdan əskik deyil. 4 yaş müsəlman qızı üçün tamam məktəbə gəlmək vaxtıdır. Çünki 4 yaşda məktəbə gedər, 4 il də oxuyar, olar 8 yaşda. 8 yaş da düz ərə getmək vaxtıdır”.

Böyük demokrat və maarifçi qadın azadlığından bəhs edən hər felyetonunda təkrar-təkrar bildirirdi ki, “qızlarımızı gərək oxudaq! Qızlar təhsil alıb hüquqlarını başa düşsələr, öz şəxsi həyatlarının sahibləri ola biləcəklər”.

Qadın problemlərinə toxunan daha bir mətbuat orqanı - “Dirilik” məcmuəsində “Məşhur islam xanımları”, “İslam aləmində arvadlar” başlıqları altında məqalələr dərc olunurdu. Görkəmli yazar Şəfiqə Əfəndizadə “Dirilik və varlıq qadınlar ilədir”, “Qadınlarda dirilik və nöqsanat” adlı yazılarında qadın problemlərini işıqlandırır, çıxış yollarını göstərməyə çalışırdı. O, bu məqalələrdə son illər qadınlar arasında sənət öyrənməyə, iqtisadi cəmiyyətlərlə işləməyə meylin artdığını qeyd edir, Azərbaycanda hələ ibtidai halda olan “diriliyin” inkişafına nail olmağın yollarından söz açırdı.

“Səda” qəzetində də “Maarifi-nisvana dair”, “Aləmi-nisvana dair” başlıqları altında məqalə və məktublar dərc olunur, “qızlara veriləcək tərbiyəyi-müamiyyə və təkamülü-ictimai üçün birinci vəsilə ancaq maarifi nisvandır” - deyə haray çəkilirdi. Qadınlar “məktəb görməli ki, tərbiyəyi-ətfala, idareyi-beytiyyəyə” dair məlumatlı olsunlar. “Bir millət tərəqqisinə mizan o millətin nisvanıdır” kimi tərbiyəvi göstərişlər verilirdi.

1912-ci ildə Bakıda nəşr edilən “İqbal” qəzetində qadın azadlığı mövzusunda Hacı İbrahim Qasımov, Nemət Bəsir, Ağababa Yusifzadə, Məhəmmədəli Xəlfəzadə, Əli Səttar, Məmmədəmin Rəsulzadə, Mir Bədrəddin Seyidzadə, Seyid Hüseyn Sadiq, Əhməd bəy Atamalıbəyov, Xeyriyyə xanım Mücabilli və digər müəlliflər çıxış edirdilər.

“İqbal” qəzeti qadın problemlərinin həlli yollarının axtarılmasında ziyalıların mövqeyini müdafiə edir, öz səhifələrində “Təsəttürü-nisvan” (qadının örtülülüyü - A.Q.) mövzusunda müzakirələr açırdı. “İqbal” qəzetində “Qızların etirazı” adlı məktubda həmyaşıdlarının qoca kişilərə zorla ərə verilməsinə etiraz edən bir qrup qız yazırdı: “Əgər 18-20 yaşlı cavanlara cəbra 50-60 yaşlı qarı övrətlər verilsə idi, o zaman kişilər cavan qızların qocalara verilməsini bilərlər idi”.

Mətbuatın qadın problemlərinin həlli uğrunda göstərdiyi misilsiz fəaliyyətə fərəhlə yekun vuran qəzet yazırdı: “Əgər bir neçə ilin ərzində “hürriyyəti-nisvan” fəryadları qoparılmasaydı, bu gün gözə çarpan az-çox ünas məktəbləri vücuda gəlməz, elm və tərbiyə görmüş qızlarımız, millətimizin istiqbalını təmin edəcək və parlaqlandıracaq müəllimlərimiz görünməzdi”. Ə.Haqverdiyev təhsil almış qızların sayının ilbəil artdığından fərəhlənərək bu işi onların özlərinin yoluna qoyacağını yazırdı: “Biz nə qədər danışaq, nə qədər vuruşaq, zəmanə öz işini görəcək və övrət məsələsini layiqincə həll edəcək. Neçə ki indi edir; ildə bizə altı yüz (təhsilli - A.Q.) ana verən haman zəmanədir. Ona görə də övrət məsələsini bir yandan zəmanəyə buraxmalı. Və bir yandan övrətlərin özlərinə vagüzar etməli”.

1917-ci ildə Behbud ağa Şahtaxtlı “Kaspi” qəzetində XX yüzilliyin ilk illərindən mətbuatın qadın azadlığı uğrunda başladığı mübarizədən bəhs edərək yazırdı: “Təkzibolunmaz faktlarla sübut edildi ki, müsəlman qadınının özünəməxsus şəkildə “mədəniyyəti” - ətraf aləmdən təcrid olunması şəriətin hökmü yox, uzaq keçmişdən bizə miras qalan biabırçı adətlərlə bağlıdır. Lakin müsəlman qadınların hələ hamısı çadranı tərk etməmişlər. Çox vaxt adət qanundan güclü olur. Bunu birdən-birə yox, tədricən aradan qaldırmaq lazımdır”.

Zaman göstərdi ki, görkəmli ziyalılarımızın zəhmətləri, səyləri hədər getmədi. Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Hətta onlar artıq yetişmiş problemlərini qadınların özləri tərəfindən ictimai rəyə çatdıran “İşıq” kimi sırf qadın qəzetinin meydana çıxmasına nail oldular. Bu, artıq XX əsrin əvvəllərində Azərbaycan qadınının ciddi bir ictimai qüvvəyə çevrilməsini təsdiq edən əlamətlərdən biridir. Burada və digər mətbuat orqanlarının səhifələrində qadın müəlliflərinin çıxışlarının getdikcə intensivləşməsi, müxtəlif mövqeli müəlliflərlə fikir mübadiləsində onların öz mövqelərini daha inamla ortaya qoymaları və s. bir daha göstərdi ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı çətin mübarizəsi nəticəsiz qalmadı. Əksinə, cəmiyyətin müxtəlif dairələri içərisində qadın problemləri üzrə mütərəqqi mövqe və meyillərin meydana çıxıb getdikcə daha da güclənməsinə dəstək verən amil oldu. Təsadüfi deyil ki, 1917-ci ildə Bakı Müsəlman İctimai Təşkilatlarının İcraiyyə Komitəsinə ərizə ilə müraciət ünvanlayan Behbud ağa Şahtaxtinski rayon ərzaq komitələrinə seçkilərdə müsəlman qadınların iştirakı məsələsini təklif kimi irəli sürdü. “Kaspi” qəzetinin yazdığına görə 1917-ci il mayın 19-da Bakı Qadın Müsəlman Xeyriyyə Cəmiyyətinin Şəfiqə xanım Əfəndizadənin sədrliyi ilə keçən yığıncağında Pəri xanım Topçubaşova rayon ərzaq komitələrinə qarşıdakı seçkilərdə qadınların da iştirak edəcəyi ilə bağlı məlumat verdi və məscidlərdəki seçkilərdə işləmək üçün 50 nəfər qadına ehtiyac olduğunu nəzərə çatdırdı. Bu qadınlar yığıncağın 200 iştirakçısı arasından seçildilər.

Qadınların seçkilərdə iştirak edəcəyinə şübhə ilə yanaşanlar çox idi. Lakin seçki günü məscidlərin qarşısı səsvermədə iştirak etməyə gəlmiş çadralı qadınlarla dolu idi. Bakı müsəlman xeyriyyə cəmiyyətinin təyin etdiyi ziyalı qadınlar onların arasında gəzərək seçki qaydalarını başa salırdılar. Təxmini hesablamalara görə, 4 müsəlman seçki məntəqəsində 11 min qadın səs vermişdi. Bu, qadınlarımızın Azərbaycan Xalq Cümhuriyyətinin siyasi həyatında iştirakının debütü idi və onlar müsəlman Şərqində ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ qazandılar. Qadınların bu nailiyyətlərinin səbəbkarları isə Azərbaycan ziyalıları və milli mətbuatımız oldu.

 

Amalya QASIMOVA,

tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 2.