Azərbaycanın Rusiyadakı səfiri opera müğənnisi Lyubov Kazarnovskayanın ölkəmizin işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri barədə informasiyanı şərh edib

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tanınmış opera müğənnisi Lyubov Kazarnovskayanın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri barədə informasiyanı şərh edib. Məlum olduğu kimi, bu səfər nəticəsində müğənni "Dövlət sərhədi haqqında qanun"u pozmuş Azərbaycana gəlməsi qadağan olunmuş şəxslərin siyahısına daxil edilib.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti bildirir ki, bununla əlaqədar səfir P.Bülbüloğlu bildirib: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xarici dövlətlərin Dağlıq Qarabağa Azərbaycanın işğal olunmuş digər regionlarına getmək istəyən bütün vətəndaşlarına dəfələrlə məlumat verib ki, işğal davam etdiyinə görə beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmış göstərilən ərazilərə respublikanın qanuni hökumətinin razılığı olmadan edilən hər bir səfər Azərbaycanın ərazi bütövlüyünün tanınmaması, milli qanunvericiliyin, beynəlxalq hüququn əsas norma prinsiplərinin pozulması aktıdır.

Azərbaycan tərəfi dəfələrlə bildirib ki, işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etmiş şəxslərin Azərbaycan Respublikasına gəlməsi qadağan ediləcək.

Zənnimcə, Rusiya Federasiyasının vətəndaşı olan xanım Kazarnovskaya Rusiya Xarici İşlər Nazirliyinin konsul informasiyası portalında yerləşdirilmiş belə səfərlərdən çəkindirən xəbərdarlığa diqqətlə yanaşmalı idi.

Aydındır ki, yaradıcı peşələrin nümayəndələri özlərinin fəaliyyətinə görə maddi mükafat alırlar. Görünür, xanım Kazarnovskayanın bu səfərdə müəyyən şəxsi stimulları olub.

Lakin bu fakt universal xarakter daşıyan istər sıravi sakin, istərsə jurnalist, həkim, pedaqoq, idmançı, səhnə, yaxud televiziya adamı olsun, hamı tərəfindən icrası məcburi olan qanunu pozduğuna görə onu məsuliyyətdən azad edə bilməz.

Lyubov Kazarnovskayanın yaradıcılığına böyük hörmətlə yanaşaraq xatırlatmaq istərdim ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi sonra KİV-lər üçün bəyanatlar verməsi faktı ilə o, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində silahlı təcavüz, kütləvi etnik təmizləmələr, dinc əhalinin qətlə yetirilməsi, Azərbaycanın çox zəngin mədəni irsinin, o cümlədən Qarabağın musiqi irsinin məhv edilməsi yolu ilə yaradılmış qeyri-qanuni rejimin vəkili kimi çıxış edib.

Bu da aydındır ki, öz bəyanatları ilə o, istər-istəməz Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin qeyri-qanuni təbliğinə xidmət edib. O, bəyanatlarında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin silahlı münaqişə zonası olduğunu xatırlatmayıb: demək olar ki, hər gün intensiv atışmalar gedir, snayperlərdən atəş açılır, minalar partladılır, insanlar tələf olur. Bütün bu faktorlar belə ciddi riskli zonaya gediş-gəlişin təbliğinin yolverilməz olduğunu şərtləndirir, onlara məhəl qoyulmaması isə Lyubov Kazarnovskayanın fikrinə etibar edən geniş auditoriyanın açıq-aşkar qaçılmaz təhlükəyə məruz qoyulması deməkdir.

Sonda təəssüflə qeyd etməliyəm ki, xanım Kazarnovskaya bu səfərini həyata keçirməklə Azərbaycan tərəfinin onu arzuolunmaz şəxslərin "qara siyahısına" daxil etməsi kimi tam əsaslı reaksiyasına görə özü məsuliyyət daşıyır. Rusiya vətəndaşlarına bir daha xəbərdarlıq etmək istərdim ki, həm hüquqi, həm yuxarıda göstərilənləri nəzərə alaraq faciəli nəticələr verə biləcək belə səhvləri təkrar etməkdən çəkinsinlər".

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 4.