Azərbaycan-İtaliya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub

 

Azərbaycan Avropanın cənubunda yerləşən İtaliya ilə əlaqələrini bütün sahələrdə uğurla inkişaf etdirməkdədir. Diplomatik münasibətlərin uğurla qurulmasında xalqlarımızın mədəni-tarixi bağlılığı da mühüm rol oynadığından rəsmi Bakı İtaliya ilə münasibətlərinin inkişafında bu amili daim diqqətdə saxlamışdır. Azərbaycanın Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində bu ölkənin dəstəyinə xüsusi önəm verməsi təsadüfi olmayıb, bir sıra mühüm tarixi və geosiyasi gerçəkliklərlə şərtlənir. İtaliya bu gün dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynamaqla yanaşı, sülhün, əmin-amanlığın qorunub saxlanması prosesinin fəal iştirakçısıdır.

İtaliya-Azərbaycan münasibətləri qədim dövrlərdən mövcud olub. Hələ orta əsrlərdə indiki İtaliya ərazisində mövcud olmuş şəhər-dövlətlər Azərbaycandakı Ağqoyunlular, Səfəvilər dövlətləri ilə sıx əlaqələr qurublar. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də İtaliya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə daha doğrusu 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış şəhər elan ediliblər. Azərbaycanla İtaliya arasında mədəni əlaqələr həmin vaxtdan daha da sürətlənib.

Hər iki Avropa ölkəsi arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri İtaliyanın da Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər 8 may 1992-ci ildə yaradılıb. İtaliya öz səfirliyini Cənubi Qafqaz respublikalarından ilk dəfə 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi isə 2003-cü ildən fəaliyyət göstərir.

Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı hər iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə vermişdir. Prezident İlham Əliyevin 24-26 fevral 2005-ci il tarixində İtaliyaya rəsmi səfəri Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə böyük təkan verdi. Bu səfər zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalandı. Əldə edilən razılaşmalar Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhələdə uğurla inkişaf etdiyini bir daha sübuta yetirdi.

Prezident İlham Əliyevin “Milan Expo-2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün bu günlərdə İtaliya Respublikasına işgüzar səfəri də iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. Xatırladaq ki, “Milan Expo-2015”də Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulub. Ümumilikdə pavilyonda hazırlıq və tikinti işləri 18 ay ərzində davam edib. Azərbaycan milli pavilyonu üzrə təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən aparılıb. Milli pavilyonda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq “Mirroring Baku” - Bakı ilə birbaşa əlaqə yaradılıb. Pavilyonla tanış olanlar monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görmək və buradakı insanlarla əlaqə saxlamaq imkanı əldə ediblər. “Mirroring Baku” adlı bu layihə Şərq ilə Qərb arasında körpü rolunu oynayan Bakı ilə sərginin minlərlə iştirakçısının əlaqəsinə şərait yaradıb. Xarici mətbuat və İtaliyanın aparıcı KİV-i milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər. Müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri və sərginin rəhbərliyi Azərbaycan pavilyonunun dizaynına görə digərlərindən çox fərqləndiyini, seçilmiş mövzuya tam uyğun olduğunu qeyd ediblər. Ölkəmizin bu uğurları səbəbindən Ermənistan “Milan Expo-2015”də iştirakdan imtina edib. Xatırladaq ki, ümumdünya “Expo” sərgisi 1851-ci ildən etibarən keçirilir. Bu sərgi dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçi sayına görə Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur.

Prezident İlham Əliyev “Milan Expo-2015” Beynəlxalq sərgisində çıxışı zamanı iki ölkə arasında əlaqələri belə xarakterizə edib: “Siyasi əlaqələr, əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Onu da qeyd etməliyəm ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bu da çox əlamətdar haldır. Bu, bizi sevindirir. Çünki İtaliya bizim üçün çox yaxın ölkədir və Azərbaycan əhalisi İtaliyaya çox böyük sevgi ilə, rəğbətlə yanaşır. Azərbaycanda olan, işləyən, yaxud da turist kimi gələn italyanlar əlbəttə ki, bunu hiss edirlər. Bizim iqtisadi əməkdaşlığımız dərinləşir. Bu gün Azərbaycanda 60-dan çox İtaliya şirkəti fəaliyyət göstərir. Əlbəttə, bizim iqtisadi əlaqələrimizin böyük hissəsi enerji siyasəti ilə bağlıdır. Bu gün Azərbaycan və İtaliya ölkələrimiz, bölgələrimiz və Avropa üçün çox önəmli olan “Cənub” qaz dəhlizinin icrası ilə birgə məşğuldur. “Cənub” qaz dəhlizi Bakıdan, Azərbaycandan başlayır və İtaliyada başa çatır. Üç min kilometrdən çox uzunluğu olan bu qaz kəməri gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacaq. Bu gün İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki, biz “Cənub” qaz dəhlizini vaxtında icra edək. Beləliklə, bundan sonra uzun illər, onilliklər ərzində İtaliya və Azərbaycan, o cümlədən enerji siyasəti ilə bir-birinə daha da sıx bağlı olacaq. Bir sözlə, bizim ikitərəfli əlaqələrimiz sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafı üçün çox gözəl imkanlar var. İki ay ərzində artıq bir milyondan çox qonaq Azərbaycan pavilyonunda ölkəmizlə tanış olmuşdur. Bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, ölkəmizə çox böyük maraq var və bu maraq qarşılıqlıdır”.

Azərbaycan Prezidentinin İtaliya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri Matteo Renzi ilə geniş tərkibdə görüşü olub. Görüş zamanı Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. İnfrastruktur, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Energetika sahəsində əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb, qeyri-energetika sektorunda əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmi qeyd edilib, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sergio Mattarella ilə görüşü də əlamətdar məqamlarla yadda qalıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən İtaliya Prezidenti Azərbaycanın bölgədə, regionda və ümumiyyətlə, dünyada gedən proseslərdə önəmli rolunu xüsusi qeyd edib. Prezident Sergio Mattarella “Milan Expo-2015” sərgisində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İtaliya dövlətinin başçısı Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərimizin, mədəni sahədə əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində, antiterror fəaliyyətində, ekstremizmə və radikalizmə qarşı beynəlxalq səviyyədə mübarizədə rolunu yüksək qiymətləndirib.

İtaliya Prezidenti ölkələrimiz arasında güclü dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu, xalqlarımızı daha da yaxınlaşdırır. O, Azərbaycanın yalnız regionda deyil, ümumiyyətlə, beynəlxalq dialoqun həyata keçirilməsi işində rolunu yüksək dəyərləndirib. Prezident Sergio Mattarella I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə görə Azərbaycan Prezidentini təbrik edib.

Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan İtaliya ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. Bu da təsadüfi deyildir - İtaliya bu gün Avropanın ən böyük və nüfuzlu dövlətlərindən biri olmaqla yanaşı, həm də demokratik-siyasi mərkəz statusunda çıxış edir. Rəsmi Roma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur.

Ümumiyyətlə Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin yekunları iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. İtaliya Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 12 iyul.- S. 2.