Azərbaycanın idman nüfuzunun yüksəldilməsinə xidmətdən qürur duyuruq

 

Müasir müstəqil Azərbaycanın mühüm gerçəkliklərindən biri də ölkəmizin beynəlxalq dialoq məkanı kimi çıxış etməsidir. Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır.

 Bu il iyunun 12-dən 28-dək dünyanın idman nəbzinin tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına uğurla evsahibliyi edən ölkəmizdə döyünməsi xüsusilə qeyd edilməlidir. Bakıda yeni inşa olunan möhtəşəm Olimpiya Stadionunda keçirilən I Avropa Oyunlarının son dərəcə möhtəşəm açılış və bağlanış mərasimləri idman tarixində yeni bir səhifə açmaqla yanaşı, Azərbaycanın gücünü və əzmini dünyaya nümayiş etdirdi.

Azərbaycanın uğurla evsahibliyi etdiyi ilk Avropa Oyunlarına beynəlxalq miqyasda böyük maraq müşahidə edildi.

Bəllidir ki, belə genişmiqyaslı yarışların təşkili üçün ev sahibi ölkələrinə 7-8 il vaxt verilir. Azərbaycana gəldikdə, ölkəmiz bu sahədə də rekorda imza ataraq Oyunlara hazırlığı cəmi iki il yarıma ən yüksək səviyyədə tamamlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da I Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşündə çıxışı zamanı qeyd edib ki, ilk Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir: “Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Avropa üçün isə ona görə ki, Avropada başqa qitələrdən fərqli olaraq, heç vaxt qitə Oyunları keçirilməmişdir”.

Eyni zamanda, I Avropa Oyunları dünya idman tarixində çox böyük hadisə oldu və bəşəriyyətin həyatında mühüm yer tutan idmanın təqdimatına yeni standartlar gətirdi. Bununla yanaşı, ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin kompozisiyaları sülhü, humanizmi, insanpərvərliyi, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı dialoqu, Şərq və Qərbin harmoniyasını əks etdirdi.

Özünün sürətli inkişafı sayəsində I Avropa Oyunlarına təşkilatçılıq və onu keçirmək hüququ qazanan Azərbaycan yarışlara uğurla evsahibliyi etməklə yanaşı, ölkə reallıqlarını da geniş, özü də məharətlə nümayiş etdirməyə nail oldu. Ən əsası, ilk Avropa Oyunları Azərbaycanın imkanlarını və güclü iradəsini, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını əyani şəkildə təsdiqlədi.

“Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu möhtəşəm beynəlxalq   idman tədbirinin təntənəli bağlanış mərasimində Azərbaycana yeni qələbələr, xalqımıza xoşbəxtlik və əmin-amanlıq arzulayaraq bildirdi: “Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq”.

İlk Avropa Oyunları həm də Azərbaycan idmanının inkişafını, atletlərimizin  bu sahədə yeni-yeni zirvələri fəth edə bilmək şövqünü və bacarığını nümayiş etdirdi. Sadalananlarla yanaşı, bir məqama da xüsusi toxunmaq lazımdır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və inamlı strategiya sayəsində ölkəmizdə idmanın inkişafı dinamik xarakter daşıyır. Eyni zamanda, dövlət tərəfindən idmana və idmançılarımıza göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman turnirlərində əldə etdiyi göstəricilər ildən-ilə daha da yüksəlir. Məhz “Bakı-2015” ilk Avropa Oyunlarının nəticələri də bu qəbildən olan nümunələr sırasındadır. Azərbaycan ilk Avropa Oyunlarının 17 günündə 21 qızıl medal sevinci yaşayıb. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəfdir.

Beləliklə, Azərbaycanın idman ictimaiyyətində nüfuzu gündən-günə güclənir və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində bu mənada inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Azərbaycan Prezidenti İlham Əliyevin bəhs olunan çıxışında vurğuladığı kimi, idmançıların qələbələri bu Oyunları daha da böyük zirvəyə qaldırdı: “Mən tam əminəm ki, bəlkə burada oturanlar və ümumiyyətlə, ictimaiyyət arasında, yəqin, müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma bəlkə heç kim inanmırdı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir”.

İlk Avropa Oyunları eyni zamanda dünyaya Azərbaycan reallıqlarını nümayiş etdirmək üçün əla fürsət oldu. Növbəti dəfə bəlli oldu ki, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq aləmdə qazandığı nüfuzuna və əldə etdiyi mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Sözün əsl mənasında sabitlik adası kimi səciyyələndirilən Azərbaycan beynəlxalq miqyasda cərəyan edən neqativ təzahürlərə baxmayaraq, öz müstəqil inkişaf yolunda inamla irəliləyir.

Azərbaycanda mövcud olan dayanıqlı sabitliyin əsasında duran başlıca faktor dövlətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Eyni zamanda, ölkəmiz müstəqil, milli maraqlara və mənafelərə əsaslanan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunlarla yanaşı, ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var.

İlk Avropa Oyunlarında Milli Təhlükəsizlik Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin “Titan” klubunun üzvləri də fəal iştirak etdilər. Belə ki, bu beynəlxalq idman bayramına start verilən andan, yəni Avropa Oyunlarının əsas atributu olan məşəlin Azərbaycan Respublikasının bölgələri üzrə gəzdirilməsi estafetində MTN-in “TİTAN” İdman və Sağlamlıq Mərkəzinin təlimatçısı, kikboksinq üzrə 3 dəfə dünya çempionu və 2 dəfə dünya kubokunun mükafatçısı olmuş Qalib Bayramova digər tanınmış idmançılarla birgə Samux rayonu üzrə məşəlin daşınması kimi şərəfli missiya həvalə edilmişdi.

Bundan başqa, MTN-in “TİTAN” İdman və Sağlamlıq Mərkəzinin məşqçisi, cari ilin 5-6 may tarixlərində keçirilən yüngül atletika üzrə respublika çempionatında hakimlik etmiş Elmira Mamedova ilk Avropa Oyunlarında da yüngül atletika üzrə çıxış edən idmançıların məsafə hakimi qismində iştirak etmişdir.

Ümumiyyətlə, bu gün Azərbaycan idmançıları ilə yanaşı, İdman Sağlamlıq Mərkəzinin “Titan” klubunun üzvləri respublika və beynəlxalq səviyyəli yarışlarda ölkəmizi uğurla təmsil edirlər. Əldə etdikləri uğurlu nəticələr, Dövlət himnimizin sədaları altında Azərbaycan bayrağının yüksəkliklərə ucaldılması hər birimizə qürur, fəxarət hissi bəxş edir. Son illər milli təhlükəsizlik orqanlarında aparılan təşkilati-struktur islahatlar, maddi-texniki və təlim-tədris bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, əməkdaşların peşəkarlığının, döyüş və fiziki hazırlığının artırılmasına xüsusi diqqət yetirilir. Ölkə rəhbərinin gündəlik diqqət və qayğısı, milli təhlükəsizlik naziri Eldar Mahmudovun təşkilatçılığı, nəzarət və tələbkarlığı həm əməliyyat-xidməti fəaliyyətdə, həm də əməkdaşların idman göstəricilərində öz müsbət əksini tapır, uğurlarla müşayiət olunur. Müxtəlif, o cümlədən beynəlxalq idman yarışlarında Milli Təhlükəsizlik Nazirliyinin idmançılarının qələbələri artıq ənənəyə çevrilir, ildən-ilə çoxalır. Azərbaycan Respublikasının idman uğurlarının aktivinə yazılan həmin qələbələrin bəzilərini sadalamaq oxucularımız üçün də maraqlı olardı.

Bu ilin may ayında İtaliyanın Venesiya şəhərində kunq-fu WASKO üzrə Dünya çempionatı keçirilmişdir. MTN-in “TİTAN” idman klubunun üzvü A.Axundov 40 ölkədən 500 idmançının iştirak etdiyi yarışda 75 kiloqram çəki dərəcəsində 2-ci yerə layiq görülmüşdür.

İyun ayında Latviyanın paytaxtı Riqa şəhərində 31 ölkədən 498 idmançının iştirak etdiyi pauerliftinq üzrə Avropa çempionatında “TİTAN” idman klubunun üzvü A.Hümbətov 90 kiloqram çəki dərəcəsində deadlift növündə 220 kiloqram ağırlıq qaldıraraq 1-ci yerə layiq görülmüş və cari ilin noyabr ayında Portuqaliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmışdır. Həmin beynəlxalq yarışda MTN-in Heydər Əliyev adına Akademiyasının dinləyicisi İ.Quliyev isə pauerliftinq üzrə beynəlxalq hakim dərəcəsini almaq üçün imtahan vermişdir. Avropa ölkəsindən olan 18 nəfər namizədlə yanaşı, İ.Quliyev praktiki və test imtahanları çərçivəsində 498 nəfər yarış iştirakçısından 400-nün mübarizəsinin hakimliyini həyata keçirmiş, imtahanı müvəffəqiyyətlə verərək beynəlxalq dərəcəli hakim lisenziyasını əldə etmişdir. Beləliklə, İ.Quliyev Azərbaycan Pauerliftinq Federasiyasında 6-cı beynəlxalq dərəcəli hakim, MTN idmançıları arasında isə ilk beynəlxalq hakim seçilmişdir.

İyunda Böyük Britaniyanın Banqor şəhərində Ustalar (Veteranlar) arasında ağır atletika üzrə 27 ölkədən 400 idmançının iştirak etdiyi Avropa çempionatında “TİTAN” idman klubunun üzvü S.Qeyisov 3-cü yerə layiq görülmüşdür. 26 iyun-6 iyul 2015-ci il tarixində ABŞ-ın Virciniya ştatının Fairfaks şəhərində güc strukturları arasında idmanın 64 növündə 70 ölkədən 1200 nəfərin iştirak etdiyi V Ümumdünya Oyunları keçirilmişdir. Bu mötəbər yarışda MTN-in “TİTAN” idman klubunun üzvü  - S.Salmanov cüdo üzrə yarışda 1-ci, Sup Grapplinq növündə

2-ci, karate üzrə isə 2-ci yeri tutaraq kürsüyə qalxmışdır.

Bu böyük idman tədbirində M.Fərzəliyev Sup Grapplinq növündə 1-ci, M.Hacımuradov karate üzrə yarışda 1-ci, Sup Grapplinq növündə 3-cü, T.Quliyev Sup Grapplinq növündə 2-ci və P.Ağayev isə Sup Grapplinq növündə 3-cü yerlərə layiq görülmüşlər. Ümumilikdə MTN-in “TİTAN” İdman və Sağlamlıq Mərkəzinin idmançıları V Ümumdünya Oyunlarında komanda üzrə 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. 

İnanırıq ki, Azərbaycanın bütün idmançıları, o cümlədən milli təhlükəsizlik orqanlarının əməkdaşları - idmançıları bundan sonra da yüksək nəticələr əldə edəcək, dövlətimizin şöhrətini dünyanın hər tərəfinə yaymağa nail olacaqlar. Əminik ki, idman yarışlarında yüksələn bayraq Şuşada da qürurla dalğalanacaqdır.

 

H.AĞAMMƏDOV,

MTN-in əməkdaşı

 

Azərbaycan.- 2015.- 12 iyul.- S. 3.