Dənizə addımlayan sənaye nəhəngi

 

Ulu öndər Heydər Əliyev Bakı Dərin Özüllər Zavoduna belə dəyər vermişdi

 

Cənubi Qafqazda ən nəhəng sənaye müəssisələrindən biri sayılan Bakı Dərin Özüllər Zavodunun 37 il əvvəl işə düşməsi Heydər Əliyev uzaqgörənliyinin bəhrəsidir. Ulu öndər qətiyyətlə deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ona görə də hələ hakimiyyətinin ilk illərində - sovet dövründə mühüm sənaye komplekslərinin layihələşdirilməsinə və tikintisinə xüsusi fikir verir, ölkəmizdə güclü sənaye potensialı yaradırdı.

Ötən əsrin 70-ci illərinin əvvəllərində Xəzər dənizinin Azərbaycan sektorunda neft istehsalı güclü inkişaf yoluna qədəm qoydu. Aparılan geoloji-kəşfiyyat işləri nəticəsində dənizdə suyun dərinliyi 100 metrdən çox olan hissələrdə böyük neft ehtiyatlarının aşkara çıxarıldığı bəlli oldu. Bu dərinliklərin mənimsənilməsi stasionar dəniz platformaları üçün dayaq hissələri hazırlayan zavodun tikintisini tələb edirdi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə SSRİ Nazirlər Soveti Bakı şəhərində stasionar dərinlik özülləri üçün dayaq hissələri hazırlayan zavodun tikintisi barədə  qərar qəbul etdi. Özü də bu sənaye nəhənginin tikintisi xarici təcrübənin öyrənilməsi əsasında hazırlanmışdı.

O illərdə Bakı Dərin Özüllər Zavodunun işə düşməsinə ciddi problemlər yaradılırdı. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi ilə 1978-ci ildə zavodun təməli qoyuldu. Cəmi bir neçə il sonra - 1984-cü ildə istismara başlayan müəssisə ilk mərhələdə dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsinə çevrildi. İldən-ilə istehsal potensialı xeyli genişləndi. Mütəxəssislərinin hesablamalarına görə, zavodun ümumi istehsal gücü 60 min ton metal konstruksiya həcminə çatdı. Zavodun müxtəlif dərinliklərdən asılı olaraq ildə 2-3 dərinlik dəniz özülü yığmağa potensial gücü var.

İllər ötəndən sonra - 1986-cı ildə zavod tam gücü ilə işləməyə başlayıb. Proseslərə yeni yanaşma tərzi də bu dövrə təsadüf edir. Ötən illər ərzində 178 metrədək dərinlik üçün 12 dəniz platforması hazırlanmışdı. Bütün bunlar başlanğıc üçün hazırlıq mərhələsini xatırladır. Ona görə ki, az vaxt keçəndən sonra bu nəhəng sənaye müəssisəsinin imkanları birə-beş artırıldı.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanandan sonra Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində Bakı Dərin Özüllər Zavodunun fəal iştirakı olub. İlk dəfə olaraq BP şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt da bu müəssisədə həyata keçirilib. Zavodda tikinti üçün metal konstruksiyalar, 200 metrədək dərinlik üçün stasionar dəniz özülləri,  körpü konstruksiyaları, müxtəlif ölçülü metal borular da istehsal olunur. Zavodun əsas məhsulu isə dəniz, neft və qaz yataqlarının işlədilməsi üçün dərin özüllərin hazırlanmasıdır. Əlbəttə, bütün bunlar Xəzər dənizində daha qlobal neft layihələrinin həyata keçirilməsinə imkan yaradır. Zavodun tam gücü ilə işləməsi yeni layihələrin hazırlanmasına imkan yaratmaqla bərabər, sifarişlərin də sayını artırdı. Hələ bir vaxtlar böhranlı sosial-iqtisadi şəraitdə yaşayan Azərbaycanı vəziyyətdən çıxarmaq üçün ulu öndər Heydər Əliyev yeni neft strategiyasını irəli sürdü. Belə bir ideya ölkə iqtisadiyyatının sürətli dirçəlişinə təkan verdi. Heydər Əliyev böyük uzaqgörənliklə bu strategiyanın mahiyyətini açıqladı. Əvəzsiz təbii sərvətimiz olan neftin ölkənin iqtisadi inkişafında rolu düzgün müəyyənləşdirildi. Hələ 1970-ci illərdə Heydər Əliyev tərəfindən irəli sürülən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur yeni neft layihələrinin sürətlə işə düşməsinə xidmət göstərirdi.

Zavodun mütəxəssisləri qürurla deyirlər ki, həmin illərdə ümummilli lider dəfələrlə kollektivimizlə görüşmüş, faydalı təkliflər vermişdi. Müəssisə işə düşdüyü ilk illərdən beynəlxalq standartlara cavab verən stasionar dərin özülləri hazırlayır. Onu da qeyd edək ki, zavodun Fransa, İsveçrə, Almaniya və digər xarici ölkələrlə əlaqələri güclüdür. Layihəyə görə, Bakı Dərin Özüllər Zavodu dörd zonadan ibarətdir. Böyük ərazini əhatə edən bu müəssisədə çoxşaxəli iş aparılır. Ötən illər ərzində - yəni “Əsrin müqaviləsi” imzalanana qədər zavodda dənizin 100 metrliyindən 163 metrliyinədək dərinlikdə istismar olunan 11 stasionar dəniz platforması tikilib istifadəyə verilmişdi. Bütün görülən işlər Qərb standartlarının sınağına tam uyğun gəlir. Zavodda uğurlu inkişaf, dirçəliş, yüksəliş haqlı olaraq ulu öndər Heydər Əliyevin adı ilə bağlanır, xidmətləri dönə-dönə xatırlanır. Bakı Dərin Özüllər Zavodunun direktoru Ayaz Qarayev deyir: “Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Onda müəssisəmiz bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bütün sənaye sahələrində olduğu kimi, neftçilər də ciddi iqtisadi böhranla qarşılaşmışdı. Belə çətin vəziyyət kadr potensialımıza da ciddi zərbə vurmuşdu. Ən yaxşı mütəxəssislər müəssisəmizi tərk etmək məcburiyyətində qalmışdılar. İş əmsalı xeyli aşağı düşmüşdü. Bütün ölkə iqtisadiyyatı tənəzzül dövrünü yaşayırdı. Nəhəng zavodun kollektivi də ciddi çətinliklərin sınağında idi. Xarici ölkələrlə, tərəfdaşlarımızla əlaqələrimiz səngiyirdi. Əlbəttə,  belə vəziyyətdə müəssisənin gələcəyinə ümidlərimiz azalırdı. Ona görə ki, istehsala kapital qoyuluşu ildən-ilə məhdudlaşırdı. Hətta ən kiçik layihələrin icrasına da vəsait tapa bilmirdik.  1994-cü ildən sonra nəhayət müəssisə ikinci həyatını yaşamağa başladı. Başqa sözlə, ulu öndərin hakimiyyətə qayıdışından sonra hər şey yeniləşdi. Xarici şirkətlərlə əlaqələrimiz yenidən quruldu. İndi cəsarətlə deyirik ki, “Azəri-Çıraq” yataqlarında və “Dərinsulu Günəşli” yatağında birgə istismar işlərini uğurla davam etdiririk. Bütün bu yüksəlişdə, dirçəlişdə ulu öndər Heydər Əliyevin əvəzsiz rolu var. Bütün bunları nəzərə alaraq kollektivimiz 2004-cü ildə bu nəhəng müəssisəyə Heydər Əliyevin adı veriləndən sonra məsuliyyətimiz birə-beş artdı. Axı bu adı daşımaq, ona layiq işləmək o qədər də asan deyil. Biz hər an o məsuliyyəti, tələbkarlığı hiss edir, ənənəni qorumağa çalışırıq. Çalışırıq ki, bu adın şərəfini daim qoruyaq. Müəssisəmizdə Heydər Əliyevin adı ilə bağlı muzey də yaratmışıq. Belə bir dahi şəxsiyyətin adına və əməllərinə layiq istehsal göstəricilərini yüksəltmək üçün ardıcıllıqla iş aparırıq. Müəssisəmizdə kadr potensialı da xeyli güclənib. Hələ bir vaxtlar Heydər Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alan mütəxəssislər zavodumuzun aparıcı kadrlarına çevriliblər. Bu gün də həmin ənənəni davam etdiririk. Dünyanın ən tanınmış neft istehsalçıları ilə əlaqə saxlayır, təcrübə mübadiləsi aparırıq. Eyni təmayüllü müəssisələrin işbirliyi yüksək nəticələr verir”.

Bakı Dərin Özüllər Zavodu yarandığı gündən indiki mərhələyə qədər qazandığı ənənələri ləyaqətlə davam etdirir. Ulu öndərin tövsiyələri, gələcəyə hesablanan layihələri yüksək keyfiyyətlə başa çatdırılır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu müəssisədə olmuş, kollektivin iş üsulu ilə maraqlanmışdır. Dövlət başçısı görüşlərinin birində demişdir: “Əgər vaxtilə bu zavod tikilməsəydi və indi fəaliyyət göstərməsəydi, Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin həyata keçirilməsi azı 5-7 il gecikə bilərdi. Burada tikilən qurğular ən yüksək səviyyədə istismara verilib. Bu da onu göstərir ki, zavodun çox peşəkar kollektivi var. Çox şadam ki, bu peşəkar kollektiv Azərbaycana çox ləyaqətlə xidmət edir, böyük işlər görür”.

Kollektivin işinə verilən bu yüksək dəyər heç vaxt unudulmur, hər kəsin işə marağını, sabaha ümidini, inamını artırır. Hər kəs yaxşı bilir ki, onların arxasında dövlət zəmanəti və təminatı var. Azərbaycan Prezidenti bu inamı və etimadı yarada bilib. Özü də əməli işlə, görülən konkret tədbirlərlə. Ən çətin məqamlarda kollektiv inanır ki, onların həyata keçirdikləri qlobal layihələrə dövlət dəstəyi var. Belə olan halda işləmək və uğur qazanmaq da asan olur. Ulu öndər Heydər Əliyevin başladığı xeyirxah ənənələr varisliklə davam etdirilir. Kollektiv bu ənənələrin ardıcıllıqla qorunması üçün yeni təşəbbüslər irəli sürür, faydalı təkliflər verir. Belə bir inamın yaradılması gələcək uğurlara təminat və zəmanət yaradır...

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2015.- 12 iyul.- S. 4.