“AZƏRBAYCAN”ın ilk redaktoru

 

Ceyhun Hacıbəylinin mühacirətəqədərki yaradıcılığında publisistika mühüm yer tutur. Ədibin publisistikasının özünəməxsus məziyyətləri, cəhətləri var: bu keyfiyyətlər mövzu rəngarəngliyində və peşəkarlıqda daha qabarıq təzahür edir. Mövzu baxımından C.Hacıbəylinin publisistik məqalələrini aşağıdakı kimi təsnif etmək olar:

- məktəb, təhsil problemləri;

- dini dəyərlərin təbliği, cəhalət və fanatizmin tənqidi;

- xeyriyyəçilik, onun cəmiyyət həyatı üçün faydası, formaları, xeyriyyə təşkilatları;

- Qars qaçqınları, onların problemləri, qaçqınlara yardımın təşkili məsələləri;

- nadanlığın, laqeydliyin, çürük adət-ənənələrin tənqidi;

- mətbuat, nəşriyyat məsələləri;

- ədəbi-mədəni mühit, onun problemləri;

- tarixi şəxsiyyətlər, onların xidmətlərinin dəyərləndirilməsi, xatirələrinin əbədiləşdirilməsi;

- ilin ədəbi-mədəni, ictimai-siyasi hadisələrinə həsr olunmuş hesabatlar və qarşıda duran vəzifələr;

- Birinci Dünya Müharibəsi cəbhələrində döyüşən müsəlman-azərbaycanlı zabitlər;

- erməni məkrini, hiyləsini və vəhşiliyini ifşa edən məqalələr.

Tərəfimizdən C.Hacıbəylinin bu mövzularda yazılmış və yalnız “Kaspi”də dərc olunmuş 237 məqaləsinin biblioqrafik göstəricisi tərtib edilmişdir.

Publisistin peşəkarlıq məharətindən danışarkən xüsusilə vurğulanmalıdır ki, Ceyhun bəy toxunduğu problemi taleyin ixtiyarına buraxmır, məsələ həll olunmayanadək onu diqqətdə saxlayır, izləyirdi. O, oxucunu inandırmağın, onun qəlbinə və beyninə təsir etməyin, rəy formalaşdırmağın mahir ustası idi. Habelə oxucunu səfərbər eməyi, istiqamətləndirməyi bacarır, xarakterik faktları seçmək, güclü müşahidə və hərtərəfli təhlil etmək qabiliyyəti, ən doğru qənaətləri, nəticələri çıxarma qabiliyyəti ilə seçilirdi. Ceyhun Hacıbəyli publisistikasının məğzi, mahiyyəti, ideyası, amalı maarifçilik missiyasına xidmət etməsidir ki, onun da qida mənbəyi müəllifin təhsilə, məktəbə tükənməz sevgisidir.

Böyük yazar qələmi ilə həmişə millətin, dinin təəssübkeşi, müdafiəçisi rolunda çıxış etmişdir. Bu mənada onun “Sərhəddə” adlı məqaləsi çox ibrətamizdir. Məqalədən aydın olur ki, bir sıra Qafqaz qəzetləri İranla sərhəddə yerləşən xristian əhalisinin silahlandırılmasını, yerli müdafiənin təşkilini canfəşanlıqla təbliğ və müdafiə edirlər. “Həm rus dilində, həm də başqa xalqların (ermənilər nəzərdə tutulur - T.A.) dilində çıxan bir sıra qəzetlər ali hakimiyyət orqanlarını bu məsələnin müsbət həllinə çağırır, bu zaman onu əsas tuturlar ki, İranın vəhşi tayfaları bizə hücum edən təqdirdə sərhəd vilayətlərdəki xristian əhali basqınçıların zərbəsinə məruz qalacaqlar”. C.Hacıbəylini təəccübləndirən, təəssüfləndirən həm də odur ki, Arazın o tayından gözlənilən təhlükəyə daha çox məruz qala biləcək əhalinin həyəcanı “bu çalınan səslər arasında” eşidilmir. Müəllif yazır ki, qəzetlərin xristian pərdəsi ilə təqdim etdiyi əhali əsasən ermənilərdən ibarətdir. Onların yerləşdiyi yaşayış məntəqələri üçün heç yerdə real təhlükə yoxdur. Bu kəndlərin əksəriyyəti dağlarda yerləşir və ora getmək üçün hökmən müsəlman kəndlərindən keçmək lazımdır. “Bax bütün bunlar silahlanmağa, xristian əhalini özünümüdafiəyə hay-küylə çağıran qəzetlərin diqqətindən niyə yayınmışdır? Yoxsa yenə “müsəlman həmrəyliyi” ifadəsi rəhbər tutulur? Doğrudanmı belə fikirləşirlər ki, münasib məqamda sərhədi keçən şahsevənlər öz müsəlman qardaşlarının başlarını sığallayacaqlar?” C.Hacıbəyli çox böyük məharətlə opponentlərinin mənfur niyyətlərini faş edir. Bu zaman o, hay-küydən, pafoslu ifadələrdən yox, ağlın, məntiqin, faktların gücündən istifadə edir: “Hər hansı Qafqaz qəzetini götürün və sərhəd komissarlığının məlumatlarını izləyin: şahsevənlərin hücumuna məruz qalan müsəlman kəndidir, öldürülən müsəlmandır, əmlakı talan edilən müsəlmandır, mal-qarası sürülüb aparılan müsəlmandır. Ən əvvəl, yaxşı coğrafi mövqedə yerləşdiklərinə görə, ikincisi isə xeyli yaxşı müdafiə işi görüldüyünə görə bu günə kimi erməni kəndlərinə heç bir ziyan dəyməmişdir”.

Müəllifin fikrincə, quldur üçün heç bir din, dil fərqi yoxdur. O, yolunun üstündəki kəndin xristian, ya müsəlman əhalisinin olduğunun fərqinə varmayacaq. Onun bir şüarı var: “talan etmək”. Quldurda başqa stimul, ideya axtarmaq ən azı sadəlövhlükdür. Quldurların basqınında müsəlman “həmrəyliyi”, “dözümsüzlüyü” axtarmaq ən azı gülüncdür. C.Hacıbəyli böyük kədərlə yazırdı: “Erməni-tatar qırğını zamanı qarışıqlıqdan istifadə edən şahsevənlər Arazdan bu tərəfə keçmiş və Arazboyu kəndləri talamışlar, hətta onların silahlarını da almışlar. Budurmu müsəlman həmrəyliyi?” Müəllifin qənaətinə görə, bütün deyilənlər onu göstərir ki, bəzi Qafqaz qəzetlərinin söylədikləri təhlükə daha çox sərhəddəki müsəlman əhali üçün realdır və ən əvvəl zərər çəkən onlar olacaqlar. Xristianları əslində təhlükə gözləmir. C.Hacıbəyli məqaləni belə yekunlaşdırır: “Əgər ali hakimiyyət orqanları sərhəddəki xristian əhalinin silahlanmasına razılıq versə, həmin tədbir müsəlmanlara da şamil edilməlidir. Yalnız bu şərtlə sərhəd əhalisinin silahlandırılması deyilən ideya doğru məqsədə xidmət etmiş olardı”.

Bu məqalə ilə Ceyhun bəy islam “fanatizmi”, “həmrəyliyi”, “dözülməzliyi” ibarələri ilə hay-həşir salan, mətləbə dəxli oldu-olmadı islama hücum edənlərə layiqli cavab vermişdi. Maraqlı və təqdirəlayiqdir ki, C.Hacıbəyli öz fikrində, mövqeyində möhkəm, əməlində ardıcıldır. Toxunduğu mövzunun nəticəsini, əks-sədasını izləyir, lazım gələndə mövzuya yenidən müraciət edir.

“Kaspi” qəzetinin 1915-ci il 6 mart tarixli 52-ci nömrəsindəki “Ordan-burdan” adlı məqaləsində oxuyuruq: “Əgər oxucu xatırlayırsa, sərhəd əhalisinin bir qismini silahlandırmağa həsr olunmuş məqalədə demişdik ki, şahsevənlərin “panislamist” ideyasından qorxub əhalinin bir hissəsini silahlandırmaq, digər hissəsini taleyin ixtiyarına buraxmaq sadəlövhlük olardı. Sanki mənim o vaxt dediklərimi sübut etmək üçün qəzet səhifələri şahsevənlərin quldurluğundan bəhs edən materiallarla doldurulmuşdur”. C.Hacıbəyli “müsəlman həmrəyliyi” deyə hay-küy qaldıranlara qəzəbli suallarla müraciət edir: “Quldurlar öz qurbanlarını seçmişlərmi? Müsəlman həmrəyliyi onlarda öz dindaşlarının həyatına və əmlakına qarşı az da olsa mərhəmət hissi oyatmışdırmı?” Daha sonra müəllif öz fikrini faktlarla möhkəmləndirir. Aydın olur ki, bir gün ərzində quldurların basqını zamanı müsəlmanlar 21 at, 1 samovar, 1 xalça, 1 yəhər, 4 qatır, 1 xurcun, 12 inək, 17 öküz, 4 çuxa, 4 arxalıq, 1436 rubl, 10 döyüş patronu, 6 dəvə, 1220 baş qoyun, 1 buzov, 60 pud un, 1400 rublluq zinət əşyaları, 6 keçi, 20 rublluq mal-qara, 1818 rublluq digər əşya itirmişlər. Bir nəfər öldürülmüş, iki nəfər yaralanmışdır. Bir mülk dağıdılmış, 10 desyatin meşə qırılmışdır. Məqalədə müəllif zərər çəkən müsəlman kəndlərinin adını sadalayır. Aydın olur ki, zərər çəkən yaşayış məntəqələri arasında erməni kəndi yoxdur. “İndi baxaq ki, xristian əhali nə qədər zərər çəkib? Şahsevənlərin basqın etdiyi bütün müddət ərzində yoldan keçən bir erməninin 60 rublluq malı qarət edilmişdir”. C.Hacıbəyli bütün faktları sadaladıqdan sonra nəticə çıxarmağı oxucunun ixtiyarına buraxır: “İndi ədalət naminə oxucu hökm çıxarsın: sərhəd quldurlarından daha çox kimin müdafiəyə ehtiyacı var?”

Görkəmli publisist adamlara təsir etmək, onların hisslərinə toxunmaq, onları hərəkətə gətirmək üçün sözün qüvvəsindən çox məharətlə istifadə edir. C.Hacıbəylinin toxunduğu mövzuları, onun publisistikasını maraqlı edən cəhətlərdən biri də faktları, hadisələri müqayisələrlə təqdim etməsidir. C.Hacıbəylinin publisistikasını cəsarətlə ideyalar publisistikası adlandırmaq olar. Onun qələmə aldığı elə bir mövzu, toxunduğu elə bir problem yoxdur ki, müəllif təklifsiz keçinsin.  Maraqlı və təqdirəlayiqdir ki, C.Hacıbəyli eyni mövzuya nə qədər müraciət edir-etsin, oxucunu yormur. Təsvir, ifadə, ona yanaşma tərzi rəngarəng, müxtəlif olduğundan, məqalə oxucunu cəlb edir. Bu mənada Qars qaçqınlarına yardım mövzusuna həsr olunmuş “Bu bayramın fitrəsi” məqaləsi istisna deyil (“Kaspi” qəzeti, 1915-ci il, 31 iyul, ¹ 170). Məlum olur ki, Zaqafqaziya müftisi və şeyxülislamı bu ilki bayram fitrəsini qarslı qaçqınlara verməyi məsləhət bilmişlər. Müəllif bu təşəbbüsü alqışlayır və arzu edir ki, təkcə Qafqaz yox, bütün Rusiya müsəlmanları gərək bu nəcib işə qoşulaydı. Məqalə belə qurtarır: “Qoy oruc bayramı günü hər bir müsəlman yalnız bir sözü yada salsın: “Qars!” Sonra vicdanı necə məsləhət bilərsə, o cür hərəkət etsin”.

Dini görüşləri ilə bağlı “Quranın tərcüməsinə dair”, “Müsəlman ruhanilərinin səlahiyyəti haqqında”, “Avropalılar islam haqqında”, “Aşura haqqında”, “Ramazan başladı”, “Bir daha ruhani seminariyası barədə”, “Ruhani idarəsində islahatlar haqqında”, “İslamın biliciləri”, “Müfti barədə məsələ haqqında”, “Qurban bayramı” və s., ailə-məişət, maarif, teatr, mədəniyyət, təhsil problemlərinə həsr olunmuş “Etinasızlığımız”, “Ev tərbiyəsi haqqında bəzi qeydlər”, “Zülmət və işıq”, “Müəllimlərin təqdimatı”, “Qan düşmənçiliyi”, “Aktyora kömək edin”, “Cəmiyyətin artistə ehtiramı”, “Müsəlman teatr mövsümü”, “Kömək lazımdır”, “Bizdə cəmiyyət varmı?”, “Şəhər ibtidai məktəbinin müəllimləri haqqında”, “Nuxada gimnaziya”, “Qadın təhsilinin ehtiyacları” və s., Qars qaçqınları və xeyriyyəçiliklə bağlı “Qadın qaçqınların məsələsi haqqında”, “Böyük ehtiyac”, “Unutmayın”, “Qardaş köməyi”, “Yetimləri yada salın”, “Nəhayət, nə vaxt?”, “Dəri məsələsi” və sair kimi onlarca məqalədə qaldırılan məsələlər bir çox cəhətdən bu gün də aktualdır, əhəmiyyətlidir. Ceyhun Hacıbəylinin H.Zərdabi, İ.Qaspıralı, Azərbaycanın qadın aşıq-şairləri, Hüseyn Ərəblinski, Haşım bəy Vəzirov, Hüseyn əfəndi Qayıbov barədə yazdıqları maraqlı olduğu qədər də aktual və faydalıdır.

Onu da qeyd edək ki, Ceyhun Hacıbəylinin mühacirətəqədərki həyat və yaradıcılığı 90-cı illərdə ilk dəfə elmi-tədqiqat mövzusu kimi tərəfimizdən işlənilmiş və 1996-cı ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə edilmişdir.

Ceyhun Hacıbəylinin mühacirətdən sonrakı həyatı, fəaliyyəti də maraqlı, zəngin və şərəfli olmuşdur. Onun həyatının bu hissəsini bir cümlə ilə ifadə etmək, belə söyləmək mümkündür: Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə. Bu mübarizə 1919-cu ildən başlamış 1962-ci ilədək - vəfatına qədər fasiləsiz davam etmişdir.

Qeyd etmişdik ki, Ceyhun bəyin seçilmiş əsərlərindən ilk kitabı M.Teymurov və A.Aslanov tərtib etmiş və bura C.Hacıbəylinin mühacirətdəki irsinin bir qismi, o cümlədən “Bərpa-quruculuq işinin ümumi problemində Azərbaycanda iqtisadi vəziyyət”, “İslam əleyhinə təbliğat və onun Azərbaycanda yeni metodları”, “Rus demokratları bolşeviklərlə harada birləşir”, “Söz və əməl”, “İlk Azərbaycan operası necə yarandı” kimi məşhur 6 əsəri daxil edilmişdir ki, həmin əsərlərdə sovet rejimi, kommunist ideologiyası, kolxoz-sovxoz həyatı, ateist tərbiyəsi, din siyasəti və s. konkret, tutarlı faktlarla kəskin, eyni zamanda yüksək sənətkarlıqla tənqid edilir. Kitab 1993-cü ildə “Azərbaycan” nəşriyyatı tərəfindən buraxılmışdır.

C.Hacıbəyli irsinin mühacirət dövrü yaradıcılığının tədqiqatçılarından Mirzəbala Əmrahov “Ceyhun Hacıbəylinin mühacirət dövrü yaradıcılığı” adlı elmi iş üzərində işləyərkən Ceyhun Hacıbəylinin seçilmiş əsərlərini toplayıb nəşr etmişdir. M.Əmrahovun tərcüməsi, ön sözü və tərtibi ilə buraxılan kitabda isə “Müəzzinin lənəti”, “Baş tutmayan ziyarət”, “Stalinin öpüşü və ya staxanovçu Fatimə”, “Nejdanovun işi”, “XIX əsrin azərbaycanlı tarixçisi Abbasqulu Ağa Bakıxanov” və “SSRİ-də ziyalılar” adlı hekayə və məqalələri daxil edilmişdir.

İstedadlı qələm sahibinin diqqətçəkən publisistika nümunələrindən biri irihəcmli memuarı “Bir il xəyallarda və ... bütöv bir ömür” adlanır. Fransız dilində qələmə alınmış memuar mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklüyü, tarixi və ədəbi dəyəri baxımından Azərbaycan bədii publisistikasının, mühacirət ədəbiyyatının ən parlaq və nadir nümunələrindəndir.

 

Memuar

 

- vətən həsrəti ilə yaşayan və onun istiqlalı uğrunda mücadilə aparan istiqlal aşiqinin ürək çırpıntıları, qəlbinin səsidir;

- çar və sovet imperiyasının milli siyasətinin əsl mahiyyətini, eybəcərliklərini göstərən və ifşa edən sənəddir;

- 1905-ci və 1918-ci illərdə ermənilərin Azərbaycanda, xüsusilə Bakıda törətdikləri vəhşiliklərə, qırğınlara şahidlik edən məxəzdir;

- milli adət-ənənələri, xalqımıza mənsub ailə-məişət münasibətlərini, dini mərasimləri, şifahi ədəbi nümunələri əks etdirən mənbədir;

- inqilabdan əvvəlki Bakı həyatı, xüsusilə qoçuların şəhərdəki fəaliyyəti, əhali arasındakı nüfuzu barədə müəllifin özünəməxsus görüşləridir;

- Qarabağın, xüsusən Şuşanın Azərbaycan tarixində və mədəni həyatındakı yerinə, roluna işıq salan əsərdir;

- bir mühacirin qürbət - Paris macəralarıdır;

- nəhayət, böyük Hacıbəylilər nəslinin həyat hekayəsidir.

Bu məziyyətlərinə görə memuarın tərcüməsi və nəşri aktual və təqdirəlayiqdir. Təsadüfi deyil ki “ Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”nın yaradılması haqqında AMEA Rəyasət Heyətinin iclasının qərarından dərhal sonra həmin qərarla müəyyənləşdirilmiş tədbirlərin icrasının həyata keçirilməsi - seriya ilə kitabların buraxılması, o cümlədən adıçəkilən memuar da daxil olmaqla Ceyhun Hacıbəylinin bədii irsinin nəşrə hazırlanması istiqamətində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsində müvafiq işlər görülür. Artıq təcrübəli və peşəkar mütəxəssis Şamil Zaman əsəri tərcümə etmişdir.

 

Məsləkdaşları, qəhrəmanları

 

Ceyhun Hacıbəyli elə böyük sənətkarlardandır ki, onun əsərlərini müəllifin tərcümanı hesab etmək olar. Bu əsərlər Ceyhun bəyin keçdiyi şərəfli həyat yoluna işıq salır, onun vətənə, millətə, dinə sədaqətini, azadlıq, istiqlal ehtirasını parlaq təzahür etdirir. C.Hacıbəylinin ictimai fəaliyyəti də onun ünvanına ən dəyərli fikirlərin söylənilməsinə əsas verir. Digər tərəfdən isə, Ceyhun bəyin təmasda olduğu, birgə çalışdığı, əməkdaşlıq etdiyi insanlar C.Hacıbəylinin əqidəsi, mənəviyyatı, şəxsiyyəti barədə fikrin formalaşmasına kifayət edir. Qardaşları Üzeyir və Zülfüqar Ceyhun bəyin həm də ən yaxın mənəvi dostları olmuşlar. O, “Azərbaycan mədəniyyətinin pioneri” adlandırdığı Həsən bəy Zərdabinin vurğunu idi. Məqalələrində, xüsusən böyük maarif xadiminin vəfatının ildönümünə həsr etdiyi yazılarında Həsən bəyin xidmətlərini yüksək qiymətləndirir və cəmiyyətdən inadla, israrla xalq xadiminin xatirəsinin əbədiləşdirilməsini tələb edir. İllər ötür, nəticə isə yoxdur. Ceyhun bəy isə yenə qələmi yerə qoymur. Həsən bəyin vəfatının 7-ci ildönümü münasibətilə yazdığı məqalədə isə, deyəsən, Ceyhun bəyin səbri tükənmişdir. Bu dəfə qəzəblə ittiham edir: “Bu gün müsəlmanların (azərbaycanlıların - T.A.) mədəni-maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun vəfatının 7 ili tamam olur.

Bakılıların pafoslu nitqləri və təntənəli mərasimlə öz xadimlərini dəfn etdikləri həmin gündən vur-tut 7 il keçir. Hələ tam soyumamış meyit üzərində səslənən o çıxışlar mənim indi də qulaqlarımdadır. Aman Allah, həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar ürəklərdə necə bir ümid çırağı yandırır, mərhumun xatirəsi minnətdarlıq hissi ilə necə yad edilirdi. Həmin gündən cəmi yeddi il ötmüşdür.

Nə olsun? O təmtəraqlı, ibarəli nitqlərdən nə qaldı? Deyəsən, külək elə həmin gün o çıxışları sovurub apardı. Həsən bəy təntənəli şəkildə dəfn olundu, onun haqqında 2-3 gün də orda-burda danışdılar, qəzet və jurnallar onun bioqrafiyasını dərc etdilər, portretini verdilər - vəssalam. Müsəlman cəmiyyəti ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona zəngin miras, irs qoyan, onu mədəni həyata alışdıran xadimi ilə beləcə üzülüşdü. Deyəsən, hər şey bitdi...” C.Hacıbəyli Həsən bəyin tamamilə yaddan çıxarıldığını acı təəssüflə qeyd edərək yazır: “Digər xalqlar ona xidmət göstərən övladlarının xatirəsini əziz tutur, ona abidə qoyur, adını əbədiləşdirir, ailəsinə qayğı göstərir və s. Bizdə isə tamamilə əksinədir.

Biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adi qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gəlmədik, biz nəinki Həsən bəyin adını və xatirəsini əbədiləşdirmədik, hətta onun tamamilə unudulması üçün çalışdıq, nəinki onun ailəsinə qayğı göstərmədik, əksinə, elə bil ona əlavə dərd, kədər gətirmək prinsipi ilə bəhsə girdik”. Müəllifi cəmiyyətin biganəliyi heyrətə gətirir, bu bəlanın səbəbini izah etməkdə çətinlik çəkdiyini, eyni zamanda onun öyrənilməsinin, aradan qaldırılmasının zəruriliyini vurğulayır, xəbərdarlıq edir: “Yoxsa öz canyandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət az-çox mədəni cəmiyyətdə hələ təsadüf olunmayan xüsusiyyətlərimizi üzə çıxara bilər. Hətta vəhşilər belə öz başçılarının məzarlarını bəzəyirlər”.

 Ceyhun Hacıbəyli məqalələrində Hüseyn Ərəblinskinin, Haşım bəy Vəzirovun xalq işi uğrunda fədakarlığını yüksək dəyərləndirir. Müəllifin 1911-ci ildə “Kaspi” qəzetində dərc etdirdiyi Ağabəyim Ağa, Aşıq Pəri, Gövhər Ağa, Fatma xanım Kəminə, Xurşidbanu Natəvan, Fatma Bikə, Qubalı Bikə kimi yeddi nəfər Azərbaycan şairinin həyat və yaradıcılıq yolundan bəhs edən irihəcmli “Azərbaycanın gülləri” adlı məqaləsi ədəbiyyatşünaslığımızın ilk nümunələrindən biri kimi də mühüm əhəmiyyət kəsb edir. 1950-ci illərdə Ceyhun bəy həmin yazını tərcümə etməklə fransız oxucularını da qadın şairlərimiz haqqında məlumatlandırmışdır. XIX əsrin sonları, XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının şəriksiz lideri, məşhur “Sözdə, fikirdə, işdə birlik” ideyasının sahibi, “Tərcüman”ın redaktoru, naşiri İsmayıl Qaspıralını Ceyhun bəy şəxsən tanıyır və onun sözünü, əməllərini yüksək qiymətləndirirdi. “Millətin atası”nın - İsmayıl Qaspıralını dövrün xadimləri onu belə adlandırırdı - vəfatı ilə əlaqədar “Kaspi”də (1914, ¹ 204) dərc etdirdiyi “İsmayıl bəy Qaspıralının xatirəsinə” adlı yazısında C.Hacıbəyli sonsuz kədər və eyni zamanda qədirbilənliklə yazırdı ki, 32 il ərzində Rusiyanın türk müsəlmanlarını birliyə çağıran İ.Qaspıralı ölümü ilə də onları birləşdirdi, onun vəfatı ümumxalq kədərinə çevrildi. Əgər desəm ki, dövründə yalnız İ.Qaspıralıya yüksək münasibətinə görə Ceyhun Hacıbəyli ən ali sözlərə layiqdir, fikrimdə mübaliğə axtarmayın...

 

Folklor toplayıcısı, folklorşünas

 

Ceyhun Hacıbəylinin Qarabağ folklorunun toplanılmasında, tədqiqində və təbliğində bənzərsiz xidmətləri olmuşdur: 1919-cu ilədək Qarabağı oymaq-oymaq gəzmiş, ağsaqqallar və ağbirçəklərlə görüşmüş, şifahi söz bilicilərini dinləmiş, yüzlərlə bayatı, alqış, qarğış, yalvarış, and, məzhəkə, oyun, müraciət formaları, hərbə-zorba, oxşama, layla, yanıltmac, ağı, zarafat, məzəli deyimlər və sair kimi şifahi xalq ədəbiyyatı nümunələrini toplamış, mühacirətdə ikən onları fransız dilinə çevirmiş və 1934-cü ildə Parisdə nəşr olunan “Asiya” jurnalında “Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)” adı ilə nəşr etdirmişdir. Ceyhun bəy folklor nümunələrini toplamağa görkəmli türkoloq Radlovun tədqiqatlarının davamçısı olan M.Samoyloviçin məsləhəti və köməyi ilə başladığını yazır. Sonralar baş verən ictimai-siyasi proseslər bu işi yarımçıq qoyur...

Ceyhun bəy folklor nümunələrini toplamaqla kifayətlənməmiş, Qarabağ dialekti və folklorunun özünəməxsus məziyyətləri, ölkəmizin digər bölgələrinin şifahi ədəbi nümunələri ilə onların oxşar və fərqli cəhətləri barədə maraqlı mülahizələr irəli sürmüş, yeri gəldikcə xalq deyimlərinin yaranma səbəbləri, məna, məzmun və mahiyyəti, işlənmə məqamı barədə dolğun məlumat vermişdir. Onun fikrincə, Qafqaz Azərbaycanında işlənən müxtəlif dialektlər içərisində Qarabağ dialekti səslənməsinə görə çox zəngin, formasına görə çox cazibədardır. Bir sözlə, bu əsəri ilə o, mahir folklorşünas kimi də diqqəti çəkir.

C.Hacıbəylinin təxminən 100 il əvvəl topladığı, 80 il əvvəl Parisdə fransız dilində nəşr etdirdiyi “Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)” kitabı ilə Azərbaycan oxucusu, elmi ictimaiyyəti yalnız 1999-cu ildə tanış olmuşdur: AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.n. Bayram Ağayev həmin əsəri “Asiya” jurnalındakı variantına əsasən tərcümə və Kirill əlifbası ilə nəşr etdirmişdir (Bakı, “Ozan”, redaktoru prof. Məhərrəm Qasımlı, 1999, 48 səh.). Əsər bu gün də aktuallığını saxlamaqdadır və Qarabağ etnoqrafiyasını, dialekt və folklorunu öyrənmək üçün mötəbər məxəzdir.

 

Mətbuat tariximizin ilk tədqiqatçısı

 

Ceyhun Hacıbəyliyədək mətbuat tariximizlə bağlı xatirələr, müəyyən icmallar yazılmışdır. Ceyhun bəy ilk dəfə Azərbaycan mətbuat tarixinin elmi, sistemli və əhatəli tarixini qələmə almışdır. Firidun bəy Köçərli ədəbiyyat tariximizin, C.Hacıbəyli mətbuat tariximizin bünövrəsini, təməlini qoymuşlar. Onun 1909-cu ildə mətbuat tarixi ilə bağlı araşdırmasını (MDƏİA, fond 649, iş 104) ilk dəfə  AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.n. Mənzər İbrahimova üzə çıxarmış və “Molodyoj Azerbaydjana” qəzetinin iki nömrəsində  “Əkinçi”dən “Həqiqət”ədək” adı ilə dərc etdirmişdir (3, 6 iyul 1994, ¹73, 74). C.Hacıbəyli əsərin əvvəlində mətbuat tarixinin yazılmasının vacib olduğunu göstərir, sonra milli mətbuatımızın ilki “Əkinçi”dən, onun naşiri və redaktoru H.Zərdabidən geniş bəhs edir. O yazır: “Bu insan Qafqaz müsəlmanları arasında mətbuatın meydana gəlməsinin pioneridir. Əfsus ki, o, geridə qalmış milləti, xalqı üçün səmimi, təmənnasız işləyən, yalnız xeyirxahlıq duyğuları ilə zəhmət çəkən bəlkə də yeganə xadim idi”. Sonra tədqiqatçı qəzetin bağlanma səbəblərini araşdırır və qəzetin nəşrinin dayandırılmasını milli itki hesab edir. C.Hacıbəyli “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Rəhbər”, “Dəbistan”, “Təkamül”, “Yoldaş”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Tazə həyat”, “Tərəqqi”, “Proqres”, “İttifaq”, “Zənbur”... kimi mətbu orqanların da məramı, ideya-istiqaməti, toxunduğu problemlər, redaktor və mühərrirləri haqqında geniş bəhs edir, onların cəmiyyət həyatında yeri və rolunu dəyərləndirir.

Məsələ burasındadır ki, bütün həyatını mətbuata həsr edən C.Hacıbəyli bu tədqiqat əsərindən əvvəl də, sonra da mətbuat, mətbəə-nəşriyyat problemlərinə dair xeyli məqalə yazmış və dərc etdirmişdir. “İncəsənət və müsəlmanlar” adlı məqaləsində (“Baku” qəzeti, ¹196, 2 sentyabr, 1909) “Qələm qələbənin və təntənənin simvoludur” yazan Ceyhun bəy təəssüflə göstərirdi ki, bir nəfər də olsun rəssamımız, heykəltəraşımız, artistimiz yoxdur və əgər xalqın mədəni səviyyəsi onun mətbuat orqanlarının miqdarı ilə müəyyən edilir fikri ilə razılaşsaq, o zaman bizim müsəlmanlar yalnız amerikalı hindilərlə rəqabət apara bilərlər”. “Qəzet işi haqqında” məqaləsində (“Kaspi”, ¹226, 1912) C.Hacıbəyli kədərlə qeyd edir ki, Rusiya imperiyasında yaşayan 20 milyon müsəlmanın 4 adda gündəlik qəzeti olmaqla cəmi 8 qəzeti və 3 jurnalı var: hər 2 milyon yarım adama 1 qəzet, hər 7 milyona 1 jurnal.

Mətbuatın problemlərinə həsr etdiyi çoxsaylı məqalələrində C.Hacıbəyli qəzet və jurnalların mövzu, onun aktuallığı, əhəmiyyəti, ideya-istiqaməti, oxucu, dil-üslub, sənətkarlıq, eləcə də maliyyə- texniki məsələləri ilə bağlı peşəkar münasibət bildirir, mülahizələrini bölüşür.

Ceyhun Hacıbəyli İranın mətbuat tarixi ilə də bağlı irihəcmli məqalə qələmə almışdır (“Kaspi”, ¹103, 1913). Məqalənin əvvəlində müəllif göstərir ki, Rəşt şəhərindəki İngiltərənin vitse-konsulu İran mətbuatı tarixinə dair maraqlı araşdırma aparmış, ilk qəzetin nəşrindən bugünədək çıxan bütün orqanlar haqqında məlumat toplamış və bununla bağlı Fransa mətbuatında məqalə dərc etdirmişdir. Ceyhun bəy həmin məqalənin məzmunu ilə oxucuları tanış etməklə kifayətlənmir, materialı yeni faktlarla zənginləşdirir.

 

Yubiley yaxınlaşır...

 

 Ceyhun Hacıbəyli xalq xadimlərinin xatirələrinə həsr etdiyi məqalələrində onların xatirəsinin əbədiləşdirilməsinin vacibliyini, xalqın hafizəsində daim yaşamaq haqqını qazandıqları üçün həmişə xatırlanmalarını ürəkdən arzu edirdi. Eyni haqqı mərhum Ceyhun Hacıbəylinin də qazandığını tam məsuliyyətlə söyləmək olar.

2016-cı ildə mətbuatımızın mümtaz siması, istiqlal mücahidi Ceyhun Hacıbəylinin anadan olmasının 125 ili tamam olur. Kim bilir, bəlkə Azərbaycan mətbuatının 140 illiyi münasibətilə qələmə alınmış bu yazı Ceyhun Hacıbəylinin yubileyinin təntənəli qeyd olunması üçün bir vəsilə olacaqdır?!

 

(əvvəli var)

 

Abid TAHİRLİ,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2015.- 12 iyul.- S. 5.