Elmi təmələ əsaslanan iqtisadi inkişaf strategiyasının banisi

 

Hər bir müstəqil dövlətin yaranmasına aparan mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərin mərkəzində lider və şəxsiyyət amili dayanır. Milli inkişaf yolunu müəyyənləşdirən belə liderlər həm də irs-varislik ənənələri formalaşdıraraq irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirmişdir.

Müstəqil Azərbaycanın 22 ildən çox müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev keçmiş İttifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını işləyib həyata keçirmişdir.

Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqilliyə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix böyük strateqin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradarkən, mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər respublikaya birinci rəhbərliyi dövründə bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Təsadufi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürür, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olurdu. Onun həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi yüksək qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.

Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə təkan vermişdir. Ümumilikdə, 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində respublikada onlarca zavod, fabrik, istehsalat sahələri yaradıldı, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdı. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutmuş, respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir.

Ümummilli liderin böyük qətiyyət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız 1970-ci illərdə neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə İttifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də milli iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Yeri gəlmişkən, 1963-cü ildə bünövrəsi qoyulan Sumqayıt Şüşə Zavodunun intibah dövrü də məhz ümummilli liderin birinci rəhbərlik dövrünə təsadüf edir. Heydər Əliyev hələ o dövrdən bu müəssisənin problemlərini diqqət mərkəzində saxlamış, onun inkişafı, yüksək səviyyədə məhsul istehsalı üçün lazımi köməyi əsirgəməmişdir. Bunun nəticəsi olaraq Azərbaycan o dövrdə bütün Zaqafqaziyanı və Rusiyanın bir çox bölgələrini 25 il müddətində keyfiyyətli şüşə ilə təmin etmişdir.

Ümummilli liderin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənirdi. Həmin illərdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsas leytmotivini təşkil edirdi. Məhz ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə 1970-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir.

Ümumilikdə, məhz ötən əsrin 70-80-ci illərində formalaşmış möhkəm potensial əsrin sonlarına doğru Azərbaycana istiqlaliyyətini bərpa etmək, müstəqil dövlət kimi özünü təsdiq etmək imkanı yaratmışdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqilliyini bərpa edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır. Bunu ulu öndərin 1991-ci ilin dekabr ayında - Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri olarkən Türkiyənin “Zaman” qəzetinə verdiyi musahibədə söylədiyi fikirlər də təsdiq edir: “Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil bir müsəlman dövləti olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədləri də Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi”.

1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq, xalqı üzləşdiyi ağır faciələrdən hifz etmək mümkün olmuşdur. İctimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının etibarlı təminatı sosial-iqtisadi sahədəki böhranlı vəziyyətin və tənəzzül prosesinin aradan qaldırılmasına yönəlmiş ardıcıl tədbirlərin həyata keçirilməsinə imkan vermişdir. Böyük strateq bu iqtisadi inkişaf modelini irəli sürərkən heç də dünya ölkələrinin təcrübəsini Azərbaycanda təkrarlamamış, respublikamızın zəngin təbii resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixi təsərrüfatçılıq ənənələrini, spesifik xüsusiyyətlərini, sosial-iqtisadi gerçəkliklərini nəzərə almışdır.

XX əsrin sonunda Azərbaycanda iqtisadiyyatın dörd vacib seqmentinin - yanacaq-energetika ehtiyatlarının, nəqliyyat-kommunikasiya sisteminin, kənd təsərrüfatı və onunla bağlı sənaye kompleksinin, regionların istifadə olunmamış əmək və iqtisadi imkanlarının maksimum dərəcədə iqtisadi dövriyyəyə cəlb olunması hökumətin strateji məqsədi hesab edilmişdir. Ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi sabitliyə nail olmaq üçün ilkin mərhələdə sərt büdcə -kredit siyasətinə üstünlük vermiş, hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə uyğun struktur islahatlarına başlamış, habelə özəlləşdirmənin birinci mərhələsinin həyata keçirilməsi istiqamətində qətiyyətli qərarlar qəbul etmişdir.

Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu önə çəkən Heydər Əliyev xarici şirkətlər ilə Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış və mərhələlərlə həyata keçirilmişdir.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur.

1998-ci ilin prezident seçkilərində ulu öndərin vəkili olmuş şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsində, ölkədə siyasi sabitliyin möhkəmlənməsində, ümumilikdə, rifah və tərəqqinin təmin olunmasında sahibkarlar sinfinin müstəsna rolunu və imkanlarını daim yüksək dəyərləndirmişdir. Ulu öndərin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət sahibkarlar sinfinin formalaşmasına, bu sahədə mükəmməl hüquqi bazanın yaradılmasına zəmin yaranmışdır. Azərbaycanda sahibkarlığın inkişafına təkan verən mühüm addımlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda beynəlxalq konfrans olmuşdur. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər xarici şirkətləri ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırmış, sahibkarların fəaliyyətinə dövlət təminatının mövcudluğunu xüsusi vurğulamışdır: “İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var”.

Ulu öndər Heydər Əliyev mütəmadi olaraq sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi görüşlərdən biri 1996-cı ilin əvvəllərində keçirilmişdi. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu öndər Heydər Əliyev özünəməxsus təmkinlə, həssaslıqla sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. 2002-ci ilin aprel-may aylarında sahibkarlarla görüşəndən sonra Heydər Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüsümüzə müsbət yanaşmış, belə bir qurumun yaradılmasını dəstəkləmişdi. Bu görüşdən az sonra ulu öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər vermək olmuşdur.

Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev özəl sektora dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atmışdır. Bu xüsusda 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Bundan başqa, həmin illərdə iqtisadiyyata nəzarəti həyata keçirən dövlət orqanlarının çoxluğu və fəaliyyəti bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni əngəllər törədirdi. Yaranmış vəziyyəti ən xırda detallarına qədər düzgün qiymətləndirən Heydər Əliyev qeyd olunan istiqamət üzrə problemlərin aradan qaldırılması üçün qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Bu kontekstdə ən vacib addımlardan biri kimi ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərmanın imzalanmasını qeyd edə bilərik. Bu fərmandan bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüş, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır.

Ümumiyyətlə, 1996-2003-cü illərdə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramının (1997-2000-ci illər üçün)”, habelə “Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Əmtəə birjası haqqında”, “Lizinq xidməti haqqında” və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunların qəbulu sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi mexanizmlərini təkmilləşdirmişdir.

Ümummilli lider sonrakı mərhələdə də sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlərin keçirilməsinə, iş adamlarını hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə xüsusi diqqət yetirirdi. Buna  nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 10-da yerli, 25-də isə xarici sahibkarlarla görüşməsini, onların hər birinə şifahi və ya yazılı surətdə problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni idarəçilik metodlarından istifadənin ən gözəl və səmərəli forması kimi tarixiləşmişdir.

Ulu öndər Heydər Əliyevin böyük müdriklə irəli sürdüyü sahibkarlığın inkişafı strategiyası son 12 ildə onun ən layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah” tezisi əsasında reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf etmiş cəmiyyət quruculuğu sahəsində mühüm uğurların əldə olunmasına imkan yaratmışdır. Ötən illərdə Azərbaycan “təqibedici artım” modelini uğurla həyata keçirərək keçid dövrünü başa vurmuş, ölkə modern inkişaf mərhələsinə adlamışdır. Həyata keçirilən yeni iqtisadi siyasət sayəsində milli iqtisadiyyatın həcmi son 12 ildə 3,4 dəfə artmışdır.

Prezident cənab İlham Əliyev ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşmışdır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşların sayının artması dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Ümumiyyətlə, ölkə rəhbəri səlahiyyətlərinin icrasına başladığı ilk gündən iqtisadiyyatın birqütblü inkişafını yolverilməz sayaraq respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılmasına - qeyri-neft sektorunun, istehsal sahibkarlığının inkişafına xüsusi diqqətlə yanaşmış, regionların tarazlı və davamlı inkişafı, tarixi məşğulluq ənənələrinin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. “Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik” - deyən dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə qeyri-neft sektorunun, sənayenin inkişafına, infrastrukturun müasirləşməsinə, davamlı tərəqqiyə zəmin yaradan investisiya layihələrinin gerçəkləşməsinə xüsusi diqqətlə yanaşmışdır.

Qeyri-neft sektorunun tərəqqisi isə, ilk növbədə, özəl sektorun inkişafından keçir. Cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək “vahid pəncərə” prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi fərmanın və qanunun imzalanması və s. tədbirlər iş adamları tərəfindən razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədilə “Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.

Bazar iqtisadiyyatının tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin formalaşdırılması, liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi və dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətinin təkmilləşdirilməsi nəticəsində son 12 ildə azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına təkan vermiş, iş adamlarının fəaliyyətini stimullaşdırmışdır. Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 83 faizə çatmışdır.

Ümumilikdə, ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması kimi nəzərəçarpacaq nəticələrlə yadda qalmışdır. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Ümumdünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi (2014-2015) hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 38-ci yerdə qərarlaşmışdır.

Son 12 ildə sənayenin qeyri-neft sektorunun lokomotivinə çevrilməsi istiqamətində də real addımlar atılmış, bu sahənin inkişaf prioritetləri müəyyən edilmişdir. Sənayeləşmənin iqtisadi təməli, ilk növbədə, Azərbaycanda güclü sənaye potensialının inkişafına stimul verən zəngin xammal bazasının mövcud olması və nəhəng sənaye kompleksləri infrastrukturları ilə bağlıdır. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin sənayeləşmənin mərkəzi rayonlarına çevrilməsinə baxmayaraq, bölgələrdəki xammal infrastrukturunda başlıca rol oynayan Daşkəsən, Gədəbəy, Naxçıvan və Mingəçevirin sənaye marşrutunun bazası olması bir reallıqdır. Bu çoxşəbəkəli marşrutların postsənayeləşmənin vahid kompleksinə çevrilməsi Azərbaycan iqtisadiyyatında yeni mənzərənin yaranması deməkdir. Ümumiyyətlə, sənaye potensialının səfərbər edilərək hərəkətə gətirilməsi bu sahənin gələcək illərdə ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutacağına zəmin yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, sənayeləşmənin strukturca yeni dövrün tələblərinə uyğun formalaşması iqtisadiyyatın gələcək maliyyə təminatında xüsusi rol oynayacaqdır. Artıq respublikanın iqtisadi siyasətində yeni sənaye müəssisələrinin yaradılması başlıca xəttə çevrilmişdir. Azərbaycanda ümumi daxili məhsulun tərkibində əsas yer sənaye məhsullarının payına düşür. Dövlət başçısı İlham Əliyev bu sahədə həyata keçirilən dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin daha da artırılmasını təmin etmək məqsədilə hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasına qərar vermişdir. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş İttifaq dövründə olduğu kimi, dövlətin nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir. Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər. Təsadüfi deyil ki, Azərbaycanın əsas sənaye mərkəzlərindən sayılan Sumqayıt şəhərinin mövcud infrastrukturunun bərpa olunması, eyni zamanda sovet dövründən qalan güclü istehsal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin ciddi vəzifə kimi qarşıya qoyduğu güclü sənaye kompleksinin yaradılması məqsədinə xidmət etməklə yanaşı, regionların inkişafına, qeyri-neft sektorunun, idxalı əvəz edən ixracyönümlü məhsul istehsalının, sahibkarlığın və xarici iqtisadi əlaqələrin daha da genişlənməsinə, məşğulluğun artırılmasına, yoxsulluğun azaldılmasına, habelə elmtutumlu sahədə çalışacaq intellektual cəhətdən inkişaf etmiş insan faktorunun formalaşmasına yönəlmiş tədbirlərdir.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə həyata keçirilən siyasət sayəsində ölkə sahibkarlarının düşüncə tərzi, təfəkkürü, intellekt səviyyəsi də dəyişmişdir. Bu gün dövlət-sahibkar münasibətlərinin institusional inkişafı sivil dialoq və əməkdaşlığa, cəmiyyət qarşısındakı sosial öhdəliklərə sadiqliyə əsaslanır. Ölkədə sahibkarlığın bütün təşkilati-hüquqi formalarının inkişafına xidmət edən innovativ siyasətin mahiyyətinə müvafiq olaraq Sumqayıt şəhərində də iş adamlarının təşəbbüskar layihələri dəstəklənir, onlarla işgüzar, sağlam, qarşılıqlı faydalı əlaqələr qurulur, özəl sektorun mövcud potensialından səmərəli istifadə edilir.

Əminik ki, ulu öndər Heydər Əliyevin ali ideallarına söykənərək Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına yüksəltməyi qarşıya məqsəd qoyan Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü ardıcıl siyasət nəticəsində özəl sektorun üzləşdiyi bütün çətinliklər aradan qalxacaq, sahibkarlar milli iqtisadiyyatın inkişafına daha sanballı töhfələr verəcəklər.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2015.- 14 iyul.- S. 9.