Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

 

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasimdə çıxış edərək dedi:

- Bismillahir-rəhmanir-rəhim.

Zati-aliləri, möhtərəm Prezident.

Hörmətli qonaqlar, əziz din qardaşlarım.

Mənim dəvətimi qəbul etdiyinizə və bu mərasimdə iştirakınıza görə sizə minnətdarlığımı bildirir və hamınıza “Xoş gəlmisiniz” deyirəm. Ramazan ayında – “Qurani-Şərif”in nazil olduğu bu müqəddəs ayda Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri ilə birlikdə iftar süfrəsi arxasında dövlət başçısı ilə bir yerdə olmaq bizim üçün həm böyük şərəfdir, həm də bu, bir ənənə halı almışdır. Bu ənənənin bünövrəsini qoyan, milli mənəvi dəyərlərimizə həyat verən ulu öndər Heydər Əliyev həzrətləri olmuşdur. Allah-Təala Heydər Əliyev həzrətlərinə, onun ömür-gün yoldaşı Zərifə xanıma rəhmət eləsin!

Zati-aliləri, dindarlarımız həmişə sizinlədir və Sizin müzəffər olmağınız üçün həmişə Allah-Təalaya dualar edirlər. Peyğəmbər əleyhissəlamın hədisi var, buyurur ki, əgər Allah bir xalqı istəsə ona müdrik rəhbər göndərər, o, xalqı zülmətdən nura tərəf aparacaq. Bu, həqiqətən belə oldu. Azərbaycan dağılmaqda, xəritədən silinmək ərəfəsində ikən Allahın mərhəməti, xalqın dəstəyi və çağırışı ilə ulu öndər Heydər Əliyev həzrətləri Azərbaycana gəldi, dövlətçiliyin bünövrəsini bərpa etdi və müstəqilliyi bizə əmanət qoyub getdi. Heydər Əliyev həzrətlərinin Azərbaycan xalqına ən böyük əmanəti isə onun siyasi kursunun və məktəbinin davamçısı İlham Əliyev həzrətləridir. Mən deyərdim ki, bu, həm də Allah-Təalanın Azərbaycan xalqına böyük lütfü və kərəmidir.

Zati-aliləri, bu ilin aprel ayında Sizin Səudiyyə Ərəbistanına səfəriniz və İki Müqəddəs Ocağın Xadimi Kral həzrətlərinin hava limanına gələrək Sizi qarşılama mərasimində iştirak etməsi və Sizə olan münasibəti məndə qürur hiss oyatdı, mən bununla fəxr etdim. Çünki Kral həzrətləri çox az dövlətlərin rəhbərlərinin pişvazına çıxır. Bu, fəqət Səudiyyə Ərəbistanının Azərbaycana və onun rəhbərinə olan münasibəti deyildi. Bəlkə də bütün İslam dünyasının Azərbaycana və onun rəhbərinə olan münasibəti idi.

Xüsusən, Zati-aliləri, müqəddəs Kəbə Evinin qapılarının Sizin üzünüzə açılması. Kəbə Evinin daxilində ibadət zamanı Siz xalqımıza, Vətənimizə, torpağımıza, şəhidlərə, Ulu Öndərə dua etdiniz. Mən orada bir daha əmin oldum ki, Allah-Təalanın yandırdığı Heydər çırağını söndürmək olmaz. Xüsusən, mən bir şeyi demək istərdim. Bu 35 il ərzində mən heç bir dövlət rəhbəri üçün, ya da bir şəxsiyyət üçün Peyğəmbər zərihinin qapısının açılmasının şahidi olmamışam, nə də eşitməmişəm. Zati-aliləri, bu qapılar Sizin üzünüzə açıldı. Siz Heydər qapısından Peyğəmbərin sevimli övladı Fatimeyi-Zəhra əleyhissalamın otağına daxil oldunuz, ziyarət etdiniz. Oradan Peyğəmbər Məscidinə daxil oldunuz və Peyğəmbər mehrabını ziyarət etdiniz, əl sürtdünüz. Oradan isə Peyğəmbər əleyhissalamın qəbrinin üstünə gəlib dualar etdiniz. Bu, ancaq Allahı istəyən və Allahın istədiyi insanlara nəsib ola bilər. Mən arzu edərdim ki, Allah-Təala bütün müsəlmanlara, arzu edənlərə həm Məkkəni, həm Peyğəmbər zərihini ziyarət etməyi nəsib etsin, inşallah. Əlbəttə, Allah-Təala buyurur ki, sən mənə tərəf bir addım at, mən sənə tərəf on addım ataram.

Azərbaycan inkişaf etmiş bir dövlətə çevrilmişdir. Müstəqil Azərbaycan regionda lider dövlətdir. Müstəqilliyimizə heç kim xələl gətirə bilməz. Zati-aliləri, Sizin siyasətinizin nəticəsində Azərbaycan güclü, qüvvətli bir dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, haqqını tələb edən bir dövlətə çevrilmişdir.

Azərbaycan nəinki öz iqtisadiyyatını, siyasi potensialını möhkəmləndirməklə bərabər, həm də ilklərə imza atan bir dövlətə çevrilmişdir. Buna birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi misal ola bilər. Bəli, Zati-aliləri, Siz demişdiniz. Avropa Oyunları yaxınlaşdıqca, bizə iftira atanlar, şayiələr yayanlar çox olacaq, çünki bizi gözü götürməyən bəzi qüvvələr də var. Amma onların heç biri istəklərinə nail ola bilmədi. Çünki söylədikləri yalan, şayiə idi. Avropa Oyunlarının açılış mərasimində dövlət rəhbərlərinin, Zati-aliləri, Sizin ətrafınızda olması və minlərlə insanın dünyanın müxtəlif nöqtələrindən Azərbaycana axışıb gəlməsi, xalqımızla təmasda, ünsiyyətdə olması, Azərbaycanın tarixi, mədəniyyəti, multikulturalizm dəyərləri, tolerantlıq ənənələri, zəngin mənəviyyatı, iqtisadiyyatı ilə tanış olması bizim qələbəmizdir. Ən böyük qələbəmiz isə o idi ki, hər dəfə bizim himnimiz çalınanda, bayrağımız ucalanda bununla bərabər, həm Azərbaycan ucalırdı, həm də onun siyasəti. Mən idmançıları da bu qələbə münasibətilə təbrik edirəm. İnanıram ki, bu, bizim böyük mənəvi qələbəmizdir.

Zati-aliləri, mən inanıram ki, inşallah, əzəli Azərbaycan əraziləri olan Dağlıq Qarabağ torpaqlarında tezliklə bayrağımız ucalacaq, himnimiz çalınacaq. Ali Baş Komandan kimi, Sizin rəhbərliyinizlə biz o torpaqları azad edərik, inşallah. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Allah onlara rəhmət eləsin!

Mən Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım haqqında bir neçə söz demək istərdim. Mehriban xanımı arenaya dəvət etdilər. O, tribunaya yaxınlaşaraq çıxışını “Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun!” sözləri ilə başladı. Budur, yüksək mənəviyyatın təntənəsi. Mən Mehriban xanımı Azərbaycanın ən yüksək mükafatı, Ulu Öndərin adını daşıyan “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə milyonlarla dindarlar adından təbrik edirəm.

Zati-aliləri, Siz Azərbaycanın adını bəşəriyyətin tarixinə qızıl hərflərlə yazdınız. Azərbaycan qədər böyük bir məşəl Avropa qitəsi üzərindən bütün dünyaya, inşallah, öz nurunu saçacaq. Bu, qardaşlıq, dostluq, tolerantlıq, multikultural, mədəniyyət nuru olmaqla bərabər, həm də Azərbaycanı tərənnüm edəcək. Bu da bizim üçün böyük fəxrdir, böyük fəxarətdir.

Azərbaycanda milli mənəvi dəyərlərimiz inkişaf edir. Məscidlər, ziyarətgahlar, sinaqoqlar, kilsələr tikilir, ya da bərpa olunur, dindarların istifadəsinə verilir. Azərbaycan dindarlarına ən böyük töhfəniz isə paytaxtımızın mərkəzində əzəmətlə ucalan Heydər məscidi oldu. Qafqazda analoqu olmayan bu məscidin, arxitektura baxımından, deyərdim, bəlkə də dünyada analoqu yoxdur. Heydər məscidinin 95 metrlik minarələri Azərbaycanda milli mənəvi dəyərlərin ucalığını göstərir.

Mən bir şeyi də deməyə bilmərəm. Bu gün dünyada baş verən hadisələrə nəzər yetirəndə, görürük ki, dünya, təəssüflər olsun, mənəvi uçuruma, tənəzzülə doğru gedir. Çox təhlükə var. Müsəlman müsəlmanın qanını tökür, məscidlər, sinaqoqlar, kilsələr dağılır, insan qanı axıdılır. Avropada xristian-müsəlman qarşıdurması, dinlər, məzhəblər arasında qarşıdurma, islamofobiya. Bu, nə Musa, nə İsa, nə də Peyğəmbər əleyhissəlamın dinində yoxdur.

Zati-aliləri, Siz bir dəfə burada, iftar süfrəsində çıxış edəndə dediniz ki, Azərbaycanda olan tolerantlıq, dostluq, münasibətlər, dinlər arasında münasibət, qardaşlıq başqa dövlətlər üçün nümunə ola bilər. Bu, Sizin Azərbaycan xalqına olan böyük mükafatınızdır.

Allah-Təala Sizi qorusun, ailənizi qorusun!

Allah-Təala bizim ibadətlərimizi, dualarımızı, oruc və namazlarımızı qəbul etsin. Bir daha Sizin hamınıza “Xoş gəlmisiniz” deyirəm. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu!

 

X X X

 

Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri ALEKSANDR çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli şeyx həzrətləri.

Hörmətli dini liderlər, səfirlər.

Xanımlar və cənablar.

Mən ilk növbədə bütün dindarları səmimi qəlbdən Ramazan ayı münasibətilə təbrik edirəm. Oruc dindarların həyatında xüsusi yer tutur. Bu dövrdə biz heç vaxt olmadığı qədər dərk edirik ki, bu hökm Tanrı tərəfindən verilib. Biz dərk edirik ki, yalnız öz dünyəvi varlığımızın qayğısına qalmamalıyıq, həm də Allah-Təala tərəfindən bizə göndərilən hökm və nəsihətləri yerinə yetirməliyik.

Əlbəttə ki, mən bu ayın uğurla başa çatmasını və Ramazan bayramının layiqincə qeyd olunmasını arzulayıram. Ən başlıcası isə yaddaşımızda olan Bakıda keçirilmiş birinci Avropa Oyunlarının bizdə yaratdığı təəssüratlardır. Lakin tolerantlığın və multikulturalizmin dini fəaliyyətin, dini həyatın bir hissəsi olduğunu düşünmək bir o qədər düzgün deyil. Çünki multikulturalizm özünü hər sahədə təzahür etdirir. Elə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də Azərbaycanda həyata keçirilən daxili siyasətin parlaq ifadəsi, mən deyərdim, apofeozudur.

Multikulturalizm özünü tam şəkildə büruzə verdi, nə demək olduğunu və nə kimi bəhrələr verdiyini göstərdi. 1990-cı illərin sonlarını, ümummilli liderimiz Heydər Əliyevin Zuğulbada idman kompleksini bərpa etdiyi vaxtları xatırlayıram. Bəziləri çaşqınlıq içərisində düşünürdülər ki, ölkədə çətinliklərin olduğu bir dövrdə idman komplekslərinin bərpasına ehtiyac varmı? Mən deyərdim ki, istənilən ölkənin gələcəyi gənclərdən asılıdır. O zaman Azərbaycanın bütün çətinliklərinə, dövlətin üzləşdiyi sınaqlara baxmayaraq, ölkə böyükməkdə olan nəslin qayğısına qalırdı.

Cənab Prezident, Bakıda ilk Avropa Oyunlarının keçirilməsinin təşkilinə verdiyiniz böyük töhfəyə görə Sizə xüsusilə təşəkkür etmək istəyirəm. Bu, bizim üçün əsl bayram idi. Başa düşürəm ki, bu Oyunların keçirilməsinin təşkil edilməsi o qədər asan məsələ deyildi, lakin buna baxmayaraq, Azərbaycan özünün layiqli dövlət, dünya birliyinin layiqli ölkəsi olduğunu, dövlətlərarası siyasətdə, iqtisadiyyatda və mədəni münasibətlərdə həyata keçirilməli olan xeyirxah işlərdə hər hansı dövlətin tərəfdaşı ola biləcəyini tam şəkildə göstərdi. Buna görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm.

 

X X X

 

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix YEVDAYEV çıxış edərək dedi:

- Möhtərəm Prezident.

Şeyx həzrətləri.

Əziz və hörmətli qonaqlar.

Şeyx həzrətləri çıxışında bütün məqamlara toxundu. Mən belə fikirləşirəm ki, o məqamlara bir daha toxunmaq lazım deyil. Mən yalnız bir məsələni qeyd etmək istərdim, Azərbaycanın xoşbəxtliyi ondadır ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, İlham Əliyev kimi Prezidenti var. Allah-Təala onları Azərbaycan xalqına əziz və əvəzsiz bir nemət olaraq bəxş etmişdir.

Möhtərəm Prezident, Sizin bugünkü arzularınız bizim sabahkı günlərimizdir.

Arzunu yazmışam mən arzularda,

Arzunu görmüşəm ayna sularda.

Dərdi tək çəkmişəm, çətində, darda,

Sevinci hamı ilə bölən olmuşam.

Möhtərəm Prezident, Siz sevinci nəinki bizimlə, bütün dünya ilə böldünüz. Biz böyük qürur hissi ilə Sizin Atəşgahda Avropa Oyunlarının məşəlini yandırmağınızı izləyirdik. Bu məşəl Azərbaycan xalqının ürəyinin məşəlidir. Həmçinin o məşəl Sizin qəlbinizin, ürəyinizin odu, atəşidir. Çox müdrik bir addımla o məşəli Siz Azərbaycanın bütün guşələrinə göndərdiniz. Bununla da Siz Azərbaycanı öz ürəyinizin odu ilə qızdırıb, işığı ilə nura qərq etdiniz.

Möhtərəm Prezident, biz yəhudilər də Azərbaycanda, bu məmləkətdə bu xalqın, bu dövlətin bütün qələbələrinə sevinir və Sizinlə çiyin-çiyinə addımlayırıq. Bizim xalqımıza qəriblik qisməti yazılıb və biz də onu qəbul etmişik. Amma bizim harada olmağımızdan, harada yaşamağımızdan asılı olmayaraq, biz Azərbaycanı doğma bilib onu qəlbimizdə, ürəyimizdə, gözümüzdə, ruhumuzda, şüurumuzda yaşadırıq.

Mən ki, tanımıram belə bir məkan,

Ana yurddan, doğma evdən əzizdir.

Vətən torpağının qaratikanı,

Yad ellərdə bitən güldən əzizdir.

Ona görə də, ayın 23-24-də Amerika Birləşmiş Ştatlarından 150 nəfərə yaxın azərbaycanlı yəhudi Azərbaycanın bu cahanşümul qələbələrini təbrik etmək, gözaydınlığı vermək üçün Bakıya gələcəklər.

Möhtərəm Prezident,

Şeyx həzrətləri,

Siz bu dəqiqə qeyd etdiniz ki, bütün şəhidlərimizə Allah-Təaladan rəhmət diləyək. Allah-Təala bizə qismət etsin ki, Qarabağ torpaqları azad olunsun, bizim uca bayrağımız Qarabağ səmasında dalğalansın. Xudavəndi-Aləm bütün oruclarınızı, dualarınızı qəbul edib, əvəzində hamınıza İbrahim peyğəmbər ömrü, böyük ailə səadəti nəsib etsin. Allah elə etsin ki, yollarınız uğurlu, işləriniz avand, çörəyiniz isti, suyunuz sərin, gözünüz işıqlı, diziniz taqətli olsun. Allah amanında!

 

X X X

 

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 14 iyul.- S. 6.