Azərbaycan tam müstəqil siyasət yürüdür

 

İlham ƏLİYEV: “Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz”

 

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Ölkə başçısı Azərbaycanı qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklarativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Prezident İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirmişdir.

Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illər bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi də çıxış edir. Aparıcı reytinq agentlikləri də, öz növbəsində, (“Fitch Ratings” və “Standard and Poor`s”) cari ilin birinci yarısında keçirdikləri reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edib. Ötən altı ayda ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,7 faiz təşkil edib, qeyri-neft sektoru üzrə isə daha çox, yəni 9,2 faiz artım əldə olunub. Cari ilin fevral ayında manatın xarici valyutalara nisbətdə ucuzlaşmasına baxmayaraq, ölkədə istehlak qiymətləri indeksi (inflyasiya) 3,5 faiz olub.

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha aydın görünür. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır.

Ölkəmizə düşmən mövqeyi ilə fərqlənən müəyyən xarici və daxili qüvvələr davamlı uğurlarımıza qısqanclıqla yanaşaraq zaman-zaman çirkin təbliğat kampaniyaları aparıblar. Biz bu çirkin kampaniyanın ilk Avropa Oyunları ərəfəsində də şahidi olduq. Məqsədyönlü şəkildə kampaniya aparan antiazərbaycançı şəbəkə əvvəlcə “İdman və İnsan Haqları Alyansı” adlı koalisiya yaratmaqla ölkəmiz barədə mənfi rəy formalaşdırmağa uğursuz cəhdlər etdi. Qondarma alyansda “Human Rights Watch”, “Amnesty International”, “Transparency International” təşkilatının Almaniya bölməsinin yer alması qərəzli kampaniyanın detallarını üzə çıxarmağa imkan verdi. Avropa Oyunlarının açılışına iki gün qalmış isə Avropa Parlamenti antiazərbaycan qətnaməsini müzakirəyə çıxarsa da, qətnamə qəbul edilmədi. Erməni lobbisinin təsiri altında olan həmin dairələr Azərbaycanın nüfuzuna xələl gətirmək, ona təzyiq göstərmək məqsədi güdürdülər. Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilən, regionda əsas söz sahibi kimi çıxış edən Azərbaycanın son illər əldə etdiyi davamlı uğurlarını həzm edə bilməyən müəyyən bədxah qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq. Dünyada nüfuzu durmadan artan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan

I Avropa Oyunlarına da yüksək səviyyədə evsahibliyi etməklə qitənin idman tarixinə parlaq və möhtəşəm səhifə yazdı və bədxahların məkrli planlarını bu dəfə də alt-üst etdi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məqamlara toxunub: “Yəni Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Ancaq görün və Azərbaycan xalqı bir daha görsün ki, nə qədər bunlar şərəfsiz hərəkətlər edirlər. Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamenti antiazərbaycan qətnaməsini müzakirəyə çıxarıb və çalışıb ki, bu qətnamə qəbul edilsin. Baxmayaraq ki, Avropa Parlamentinin sədri Şults, onun müavini Lunaçek və onların əlaltıları qatı antiazərbaycan mövqeyindədirlər və Azərbaycanı düşmən seçiblər, ancaq bu qətnamə keçmədi, 136 deputat lehinə, 136 deputat əleyhinə səs verdi. Əslində bu, Şultsun, Lunaçekin və onlar kimilərinin siyasi iflası idi. Əgər bunlarda bir balaca vicdan varsa, ondan sonra istefa verməli idilər. Gördülər ki, bu keçmir, bəs nə etməli? Almaniya Bundestaqı Oyunların açılışı günündə - iyunun 12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu antiazərbaycan və yalan üzərində qurulubdur. Sual olunur: Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə Almaniya Bundestaqı kimdir ki, antiazərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik. Ancaq mən nəyi demək istəyirəm, bax budur yanaşma. Nəyə görə? Çünki boğulur, partlayır, barışa bilmir ki, Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi - Azərbaycan bu gün Avropa Oyunlarını hansı səviyyədə keçirir. Avropa Oyunları olimpiya oyunları səviyyəsində keçirilib”.

Şübhəsiz, mötəbər tədbirlər vaxtı Azərbaycana qarşı qarayaxma kampaniyaları heç bir nəticə vermədiyi kimi, bundan sonra da puça çıxacaq. İlk Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi ilə bağlı Avropanın müxtəlif mötəbər təşkilatlarının rəhbərləri tərəfindən verilən açıqlamalar bunu bir daha sübut edir. Əksər xarici ekspertlər, müxtəlif ölkələrin rəhbər şəxsləri, media orqanları, ictimai təşkilatlar Azərbaycanın mötəbər idman tədbirinə yüksək səviyyədə evsahibliyi etdiyini bəyan edərək ölkəmizi bu münasibətlə təbrik etdilər. Azərbaycanın sürətli inkişafının mif deyil, reallıq olmasına Avropa ölkələrindən gələn idman ictimaiyyəti və Avropa mətbuatı da şahid oldu. Bu Oyunlar Azərbaycanda guya insan hüquqlarının pozulması, demokratiyanın olmaması, mətbuatın sıxışdırılması barədə Avropa Parlamentinin indiyədək olan qərəzli qərarlarının, antiazərbaycançı qüvvələrin analoji iddialarının böhtandan başqa bir şey olmadığını bir daha sübut etdi.

Prezident İlham Əliyev bildirib: “Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, - Azərbaycan ictimaiyyəti də bilir, - bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.

Azərbaycan dövləti milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 11.