İLHAM ZƏKİYEV - cəsarət və ləyaqət simvolu

 

Azərbaycanın evsahibliyi etdiyi, Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı I Avropa Oyunları uğurla başa çatdı. Respublikamız bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, “qoca qitə”nin idman tarixinə möhürünü vurdu. Nümunəvi və qüsursuz təşkilatçılığı, qeyri-adi açılış və bağlanış mərasimləri ilə yaddaqalan I Avropa Oyunları keçirildiyi günlərdə dünyanın əsas idman hadisəsinə çevrildi.

I Avropa Oyunları Azərbaycanın istənilən beynəlxalq tədbiri ən ideal şəkildə təşkil etmək imkanlarının növbəti təsdiqi olmaqla yanaşı, həm də ölkəmizdə idmanın inkişafda olduğunu, Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi. İdmançılarımızın 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandıqları 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu! Bu bir daha göstərdi ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir.

“Azərbaycan” qəzetinin redaksiyasında keçirilən görüşün fəxri qonağı ilk Avropa Oyunlarının qalibi, əfsanəvi idmançı İlham Zəkiyev oldu.

Görüşü giriş sözü ilə açan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- I Avropa Oyunları artıq başa çatıb və bu gün Azərbaycanın bu mötəbər idman yarışında qazandığı möhtəşəm zəfərlə bağlı xoş təəssüratlar bölüşülür. Azərbaycan ilk Avropa Oyunları ilə dünya idmanı tarixində yeni səhifə açaraq bir daha öz qüdrətini nümayiş etdirdi. Ölkəmiz Avropa Oyunlarının standartlarını müəyyənləşdirməklə bu beynəlxalq yarışın vətəni hesab olundu. Azərbaycan idmançıları isə şanlı qələbələri ilə tarix yazdılar. Bu, dövlətin idmana və idmançılara göstərdiyi qayğının göstəricisi idi. Düzdür, idmançılarımız hər il beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıb himnimizi səsləndirirlər. Amma indiyədək heç bir beynəlxalq turnirdə 56 medal qazanılmayıb! Etiraf edək ki, atletlərimizin Avropa Oyunlarında göstərdikləri şücaəti heç kim əvvəlcədən proqnozlaşdıra bilməzdi. Böyük Avropa dövlətləri arasında 2-ci yerə sahib çıxmaq həqiqətən böyük tarixi uğurdur!

Bizim kollektiv üçün çox böyük şərəfdir ki, sizin kimi həm həyat, həm idman qəhrəmanı, həm də Azərbaycan gəncliyinə nümunə olacaq bir insanla görüşürük. Həyatda qəhrəmanlıqlar çox olub. Ancaq ən böyük qəhrəmanlıq insanın öz üzərində çaldığı qələbədən doğan qəhrəmanlıqdır. Bu qəhrəmanlığa İlham Zəkiyev nail olub! Azərbaycan tarixində İlham Zəkiyevdən başqa beş dəfə Avropa, iki dəfə dünya çempionu, Afina və Pekində keçirilən Paralimpiya Oyunlarının qızıl, “London-2012”nin bürünc mükafatçısı və Avropa Oyunlarının çempionu olan başqa bir idmançı yoxdur! İnşallah, aparılan müalicə kursları sayəsində Vətən yolunda itirdiyin gözlərinin nuru yenidən parlayar və gələcək Olimpiya Oyunlarında sağlam idmançılar sırasında çempion adını qazanıb Azərbaycan və dünya idmanı tarixinin qeyri-adi idmançısı, qəhrəmanı olasan! I Avropa Oyunlarından sonra mətbuatda rəy sorğusu keçirilib. Həmin sorğuda “Kimi Avropa Oyunlarının qəhrəmanı hesab edirsiniz” sualını cavablandırarkən respondentlərin 26 faizi İlham Zəkiyevin adını çəkib. Yəni Avropa Oyunlarının qəhrəmanı İlham Zəkiyev hesab olunub.

Olimpiya Oyunları üçün maraqlı statistika müəyyənləşib. Yığma komandanın bayraqdarı çempion ola bilmir. Ancaq İlham Zəkiyev məşəldar olmaqla bərabər, çempion adını da qazandı və tilsimi qırmış hesab olundu.

Bir məsələni də xüsusi olaraq vurğulayım ki, I Avropa Oyunlarının ən böyük azarkeşi Prezident İlham Əliyev oldu. Çempionlarımıza qızıl medalları şəxsən təqdim etdi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki dedi ki, Prezident İlham Əliyevlə İlham Zəkiyevin fəxri kürsüdəki birgə şəkli bütün dünyaya yayılıb. Bu da bir yeni rekorddur! Yəni ilk Avropa Oyunlarının ən məşhur şəkli həmin şəkil oldu. Maraqlıdır, o zaman dövlət başçısına hansı fikirləri söylədiniz ki, Prezident kürsüyə qalxaraq sizlə birgə dayandı?

İlham ZƏKİYEV:

- Öncə onu deyim ki, Avropa Oyunları Azərbaycanın sülh, dostluq və tolerantlıq ənənələrinə sadiqliyinin əhəmiyyətli bir rəmzi kimi yadda qaldı. 17 gün idman yarışı həyəcanı xalqımızı birləşdirdi. Biz idmançılar üçün bu, əsl sınaq oldu. Müxtəlif yarışlarda qalib gələn idmançılarımız bu dəfə Vətəndə gücünü göstərdi. Bakıda yarışmaq həm asandır, həm də çətin. Doğma divarlar və yaxın insanların dəstəyi idmançıya kömək etsə də, nəticə hər zaman istədiyimiz kimi olmur. Belədə uduzmaq ağrılı olur. Mötəbər yarışda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıma iki missiya qoyulmuşdu. Allaha təşəkkür edirəm ki, hər iki tapşırığı yerinə yetirdim. Aprelin 26-da ilk Avropa Oyunlarının məşəlinin “Atəşgah”da yandırıldığı gün isə Prezident İlham Əliyevlə söhbət zamanı söz verdim. Dedim ki, mənim çıxışım iyunun 26-da olacaq. Həmin gün Silahlı Qüvvələr Günüdür. Mən həmin gün qızıl medal qazanmaqla onu cənab Prezidentə hədiyyə edəcəyəm. Bu, mənim qarşıma qoyduğum məqsəd idi.

İlk Avropa Oyunlarında idmançı kimi mübarizə aparmaq mənim ikinci missiyam idi. Birinci missiyam açılış mərasimində məşəldar olmaq idi. Bu işin öhdəsindən layiqincə gəldiyim üçün məndə müsbət enerji yarandı və tam qələbəyə köklənmişdim. Yarımfinalda rəqibi məğlub edəndən sonra yalnız final haqqında düşünürdüm. Həlledici görüş ərəfəsində Prezident İlham Əliyevin finalı izləmək üçün arenaya gələcəyini dedilər. Bu, sanki mənə əlavə güc verdi. Özlüyümdə düşünürdüm ki, yalnız qələbə olmalıdır. Başqa nəticədən söhbət gedə bilməz. Bir neçə ay bu yarışa hazırlaşmışdım, məğlubiyyəti heç ağlıma gətirmirdim. Finaldan sonra mükafatlandırma mərasimində qızıl medalı mənə Prezident İlham Əliyev təqdim etdi. Mən dövlət başçısını ilk olaraq Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etdim, ardınca söylədim ki, cənab Ali Baş Komandan, əsgər Zəkiyev döyüş tapşırığını yerinə yetirdi, yəni qızıl medalı qazandım. Prezident də bu sözlərimdən bir qədər kövrəldi və dedi ki, Azərbaycan səninlə fəxr edir.

Bəxtiyar SADIQOV:

- Bəli, həqiqətən Azərbaycan sizlə fəxr edir! Siz bu hörməti özünüz qazanmısınız. Ancaq maraqlıdır ki, hələ gənc yaşlarında idmanla məşğul olub uğurlar qazanan və böyük həvəslə hərbi xidmətə yollanan İlham Zəkiyev vətən uğrunda gözlərinin nurunu itirsə də, yaşamaq uğrunda mübarizədə sınmayıb, psixoloji cəhətdən mənfi emosiyalara qapılmayıb və idmana olan həvəsi ölməyib. Bəs, ikinci dəfə idmana qayıdışınız necə baş verdi və hansı çətinliklərlə qarşılaşdınız?

İlham ZƏKİYEV:

- 10 yaşım olanda böyük qardaşım Fikrət sərbəst güləşçi idi, məni də özü ilə məşqlərə aparırdı. Üç ilə yaxın güləşlə məşğul oldum, sonra məşqçimiz xaricə getdi, heyətimiz dağıldı. 15 yaşımdan Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına şəhər stadionunda Əhməd Rəcəblinin başçılığı altında cüdo məşqlərinə başladım. 1998-ci ilə qədər şəhərdaxili yarışlarda birincilik, respublika çempionatında mükafatlar qazandım. Hərbi xidmətə yollanmazdan əvvəlki sonuncu yarışda Azərbaycan kubokunun qalibi oldum. 1998-ci il iyulun 2-də əsgər getdim. 1999-cu il fevral ayının 24-də Füzuli rayonunun Aşağı Bəhmənli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub sağ gicgahımdan çıxdı. Beş gün koma vəziyyətində yatdım. Artıq həm həkimlər, həm də yaxınlarım ümidlərini üzmüşdülər. Həkimlər deyirdilər ki, idmançı olduğuna görə sağ qalıb.

18 yaşlı gəncin başına belə bir iş gələrkən hansı hissləri keçirdiyini özündən başqa heç kəs hiss etməz! Ancaq yaxınlarım, qohumlarım mənə dəstək oldular, hər zaman yanımda olub istənilən köməyi göstərdilər. Psixoloji durumum yaxşı deyildi. Mən görmə qabiliyyətimi tamam itirərək evimizə I qrup Qarabağ müharibəsi əlili kimi qayıtdım. Bu duruma alışmaq çox çətin idi. Amma yaxınlarımın göstərdiyi qayğı sayəsində bu çətin durumu keçə bildim və bir müddət sonra qarşımda yeni qapılar açıldı.

2002-ci ildə mən müalicəmlə bağlı nazir Əbülfəs Qarayevə müraciət etdim. Nazir də vəziyyətim barədə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə məruzə etdi və məni Moskva şəhərinə göndərdilər. Düzdür, orda da həkimlər ürəkaçan bir söz demədilər. Geri qayıtdıqda nazirlikdə şöbə müdiri Tağı Tağıyevlə söhbət zamanı soruşdum ki, paralimpiyaçıların yarışında gözdən əlillər üçün güləş növü varmı? Tağı Tağıyev isə yanımdaca Milli Olimpiya Komitəsinə zəng vurub maraqlandı və ona dedilər ki, cüdo ilə məşğul ola bilər. Üzümə baxıb gülə-gülə dedi ki, İlham, sənin alnına Olimpiya çempionu olmaq yazılıb, get, sabahdan məşqlərə başla.

Səhəri gün Milli Paralimpiya Komitəsinə getdim. Orada Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov başda olmaqla kollektiv mənə çox istiqanlı yanaşdı və istənilən dəstəyi, şəraiti yaratdılar. 2002-ci il noyabr ayının

1-dən yenidən idmanla məşğul olmağa başladım. İlk günlər tatamiyə alışmaq, mübarizə aparmaq çətin idi. Ancaq mən bezmədim və özümü toplayıb çətin günləri arxada qoya bildim. Nəticəsi isə göz önündədir - iki dəfə dünya, beş dəfə Avropa çempionu, Afina və Pekində keçirilən Paralimpiya Oyunlarının qızıl mükafatçısı oldum. 2008-ci il ilin dekabrında Prezident İlham Əliyev məni “Şöhrət” ordeni ilə təltif etdi və bu ordeni alan ilk paralimpiyaçı oldum. 2012-ci il London Olimpiya Oyunlarında isə bürünc medala sahib çıxdım. Cənab Prezident bu dəfə məni “Tərəqqi” medalı ilə təltif etdi və bu, məni növbəti qələbələrə ruhlandırdı. Nəhayət, bu il Vətənimdə keçirilən ilk Avropa Oyunlarında çempion adını qazandım və yenə dövlət başçısının sərəncamı ilə “Şöhrət” ordeni aldım.

Bəxtiyar SADIQOV:

- Bu qədər titullar qazanan, böyük uğurların sahibi İlham Zəkiyevə bu yolda dayaq olan, dəstək verən insanlar çox olubmu?

İlham ZƏKİYEV:

- Təbii ki, hər bir idmançıya hər kəsdən öncə ailə üzvləri dəstək olmalıdır. Onların zəhməti böyükdür. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütün idmançılara verdiyi dəstək, göstərdiyi qayğı əvəzolunmazdır. Elə bir şəhərimiz yoxdur ki, orada Olimpiya mərkəzi olmasın. İdmanla məşğul olmaq istəyənlərə dövlət başçısı hər cür şərait yaradır. Mən də həmin idmançılar arasındayam. Digər dəstəkçilərə gəlincə, Milli Paralimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, “Neftçi” İdman Klubunun adlarını çəkməsəm, olmaz. Məşqçilərin də əməyi böyükdür. Onlar da bizim qədər həyəcan keçirirlər. Şəxsi məşqçim Elxan Rəcəbli və baş məşqçimiz İbrahim İbrahimovun böyük xidmətləri var. Bizim uğurlarımız üçün əllərindən gələni edirlər. Bu işdə mənə dəstək olanların, kömək göstərənlərin hər birinə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.

Bəxtiyar SADIQOV:

- Məşəli də sən yandırdın. Bu şərəf də sənə nəsib oldu. Bu, qeyri-adi mənzərə idi! İdman sülhün elçisidir - deyirlər. Azərbaycan da dünyaya sülh mesajını verdi. Dünyanın canlı izlədiyi açılış mərasimində İlham Zəkiyevin əlindəki məşəlin çox böyük mənası var idi. Erməni gülləsindən gözlərini itirən bir şəxsin əlində sülhün məşəli ilə arenaya daxil olması Azərbaycan dövlətinin qüdrətinin nümayişi idi. Görəsən, hər kəsin ayaqda alqışladığı o anlar İlham Zəkiyevin xatirələrinə necə yazıldı və həmin anda hansı hissləri keçirirdiniz?

İlham ZƏKİYEV:

- Avropa Oyunlarında ilk missiyam məşəlin Olimpiya Stadionuna gətirilməsi idi. Avropa Oyunlarının açılışından 3 ay əvvəl məni “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə çağırdılar. Gənclər və idman naziri Azad Rəhimovla görüşdüm. Nazir qeyd etdi ki, cənab Prezident İlham Əliyev və ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva açılış mərasimində stadionda məşəlin mənim tərəfimdən gətirilməsini istəyirlər. Bu xəbəri eşidəndə şok oldum! Belə böyük missiya mənə tapşırılır! İlk Avropa Oyunlarında stadionda məşəli mən gətirməliydim. Azad Rəhimov bu məlumatı sirr saxlamağı və heç kimə deməməyi tapşırdı. İnanın, 3 ay ərzində bu xəbəri heç kimə demədim. İnsan bəzən xəbəri kiminləsə bölüşmək istəyir. Belə olan hallarda yalnız özlüyümdə düşünməklə kifayətlənirdim. Hətta evdə yaxınlarıma və uşaqlara da bu barədə heç nə demədim. Bu xəbəri açılışa qədər sirr saxlamağı bacardım! Biz həftədə bir-iki dəfə məşq edirdik. Məşqləri gecə saatlarına təyin etmişdilər, çünki günorta saatlarında hamı məni stadionda görə bilərdi. Hər dəfə məşqdən sonra dua edirdim ki, tapşırığı yerinə yetirməyi bacarım. İnanın, 3 dəfə Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmüşəm, amma bu qədər həyəcanlı olmamışam. Azərbaycan inkişaf etdikcə düşmənləri də artır. Bizi istəməyən qüvvələr az deyil. Ona görə məşəlin arenaya gətirilməsində problem olmaması üçün dua edirdim. Şükürlər olsun, hər şey gözəl alındı. Bu açılış çox möhtəşəm oldu! Orada Azərbaycanın mədəniyyəti, tarixi, keçmişi və bu günü vardı. Təşkilat Komitəsi hər bir səhnəni mükəmməl hazırlamışdı. Mən məşəli alovlandırandan sonra xarici ölkələrdən gəlmiş keçmiş Olimpiya Oyunları çempionlarının yanında əyləşdim. Onlar hamısı heyranlıqla danışırdılar ki, heç bir Olimpiya Oyunlarında bu qədər maraqlı səhnələr olmayıb. Buna görə Prezident İlham Əliyevə və Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya təşəkkür edirəm.

Bəxtiyar SADIQOV:

- Çox möhtəşəm açılışda İlham Zəkiyevin əlində məşəl arenaya daxil olması həqiqətən o möhtəşəmliyə layiq idi. Bütün stadionun alqış sədalarından qulaq tutulurdu. Doğrudan da Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın bu seçimi Azərbaycanın həm idman siyasəti, həm idman məramına uyğun idi. Bu missiyanı yerinə yetirən İlham Zəkiyev isə öz işinin öhdəsindən layiqincə gəldi. İkinci missiya isə tatami üzərində qələbə zəfəri idi və atletimiz bunu da bacardı. Görəsən, Avropa Oyunlarının məşəldarı üçün çempion adını qazanmaq çətin olmadı?

İlham ZƏKİYEV:

- Yarışlara çox ciddi hazırlaşırdım. Olimpiya yığma komandamızla birgə təlim-məşqlərdə oldum. Yaponiya, Çexiya, Antalyada məşqlər etdik. Hazırlığımız bizim gücümüzü göstərdi. Bu Avropa Oyunlarına reytinqə görə Avropanın ən güclü 8 idmançısı göndərilmişdi. Onların hamısını yaxşı tanıyırdım. Hamısı ilə mübarizə aparıb qalib gəlmişdim. Onlar da məni gözəl tanıyırdılar. Yaxşı hazırlaşmışdılar. Yarımfinalda yunan idmançı Klimis Papaxristos ilə qarşılaşdım. Yarımfinaldan öncə həmin idmançı Türkiyə təmsilçisi Dursun Hayranla güləşirdi. Dursun isinmə otağına daxil olub dedi ki, zaldakı azarkeşlərin əllərində “İlham çempion” şüarları var. Amma bunun dəxli yoxdur, mən yunan idmançını udduqdan sonra yarımfinalda səni yenib finala çıxacağam. Finalda da qalib gəlib Azərbaycan və Türkiyə bayraqlarını götürüb başım üzərində dalğalandıracağam. Mən də dedim ki, sən hələ yunan idmançıya qalib gəl, sonra mənimlə güləşərsən. Elə oldu ki, Dursun yunana yenildi. Ancaq mən yarımfinalda yunan rəqibimi 29 saniyəyə məğlub etdim. Finalda isə Ukrayna təmsilçisi Aleksandr Pominov ilə qarşılaşdım. Onunla iki il əvvəl Macarıstanda keçirilən Avropa çempionatının komanda yarışında üz-üzə gəlmişdim. Görüşümüz heç iki dəqiqə çəkməmişdi. Qələbə qazanmışdım. Görüşdən sonra mənə dedi ki, məşq edib sənə qalib gələcəm. Mən də cavab verdim ki, get, məşq elə! Bakıya gələndə onu gördüm. Çəki prosesi zamanı qolundan tutub dedim ki, məşq etmisən məni məğlub etməyə? O da dedi ki, İlham, səni yenmək olar? Elə də oldu. Finalda da ona qalib gəlib çempion oldum! Azarkeşlərin dəstəyi isə möhtəşəm idi. Bütün rəqiblərim bu dəstəkdən şoka düşürdülər.

Bəxtiyar SADIQOV:

- Avropa Oyunlarında Azərbaycan 56 medalla ikinci sırada qərarlaşdı. Etiraf edək ki, yarışlardan öncə heç kim bu qədər medal qazanacağımızı proqnozlaşdırmırdı. Böyük idman ənənəsi olan ölkələr arasında Azərbaycanın belə zəfər qazanması tarixi nailiyyətdir. Hər kəs Azərbaycanın ilk beşlikdə olmasını arzulayırdı. Ancaq idmançılarımız qeyri-adi hünər göstərdilər və Azərbaycan sona qədər ikinci pillədəki yerini qorudu. Hesab edirəm ki, dövlət başçısının şəxsən yarışlarda iştirak etməsi atletlərimizdə çempionluq həvəsi və böyük ruh yüksəkliyi yaratdı. Hər bir idmançı finala çıxıb qələbə qazanaraq dövlət başçısı tərəfindən təltif olunmasını arzulayırdı.

İlham ZƏKİYEV:

- Mənim hazırda 35 yaşım var və hələ karyeramı bitirmək fikrində deyiləm. Hələ qarşıda böyük yarışlar, Olimpiya Oyunları var. Ciddi hazırlaşıb yenə də Vətənə medallar qazandırmaq istəyirəm. 40 yaşa qədər güləşmək olar. Yəqin ki, karyeramı bitirdikdən sonra gənc paralimpiyaçıların təcrübəmdən yararlanmaları üçün çalışacağam.

Prezident İlham Əliyevin göstərişi ilə bizə MDB ölkələrinin heç birində olmayan Paralimpiya Kompleksi tikildi. 2008-ci ildən fəaliyyətə başlayan bu qurum hazırda Sumqayıt şəhərində fəaliyyətdədir. Biz orada ciddi məşq edirik. Orada əlillərin məşq etməsi üçün hər şərait var. Ancaq istərdik ki, sponsorlar oradakı idmançılara himayədarlıq etsinlər. Bununla bərabər istərdim ki, valideynlərə müraciət edim. Valideynlərdən ricam budur ki, fiziki qüsurlu uşaqlarını evlərində saxlamasınlar. Gətirin, bizim kompleksdə idmanla məşğul olsunlar! Orada yaxşı mütəxəssislər var. Bəlkə də onların arasından gələcəyin dünya və Olimpiya çempionları çıxacaq. Keçən il bizdə Uşaq Paralimpiya Komitəsi yaradıldı. Dünyada hələ heç bir ölkədə belə qurum mövcud deyil. Orada əlilliyin dərəcələrinə uyğun bir çox idman növləri var. Hazırda 50-yə yaxın uşaq kompleksdə məşq edir. İstəyirik ki, regionlarda tikilən Olimpiya mərkəzlərində də fiziki qüsurlu insanlar üçün imkanlar nəzərə alınsın.

Bizim göstərdiyimiz nəticələr göz qabağındadır. Dövlətimiz də bizim kimi idmançılara hər cür şərait yaradır. Mən qazandığım uğurlara görə “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunmuşam və Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar”mükafatı laureatıyam. Hələ heç bir idmançıya bu mükafat verilməyib. Mənzil, avtomobillə təmin olunmuşam. Bütün bunlar dövlətin göstərdiyi diqqət və qayğıdır. Onu da deyim ki, Avropa Oyunlarından öncə dövlətimizə qarşı “qara piar” kampaniyası aparılırdı. Dövlətin çəkdiyi xərclərə kölgə salmaq istəyirdilər. Ancaq hər şey göz önündədir. Avropa Oyunları üçün tikilən bütün arenalar gənc nəsil üçün gözəl imkanlar yaratdı. Həm də gələcəkdə keçiriləcək yarışlarda Azərbaycanın daha başqa idman infrastrukturu yaratmasına ehtiyacı qalmayacaq.

Bəxtiyar SADIQOV:

- Bu gün dövlətimizin idmana diqqət və qayğısı yüksək səviyyədədir. Bu, Avropa Oyunlarının ən böyük qəhrəmanı Prezident İlham Əliyevin sayəsində olub. Bütün işlərin hamısı dövlət başçısının zəhməti hesabına başa gəldi. Paralimpiya sahəsi isə elə bir sahədir ki, daim fiziki qüsurlu insanlara dəstək, kömək lazım olur. İlham Zəkiyevin söylədiyi kimi, valideynlər isə öz uşaqlarını gizlətməyib idmana cəlb etməklə onlara yeni həyat bəxş etmiş olarlar. Arzu edərdik ki, imkanlı şəxslər də paralimpiyaçılara dəstək olsunlar.

Bizim yazıçılarımız deyirdilər ki, müharibə hələ qurtarmayıb. Savaş bitsin və istiliyi keçdikdən sonra əsərlər yazarıq. Ancaq müharibənin istiliyi artıq keçib. Hələ müharibə ilə bağlı əsl əsərləri görmürük. Yurdundan-yuvasından didərgin düşmüş, məcburi köçkün həyatından bəhs edən əsərlər istəyir xalq! Keçmiş sovet dövrünün təbliğat ənənələri var idi və İlham Zəkiyev kimi insanlar təbliğatın mərkəzində dururdu. İnsanlar da onları oxuyub qəhrəmanları sevirdilər. İndi isə yeni dövrümüzün qəhrəmanı İlham Zəkiyevdir. Bu insan vətənin müdafiəsində gözünün nurunu itirib. Sonra bu insan özü-özünə qalib gələrək iradəsini toplayıb idmana qayıdıb. İlham Zəkiyev sübut edib ki, insanda müəyyən fiziki qüsur olanda da Vətəninə fayda verə bilər! Təxminən 20 dəfə dünyanın bir çox ölkələrində Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirib! Bu, həqiqi qəhrəmanlıqdır! İnsan bu cür çətin məqamında vətən üçün faydalı olursa, milyonlar üçün sevimliyə çevrilirsə, demək, əsl qəhrəmanlıq nümunəsidir. Bu, qeyri-adi qəhrəmanlıqdır! İstərdim ki, yazıçılarımız İlham Zəkiyev haqqında əsərlər, romanlar yazsınlar. Onun həyatı həmin romanlara layiqdir. Bunun üçün qəlb və qələm lazımdır! Arzu edirəm ki, qəlbi və qələmi olan yazıçılarımız bunu reallığa çevirsinlər. Xarici əsərlər axtarışında olmayaq. İlham Zəkiyev vətənpərvərlik nümunəsidir! Qələm əhli bu cür qəhrəmanlığı diqqətdən kənarda qoymamalıdır. Bütün Azərbaycan xalqı İlham Zəkiyevlə fəxr edir!

İlham ZƏKİYEV:

- Mən gözlərimin nurunu döyüş tapşırığını yerinə yetirərkən, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda itirmişəm. Hər yerdə də məndən soruşanda zədəni harada almısan, fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi itirmişəm. Mən bundan utanmıram! Bizim xalqımız mübariz xalqdır. Şükür olsun ki, biz bunu bir daha sübut etdik. Görmə qabiliyyətimi itirsəm də, xoşbəxtəm ki, Azərbaycan xalqına xidmət etməyi bacarıram! Nə qədər gücüm var, o qədər bayrağımızı yarışlarda yüksəltməyə çalışacağam. Mən xoşbəxtəm ki, gördüyüm işi sevirəm. Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki ilə söhbət edərkən dedi ki, İlham Zəkiyevin himnimizi ürəklə oxuması onun vətənpərvərliyinin göstəricisidir. Dövlət başçısı vurğuladı ki, İlham Zəkiyev Azərbaycanda cəsarət və ləyaqət simvoludur. Mən də öz dövlətimlə fəxr edirəm. Bizim dövlətə qarşı qısqanc münasibət göstərənlər də var. Ancaq onlar haqqı görmədən müxtəlif fikirlər səsləndirirlər. Mən isə həmişə onlara üz tutub deyirəm ki, işığı görmək şərt deyil, haqqı görməyənlər kordur. O qədər baxıb görməyənlər var ki...

Bir dəfə məndən soruşdular ki, sən necə görmürsən? Mən də cavab verdim ki, sizin gördüyünüzü mən hiss edirəm. Amma mən hiss etdiyimi siz görmürsünüz.

Bu gün üç uşaq atasıyam və məqsədim odur ki, övladlarım idmançı ola bilməsələr də, Vətən üçün layiqli övlad olsunlar!

Bir qədər yorulmuşam. İstirahət edəndən sonra yenidən məşqlərə başlayacağam. Qarşıda Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları var. Orada da Azərbaycan himnini səsləndirmək niyyətindəyəm.

 

Bəxtiyar QARACA,

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 12.