Milli mətbuatımızın qüruru - Üzeyir bəy Hacıbəyli

 

Bu il milli mətbuatımızın 140, böyük Üzeyir bəy Hacıbəylinin anadan olmasının 130 illiyi tamam olur. Həsən bəy Zərdabinin Əkinçi qəzeti ilə bünövrəsi qoyulan milli mətbuatımızı Üzeyir bəysiz təsəvvür etmək qeyri-mümkündür. Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları ilə yanaşı Üzeyir bəy də milli mətbuat tariximizdə özünə əbədi abidə ucaltmışdır.

Ü.Hacıbəyli fenomeni indiyədək çox insanları, hətta çox xalqları valeh etmişdir. Onun yaradıcılıq miqyasının genişliyi, məfkurəsinin dərinliyi sənətsevərləri hər zaman heyrətləndirmişdir. Bu insanın gördüyü işlərin çoxşaxəliyinin fərqinə varanda qibtə etməmək olmur. Bütün bu sahələrə dahiyanə şəkildə yiyələnərək xalqa xidmətdə bulunmaq isə hər sənətkara nəsib deyil.

Bəli, bənzərsiz fəhm sahibi olan Üzeyir bəyin yaradıcılığı tükənməz bir xəzinədir. Hər dəfə dahi sənətkar haqqında yazarkən bir daha bunun şahidi oluram.

Özünün musiqi əsərləri ilə dünyaya pəncərə açan, Leyli və Məcnun, Koroğlu, O olmasın, bu olsun, Arşın mal alan kimi şedevrlərlə cahanşümul şöhrət qazanmış Üzeyir bəy Hacıbəyli Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar, musiqişünas-alim, filosof, tədqiqatçı, tarixçı, pedaqoq, tərcüməçi, ədəbiyyatşünas olmaqla yanaşı, həm də çox güclü qələm sahibi, jurnalist, publisist idi. Onun 1903 -1948-ci illəri əhatə edən publisistik yaradıcılığının ən məhsuldar və şərəfli dövrlərindən biri də 1918 -1920-ci illərdir ki, bu zaman kəsiyində yaratdığı mətbu yazıları sovet hakimiyyəti illərində yasaq edilərək xalqdan gizlədilmişdir. O dövr ki, Azərbaycan müstəqillik illərini yaşamış və Üzeyir bəy də sevinc, fərəh içində hər gün maraqlı yazılarla Azərbaycan qəzetində çıxış etmişdir. Əvvəlcə müxbir, parlament müxbiri, ardınca isə ( kiçik qardaşı, Azərbaycan qəzetinin redaktoru Ceyhun bəy Hacıbəyli Fransaya getdikdən sonra) qəzetin redaktoru kimi saysız-hesabsız məqalələri, felyetonları onun səhifələrində dərc olunmuşdur.

Üzeyir bəy Hacıbəylinin Azərbaycan qəzetində dərc olunmuş məqalə və felyetonlarına gəldikdə isə onları oxuduqca əvəzsiz publisistin qələminin dürüstlüyünə, kəskinliyinə, qərəzsizliyinə, itiliyinə, hadisələrin məntiqli şərhinə, eyni zamanda da səmimiliyinə, qəlbdən süzülərək gəldiyinə inanırsan və heyran qalırsan. Üzeyir bəyin yaradıcılığında riyakarlıq, nadürüstlük, gözə kül üfürmək, boğazdan yuxarı deyilmiş fikirlər yoxdur. O, yazılarında yalnız vətəninin rifahı, xalqının azadlığı, firavanlığı naminə önəmli yollardan bəhs etmiş, bir şərhçi kimi hadisələrin düzgün analizini vermişdir.

Üzeyir bəyin müraciət etdiyi mövzular müxtəlifliyi ilə seçilir. Məqalələrindən bir neçəsinin adını çəkməklə onların nə qədər geniş dairəyə malik olduğunu görə bilərik. Nuru Paşa həzrətləri şərəfinə böyük ziyafət, Mühüm məsələlər, Partiyalarımıza, Azərbaycan parlamanı, Tarixi günümüz, Andranikin məsələsi, Vəzifəmiz nədir, İstiqlal və istiqbal ümidi, Lənkəran faciəsi, Düşmənlərimizin fəaliyyəti, Knyaz Tumanov ilə müsahibə, Fitnələr qarşısında, Qarabağ haqqında, 31 mart, Naxçıvan və Qarabağ, Ermənistan və Azərbaycan münasibəti, Qarabağ hadisatı, Erməni-gürcü münasibəti, Dərbənd əhvalatı, Ordumuz, Zaqatala məsələsi, Bayrağımız sarsılmaz, Dağıstan və biz, Bir yaş, Şimalımızın halı, Rusiya əhvalı, Qara təhlükə, İçimizdəki denikinlər, Məmurlarımız haqqında, Yeni kabinə təşkilinə dair, Milliləşmək, Məmləkətimizin halı nasıldır?, Çörək bahalaşması, Zaqafqaziya konfransına dair, Dördgöz olmalıyıq və s. Bu yazılarda Üzeyir bəy özünü və xalqı narahat edən, düşündürən siyasi məsələlərdən, istiqlalımız və onun mühafizəsi, əzəli və əbədi düşmənimiz olan ermənilərin fitnə-fəsadı, Qarabağ, Naxçıvan, Zaqatala, Dağıstan məsələləri, Rusiyanın iç üzü, ingilis siyasəti, xalqın həyat tərzi, parlamentdə, Nazirlər Kabinetində baş verənlər, ana dilimizin qorunması və başqa bu kimi mövzulardan bəhs etmiş, hadisələri açmış, şərhini vermiş və onların çözülməsi yollarını göstərmişdir. Bu yazıları mütaliə etdikcə Üzeyir bəyin nə qədər xalqına, vətəninə bağlı əsl ziyalı, vətən, xalq sevdalısı olduğunu bir daha anlayırsan. Ən önəmlisi isə Üzeyir bəy qələminin bu gün də nə qədər aktual olduğunu görürsən. Məsələn, 1 dekabr 1918-ci il tarixli Azərbaycan qəzetində Hacıbəyli Üzeyir imzası ilə dərc edilmiş Mühüm məsələlər məqaləsində yazırdı: ...Biz Azərbaycanı və iki milyondan artıq olan Azərbaycan türklərini Yevropaya və müttəfiq dövlətlərə indidən tanıtdırmalıyıq. Özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayeyi-nəfisəyə malik olduğumuzu onlara bildirməliyik. Dilimizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk-Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik. Musiqimizin ümumi Qafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik. Yevropa şairlərindən geri qalmayaraq şairlərimizi, müsənniflərimizi, yazıçılarımızı, alimlərimizi birbəbir nişan verməklə xüsusi bir mədəniyyətə malik olduğumuzu əyan və aşkar etməliyik.

Sevindirici haldır ki, Üzeyir bəyin 1918-ci ildə yazdığı Mühüm məsələlər bu gün müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyev və xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir. Şairlərimizin, yazıçılarımızın, alimlərimizin, bəstəkarlarımızın, elə dahi Üzeyir bəy Hacıbəylinin özünün və ölməz Leyli və Məcnun, Arşın mal alan əsərlərinin yubileylərinin UNESCO-da, həmçinin dünya ölkələrində beynəlxalq səviyyədə keçirilməsi böyük dühanın vəsiyyətlərinə əməl olunduğunu bariz şəkildə göstərir.

Üzeyir bəy Hacıbəyli məqalə və felyetonlarında xalqı narahat edən bütün məsələlərə aydınlıq gətirməklə yanaşı, erməni - Azərbaycan mövzusuna xüsusi diqqət yetirmişdir. Yazılarının çoxunda bu məsələyə toxunan sənətkar daşnakların fitnə-fəsadlarından, onların, hətta sadə erməni millətinin başına gətirdikləri bəlalardan bəhs etmişdir. Başlanır, Eyni müamilə gözləyirik, Qarabağ hadisatı, Kontrast, Rusiya əhvalı, Ermənistan və Azərbaycan münasibəti, Corciən meil in məqaləsi və s. publisistik yazılarında Ü.Hacıbəyli erməni məsələsinə toxunmuşdur. Qüdrətli qələm sahibi Başlanır məqaləsində yazırdı: Özgənin iki gözünü çıxartmaq üçün özünün bir gözünü qurban etmək politikası yolunu tutmuş olan daşnaklardan nəticəsi hər vaxt erməni millətini fəlakətdən fəlakətə salan müsəlləh üsyanlardan başqa özgə bir qabiliyyət gözləmək üçün cahil və qafil olmaq lazım gəlir.

Daşnaklar Qarabağ ermənilərini bizə qarşı üsyana dəvət edirlər. Bu üsyanı açıq-açığına qəzetə vasitəsilə elanı, daşnakların bihəyalığını sübut edən aşkar dəlillərdən birisidir (Hacıbəyli Üzeyir, Azərbaycan qəzeti, 13 fevral 1919-cu il).

Eyni müamilə gözləyirik məqaləsində isə Üzeyir bəy belə qeyd edirdi: Qarabağda bu hartu - vurtu salan və bu hərəkətləri çıxaran bütün Qarabağ erməniləri olmayıb, bəlkə bir dəstə daşnak güruhudur. Qarabağın kənd erməniləri yaxşı bilirlər ki, Azərbaycan hökumətinə tabe olmasalar, müsəlmanlar ilə əlaqələrini kəsməyə məcbur olub, acından ölərlər. Ona görə biz əminik ki, bədbəxt erməni kəndləri bu gün bir dəstə daşnakların xəyanət və şeytanəti qurbanlarıdırlar, bu güruhi - layəfəlhun erməni millətinin gözünü o qədər qorxudublar ki, bir bu qədər haqsızlıq və zülmlərə qarşı ağız açıb söz deməyə cürətləri yoxdur. Əgər bu xainlər güruhu Qarabağdan tərd və təbid edilirsə və onların yuvaları dağılırsa, Qarabağ erməniləri asudə nəfəs çəkib, həm acından ölməzlər, həm də öz həmişəki qonşuları ilə mehriban dolanıb, Azərbaycan hökumətinin ədaləti altında və sayeyi - mərhəmət qayəsində kəmali-asudəgi ilə imrari-məişət edərlər (Üzeyir Hacıbəyli, Azərbaycan qəzeti, 5 may 1919-cu il).

Daşnakların iç üzünü göstərən, Tiflisdə ingilis dilində nəşr olunan Corciən meil qəzetindəki məqaləyə münasibət bildirən Üzeyir bəy özünün Corciən meilin məqaləsində yazırdı: Arzumuz budur ki, bu məqalə Avropa mətbuatına dəxi keçib, daşnak ilanlarına inananları ayıldıb doğru və həqiqətə qarşı yumulmuş olan gözləri açdırsın və bu yalanlar vasitəsilə nə qədər zəlalət və rəzilət törəndiyini və bunun nəticəsi olaraq nə kibi haqsızlıqlara yol verildiyini Avropa əfkari-ümumiyyəsinə anlatsınlar (H.Ü. Azərbaycan qəzeti, 21 oktyabr 1919-cu il).

Uzaqgörən mühərrir, eyni zamanda, şimal qonşumuz olan Rusiyadan gələn təhlükəni də çox aydın görürdü. Bir neçə məqalə və felyetonlarında rusun dovşana qaç, tazıya tut siyasətini pisləyərək yazırdı ki, ...bizim üçün şimaldan təhlükə mövcud olduğu məlum bir məsələdir. Bunu heç vaxt unutmayıb da var qüvvəmiz ilə çalışmalıyıq ki, bu şimal təhlükəsinin rəddinə qarşı həmişə və hər bir halda hazır olaq. Ona görə mümkün mərtəbə hazırlanmalı və heç bir fədakarlıqdan çəkinməməliyik.

Biz hazır olandan sonra düşməndən qorxumuz yoxdur (Ü.H. Dərbənd əhvalatı, Azərbaycan qəzeti, 26 may 1919-cu il).

Daha sonra Rusiya əhvalı məqaləsində Üzeyir bəy bunları qeyd edirdi: Bugünkü vəzifəmiz Rusiya işlərinə kənardan baxmaq və Rusiya daxilində vaqe olan hadisələrə qarşı bitərəf qalmaqla bərabər, oradan bizi təhdid edən təhlükələrdən özümüzü qorumaqdır...Təhlükə bolşevik tərəfindənmi və ya Denikin tərəfindən vaqe olacaqmı, bizdən ötrü təfavüt yoxdur, qorunmaq və hər bir vasitə ilə istiqlalımızı mühafizə etmək, vəssalam (Hacıbəyli Üzeyir, Azərbaycan qəzeti, 9 oktyabr 1919-cu il).

Siyasi məsələlərə müraciət edərək məqalələr yazan böyük publisist daxili çatışmazlıqları da kənarda qoymur, xalqın yaşam tərzinə və inkişafına mane olan qüsurlara, məişət məsələlərinə, mənəvi-sosial amillərə - rüşvətxorluğa, hüquq-mühafizə orqanlarının özbaşınalığına, parlamentdəki vəziyyətə, məvaciblərin azlığına və s. bu kimi problemlərə öz münasibətini bildirirdi. Məsələn, Bir sual münasibətilə məqaləsində Ü.Hacıbəyli yazırdı: Adam öldürmək bir cinayət olduğu kimi, rüşvət almaq dəxi bir cinayətdir. ...Nifrət və istikrahla qarşılanacaq olan bu adam vaqeən mənəvi bir edama məhkum edilib, cəzai-səzasinə çatacaq və aldığı rüşvət də ona haram olacaqdır (Hacıbəyli Üzeyir, Azərbaycan qəzeti, 22 oktyabr 1919-cu il).

Məmurlarımız haqqında məqaləsində isə Üzeyir bəy bunları vurğulayırdı: Vaqeən məmurların rüşvətxorluğu hökumət və məmləkət üçün qorxulu bir vaqeədir... Odur ki, rüşvətxorluq iylə mübarizə qılmaq hökumətin böyük vəzifələrindən biridir (Hacıbəyli Üzeyir, Azərbaycan qəzeti, 5 sentyabr 1919-cu il).

Hüquq-mühafizə orqanlarında çalışanların vəzifə borclarını anlatmağa çalışan cəsarətli jurnalist Daxili işlərimizdən sərlövhəli yazısında belə bəyan edirdi: Polis boylə bir zənndə idi ki, onun vəzifəsi əhalinin baş və bədəni üzərinə şallaq çəkməkdən və rüşvət almaqdan ibarətdir.

Fəqət azad və müstəqil Azərbaycan hökumətində boylə bir əcayib vəzifəşünaslığa yol verilməməlidir. Polis əhli öz vəzifəsinin fəsl mənasını dürüst bilməli və dərk etməlidir. Onun doğrudan-doğruya vəzifəsi əhalinin canını, malını, şərəf və heysiyyatını hər bir təcavüzdən qorumaq və dövlət qanun və qaydalarını cəmaət arasında icra edilməsinə çalışmaqdır. Əhali polis məmurlarını qorxu üzündən deyil, onu təcavüzlərdən qoruyan bir mühafizə, bir qoruqçu sifətilə layiqi-ehtiram bilməlidir (Hacıbəyli Üzeyir, Azərbaycan qəzeti, 25 sentyabr 1919-cu il).

Hər zaman xalqın rifahını düşünən, onun yaxşı yaşamasına çalışan Üzeyir bəy öz yazılarında maaşların azlığı məsələlərindən də bəhs edir, millətin maddi vəziyyətinin aşağı olmasına diqqət çəkir, müəllimlərin timsalında bunun dözülməzliyini vurğulayaraq yazırdı: Xalq müəllimlərinin məvacibi olan dörd yüz otuz beş manata nəinki külfətdar və ailə sahibi olan bir müəllim, hətta subay adamlar da dolana bilməzlər (Hacıbəyli Üzeyir. Əgri yol, Azərbaycan qəzeti, 10 aprel 1919-cu il).

Qüdrətli, cəsarətli qələm sahibi olan Üzeyir bəy Hacıbəyli bütün bu həyati vacib problemlərin qaldırılmasının, oxucuların nəzərinə çatdırılmasının, həlli yollarının göstərilməsinin öhdəsindən layiqincə gəlmişdir. Səmimi qəlb ilə vətəninin, xalqının, millətinin özgürlüyünü, bağımsızlığını istəyən böyük ziyalı, dahi sənətkar həm də qürurla aşağıdakıları bəyan etmişdir: Məmləkətimiz və vətənimiz kəmali-sürətlə bir tərəfdən qüvvət tapıb, bir tərəfdən də tərəqqi edəcək və getdikcə ağ günlərə çatacaqdır (Ü.Hacıbəyli, Xatimə, Azərbaycan qəzeti, 15 may 1919-cu il).

Ömrü boyu Azərbaycanımızın müstəqilliyini arzulayan və həyatında cəmi 23 ay onun dadını görən, varlığının şahidi olan qorxmaz, vüqarlı, qürurlu, obyektiv, qərəzsiz, iti qələm sahibi olan bu böyük şəxsiyyətin musiqi tariximizlə bahəm ədəbiyyat, mətbuat tariximizdə də yeri danılmazdır.

Böyük türk dünyasının dahi sənətkarı Üzeyir bəy Hacıbəyli çoxşaxəli yaradıcılığının hər bir sahəsində olduğu kimi, Azərbaycan jurnalistikasında da, publisistikasında da öz təkrarsızlığını bəyan etmişdir. Milli mətbuat tariximizdə bu gün də çox aktual olan yazılarını oxuduqca, onun qələminin gücünə, qüdrətinə, təfəkkürünə, vətənə, xalqa bağlılığına heyran qalırıq. Bir daha əminliklə deyirik ki, bütün sahələrdə Üzeyir bəy Hacıbəyli zirvəsi əlçatmazdır, əvəzedilməzdir, milli mətbuatımızın qürurudur.

Səadət QARABAĞLI,

Akademik Milli Dram

Teatrının musiqi hissə müdiri

 

Azərbaycan.- 2015.- 22 iyul.- S. 5.