Məsləkinə sadiq böyük mücahid

 

 

XX əsrin əvvəlləri Azərbaycan tarixinin ən keşməkeşli dövrlərindən biri olub. İctimai-siyasi quruluşların dəyişdiyi, hakimiyyətlərin bir-birini əvəz etdiyi həmin vaxtda xalqımızın neçə-neçə istedadlı simasının, görkəmli ziyalısının, tanınmış şəxsiyyətlərinin taleyi “borana-qara düşüb”. Bu insanların adlarını saymaqla qurtarmaz. Belələrinin bir çoxu hadisələrin hökmü, şəraitin tələbi ilə Azərbaycanı tərk etməyə məcbur olub və bir də geriyə dönə bilməyib. Əksəriyyəti son mənzilə də qürbətdə köçüb.

Həmin şəxsiyyətlər arasında Ceyhun bəy Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Behbud xan Cavanşir, Mirzəbala Məmmədzadə, Almas İldırım, Qurban Səid, Xəlil bəy Xasməmmədli, Ziyadxanovlar və onlarca digər Azərbaycan ziyalısı və ictimai xadimi var idi. Həyatını xalqının azadlığına və müstəqilliyinə, tərəqqisinə, hərtərəfli inkişafına həsr etmiş, lakin tutduğu yolu axıradək başa çatdırmağa imkan tapmamış hüquqşünas, jurnalist, naşir, redaktor və dövlət xadimi Şəfi bəy Rüstəmbəyli də bu sıradadır.

Son nəfəsinədək əqidəsindən dönməyən, məsləkinə sadiq qalan Şəfi bəy cümhuriyyət dövrünün rusca yazan jurnalisti, “Azərbaycan”ı yaradan böyük insanların sırasında dayanan mühərrir, qəzetin rus variantının ilk redaktoru olub. O, “Azərbaycan” qəzetinin tarixində həm də Parlamentə üzv seçilən ilk redaktor kimi də qalıb.

Milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunduğu bu günlərdə adını hörmətlə çəkdiyimiz Şəfi bəy Rüstəmbəylinin keçdiyi yola nəzər salmaq istərkən onun iki yaxın qohumu - Hacıağa Rüstəmbəyli və Əliağa Şahmalıyevlə görüşdük. Bu insanlar görkəmli yazarın, vətən fədaisinin həyatı, ictimai-siyasi fəaliyyəti haqqında maraqlı məlumatlarla dəstəkçimiz oldular. Onların hər ikisi xalqımızın ləyaqətli ziyalısı, elm adamı, professordur. Şəfi bəy Hacıağa müəllimin atasının, Əliağa müəllimin isə anasının əmisi olub. Beləliklə, Ş.Rüstəmbəyli haqqında eşitdiklərimizi, öyrəndiklərimizi, oxuduqlarımızı oxucularla bölüşürük.

Əvvəla qeyd edək ki, Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli adı təkcə “Azərbaycan” qəzetinin deyil, ümumiyyətlə, Azərbaycanın istiqlal tarixində əbədi qalan görkəmli şəxsiyyətlərdəndir. O, 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində dünyaya gəlmiş, orta təhsilini Gəncə klassik gimnaziyasında almışdır. 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. Həmin ilin sonunda universitetdə yaradılmış “Azərbaycan Həmyerlilər Cəmiyyəti”nin (“Zemlyaçestvo”) rəhbərlərindən biri seçilmişdir. Cəmiyyətin sədri Kiyev Universitetinin tibb fakültəsinin tələbəsi Mir Əbülfət xan Talışlı, katibi Xəliyulla Yenikeyev, xəzinədarı Şəfi bəy Rüstəmbəyli idi. Onlar Rusiya imperiyasında təhsil alan müsəlman tələbələrin bir-biri ilə əlaqələrini yaratmaq və qurultay çağırmaq üçün xüsusi komissiya təşkil etmişdilər. Şəfi bəy həm də Ümumrusiya müsəlman tələbələrinin qurultayının nizamnaməsinin hazırlanmasında fəal iştirak etmişdi.

Qurultaya hazırlıq zamanı cəmiyyətin üzvü, Kiyev Ali Qadın kurslarının dinləyicisi Sona xanım Axundovanın mənzilində 1913-cü il aprel ayının 17-də komissiyanın birinci iclası olur. Elə bu vaxt polis Şəfi bəy də daxil olmaqla cəmiyyətin 17 üzvünü həbs edir. Bir aydan sonra həbs edilənlərin dilindən iltizam alınır və onlar azad olunurlar.

Kiyev həyatı Şəfi bəy Rüstəmbəylinin ictimai-siyasi dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. O, demək olar ki, həmin dövrün bütün siyasi hadisələrinin fəal iştirakçısı olur və bu proseslərin önündə gedir. Şəfi bəy müsəlman tələbələri arasında islami birlik yaratmağa çalışır. Bilir ki, Qafqaz canişinliyində məskunlaşan müsəlmanlar çox ağır vəziyyətdə yaşayırlar. Onlar Rusiya imperiyası vətəndaşlarının malik olduğu ən adi hüquqlardan belə məhrum idilər.

Ş.Rüstəmbəylinin ali təhsil aldığı ilk dövr böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli tərəfindən gizli şəkildə Müsəlman Demokratik Müsavat Partiyasının Kiyev şöbəsinin yaradıldığı vaxta təsadüf edir. Gənc ziyalının buradakı fəaliyyəti də onun siyasi baxışlarına güclü təsir göstərir, Şəfi bəyin gələcəkdə həm siyasi, həm də ictimai xadim kimi yetişməsində dərin iz buraxır.

Təsadüfi deyil ki, Ş.Rüstəmbəylinin adı Azərbaycanın ilk ali təhsilli   diplomlu hüquqşünasları sırasında çəkilir. O zaman təhsil almış gənc hüquqşünaslar vətəndə heç də həmişə öz peşə qabiliyyətlərini tam tətbiq edə bilmirdilər. Yəni buna imkan məhdud idi. Dövlət hüquq müəssisələrində yerlər azlıq təşkil edirdi, üstəlik də müsəlman hüquqşünasların işə məhdud sayda götürülməsi yerli idarəetmə müəssisələrinin nəzarətində idi. Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bu “ənənə”yə son qoydu. Hətta hökumətin tərkibinə Əmircanov, Vəkilov, Cəfərov, Ziyadxanov, Rüstəmbəyli kimi hüquqşünaslar daxil edildi.

1916-cı ildə ali hüquqşünas diplomu ilə vətənə qayıdan Ş.Rüstəmbəyli bütün qadağalara, məhdudiyyətlərə baxmayaraq bir müddət Gəncə dairə məhkəməsində vəkil kimi fəaliyyət göstərir, bu bölgənin ictimai-siyasi həyatında yaxından iştirak edir. 1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edən şəxslərdən biri olur. Elə həmin ilin mayında o, Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında iştirak edir, 1917-ci ilin iyun ayında azadlıq mübarizlərinin bir araya gəlməsi nəticəsində yaradılan Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının Mərkəzi Komitəsinin 8 üzvündən biri də Şəfi bəy olur. O, 1917-ci il noyabrın 15-də təsis edilmiş Zaqafqaziya Komissarlığının və Seyminin müsəlman fraksiyasının fəallarından idi. Həmin dövrdə Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflis və Gəncə bölmələrində çalışır, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf edir.

Nəhayət, müstəmləkə zülmünə qarşı mübarizə 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bitir. Cümhuriyyətin yaranmasında fəal iştirak edən Şəfi bəy İstiqlal Bəyannaməsini - Azərbaycanın müstəqilliyi barədə sənədi imzalayan Milli Şuranın 27 nəfər üzvündən biri olur. 1918-ci il sentyabrın 15-də Azərbaycan və rus dillərində Xalq Cümhuriyyətinin rəsmi orqanı “Azərbaycan” qəzeti öz nəşrinə başlayır. Şəfi bəy Rüstəmbəyli “Azərbaycan”ın rus dilində nəşrinin redaktoru təyin edilir. Onun ilk dörd nömrəsi Gəncədə nəşr olunur. Beşinci nömrədən isə Bakıda çıxmağa başlayır. Qəzetin səhifələrində ədibin ölkənin siyasi həyatına həsr edilmiş xeyli məqalələri dərc olunur.

Cümhuriyyət dövrünün “Azərbaycan”ının rus variantı ilə maraqlanarkən buradakı yazıların əksəriyyətinin Şəfi bəyin özü tərəfindən qələmə alındığı aydınlaşır. İrili-xırdalı bu yazılar müxtəlif mövzulara həsr edilib. Hər birində də müəllifin analitik düşüncəsi, sərrast ifadə tərzi, fərdi üslubu özünü göstərir. Bu məqalələrdə görkəmli yazarın vətənə, millətə sədaqəti, azadlıq, istiqlal ehtirası parlaq şəkildə təzahür edir. Şəfi bəyin peşəkarlıq məharəti toxunduğu problemlərin prioritetliyini üzə çıxarır, məsələnin mahiyyətini açıq göstərir, həm də onu daim diqqətdə saxlayır, gedişatı da izləyir. O, oxucusunu inandırmağın, onun qəlbinə və beyninə təsir etməyin, rəy formalaşdırmağın mahir ustası idi. Təbii ki, bütün bunlar jurnalist sənətkarlığı məsələləri ilə bağlı idi. Ş.Rüstəmbəyli publisistikasının məğzi, amalı, ideyası maarifçilik missiyasına xidmətin əsasını təşkil edirdi. Onun da qida mənbəyi müəllifin təhsilə, məktəbə, elmə, mədəniyyətə tükənməz sevgisi idi. Görkəmli ədibin siyasi yazılarında bu xətt xüsusi bir istiqamət kimi özünü göstərirdi. O, oxucusunu səfərbər etməyi bacarır, güclü məntiqi, müşahidə və təhlil etmək qabiliyyəti, ən doğru qənaətləri, nəticəçıxarma bacarığı ilə seçilirdi.

Qəzetdə erməni-daşnak quldurlarının Zəngəzurda, Naxçıvanda, Qarabağda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, soyqırımları, İrəvanda yaşayan həmyerlilərimizin acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məqalələr, məlumatlar dərc edilirdi. Ş.Rüstəmbəyli “Düşünmək vaxtıdır” məqaləsində “Daşnaksütyun” partiyasının şovinist, qarşıdurma və terrorçuluq xəttini tənqid edərək yazırdı: “Bizim üçün vacibdir ki, erməni xalqı, nəhayət, “Daşnaksütyun” partiyasının siyasi avantürasının məhvə məhkumluğunu başa düşsün, nə qədər ki, gec deyil ondan üz döndərsin, öz qonşuları ilə səmimi və mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim fəlakətli olacaqdır”.  Ədib bu məsələnin həlli vaxtının çatdığını, bu barədə düşünməyin vacibliyini diqqətə çəkirdi.

Şəfi bəy məqalələrinin bəzilərini öz imzası ilə yazır, bəzilərinə isə sadəcə “Azərbaycan” imzası qoyurdu. Qəzetin maraq doğuran yazılarından biri də jurnalistin tanınmış ictimai xadim və publisist Əhməd bəy Ağayevlə siyasi hadisələr haqqında müsahibəsidir. Müsahibənin “Qafqazın gələcəyi” bölməsində jurnalistin həmsöhbəti deyir ki, Qafqaz xalqlarının hər birinin öz varlığını digərlərindən təcrid olunmuş halda qoruyub saxlaya biləcəkləri barədə fikir irəli sürənlər çox səhv edirlər. Onlar yalnız birlikdə böyük qüvvə yarada bilərlər. Daha sonra müsahibədə Azərbaycan və Rusiya münasibətlərinə toxunulur. Qeyd edilir ki, Azərbaycanda rus xalqına, o cümlədən burada yaşayan ruslara qarşı heç bir düşmənçilik hissi yoxdur.

“Azərbaycan”ın rus variantı da o zaman dövrünün salnaməsinə çevrilmişdi.  Məsələn, 1918-ci il noyabrın 4-də qəzetdə “İrəvan quberniyasında müsəlmanların vəziyyəti” sərlövhəli maraqlı yazı gedib. Yazıda özlərini Azərbaycanın bir hissəsi hesab edən İrəvan müsəlmanlarının nümayəndə heyətinin Bakıya gəlişi barədə məlumat verilir. Belə ki, Azərbaycan hökumətindən onların təhlükəsizliyi üçün tədbirlərin görülməsini, Ermənistan hökuməti ilə danışıqlar apararaq İrəvan müsəlmanlarının öz yerlərinə qaytarılmasını xahiş edirlər.

Elə həmin ayın 13-də Şəfi bəy öz inisialları ilə imzaladığı (R.Ş.) məqalə isə “Azərbaycan Milli Şurasının çağırılmasına dair” adlanır. “Ölkəmiz müstəqil parlament həyatına daxil olur” sözləri ilə başlanan yazı Azərbaycanın o vaxtkı ictimai-siyasi durumunu açıqlayır, ona qiymət verir. Şəfi bəy yazır ki, söhbət Tiflisdə yaradılan Milli Şuranın fəaliyyətindən gedir. Milli Şuranın yaradılması Azərbaycanda anarxiyanın zirvə nöqtəsinə çatdığı, Bakının bolşevik-daşnak quldurları tərəfindən ələ keçirilməsi ilə bir vaxta düşmüşdür. Burada fəaliyyət göstərən Milli Şura həmin səbəbdən Şərqi Zaqafqaziya ilə əlaqəsini itirmişdi. Nəticədə bir neçə aylıq mövcudluğu dövründə onun fəaliyyəti barədə nəinki əhalinin geniş təbəqələri, hətta Azərbaycanın bir çox siyasi xadimi də xəbərsiz olmuşdur. Məqalədə Milli Şuranın Azərbaycanın siyasi həyatında gördüyü işin çətinliyi barədə məlumat verilir: “Zaqafqaziya Seymi çağırılarkən bolşeviklər və daşnaklar Bakıda dərin kök salmış, milli təşkilatlarımızın hər cür ictimai və siyasi fəaliyyətini iflic etmişdi. Buna müəyyən dərəcədə daxili çəkişmələr və partiyalar arasında fikir ayrılıqları da səbəb olmuşdur... Zaqafqaziya Seyminin və onunla birlikdə qısa müddətdə fəaliyyət göstərmiş Müsəlman Milli Şurasının mövcudluğu dövrü Zaqafqaziya ilə Osmanlı imperiyası arasında münasibətlərin tənzimlənməsinə həsr olunmuşdur.

Hökm sürən anarxiya səbəbindən öz xalqından ayrı düşmüş Müsəlman Milli Şurası özünün siyasi fəaliyyəti və inadkarlıqla həyata keçirdiyi planlar barədə seçicilərini məlumatlandırmaq imkanından məhrum olmuşdur. Bundan əlavə, siyasi nöqteyi-nəzərdən və o vaxtkı şərait səbəbindən bir çox məsələlər geniş açıqlanmırdı. Həmin vaxt xalq instinktiv olaraq özünün fiziki mövcudluğunun xilası üçün xarici real qüvvəyə ehtiyac duyurdu. Xalqın nəzərləri qardaş Osmanlı ordusu tərəfinə yönəlmişdi. O, öz xilasını osmanlı əsgərlərdə görürdü”.

Məqalədə həmçinin çox narahatlıqla vurğulanırdı ki, Tiflisdə müsəlman fraksiyası ağır və düşmənçilik atmosferi mühasirəsində idi - erməni və gürcü rəhbərlər müsavatçıları Osmanlı imperiyasının casusları kimi qələmə verir və dəfələrlə Zaqafqaziya Seyminin tribunasından onları satqın adlandırırdı. Bütün iri siyasi məsələlər, xüsusilə beynəlxalq məsələlər müsəlman fraksiyasından, hətta hökumətin müsəlman üzvlərindən gizli şəkildə həll olunurdu...

Daha sonra müəllif yazırdı: “Osmanlı imperiyası Azərbaycan xalqının iradəsini nəzərə alaraq köməyə gəldi. Beləliklə, ölkənin ali orqanı kimi Milli Şuranın qarşısına qoyulmuş tarixi missiya həyata keçirildi. Osmanlı qoşunlarının hərtərəfli köməyi ilə Azərbaycan hökuməti özünün quruculuq işini davam etdirdi. Hər bir halda yenidən həyata qayıdan Azərbaycan Milli Şurası Azərbaycan dövlətçiliyinin həyatında böyük tarixi rol oynadı. Bəlkə də onun fəaliyyətində xeyli səhvlər olmuşdur. Lakin heç bir iş görməyən səhv etmir”.

Bu analitik məqalədə sanki dövrün salnaməsi məntiqli, uzaqgörən şərhlərlə açıqlanmışdır.

Daha bir neçə gün sonra - noyabrın 17-də Şəfi bəy həmin mövzuda növbəti iri bir məqalə ilə çıxış edir ki, bu da əvvəlki yazının davamı təsirini bağışlayır.

Şəfi bəy Rüstəmbəyli qəzetdə ən müxtəlif janrlara müraciət edirdi. Məsələn, 1918-ci il dekabrın 7-də “Azərbaycan Respublikasının yaranma tarixi” adlı qəzet oçerkini yazır. O, bu məqaləni “Azərbaycan” imzası ilə verir. Əslində isə bu, kiçik bir tarixi əsərdir. Belə ki, yazıda Azərbaycanın o vaxtkı vəziyyəti, eləcə də onu əhatə edən Rusiya, Türkiyə, Gürcüstan kimi ölkələrin durumu, bizə münasibəti öz əksini tapır.

Şəfi bəy və onun qəzeti cümhuriyyətin son günlərinədək birlik, azadlıq, istiqlal qayəsi ilə işləyib, məqsədini, məramını dəyişməyib.

İndi illərin arxasından baxanda “Azərbaycan” qəzetinin rus variantının da əhəmiyyətini  aydın görmək olur. Əvvəla, bu, cümhuriyyət dövründə də rus və digər xalqların Azərbaycanda yaşayan nümayəndələrinin maraqlarının nəzərə alınması demək idi. Digər tərəfdən, rusca çıxan “Azərbaycan” həm də tarixə töhfə idi. Şəfi bəyin siyasi fəaliyyəti və məntiqli, yüksək səviyyəli məqalələri, verdiyi çoxsaylı şərhlər onun hazırlıqlı siyasi xadim olduğunu göstərirdi. O, azərbaycançılıq ideyasının inkişafında mühüm rol oynayan yaradıcı ziyalılarımızdan biri, ömrünün sonunadək xalqının istiqlalı uğrunda mübarizə aparan vətən fədailərindən idi.

Yüksək intellekti, dərin biliyi, zəhmətsevərliyi və əlbəttə ki, seçdiyi yola sədaqəti, məsləki nəzərə alınaraq Ş.Rüstəmbəyli 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin üzvü seçilir. Sonra parlamentin mandat komissiyasının sədri, Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın tərkibinə daxil olur. Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci (1917, 26-31 oktyabr) və ikinci (1919, dekabr) qurultaylarında Mərkəzi Komissiyanın üzvü, ikinci qurultayda həm də partiya sədrinin müavini seçilir. 1920-ci il aprelin 27-də N.Yusifbəylinin yanında məhdud dairədə keçirilmiş müşavirədə Ş.Rüstəmbəyli qan tökülməsinə yol verməmək üçün Bakıdan çıxmağı və bolşeviklərə qarşı mübarizəni təşkil etmək üçün Gəncəyə köçməyi təklif edir. Lakin onun təklifi toplantı iştirakçıları tərəfindən qəbul olunmur.

Dövrünün uzaqgörən siyasi xadimi olan Ş.Rüstəmbəyli qəzet redaktoru olmaqla yanaşı, əvvəlcə Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəlindən isə nazir müavini vəzifəsini yerinə yetirir.

Şəfi bəy 1919-cu ildə milli mətbuat haqqında ilk qanunu işləyərək onun parlament tərəfindən qəbul edilməsinə nail olur. Qanun layihəsi barədə geniş məruzə edir. Həmin sənəddə deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi, mətbuat da azadlıqla anarxiya arasında sərhədi müəyyən edən qanunlara tabe olmalıdır. Düzdür, mətbuat azadlığına yekdilliklə tərəfdar olan parlament üzvləri bu qanun layihəsini ən ciddi sənədlərdən biri hesab edirdilər. Bununla belə, layihənin parlamentə hər üç oxunuşu qızğın müzakirələrlə keçirdi. “Hümmət” partiyası və onun sosialist fraksiyası layihənin əleyhinə çıxır və bildirirdilər ki, mətbuatı heç bir qanunla məhdudlaşdırmaq olmaz. Bu, demokratiya və müstəqil dövlətçilik prinsiplərinə ziddir. Maddələrin ayrı-ayrı müzakirəsi zamanı mətbuata ümumi nəzarət və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsil, yaş senzi, mətbəə yaradılmasına icazə verilməsi barədə maddələr geniş diskussiya doğururdu. İclasların birində bəzi bəndlərin qəbul olunması ilə razılaşmayan sosialistlər salonu nümayişkaranə tərk etmişdilər. Lakin Şəfi bəy hər maddənin, hər bəndin izahını verir, deputatların fikirlərinə, düzəlişlərə böyük həssaslıqla yanaşırdı. Qanun layihəsi oktyabrın 23-dən 30-dək parlamentin 87-90-cı iclaslarında müzakirə edildi və üçüncü oxunuşda bir deputat bitərəf qalmaqla 21 səsə qarşı 28 səslə qəbul olundu.

Tarix çox həqiqətləri olduğu kimi hifz edib saxlamağa qadirdir. Əgər Azərbaycan Cümhuriyyətinin 1918-ci ilə aid iclas stenoqramlarını arayıb-axtarıb oxusaq, görərik ki, buradakı müzakirələrdə ən çox Şəfi bəy çıxış edib. O, əvvəla parlamentin üzvü idi. Bir hüquqşünas kimi çox savadlı və bilikli idi, dərin mühakiməsi, hadisələrə öz münasibəti vardı. Qatı müsavatçı idi. 1918-ci ildə Zaqafqaziya Seyminin də üzvü kimi Müsavat fraksiyasında iştirak etmişdi. M.Ə.Rəsulzadə və M.H.Hacınski Trabzonda və Batumidə gedən danışıqlarda iştirak etdikləri zaman fraksiyanın mövqeyini qətiyyətlə müdafiə edən məhz Şəfi bəy olmuşdu. Təkcə bu faktın özü, həm də Ş.Rüstəmbəylinin cümhuriyyət dövründə “Azərbaycan” qəzetinin baş redaktoru olması və bir müddət daxili işlər nazirinin müavini vəzifəsində çalışması onun bacarıqlı, təşkilatçı və məsləkinə sadiq, vətənini sevən əsl mücahid olduğunu təsdiqləyir.

Təəssüf ki, Şəfi bəyin istiqlal arzuları yarımçıq qalır. Cümhuriyyətin çökməsini 27 yaşlı Şəfi bəy böyük üzüntü ilə qarşılayır. Xatırladaq ki, o, cümhuriyyətin ən gənc liderlərindən biri idi.

1920-ci il aprelin 27-də keçirilən son iclasda M.Ə.Rəsulzadə çıxış edir. Deyir ki, bizim partiya təslim olmağın əleyhinədir. Lakin vətəndaş qarşıdurmasına getməmək üçün və bir sıra başqa şərtlərə görə (6 belə şərt vardı) onlar hakimiyyəti verməyə məcburdurlar. Stenoqramda yazılıb ki, hakimiyyəti təhvil vermək məsələsi elan olunanda arxadan səs gəlir. Baxıb görürlər ki, Şəfi bəy hönkürtü ilə ağlayır...

 1920-ci ilin aprelində Azərbaycanın bolşevik işğalından sonra o, Tiflisə köçməyə qərar verir. Lakin digər cümhuriyyət liderləri kimi onun da Azərbaycanda qalan doğmaları təqib olunur. Şəfi bəyin atası Mustafa bəy və qardaşı Hacı bəy amansızcasına qətlə yetirilirlər. Ölüm məqamında Mustafa bəy özünün oğlundan əvvəl güllələnməsini xahiş edir. Qırmızı qatillər buna da məhəl qoymur, Hacı bəyi atasının gözləri qarşısında vəhşicəsinə öldürürlər.

Bütün bu keşməkeşlər, ağır iztirab verən hadisələr Şəfi bəy Rüstəmbəylini ruhdan salsa da, o, məsləkindən, əqidəsindən dönmür, Tiflisdə sakitcə həyat sürmək istəmir. Burada Şəfi bəyin rəhbərliyi ilə “Azərbaycanı xilasetmə komitəsi” yaranır. 1921-ci ilin fevralında sovet hakimiyyəti Gürcüstanı da işğal edir. Şəfi bəyin fəaliyyəti burada da yarımçıq qalır. Mübarizənin mümkün olmadığını görən ədib İstanbula köçür və orada mühacir həyatı yaşayır.

Türkiyədə imkanı və gücü çatdığı qədər mübarizəsini davam etdirir. Məqsəd qırmızı ordunun istilasından əzab çəkən vətəninə kömək etmək idi. Lakin bu, nə dərəcədə mümkün idi?..

Ş.Rüstəmbəylinin iştirakı ilə İstanbulda 1923-1927-ci illərdə “Yeni Qafqaziyyə”, 1928-1931-ci illərdə “Azəri türkü”, 1928-1930-cu illərdə “Odlu yurd” və 1932-ci ildə “Azərbaycan yurd bilgisi” jurnalları nəşr olunur. Təcrübəli mühərririn qələmindən çıxan hər məqalə maraqla oxunur!

O dövrdə xaricdə yaşayan mühacirlərin durumu çox ağır idi. Şəfi bəy də onlardan biri kimi bu cəhətdən əziyyət çəkirdi. Lakin təqdirəlayiq hal idi ki, öz güzəranını qura bilən mühacirlər digərlərinin də dolanışığına kömək edirdi. Onlar Şəfi bəyi də çətinlikdən çıxardılar. Mənbələrdən birində deyilir: “Şəfi bəyə kömək etdilər. Xəlil bəy Xasməmmədlidən, Ziyadxanovlardan, Xan Xoyskilərdən, Əmircanovlardan da orada yaşayanlar vardı - onlar kömək etdilər və o, təsərrüfatla məşğul olmağa başladı... Ferması vardı. Mağazaları da olub... 30-cu illərdən sonra isə Şəfi bəyin siyasi fəaliyyətini görmürük”. Düzdür, bütün bunlar Şəfi bəyi yoxsulluqdan, aclıqdan xilas etsə də, bu barədə oxumaq və düşünmək bir qədər acınacaqlıdır. Çünki belə bir qələm sahibinin, görkəmli ziyalının bu cür işlərlə məşğul olması yalnız taleyin ədalətsiz hökmü idi!

Şəfi bəy Rüstəmbəyli haqqında onun öz doğmalarının dilindən qısaca bir məlumatı eşitmək belə çox maraqlıdır. Mühacir həyatı yaşayan ədibin qohumları çoxdur, lakin özünün ailəsinin olub-olmadığı barədə tam dəqiq söz deyən yoxdur. Yaxın qohumu - qardaşı nəvəsi Əliağa Şahmalıyev söyləyir ki, deyilənlərə görə, Şəfi bəy Sara adlı qəbələli xanımla evlənib, amma övladları olmayıb. Sonradan Şəfi bəyin Türkiyədə də evləndiyi ehtimal edilir. Bu izdivacdan da yadigarı qalmayıb.  Doğrudur, Şəfi bəyin qızı olduğunu deyən bir xanım onları axtarıb tapıb. Qohumlar onunla görüşüblər. Lakin üst-üstə düşməyən tarixlər, hadisələr həmin xanımın başqa bir Şəfi bəyin övladı olduğunu göstərib.

Əliağa müəllim həmçinin Türkiyədə Şəfi bəyin baldızının (orada evləndiyi qadının bacısının) yaşadığını söyləyir. Adı olsun ki, Pinar Kürdür. Yazıçılıqla məşğul olan bu xanım bildirib ki, onda Şəfi bəyin bir çox məqalələri, haqqında materiallar var. Onları yalnız qohumlarına verə bilər.

Nə etməli ki, uzun illər Şəfi bəyin adını belə çəkmək təhlükəli olub. Hətta doğmaları öz soyadlarından “bəy” sözünü çıxarıb ataraq “Rüstəmov” kimi sənəd alıblar. Təqiblərdən, güllələrdən, sürgünlərdən, böyüməkdə olan yeni nəslin taleyinə enəcək zərbələrdən qorxublar. Hətta Şəfi bəyin qürbətdə sağ olduğu barədə xəbərlər eşidəndə vahimələnib, dəhşətləniblər. Çünki zaman, dövr belə amansız olub, bu nəslin gözləri çox vəhşiliklər, dəhşətlər görüb...

Şəfi bəyin yaxın qohumu Hacıağa müəllim nənəsindən və valideynlərindən onun haqqında çox eşitdiyini söyləyir. Belə ki, Şəfi bəy Azərbaycanın Ərəş mahalının sayılıb-seçilən bəy ailələrindən birinin övladı olub. O zaman indiki Ağdaş, Göygöl, Qəbələ rayonlarının ərazisi Ərəş mahalında birləşirmiş. Şəfi bəy dörd qardaşın biridir: Hacı bəy, Cəfər bəy, Baxış bəy və Şəfi bəy. Onlardan Cəfər bəy və Şəfi bəy mükəmməl təhsil alıblar. Qohumu Şəfi bəyin fəal həyat mövqeyinə malik bir insan olduğunu söyləyir. Dörd dil, o cümlədən rus və fransız dillərini mükəmməl bilirmiş.

Deyilənlərə görə sovet hakimiyyəti belə şəxsi həbs etmək deyil, birbaşa güllələmək qərarında imiş. Ona görə də Şəfi bəy cümhuriyyətin süqutundan dərhal sonra Azərbaycanı tərk etməli olur. Ağdaşdan keçərkən doğmalarına xəbər göndərir ki, ona dəyişək paltar çatdırsınlar. Lakin göndərilən şeylər ona onsuz da çatmır. Çünki izləndiyini hiss edən kimi yoluna davam etmiş olur.

Bəli, həyatını Azərbaycanın müstəqilliyinə, istiqlaliyyətinə həsr edən bir insanın bu yüksək amallarına görə “mükafat”ı bütün nəslinin onilliklər boyu “gözüqırpıq, gözükölgəli” qalması olub. Nəslin neçə nümayəndəsini qətlə yetiriblər...

Vurğulayaq ki, sovet hökuməti Mustafa bəyi məhz Şəfi bəyin atası olduğu üçün güllələyib. Hərçənd Mustafa bəyin özünün də cümhuriyyətə həddindən artıq rəğbəti olub. O, Qəbələ bölgəsində sayılıb-seçilən insanlardan idi. İndiyə qədər də o tərəfdə  Mustafa bəyin torpaqları, körpüsü, çəkdiyi yol” anımları xalqın dilində və xatirəsində yaşayır. Hətta Qəbələnin Pirəli kəndindəki evi indi də durur. M.Ə.Rəsulzadə özünün “Azərbaycan Cümhuriyyəti” kitabının sonunda verdiyi “Azərbaycan qurbanlarından bir listə”dəki istiqlal şəhidləri sırasında “Ağdaş əyyanından” Rüstəmbəyli Mustafa bəyin də adını çəkmişdi. O, cümhuriyyət ordusuna 20 min çəkmə bağışlamış, onları paltarla, ərzaqla təmin etmişdir.

Sovetlərin gülləsi Şəfi bəyin qardaşı Cəfər bəyin də həyatına son qoymuşdu. Bu insan çox gözəl həkim, ziyalı idi, eyni zamanda Azərbaycan hökuməti 1919-cu il martın 19-dan doktor C.Rüstəmbəylini Kuban hökuməti yanında diplomatik nümayəndə təyin etmişdi. Həmin ilin iyun ayının 26-da ona Azərbaycan Xalq Cümhuriyyətini Don hökuməti yanında təmsil etmək mandatı da təqdim olunmuşdu. 1919-cu il sentyabrın 24-də Azərbaycanın Kubanda və Donda nümayəndəsi Cəfər bəyə Cənubi Rusiya Silahlı Qüvvələri Baş Komandanlığı yanında Xalq Cümhuriyyətinin mənafeyini müdafiə etmək səlahiyyəti də verilmişdi. 1919-cu ilin sonunda Denikinin Kuban Radasına qanlı divan tutması və Azərbaycana qarşı açıq düşmənçilik münasibəti bəsləməsi nəticəsində AXC-nin diplomatik nümayəndəsi Yekaterinodarı tərk edərək Bakıya dönmüşdü. Sonra Cəfər bəy xeyli müddət Tiflis şəhərinin baş terapevti olur. Bu ərəfədə, yəni 1924-cü ildə Şəfi bəylə də İstanbulda görüşür. O vaxt Azərbaycanın rəhbəri Mir Cəfər Bağırov C.Rüstəmbəylini Bakıya dəvət edir və cəmi 6 aydan sonra güllələnməsinə hökm verir. Güllələnmədən əvvəl onu məhbəsdə xeyli ac saxlayıb olmazın işgəncə və əzabla sınağa çəkiblər. Yalnız bundan sonra hökmü yerinə yetiriblər. Bu da amansız münasibətin bir növü idi. Bir faktı xatırladaq ki, Cəfər bəy 1931-ci ildən tutulana kimi Zaqafqaziya dəmir yolu idarəsinin səhiyyə şöbəsində işləyib.

Əliağa müəllimlə söhbət zamanı bir fotoşəkil diqqətimizi cəlb etdi. Şəkildə Şəfi bəyin yanında 3-4 yaşlı iki oğlan uşağı var idi. Əliağa müəllim deyir ki, bu foto 1927-ci ildə İstanbulda çəkilmişdi. Həmin ağır, qarışıq illərdə Şəfi bəy doğmalarının təqib olunduğunu, acınacaqlı vəziyyətdə yaşadıqlarını yaxşı bilirdi. Ona görə də ailəsinə xəbər yollayır ki, heç olmasa kiçik yaşlı qardaşı uşaqlarına xətər dəyməsin deyə onları sərhəddən keçirib yanına göndərsinlər. Cəfər bəyin və Hacı bəyin oğlanlarını - Bəhram bəyi və Şükür bəyi gizli yolla İstanbula aparıb Şəfi bəyə təhvil verirlər. Bu insan həmin uşaqları bəlkə də ölümlərdən, təzyiq və təqiblərdən qurtarır. Onları böyüdür, oxutdurur, işlə təmin edir, hər cür şərait yaradır. Bəhram bəy Londonda, Şükür bəy Sarbonna universitetlərində təhsil alır. Biri San-Fransiskoda, digəri İngiltərədə yaşayır. Amma onların da ömürləri qısa olur. Bəhram bəy ağır yol qəzasına düşüb faciəli şəkildə həyatdan gedir. Şükür bəy isə xəstələnib vəfat edir. Bu da taleyin bir hökmü imiş...

Türk yazıçısı Murat Gulçunun 1990-cı ildə İstanbulda nəşr olunmuş “Erməni intriqalarının pərdəarxası: Torlokyan davası” kitabı da Şəfi bəyin həyat yollarına müəyyən qədər işıq tutur. Bu kitab cümhuriyyətin daxili işlər naziri Behbud xan Cavanşirin qatili, erməni əsilli Torlokyanın məhkəmə prosesindən bəhs edir. Məlum olduğu kimi, istiqlal mücahidi Behbud xan Cavanşir 1921-ci ilin iyul ayında İstanbulun “Pere-Palas” hotelinin qarşısında qətlə yetirilir və onun qatili Torlokyanın məhkəməsi o zaman ingilis işğalı altında olan İstanbulda keçirilir.

Düşünmək olar ki, bu hadisənin Şəfi bəyə nə dəxli var? Məsələnin məğzi budur ki, Behbud xan tərəfdən məhkəmədə iştirak edən 6 şahiddən biri məhz Ş.Rüstəmbəyli idi.

Məhkəmədə şahid qismində ilk ifadə verən də Şəfi bəy olur. Burada onun istər hüquqşünas, istərsə də jurnalist kimi qabiliyyəti özünü tam göstərir. Belə ki, dəlil-sübutlar gətirir, hadisəni hamı üçün anlaşıqlı, rəvan dildə, savadlı şəkildə danışır. Şəfi bəy prokurorun, hakimin, vəkillərin suallarına güclü məntiqlə, böyük səbirlə cavab verir və yeri gəldikcə hətta sərtləşir.

Lakin məhkəmənin gedişi gözlənilmədən başqa bir istiqamət alır. Şəfi bəyə Azərbaycandakı fəaliyyəti barədə suallar verir və onu çaşdırmağa çalışırlar. Cinayətkar rahat oturduğu halda, sanki Şəfi bəy müttəhimə çevrilir. Ona məhkəmədə verilən qərəzli suallar çox söz deyir. Bunlar Şəfi bəyin qəzetçilik fəaliyyətini işıqlandırmaq üçün bəlkə də bir istiqamət rolunu oynaya bilər.

Suallar belə idi: “1918-ci ildə Bakıda partiyalar var idimi?”, “Bu partiyaların birinə mənsub idinizmi?”, “Azərbaycan” qəzetində fəaliyyətiniz nədən ibarət idi?”, “Hansı mövzularda məqalələr yazırdınız?” və s.

Vəkil Hasruyanı Şəfi bəyin “İrəli” qəzetində dərc olunan məqalələri daha çox narahat edirdi. Odur ki, bu məqalələrə təkrar-təkrar qayıdır, “niyə yazdın, necə yazdın, faktları haradan götürdün” kimi suallar verir, fikri əsas məsələdən yayındırırdı. Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə kəskin etirazını bildirir və işin düzgün aparılmasını tələb edirdi. Onun üsyanı Hasruyanı çaşdırır və vəkil hazırladığı protokolda bunu belə ifadə edir: “...İndi şahidlərin gerçək durumlarını meydana qoymaq istəyirəm. O şahidlər kimlərdir? “Müsavat” partiyası üzvlərindən “Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli. Bu, elə bir qəzetdir ki, doğum tarixi və taleyi hər kəsə bəllidir. Dərhal əlavə edim ki, möhtərəm redaktor məndə bu təsiri yaratmışdır”.

Çox təəssüf ki, məhkəmə prosesində cinayət tam sübut edilsə də, tribunalın qərarı ədalətsiz və sarsıdıcı olur. Qatil bəraət alır və cəzasız qalır.

Nəhayət, Məmməd Əmin Rəsulzadə və Şəfi bəy Rüstəmbəyli ziddiyyətləri barədə... Cümhuriyyətin tarixində böyük rolu olan bu iki şəxsiyyətin bir-birinə münasibəti də maraq doğuran və müxtəlif mülahizələrə səbəb olan mövzudur.

Deyilənlərə görə, Şəfi bəyin Türkiyədə qələmə aldığı bir sıra yazıları, məsələn, “Yıxılan bütlər”, “Rəsulzadənin fəci süqutu” kitabları bəzi qruplaşmaların təsiri ilə yaranıb. Kitablardan birinə M.Ə.Rəsulzadə “Şəfibəyçilik” yazısı ilə cavab verib. Bu da Şəfi bəyin siyasi həyatda bir daha görünməməsinə səbəb olub.

Belə mülahizə yürüdənlər də var ki, o zaman ÇK (Fövqəladə Komissiya) Rusiya və Qafqaz mühacirətçiləri arasına düşmənçilik salmağa və onların bir-biri ilə əlaqəsini  parçalamağa çalışırdı. Bəziləri isə ziddiyyəti Rüstəmbəylinin xaricdə təhsil alması, dərin savada malik olması və bu cəhətdən Məmməd Əmin Rəsulzadəni üstələməsi, nəticədə onların bir çox hallarda bir-birini çətin başa düşməsi ilə izah edirlər.

Bəs faktlar nə deyir? Tədqiqatçıların araşdırmalarına görə, Ş.Rüstəmbəyli Müsavat Partiyasının Xarici Bürosunun fəal üzvü olmuşdur. Partiyanın rəhbərliyində təmsil olunan Şəfi bəy Xəlil bəy Xasməmmədli ilə birlikdə müstəqil fəaliyyəti üstün tutmuşdur. Onların Azərbaycan Milli Mərkəzinin (İstanbul) fəaliyyətinə üstünlük vermələri müsavatçıların kəskin etirazına səbəb olmuşdur. Nəticədə müsavatçılar arasında təfriqə baş vermiş, Şəfi bəy və Xəlil bəy İstanbul təşkilatından xaric edilmişlər. M.Ə.Rəsulzadə “Şəfi bəy heç bir mərkəzə lüzum olmayıb, hər şöbənin özbaşına müstəqil olaraq çalışması tezisini müdafiə edirdi” deyirdisə, Şəfi bəy də Rəsulzadəni “əmrinə tabe olan tərəfdarlarını milli və firqə təşkilatından ayırıb yeni qrup təşkil etməklə yeni ixtilafa yol açmaqda” ittiham etmişdir. 1934-cü ildə dərc edilən bir neçə kitab mühacirlər arasındakı parçalanmaları daha da dərinləşdirmişdir. Rüstəmbəylinin “Yıxılan bütlər”, Nağı Şeyxzamanlının “Biz və onlar” əsərləri müqabilində Rəsulzadə “Şəfibəyçilik” əsərini yazmışdır.

Ş.Rüstəmbəyli Xəlil bəylə birgə Qafqaz xalqlarının birliyi ideyasının qəti tərəfdarı olmuş, onun reallaşmasına çalışmışdır. 1943-cü ildə Berlində keçirilmiş “Milli Birlik Məclisi”nin Ümumazərbaycan qurultayında rəyasət heyətinin fəxri üzvü seçilmişdir.

Hər halda cümhuriyyət qurulan vaxt Məmməd Əminlə Şəfi bəyin münasibətləri çox yaxşı olub. Hər iki istiqlal mücahidi eyni məqsədə, məsləkə qulluq edib, vətən fədaisi, şəxsiyyət olublar.

Ş.Rüstəmbəyli 1960-cı ildə Türkiyədə dünyasını dəyişib və son mənzilinə də orada qovuşub. 67 illik ömrünün 40 ilini qürbətdə keçirsə də, hər an qəlbində Azərbaycanı gəzdirib, son nəfəsində də “Azərbaycan”, “Vətən” deyib.

Şəfi bəy o parlaq şəxsiyyətlərdəndir ki, vətəni üçün hələ çox böyük işlər görə bilərdi. Lakin zalım dövran buna aman vermədi. Ş.Rüstəmbəyli daim xatirimizdədir. Dövlət xadimi, vətəndaş, hüquqşünas və ən çox mühərrir kimi...

 

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2015.- 22 iyul.- S. 6.