M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında 2015-ci ilin məzunlarına diplomlar təqdim edilib

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2015-ci ilin məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təntənəli gecədə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Moskva Dövlət Universitetinin Bakı filialının xarici tələbələrlə iş üzrə prorektoru Dmitri Georgiyevski, ümumi topologiya və həndəsə kafedrasının müdiri, Moskva Dövlət Universitetinin Bakı filialının direktoru, professor Yuri Sadovniçi, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin rəhbəri Robert Hoyland, Kembric Universitetinin professoru Sara Veydler, MDU-nun mexanika-riyaziyyat fakültəsinin dekanı səlahiyyətlərini icra edən, fizika-riyaziyyat elmləri doktoru Vladimir Çubarikov və MDU-nun Bakı filialının aparıcı professor-müəllim heyəti iştirak ediblər.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti Nərgiz Paşayeva çıxışında qonaqları, müəllimləri, tələbələri və valideynləri salamlayıb.

O deyib: “Hörmətli valideynlər, əziz məzunlar və bizim keçmiş tələbələrimiz – bu günün məzunları! Sizin hər birinizi salamlayıram və bugünkü bayram münasibətilə təbrik edirəm”.

“Sizin hər birinizin - burada əyləşən keçmiş tələbələrin, yəqin, bu gün haqqında arzuları belə idi ki, bir gözəl səhər günü yuxudan ayılacaqlar və deyəcəklər, bu gün xüsusi gün olacaq, biz evə tam fərqli, başqa statusla, başqa əhval-ruhiyyədə qayıdacağıq və əlbəttə, çoxdan gözlənilən xoşbəxt bilet əlimizdə olacaq. Həmin gün gəlib çatdı”, - deyə M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru deyib.

O qeyd edib ki, məzunlar bu günə çatmaları üçün gözəl həyatlarında 4 ili arxada qoyublar. “Hesab edirəm ki, tələbəlik dövrü insan həyatının ən yaxşı dövrüdür. Bizim hamımız – sizin valideynləriniz, müəllimləriniz həyəcanlanırdıq və bu günü gözləyirdik. Biz də sizin kimi tələbə idik, həmçinin zamanı tələsdirirdik və tətilədək gözləyirdik, günləri, saatları sayırdıq, tərəddüd edirdik, təəccüblənirdik, hirslənirdik, sevinirdik, həyəcanlanırdıq, narahat olurduq, bəzən özümüzdən problemlər yaradır, sonra isə özümüz də onu həll edirdik. Bəzən bizi başa düşürdülər, bəzən bizə etina etmirdilər, bəzən əksinə, mükafatlandırırdılar və tərifləyirdilər. Bu, xüsusi dövr, insan şəxsiyyətinin formalaşdığı böyük zaman idi. Hamı bu əlamətdar yolu keçib. İndi isə bizi zamanın ayırdığı, yəni sizin gənc, bizim isə yetkin olduğumuz bir vaxtda, bizi çox şey birləşdirir. Bizi hər gün bir yerdə olmağımız birləşdirir. Universitet o yerdir ki, orada gənclik və müdriklik birləşir və qarşılıqlı zənginləşir, bir-birini tamamlayır. Gəncliyin çox problemi olur, lakin yetkinliyin də problemi çoxdur. Gənclik çox şeyi əldə etmək, tapmaq, gözləmək istəyir. Bəs yetkinlik? Yetkinliyin digər arzuları var. Yetkin insan çox şeyi saxlamaq, itirməmək istərdi. Gənclik axtarır və tapır, yetkinlik isə əldə etdiyi və bu yetkin həyatının mənasını təşkil edənləri itirmək istəmir. Bu, həyatın fəlsəfəsidir. Bu, keçici vəziyyətdir. Beləliklə, biz gəncliyimizi xatırlayan zaman başa düşürük ki, bu hisslər – daxili hisslərin, təzadların, ehtirasların okeanı – bizim hər birimizdə coşub daşıb. Bu, hətta zahirən sakit görünən kəslərdə də var. Bu, elə özünün təzadları, yüksəlişi və enişi, dəyişkən əhval-ruhiyyəsi, nailiyyətləri, uğurları, bəzən də məyusluğu ilə görünən gənclikdir. Bu gəncliyi sizin gözəgörünməz qanadlarınız rəmzləşdirir. Onlar gözə görünməsə də, sizin hər biriniz səhər yuxudan oyananda onlardan istifadə edirsiniz. Mən istərdim ki, bu qanadlar həmişə olsun və sizi elə bir yüksəkliyə qaldırsın ki, siz problemlərin, həyatın iztirablarının fövqündə olasınız, ədalətsizlik, həqarətlə mübarizə aparasınız və bizim sizə öyrətdiyimiz kimi şərəfli, vicdanlı, ləyaqətli insan həyatını yaşamağı bacarasınız”, - deyə Nərgiz Paşayeva bildirib.

Professor Nərgiz Paşayeva valideynlərin rolunu xüsusilə qeyd edib: “Heç bir uğur, heç bir nailiyyət insanın valideynləri qarşısında borcunu əvəz etmir. Heç vaxt yadınızdan çıxarmayın ki, siz valideynlərinizə borclusunuz. Allah bizə həyat bəxş edib, lakin dəyərlərimizi, özünəməxsusluğumuzu bizə valideynlərimiz bağışlayıb. Bunu unutmayın”.

Rektor çıxışında Moskva Dövlət Universitetindən olan həmkarlarına təşəkkür edərək deyib ki, MDU-nun Bakı filialı hər müəllim üçün ikinci ev olub.

“Russo deyib ki, gənclik tədricən müdrikliyi qazanır, yetkinlik isə sonra bu müdriklikdən istifadə edir. Digər filosof – Seneka deyib ki, gənclik parlaq qığılcım kimidir, o, alışa və ötüb keçə bilər. Yəni, onun fikrincə, bizim hər birimiz, gəncliyin keçdiyini heç vaxt hiss etmir. O, sezdirmədən keçir. Lakin bizim hər birimiz yetkinlik çağında bilirik ki, gənclik artıq ötüb. Gəlin, özümüzdə cəsarət tapaq və böyük filosoflarla razılaşmayaq və deyək ki, Moskva Dövlət Universitetinin Bakı filialında gənclik heç vaxt sönmür və heç yerə getmir. Odur ki, əziz məzunlarımız, hər zaman sağlam və gümrah olun”, – deyə rektor vurğulayıb.

Nərgiz Paşayeva, həmçinin bütün məzunlara həyatda ən böyük nailiyyətlər, o cümlədən kimya, riyaziyyat, filologiya və psixologiya sahələrində gözəl mütəxəssis olmağı arzulayıb.

“Burada iştirak edənlərin hamısına, sizin doğmalarınıza və yaxınlarınıza həyatlarında indi yaşadıqları tək sevincli anlar arzu edirəm. Arzu edirəm ki, onlar bu gün olduğu kimi, həmişə sizinlə qürur duysunlar. Siz həqiqətən də övladlarınızla fəxr edə bilərsiniz. Çünki onlar öz gücləri və zəhmətləri ilə bizim universitetin diplomuna layiq görüldülər. Sizi bir daha təbrik edirəm”, - deyə Nərgiz Paşayeva qeyd edib.

O, MDU-nun Bakı filialının kollektivinə təşəkkür edərək vurğuladı ki, bu kollektiv gecə-gündüz yorulmadan zəhmət çəkib, ürəklə özlərini universitetin ümumi işinə həsr ediblər və bunun da nəticəsi olaraq universitetin dördüncü buraxılışı reallaşıb.

“Dantenin “İlahi komediya”sında cəhənnəm barədə çox yazılıb, lakin indi sizə əsərdən cəhənnəmin qapıları qarşısında olan bir cümləni xatırlatmaq istəyirəm: “Bura daxil olanda ümidini hər yerdən üz”. Lakin universitetlər cəhənnəmin ziddinədirlər. Əgər siz çoxlu ümidlərin olduğu cənnəti axtarsanız, onda bu məbədlərdən başqa Yer üzündə digər cənnət tapa bilməyəcəksiniz”, - deyə rektor vurğulayıb.

Nərgiz Paşayeva məzunları təbrik edərək onlara möhkəm cansağlığı, şəxsi və işgüzar həyatlarında uğurlar arzuladı, bayram iştirakçılarının hamısına təşəkkür etdi.

Sonra diplomların təqdimetmə mərasimi oldu.

Moskva Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə idarəsinin müdiri Dmitri Georgiyevski M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçinin məzunlara təbrikini çatdırdı.

O, universiteti daha bir möhtəşəm buraxılış münasibətilə təbrik edərək, gənc mütəxəssislərə gələcək həyat yollarında uğurlar dilədi.

“Bəzilərində bu yol elmlə, kimdəsə istehsalatla əlaqədardır. Əlbəttə, sizdə Moskva Dövlət Universitetində keçirdiyiniz illər haqqında yalnız xoş, işıqlı xatirələr qalacaq. Bizim təhsil sistemində belə bir zarafatımız var: aparıcı bir ali təhsil müəssisəsindən soruşurlar ki, onların belə uğur qazanmasının səbəbi nədədir. Cavab belə olur: “Biz, əsas diqqəti qəbul və buraxılışa yönəldirik. Yerdə qalanın hamısı – yalnız işarası anlardır”. Hər bir zarafatda həqiqətin payı var - kimin üçünsə bunlar yalnız adi işə aid məqamlardır, kimin üçünsə bu, məhz təhsil illəri haqqında xatirələrdir”, - deyə Dmitri Georgiyevski bildirdi.

O, həmçinin özünün MDU-dakı təhsil dövrü haqqında təəssüratlarını paylaşdı və hər bir kəsə universitet illərinin bütün ömrü boyu yaddaşlarında həkk olunmasını arzuladı.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd etdi ki, ölkələrimiz arasında münasibətlər yalnız qarşılıqlı ticarət, hərbi-siyasi proqramların həcmi, beynəlxalq məsləhətləşmələr, humanitar aksiyalarla ölçülmür. Rusiya və Azərbaycan arasında əlaqələr, həm də bəşəriyyət üçün ən qiymətli dəyərlərdən olan biliklərin qazanılması və ötürülməsində özünü göstərir.

“Əziz dostlar, Nərgiz xanım haqlıdır – bu gün sizin həyatınızın ən xoşbəxt anıdır. Yəqin ki, siz bunu bir qədər sonra anlayacaqsınız. Bu gün isə sizin üçün sevincli gündür. Mən də sizinlə bu sevinci bölüşə bildiyimə görə çox şadam. Siz sübut etdiniz ki, bu cür ciddi proqrama baxmayaraq, diplom ala bilərsiniz. Təsdiq etdiniz ki, sizin ölkəniz üçün taleyüklü olan və daha böyük miqyaslı məsələlərin həllində tamhüquqlu və fəal şəkildə iştirak etməyə tam ixtiyarınız var. Əlbəttə, bu, ilk növbədə valideynlər üçün böyük qürurdur ki, onların övladları bu yaşda belə böyük səviyyəyə çatmağa nail olublar. Bu, doğrudan da böyük nailiyyətdir. Sizin uşaqlarınız beynəlxalq miqyasda iri, nüfuzlu ali təhsil müəssisəsinin diplomunu qazanıblar. Mən bir valideyn kimi bu sevinci başa düşə bilirəm: özümün iki qızım var və hər ikisi Moskva Dövlət Universitetini bitirib. Həm də bu gün burada gördüklərimizin reallaşması üçün öz qüvvəsini, gücünü, əməyini sərf edən müəllimlərin də sevinc dolu hisslərini yaxşı anlayıram”, - deyə səfir bildirdi.

MDU-nun Bakı filialının direktoru Yuri Sadovniçi isə 2015-ci il məzunlarına diplomların təqdim edildiyi tarixin simvolik xarakter daşıdığını bildirdi. Onun sözlərinə görə, bu əlamətdar hadisə iki mühüm olimpiada arasındakı dövrə təsadüf edir: “İdmana aid olan birinci olimpiada – ilk Avropa Oyunları artıq başa çatıb. İkincisi – Beynəlxalq Kimya Olimpiadası isə bundan sonra başlayacaq. Əgər analogiya aparsaq, demək olar ki, artıq siz özünüzün ilk olimpiya medalını əldə etmisiniz və bəzilərində bu medal yüksək əyarlıdır. Mən sizləri bununla kifayətlənməməyə çağırıram. Hər birinizə xoşbəxtlik, sağlamlıq arzulayıram və deyirəm ki, Moskva Dövlət Universitetini heç vaxt unutmayın”, - deyə Sadovniçi qeyd edib.

Daha sonra mərasimdə çıxış edən məzunlar müəllimlərinə təşəkkür edərək M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçirdikləri gözəl illər haqqında danışıblar.

Bakalavr və magistrlərə diplomlar təqdim olunduqdan sonra onlar “Məzun andı” içdilər.

Sonra ali təhsil ocağının məzunları qonaqlara konsert proqramı təqdim etdilər.

Daha sonra məşhur azərbaycanlı müğənni və bəstəkar Emin, “Eurovision-2012”nin iştirakçısı Səbinə Babayeva da ayrıca konsert proqramı ilə çıxış etdilər.

Qeyd edək ki, 2015-ci ildə universitetin filologiya, kimya, riyaziyyat və psixologiya fakültələrinin bakalavrlarının sayca 4-cü, filologiya, riyaziyyat və kimya fakültələrinin magistrlərinin 2-ci, psixologiya fakültəsinin isə ilk magistrlərinin buraxılışı olub.

Bu il, ümumilikdə 90 bakalavr və 27 magistr Bakı filialının məzunu olub.

Məzun gecəsindən sonra MDU-nun Bakı filialında böyük tədbir olacaq. Belə ki, iyulun 21-də Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının (BKO) təntənəli açılış mərasimi keçiriləcək. Tədbirdə 80 ölkədən 300 məktəbli, 250 müşahidəçi və qrup rəhbərinin iştirakı gözlənilir.

Olimpiadanın Bakıda keçirilməsi haqqında qərar 2012-ci ildə BKO-nun idarə heyəti tərəfindən Vaşinqtonda qəbul edilib. Bu qərar MDU-nun Bakı filialının xidmətlərinin beynəlxalq səviyyədə tanınmasından və nüfuzundan xəbər verir.

 

Azərbaycan.- 2015.- 22 iyul.- S. 8.