Qətiyyət örnəyi

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkə Prezidentinin sədrliyi ilə keçirilən rüblük iclaslarını bütün ölkə vətəndaşları daim böyük diqqətlə izləyir.

İclaslarda verilən məlumatların, açıqlanan rəqəmlərin, irəli sürülən yeni vəzifələrin respublikamızın sosial-iqtisadi həyatındakı böyük önəmi öz yerində, toplantılar həm də milli dövlətçilik tariximizin xoş bir ənənəsi kimi də böyük maraq doğurur. Müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin ədalətli, şəffaf idarəetmə prinsipinə söykənən bu ənənəsinin əsasını Azərbaycan Prezidenti İlham Əliyev qoyub. Bu, onun ölkəyə rəhbərliyi dövründə formalaşan dövlətçilik irsidir, gələcək nəsillərə qürur duyulası bir dövlətçilik ərməğanıdır.

Televiziya ilə tam nümayiş etdirilən, bir neçə gün mətbuatda, sosial şəbəkələrdə, el arasında müzakirəsi aparılan müşavirələr xalq ilə iqtidarın, ali dəyərlər ətrafında bir araya gəlmiş, nizamlı bir ailənin - Azərbaycan ailəsinin ümumi məşvərəti kimi qəbul olunur. Bu cür müzakirələrlə başa çatdırdığımız və hələ görülməli olan işlərimizi, gəlir-çıxarlarımızı nəzərdən keçiririk, imkanlarımızı götür-qoy edirik, milli hədəflərimizə doğru uzun, incə bir yolun hansı məqamında olduğumuzu dəyərləndiririk, bizim dünyaya, dünyanın bizə münasibətini ayırd etməyə çalışırıq. Belə bir ənənə həm də ona dəlalət edir ki, iqtidar öz institutları vasitəsilə xalqın hər halından agah olduğu kimi, xalq da hökumətin gördüyü işlərin bütün məqamları haqqında məlumatlı olur, şəffaflıqdan kənarda heç bir məqam qalmır.

Qarşılıqlı etimad, inam, güvən də elə budur!

Azərbaycan hökumətinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası da maraqlı məqamlarla yadda qaldı və ölkə rəhbərliyinin bu toplantıda irəli sürdüyü qətiyyətli, prinsipial fikirlər, bu gün dünyanın qarşı-qarşıya qaldığı ciddi problemlər üzərində bir vətəndaş olaraq təkrar-təkrar düşünmək üçün geniş meydan yaratdı.

***

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra Avroatlantik məkana inteqrasiya əsas vəzifələrdən idi. Uzun illərin əsarətindən sonra biz böyük həsrətlə Avropa dəyərlərinə doğru can atırdıq. Ötən əsrin əvvəllərində bütün müsəlman Şərqində ilk demokratik respublika yaratmış cümhuriyyət qurucularının o dəyərləri həyatımıza gətirmək, gələcəyi o dəyərlərin mühitində qurmaq arzuları puça çıxmışdı. Bu arzunu yerinə yetirmək bizim missiyamız olacaqdı.

Müstəqilliyini qanlar bahasına, ağır məşəqqətlər hesabına yenicə qazanmış Azərbaycanın ötən əsrin 90-cı illərinin ortalarından Avropa dəyərlərinə doğru üz çevirdi.

Və özümüz də mümkün qədər tez bir zaman ərzində bu ailənin bir üzvü olmağa, bu ocağın oduna od qatmağa, onu öz hərarətimizlə isitməyə can atırdıq.

1995-ci ildə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası da bu niyyət işığında yazılmışdı. Ana Qanunumuzun qəbulundan sonra ölkəmizdə başlanan demokratik islahatlar, ildən-ilə daha geniş vüsət alan hüquqi dövlət quruculuğu prosesləri də bu mərama söykənirdi. Uzun illər Azərbaycanla eyni ittifaqın tərkibində yaşamış, eyni inkişaf yolunu keçmiş və ittifaqın süqutundan sonra oxşar sosial-iqtisadi, siyasi-mədəni problemlərlə baş-başa qalmış bəzi ölkələr Avropaya doğru addım atmaq üçün yerlərindən belə qımıldanmırdılar. Əksinə, onlar cəmiyyətdə buna doğru maraqları zəiflətməyə, ölkənin sərhədlərini Avropa dəyərlərinin üzünə mümkün qədər qapatmağa daha meyilli görünürdülər. O illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanı Avropa ailəsinə yaxınlaşdırmaq üçün ciddi-cəhdlə davam etdirdiyi islahatlar, böyük qətiyyətlə apardığı dəyişikliklər, bəlkə də, bir çoxlarına anlaşılmaz gəlirdi. Onda Azərbaycan dövlətçiliyi üzərimizə yönələn xarici və daxili təhdidlər qarşısında daha kövrək idi. Həm xarici qüvvələr, həm də daxildə öz mənfur niyyətlərini həyata keçirməkdən ötrü ani bir fürsət gözləyən radikal qruplar bu dəyişikliklərin hansısa anlaşılmaz məqamlarından istifadə edərək öz niyyətlərinə yetişə bilərdilər.

Azərbaycan dövlətçiliyini sarsıda bilərdilər.

Amma Heydər Əliyev öz gücünə əmin idi. Eyni zamanda onun da fərqində idi ki, cəmiyyətin sivil gələcəyi, parlaq istiqbalı, arzularımızın reallıqla qovuşacağı məkan məhz Avropadır.

Ona görə də heç bir təzyiq və təhdiddən çəkinmədən öz yoluna davam etdi, demokratik islahatları, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu proseslərini uğurla davam etdirdi və Azərbaycan 2001-ci ildən tamhüquqlu üzv olduğu Avropa Şurası timsalında Avropa ailəsinin bir üzvünə çevrildi. Eyni zamanda, digər Avropa qurumları ilə əməkdaşlıq istiqamətində də ciddi nailiyyətlər əldə olundu.

***

Avropa məkanına inteqrasiya yolunda çəkdiyimiz zəhmətin, adladığımız saysız-hesabsız çətinliklərin Azərbaycan cəmiyyəti olaraq bizlərə heç nə qazandırmadığını iddia etməklə haqsızlığa yol vermək istəməzdik.

Bu gün Azərbaycanda izlədiyimiz davamlı inkişaf prosesləri, cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsi, demokratik dəyərlərin bərqərar olması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi sisteminin formalaşdırılması, həm də çəkdiyimiz bütün o əziyyətlərin, ölkə rəhbərliyinin ortaya qətiyyət qoyub apardığı islahatların meyvəsidir.

Əfsuslar olsun ki, bütün bunların müqabilində Avropa qurumlarında təmsilçiliyin özü bizə heç nə vermədi. Böyük arzu və ümidlərlə can atdığımız bu təşkilatlardakı nəsibimiz xəyal qırıqlığından başqa bir şey olmadı. Çox tez anlamağa başladıq ki, bu təşkilatların öz fəaliyyətlərində rəhbər tutduqları dəyərlər Avropa mütəfəkkirlərinin öz əsərləri ilə bizlərə öyrətdikləri, bəşəriyyətə səslənib təlqin etdikləri dəyərlər deyil: “Bu ali məqamda, bu təntənəli saatda biz bura mənəviyyat qanunları qarşısında ürəkdən təzim etmək və dünyaya bunları deməyə gəlmişik: “Dünyada ancaq bir güc var - ədalətin xidmətində dayanan vicdan. Dünyada ancaq bir şərəf var - həqiqətin xidmətində dayanan düha!” deyirdi Hüqo, “Aşağıda xalq var. Xalqdan üstün olan - mənəviyyatı təmsil edən dindir. Dinin yanında - ədaləti təmsil edən məhkəmə dayanır”.

Biz Avropa ailəsinə üzv olmuşduq ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, bir milyondan artıq vətəndaşımızın yurd-yuvasından didərgin salınması məsələsində Avropa öz vicdanı ilə ədalətin xidmətində dayanmaqla gücünü ortaya qoysun. Bu güc təcavüzkar Ermənistanın hərbi birləşmələrini işğal olunmuş torpaqlarımızdan çıxmağa məcbur etmək üçün yetməsə belə, heç olmasa işğalçı ilə işğala məruz qalmışı öz adı ilə çağırmağa, onlar arasında fərq qoymağa yetsin!

Biz Avropa qurumlarına ona görə üzv olmuşduq ki, eyni təşkilata bir üzv dövlətin başqa bir üzvə aid əraziləri işğal altında saxlaması faktı böyük bir anormallıq kimi başqalarını da qayğılandırsın, BMT kimi ali bir qurumun Azərbaycanın işğal olunmuş torpaqları barədə Ermənistana qarşı illər əvvəl qəbul edilmiş dörd qətnaməsinin icrası barədə bir düşünən tapılsın. Yada salıram, söhbət müsəlman ölkəsinə - Liviyaya qarşı sərt addımlardan gedəndə bu qətnamələr qəbulundan cəmi bir neçə saat sonra icraya yönəlmişdi.

Min təəssüf ki, söhbət bizə gələndə Avropa ailəsində ədalətin xidmətində dayanan vicdan əvəzinə, ikili standartların arxasında gizlənib ədaləti ali bir meyar kimi gözdən salan, dünyada ədalətin mövcudluğuna bədgümanlıq aşılayan vicdansızlıq gördük.

Biz Avropa ailəsinə ona görə üzv olmuşduq ki, illərdən bəri bizləri yandırıb-yaxan, xaricdəki bir çoxlarının erməni havadarlarının təhriki ilə eşitmək istəmədikləri, yaxud eşitsələr də, qulaqardına vurduqları Azərbaycan həqiqətlərinə Avropa insanı diqqət kəsilsin.

Erməni cəlladlarının tək suçları dünyaya azərbaycanlı kimi gəlməkdən ibarət olan minlərlə soydaşımızın timsalında ümumən bəşəriyyətə qarşı törətdikləri Xocalı soyqırımına acısın, insanlıq adına bu cür utancların heç olmasa dünyanın gələcək tarixində təkrarlanmaması üçün bu qədər dəhşəti özünə rəva görmüş əliqanlıları qınasın, onları bu cür vəhşi mənəviyyatdan çəkindirməyə çalışsın.

Bununla da sübut etsin ki, həqiqətin xidmətində dayanan düha var, o düha ölməyib, həmişə diridir.

Amma heyhat!

Biz həqiqətin xidmətində dayanan dühanın sorağında ikən bunun əvəzində Avropa məkanının ən hündür kürsülərindən birinə dırmaşıb, azərbaycanlı körpələrin qanına bulanmış əllərini havaya qaldıraraq Xocalı soyrıqımını törətdiklərini göz qırpmadan etiraf edən və buna haqq qazandıran Sarkisyanın bu həyasız bəyanatları qarşısında Avropa başbilənlərinin donuq, laqeyd sifətlərinə şahid olduq.

Budurmu ədalət?!

Budurmu həqiqət?!

Budurmu Avropa dəyərləri?!

***

Bu dəyərlərdə din necə xalqdan üstün olan - mənəviyyatın təmsilçisi kimi qəbul edilir ki, özünü Avropa dəyərlərinin daşıyıcısı sifətində təmsil edən insanlar başqa toplumların dinini aşağılayan hərəkətlərə yol verirlər?!

Bəşəriyyət tarixinin ən böyük mənəviyyat məktəblərindən, hikmət xəzinələrindən olan İslama qarşı səlib yürüşlərini davam etdirirlər?! Dinimizi harda gəldi aşağılayıb mədəniyyətləri üz-üzə qoyurlar, insanları bir-birinə qırdırırlar?!

Qanlı toqquşmaları dayandırmaq, müharibə ocaqlarını söndürüb dünyanı gərginlikdən xilas etmək haqqında düşünmürlər. Əksinə, özləri yeni-yeni toqquşmalara vəsilə olurlar, yeni-yeni münaqişə ocaqlarına odun daşıyırlar. İnkişaf səviyyəsindən asılı olmayaraq dövlətlər arasında dini ayrı-seçkilik qoyub İslam ölkələrini qapı arxasında saxlayırlar!

Bütün bunlar dünyamızın bugünkü mənzərəsinin müəyyənləşməsində, Yer üzündə demokratiyanın inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında əhəmiyyətli iştiraka iddialı Avropa qurumlarının artıq tam gözdən düşüb dünya üçün qara qəpiklik dəyərinin qalmadığına dəlalət etmirmi?!

***

Azərbaycan Prezidentinin məlum müşavirədəki çıxışına diqqətlə qulaq asdım. Nitqin qəzetlərdə dərc edilmiş mətnini, xüsusilə də Azərbaycanın Avropa qurumlarına inteqrasiyası məsələsi ilə bağlı epizodları az qala hər cümləsi üzərində düşünə-düşünə oxudum və bir anlıq mənə elə gəldi ki, ölkə rəhbərimizin timsalında Azərbaycan Avropa qurumlarına öz yanlışlarını göstərən, bu qurumların ədalət adına tapındıqları ikili standartları, dəyərlər adına sərgilədikləri mənəvi böhran təzahürlərini açıb göstərən, onları ifşa edən müdrik filosofdur!

Bəli, buna məhz Azərbaycanın gücü çatardı!

Çünki Azərbaycan sözün əsl mənasında müstəqildir. Özünün müstəqil yoluna, müstəqil mövqeyinə malikdir.

Ölkə rəhbərimizin də vurğuladığı kimi, Azərbaycanın heç kimdən asılacağı yoxdur. Əksinə biz başqaları üçün vacibik: “Bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur”.

Və buna həm də məhz Azərbaycanın mənəvi haqqı çatır.

Çünki bölgədə multikulturalizm dəyərlərinin üstünlük təşkil etməsinə, insanların dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq sülh, əmin-amanlıq, qarşılıqlı hörmət mühitində yaşamasına, mədəniyyətlər arasında dialoqun əldə edilməsinə illərdən bəri çalışıb, əmək sərf edən məhz Azərbaycandır.

Əslində, bu gün gerçək Avropa dəyərlərinin daşıyıcısı olan son onilliklərdə bu dəyərlərin imitasiyasına başlamış Avropa ölkələri və qurumları deyil, o dəyərlərə sidq-ürəkdən tapınan, həyatını o dəyərlərə uyğunlaşdıran, dünyaya tolerantlıq, insanlar arasında hüzur, mənəviyyat yayan, özünün sosial-iqtisadi həyatını heç kimdən asılı olmadan inkişaf etdirən, vətəndaşlarının rifahını yaxşılaşdıran Azərbaycan kimi ölkələrdir.

Savaş meydanlarındakı qanlı qarşıdurmaları, silahların gücünü idman arenalarına, mədəniyyət, əxlaq müstəvisinə daşımağa can atan, bundan ötrü son illərdə müxtəlif beynəlxalq idman yarışlarının, humanitar tədbirlərin təşkilatçılığı əziyyətini üzərinə götürən və bu nəcib işi böyük məmnunluqla, sevə-sevə yerinə yetirən, bununla da dünyanın gələcəyinə az da olsa, fayda verdiyinə inanan Azərbaycandır.

***

Ötən ay Azərbaycan bütün dünyada səs salan möhtəşəm bir tədbirə evsahibliyi etdi. Dünyanın idman tarixində ilk dəfə olaraq təşkil edilən I Avropa Oyunları Azərbaycanda keçirildi.

Azərbaycan dövləti bu Oyunların Olimpiya Oyunları səviyyəsində təşkil olunacağını bəyan etmişdi. Baxmayaraq ki, vaxt çox az idi, qarşıda müxtəlif çətinliklər görünürdü, amma bütün bunlara rəğmən, Azərbaycan öz sözünü tutdu. Azərbaycanda qurulan idman-mədəniyyət büsatı ilə bütün dünyanın nəzərləri I Avropa Oyunlarına yönəldi.

Azərbaycanda Avropa Oyunlarının mükəmməl ənənələri formalaşdırıldı. Bu möhtəşəm idman tədbirinin meyarları müəyyənləşdirildi. Bu missiyanı uğurla yerinə yetirməklə Azərbaycan Avropa üçün yeni bir dəyər yaratdı. Bu dəyər ideyaların imitasiyası deyildi, ölkəni xaricdə tanıtmaq, Azərbaycana turist axınına nail olmaq məqsədi də daşımırdı.

Bu, Avropanı Avropa etmiş, onun bugünkü inkişafına nail olmuş mütəfəkkirlərin öz dövrlərində yerinə yetirdikləri nəcib missiyanın davamıdır - Azərbaycanın Avropa üçün yaratdığı bu dəyər bütün dünyada sülh arzusunu, bir-birinə hörmət ruhunu, sevgini, həyatı öz məzmununda bir araya gətirir.

Bu cümlələri yazdıqca, ünlü sənətçi Ledi Qaqanın I Avropa Oyunlarının açılışı mərasimində John Lennonun bəstələri sırasından ifa etdiyi “Xəyal et” mahnısının sözlərini xatırlayıram. Azərbaycan dövləti Ledi Qaqanın səsi ilə o mərasimin ecazkar kəhkəşanı işığında indikindən daha rəvan, daha rahat, insanlarının sakitlik və hüzur içində yaşaya biləcəkləri yeni bir dünyanın qurulması arzusunu bütün bəşəriyyətə çatdırdı...

Nizami dühasının işığında belə bir dünyanın qurulmasının mümkünlüyünə bəşəriyyəti inandırmağa çalışdı. Buna doğru yolun insanların qəlbindən, ədalət, xeyirxahlıq, mərhəmət, sevgi hisslərindən başlandığını, mədəniyyətlərin təmasından, xalqlar-dövlətlər arasında qarşılıqlı sayğıdan keçdiyini anlatdı.

Və regionun ən güclü dövləti olaraq belə bir dünyanın qurulmasından ötrü bacardığı hər şeyi etməyə qabil və hazır olduğunu bir daha sərgilədi.

Belə təkrarsız bəstələrinə görə John Lennon kimi dühaları qətlə yetirənlər, əfsuslar olsun ki, Azərbaycandan dünyaya ünvanlanan bu çağırışları da ölkəmizə qarşı çirkin kampaniyaların hay-küyü içində eşidilməz etməyə çalışdılar.

Azərbaycana qara yaxmaq üçün bildikləri, bacardıqları bütün vasitələri işə saldılar.

Nə deyək?! Üzləri olsun! İlk dəfə deyil ki?!

2012-ci ildə ölkəmizdə keçirilmiş daha bir beynəlxalq mədəniyyət tədbiri - “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi ərəfəsində də məlum qüvvələr eyni üsulları işə salmışdılar.

Azərbaycan Prezidenti bu daimi kampaniyanın səbəblərini dəqiq şəkildə göstərdi: “İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.

Bu cür çirkin üsullarla Azərbaycanın mövqeyini sarsıtmağın mümkünsüzlüyü ən yeni tariximizdə təkrar-təkrar öz təsdiqini tapıb. I Avropa Oyunları ərəfəsində və tədbir gedişində güclənən informasiya müharibəsində də dövlət rəhbərimizin qeyd etdiyi kimi, yenə də Azərbaycan xalqı və dövləti qalib gəldi. Bu kampaniyanın nəticələri isə bir daha göstərdi ki, heç bir kənar qüvvə bizim milli iradəmizə təsir edə bilməz.

Bu cür nəcib, xeyirxah təşəbbüsləri Azərbaycan, yəqin ki, yenə də davam etdirəcək. Yenə də görülən real işlərimizlə, əməllərimizlə Yer üzünə işıqlı nələrsə bəxş etməyə çalışacağıq. Bu, bizim missiyamızdır, tutduğumuz yoldur. Kimin nə cür münasibət bəsləməsindən asılı olmayaraq Azərbaycan bu işıqlı missiyasından əl götürən, öz yolundan sapınan deyil.

Amma müstəqilliyini yenicə əldə edib, daim inkişafa can atan, öz gələcəyini sivil bir Avropa ölkəsi kimi qurmağa çalışan, bu ölkələrin, cəmiyyətlərin mütərəqqi cəhətlərini öz həyatına gətirmək istəyən və bu istiqamətdə tarixi uğurlara imza atan bir müsəlman ölkəsinə qarşı bu qədər qısqanc, xəbis münasibətin anlamı nədir?!

Ümumiyyətlə, xalqların, dövlətlərin milli maraqlarının əsas şərtlərindən biri kimi nəzərə alınmalı olduğu bərabərhüquqlu münasibətlərdə bir dövlətə başqa bir dövləti aşağılamaq haqqını kim verir?!

Və ümumiyyətlə, bu gün demokratiya, insan haqları kimi populyar şüarlar arxasında pərdələnib əslində isə müəyyən iqtisadi-siyasi maraqlarla, bir müsəlman ölkəsinin son illərdəki uğurlarına aşkar qısqanclıq hissi ilə Azərbaycana qarşı hücuma keçmiş bir çox ölkələrə yaxın tarix demokratiyadan, insan haqlarından danışmaq haqqı verirmi?!

***

Dünyada faşizmin süqutundan cəmi 70 il ötüb.

Hələ başqa ölkələri demirəm, bu qlobal bəlanın aradan qaldırılmasında qəhrəman övladlarının şücaəti ilə, Bakı nefti ilə misilsiz rol oynamış Azərbaycanın özündə faşizmə qarşı müharibənin minlərlə iştirakçısı var, o dəhşətləri öz həyatından keçirən, gəncliyini, sağlamlığını bu müharibədə itirən onlarla insan hələ də sağdır. Faşizmə qarşı mübarizədə iştirak etmiş başqa-başqa ölkələrdə də eləcə...

Etiraf edim ki, bir ölkənin tarixin hansısa dönəmində mövcud olmuş dövlət quruluşunun işlədiyi günahların, onun müasir dövrdəki sələflərinin ayağına yazılmasının, utanc kimi üzünə vurulmasının tərəfdarı deyiləm.

Amma əgər cəmi bir neçə on il əvvəl, faşizm dəhşəti ilə dünyaya bəla kəsilən, nə qədər unutmağa çalışsan belə, yenə də adı bu dəhşətlə assosiasiya olunan, evlərimizə gələn qara kağızları, ata-babalarımızın qardaşlıq qəbiristanlıqlarındakı məzarlarını, kəsilmiş əl-ayaqlarını, milyonlarla insanın sadəcə milli mənsubiyyətinə görə külə çevrildikləri qaz kameralarını, ölüm düşərgələrini yada salan bir ölkə minillik tarixiboyu heç zaman belə utancları özünə rəva görməmiş bir xalqa əxlaq dərsi keçməyə, demokratiya, insan haqları öyrətməyə qalxırsa, gərək hər kəsə öz həddi bildirilsin.

Heç kimin səfində özünə yer tutmaq istəməyən, heç kimə boyun əyməyən, bütün məsələlərdə öz sözü, öz mövqeyi olan, daim ölkənin milli maraqlarını əsas götürərək tarixi uğurlar qazanan bir ölkəyə, bir xalqa ikinci, üçüncü növ nəzəri ilə yanaşmaq, beynəlxalq münasibətlərdə hər cür ləyaqətsiz tərzlər sərgiləmək nə deməkdir?!

Olmaya cəmi 60-70 il əvvəl Yer üzünün qorxulu röyasına çevrilmiş ali irq nəzəriyyəsi indi də başqa formada geri qayıdır?!

***

Kimlərinsə kənardan bəd niyyətlərlə Azərbaycana qarşı səsləndirdikləri bəyanatlar, zaman-zaman ocağını körüklədikləri informasiya müharibəsi bizim üçün önəmli deyil artıq.

Azərbaycan müstəqil bir dövlət kimi özünütəsdiq mərhələsini artıq çoxdan geridə buraxıb. Son illərdə qazanılmış tarixi nailiyyətlərimiz, insanlarımızın gündən-günə yaxşılaşan rifah halı, üzərimizə yönələn hər cür xarici və daxili təhdidlər qarşısındakı dövlətçilik əzəməti ən böyük özünütəsdiqimizdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin son iclasında bir məqam diqqətimi xüsusi çəkdi. Cənab Prezident iclasda AZAL-a məxsus təyyarə biletlərinin bahalığından danışdı, nisbətən az imkanlı əhali qruplarının istirahəti üçün ucuz xidmət göstərən turizm obyektlərinin yaradılması zərurətini gündəmə gətirdi.

Bunları eşitdikcə xəyal məni bir anlıq ötən günlərə apardı, ölkədə un, çörək qıtlığı, ərzağın bahalaşması, işsizlik, kasıblıq, elektrik enerjisi, istilik kimi ağır sosial problemlərin müzakirəyə çıxarıldığı gərgin iclasları, bu iclaslardakı müzakirələri böyük narahatlıq içində izləyən qayğılı insanları xatırladım.

Daha hökumət iclaslarında vətəndaşların çörək, işsizlik, kasıblıq, işıq, su, yol dərdi müzakirəyə çıxarılmır. Daha bu problemlər insanlar üçün aktual deyil. Çünki bu problemlər artıq çoxdan həllini tapıb və tapır.

İndi Azərbaycan insanı başqa layiq olduqlarına can atır. Azərbaycan Prezidenti rifah halı yüksələn vətəndaşlarımızın dünyanı gəzib dolaşmaq, ölkəmizin və dünyanın səfalı güşələrində dincəlmək, Azərbaycana gələn əcnəbiləri layiqincə qonaqlamaq arzularını dilə gətirir. Hökumət üzvlərindən insanlarımızın bu istəklərini ən uyğun bir şəkildə yerinə yetirməyi tələb edir.

Bir cəmiyyətin inkişafı da elə budur.

Bir cəmiyyətin tərəqqisi də elə bu minvalla baş verir.

Düşünürəm ki, bu inkişaf və tərəqqi fonunda müxtəlif bəd niyyətlərlə Azərbaycana qarşı yazılanlar, deyilənlər artıq bizləri zərrə qədər də qayğılandırmamalıdır.

Ölkəmizi daha da irəliyə aparmaq, Azərbaycanın gücünə-güc qatmaq üçün qayğılanmalı olduğumuz məsələlər, onsuz da kifayət qədərdir. İndi bir vətəndaşın əsas qayğısı Azərbaycanın dövlətçilik dəyərlərinə sahib çıxmaqdır. Azərbaycanı öz dəyərləri ilə dünyanın siyasi institutlarından çox, dünyanın sıravi sakinlərinə tanıtmaqdır.

Bir məmurun qayğısı üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməkdir, pis əməllərdən uzaq durmaqdır, ölkənin sosial-iqtisadi inkişafına xələl gətirən, Azərbaycandakı iş mühitini pozan, işləyib ölkəyə töhfə vermək istəyən vicdanlı, sağlam insanlar qarşısında bəzən maneəyə çevrilən naqis addımlardan çəkinməkdir, insanların əsəblərinə toxunacaq davranışlara yol verməməkdir. Onlara tapşırılmış konkret işləri layiqincə yerinə yetirib Vətən abadlığı ilə məşğul olmaqdan ötrü yuxarıdan əlavə tapşırıq gözləməməlidir, ərincəklik, işinə laqeydlik göstərib sonra da ucuz bəhanələr axtarmamaqdır.

Bir əsgərin vəzifəsi Vətənin gücünə güc qatmaqdır.

Bir müəllimin vəzifəsi Vətən üçün layiqli vətəndaşlar yetişdirməkdir.

Bax budur, günümüzün əsas qayğısı, burdur günümüzün əsas məsələsi...

Budur, Prezidentin əsas tələbləri...

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-publisist

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 3.