Qarışıq döyüş növlərində çıxış edən Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb

 

Azərbaycanın Qəbələidman klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Tech-Krep FC-PRIME Selection” adlı döyüş gecəsində fərqlənib. Yarışda 84 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan B.Abbasov ukraynalı Artyom Şokalo ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə B.Abbasov qalib gəlib.

Bu turnirədək B.Abbasovun hesabında 16-sı qələbə, 2-si məğlubiyyət olmaqla 18 döyüş var idi. Otuz yaşlı idmançımız 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edir. On altı dəfə qalib gələn B.Abbasov görüşlərinin əksəriyyətini ilk raundda başa vurub. O, “PROFC-GPG”un qalibi, pankration, sambo, döyüş sambosu, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur. Döyüş sambosunda Avropa çempionu olan idmançımız sambo üzrə dünya kubokunun qalibi, sambo cüdo üzrə Azərbaycan çempionu, həmçinin cüdoda beynəlxalq dərəcəli idman ustasıdır.

İdmançımızın rəqibi indiyədək keçirdiyi 14 peşəkar döyüşdə 11 qələbə qazanıb, 3 dəfə məğlub olub. İyirmi iki yaşlı A.Şokalo Ukraynanın “ABİ Çestklubunun üzvüdür. İdmançı pankration üzrə Ukrayna, kompo karate üzrə Avropa çempionatının gümüş mükafatçısıdır. Triolandöyüş liqasının ikiqat qalibi həm fri-fayt üzrə Karpat kubokunun sahibidir.

 

Azərbaycan.- 2015.- 26 iyul.- S. 6.