Azərbaycan nümayəndə heyəti Bolqarıstanda səmərəli görüşlər keçirib

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü, parlamentin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli QDİƏT PA-nın baş katibi Asəf Hacıyev Bolqarıstanın paytaxtı Sofiya şəhərində işgüzar səfərdə olublar. Üç günlük səfər zamanı bir sıra səmərəli görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti YAP ilə Bolqarıstanın hakim GERB Partiyası arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə partiya sədrinin müavini icra aparatının rəhbəri, deputat Tsvetan Tsvetanovla görüşüb. Görüşdə partiyalararası əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb. Həmçinin seçkilərin keçirilməsi texnologiyalarının müasir aspektləri müzakirə edilib.

Nümayəndə heyəti Bolqarıstan parlamentində olub sədr Tsetska Tsaçeva ilə görüşüb. Görüşdə parlamentlər arasındakı sıx əməkdaşlıqdan söhbət açılıb bu əlaqələrin daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Daha bir görüş isə parlamentin sosial siyasət komitəsinin sədri Svetlana Angelova Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Remzi Osmanla keçirilib.

Bolqarıstanın kənd təsərrüfatı naziri Desislava Taneva, Sofiya İnvestisiya Qrupunun rəhbəri Valia Çilova parlamentin iqtisadiyyat komitəsinin sədri Piyotr Knyov ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 31 iyul.- S. 2.