Prezident İlham ƏLİYEV: “Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir”

 

 

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının, milli oyanışının nəticəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətini birləşdirirdi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyətin dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Ona görə müstəqil Azərbaycan Respublikası demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilmədi. Bununla belə qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Cümhuriyyətin ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi.

24 il əvvəl, SSRİ adlı dövlətin süqutu ilə Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Lakin Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran keşməkeşli mübarizənin tarixi ötən əsrin 70-ci illərinə gedib çıxır. Məhz xalqımızın dahi oğlu Heydər Əliyevin dühası, uzaqgörənliyi cümhuriyyətin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini XX əsrin 70-80-ci illərindən başlamaqla, əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur.

Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını alaraq, onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etmişdir. Məhz buna görədir ki, XX yüzillikdə azər-baycançılığın ən parlaq səhifələrinin 1969-cu ildən etibarən yazılması qənaəti birmənalı şəkildə qəbul edilən reallıqdır. Bu mərhələdən, Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir.

Həmin dövrdə qarşıya qoyulmuş bu məqsədlərə nail olmaq üçün Azərbaycanın iqtisadi potensialının artırılmasının, onun SSRİ məkanında birincilər cərgəsinə çıxarılmasının vacibliyini əvvəlcədən görən Heydər Əliyev ölkədə genişmiqyaslı dəyişikliklərə start vermişdir. Eyni zamanda, iqtisadisosial sahələrdə dərin struktur islahatları aparmış, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Bu mənada Heydər Əliyev dühasının böyüklüyü həm də ondadır ki, o, təkcə Azərbaycanı həqiqi dövlət müstəqilliyinə qovuşdurmamış, eyni zamanda bu müstəqillik üçün əvvəlcədən möhkəm zəmin hazırlamışdı.

Müstəqilliyimizin bərpa olunduğu 1991-ci ildən 1993-cü ilin iyun ayına qədər cərəyan edən proseslər göstərdi ki, müstəqilliyi qorumaq onu bərpa etməkdən daha çətindir. Əgər Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdə - 1993-cü ilin iyun ayında xalqın tələbi ilə Bakıya gələn görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdi, Azərbaycanın başının üstünü almış bütün təhlükələri sovuşdurdu. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqil ölkə kimi yaşaması da mümkün olmazdı. Beləliklə, məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində ölkəmiz Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı bacardı. Ulu öndər isə müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi tarixə düşdü, xalqımızın ümummilli liderinə çevrildi.

Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Son 12 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycan dövləti möhkəm əsaslar, milli maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız, azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir. Müstəqil Azərbaycan dövləti möhkəm milli dəyərlər üzərində qurulubdur. Bizim güclü iqtisadi dayaqlarımız var. İqtisadi potensial həm iqtisadi, həm də siyasi müstəqilliyimizi şərtləndirir. Beynəlxalq aləm Azərbaycanın dünyadakı rolunu qiymətləndirir və bizə çox böyük dəstək verir”.

Prezident İlham Əliyev nitqində Azərbaycanın dünənini və bu gününü, iqtisadi inkişafını, beynəlxalq birlikdəki mövqelərini, həyata keçirdiyi siyasəti dərindən təhlil edib. Bu təhlildən bir daha aydın olur ki, Azərbaycan dövləti 1993-cü ildən, əsil müstəqilliyə qovuşduğu dövrdən başlayaraq yüksəliş yoluna qədəm qoymuşdur. Bu gün Azərbaycan öz inkişafına görə, Cənubi Qafqazın lider dövləti, dünyada nüfuz sahibi, öz milli sərvətlərinin tam sahibidir. Təbii ki, hər bir uğurumuzun kökündə dayanan əsas amil müstəqilliyimiz və həyata keçirilən müstəqil siyasətdir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətçiliyimizin qüdrətlənməsinə xidmət edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqillik xalqımızın ən böyük sərvətidir: “Azərbaycanın inkişafı davamlı olacaq. Biz bundan sonra da inkişaf yolu ilə gedəcəyik. Bu inkişafın əsası bizim müstəqilliyimizdir. Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq”.

Azərbaycanın bu gün əldə etdiyi möhtəşəm uğurların fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın kosmik klubun üzvünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyi və digər qlobal məsələlərdə öz sözünü deməsi və s. bu kimi digər məsələlərdir. Bütün bunlar həm də Azərbaycanın inamla addımladığı yoldan xəbər verir. Bu yol müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, xalqımızın daha güclü rifahına aparır.

Rəşad CƏFƏRL

 

Azərbaycan. - 2015.- 2 iyun.- S.4.