Qədim “Atəşgah” məbədində alovlandırılan sülh, bərabərlik və dostluq məşəli

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi “Əsrin müqaviləsi” sürətli inkişafın siyasi-iqtisadi əsasını yaratdı. Bununla da siyasi qüvvələrin, iqtisadi potensialın yeni coğrafiyası formalaşmağa başladı. Qısa müddət ərzində Azərbaycan beynəlxalq aləmdə ciddi çəkiyə malik yeni siyasi aktoragüc mərkəzinə çevrildi. Azərbaycanın son illərdə beynəlxalq münasibətlərdə oynadığı rol nəinki onun belə mərkəzi qüvvəyə çevrildiyini, hətta belə bir mərkəz kimi dünya düzəninə nüfuz etdiyini göstərir.

Yeni-yeni irimiqyaslı layihələrin işlənməsi və həyata keçirilməsi davamlı iqtisadi inkişaf nəticəsində mümkün olmuşdur. Ən qısa zamanda Azərbaycan beynəlxalq layihələri maliyyələşdirən iri investora çevrildi. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin xalqın dəstəyinə söykənərək qətiyyətlə həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Beynəlxalq ekspertlər Azərbaycandakı iqtisadi inkişafı yeni bir fenomen kimi dəyərləndirir və bu təcrübənin öyrənilməsinə böyük diqqət göstərirlər.

Azərbaycan irimiqyaslı beynəlxalq əhəmiyyətli iqtisadi layihələrlə yanaşı, həm də hüquqi, demokratik dövlət quruculuğunda inamla irəli gedərək bir çox beynəlxalq humanitar tədbirlərin təşəbbüskarına və təşkilatçısına çevrilmişdir. Məsələn, Avropada multikulturalizmin iflasa uğradığını bəyan edən avropalı siyasi liderlərə tolerantlığın Azərbaycan modelini nümunə kimi göstərən Azərbaycan Respublikasının Prezidenti bəşəriyyətin gələcəyinin məhz multikulturalizmin inkişafı ilə bağlı olduğunu cəsarətlə bəyan edir. Onun bu çağırışı bəşəri dəyərləri yüksək qiymətləndirən bütün insanlar tərəfindən inamla dəstəklənir. Multikulturalizm XXI əsrin ən önəmli çağırışlarındandır.

Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikası yenə də bu istiqamətdə bir ilkə imza atacaq. İlk Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir.

I Avropa Oyunlarının təşkil edilməsi haqqında səsləndirilən arzu ola bilsin ki, nə zamansa gerçəkləşəcəkdi. Amma həmin arzunun qısa müddətdə həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qərarı Azərbaycan xalqının, dövlətinin Avropada sülhə, həmrəyliyə və bərabərliyə töhfəsi kimi də dəyərləndirilə bilər.

I Avropa Oyunlarının keçirilməsi üçün yaradılmış Təşkilat Komitəsinin və onun sədri - UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilməlidir. Onun həm yeni obyektlərin tikintisinə şəxsən nəzarəti, həm beynəlxalq qurumlarla bu istiqamətdə apardığı işlər, həm də müxtəlif ölkələrdə keçirdiyi çoxsaylı görüşlər öz bəhrəsini vermişdir. Azərbaycanın dünyada daha da yaxşı tanıdılması, həqiqətlərin beynəlxalq ictimaiyyətə birbaşa çatdırılması, mədəniyyətin təbliği istiqamətində əhəmiyyətli işlər görüldü. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bütün layihələr həmişə böyük uğur qazanıb, Azərbaycanın dünyada tanınmasına, təhsilin, elmin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafına böyük təkan verib. Onun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri danılmaz tarixi faktlardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində I Avropa Oyunları ilə bağlı demişdir: “Məşəl artıq yandırılıb. Biz onu qədim “Atəşgah” məbədində alovlandırdıq. Bu, qədim zərdüştlük məbədidir. Bildiyiniz kimi, Azərbaycan bir çox dinlərin - zərdüştlüyün, islamın, xristianlığın, iudizmin birgə mövcud olduğu bir ölkədir. Ölkəmizdə xalqlar arasında qardaşlığın və dinlərarası əməkdaşlığın nadir ab-havası var”.

I Avropa Oyunları ərəfəsində Bakıda keçirilən III Beynəlxalq Mədəniyyətlərarası Forumun da leytmotivi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyüMultikulturalizm - bəşəriyyətin xoşbəxt gələcəyinin təməl prinsipidir!” ideyası idi. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar, “müasir tolerant cəmiyyət modeli” beynəlxalq ekspertlər tərəfindən birmənalı şəkildə bütün dövlətlər üçün əsl nümunə, örnək kimi qiymətləndirilir. Ona görə ki, son illər dünyada baş verən ciddi münaqişələr Avropa ölkələrində milli-mədəni dözümsüzlük zəminində cəmiyyətdəki qeyri-sabitlik həmin ölkələr tərəfindən multikulturalizm siyasətinin iflasa uğraması barədə bədbin bəyanatlar səsləndirməyə sövq etdi. Əlbəttə, hesab etmirik ki, həmin cəmiyyətlər milli-dini ayrı-seçkilik yoluna qədəm qoyublar. Amma məsələnin görünən tərəfi belə deməyə əsas verir ki, Avropa ölkələrində cəmiyyətdə iki əks, bəlkə də antaqonist cəbhə formalaşmağa başlayıb və bu prosesi sürətləndirməkdə maraqlı olan müəyyən güc mərkəzləri də fəallaşıblar.

Bütün bunların fonunda Azərbaycan nümunəsi onu göstərir ki, bəşəri dəyərlərə sadiqlik, özünə və başqalarına hörmət, sosial gözləntilərin doğrulması yalnız xalqın istək və arzularından qaynaqlananmilli maraqların qorunmasına yönəlikli dövlət siyasətindən asılıdır. Prezident İlham Əliyev məhz xalqın iradəsini ifadə edən siyasəti həyata keçirməklə Azərbaycanı müasir dünyanın real güc mərkəzinə çevirə bilmişdir.

Bu baxımdan Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları xüsusi əhəmiyyət kəsb edir. Çünki bu oyunlar təkcə ilkə imza atmaq, arzuların gerçəkləşdirilməsi imkanı deyil, həm də bədbinliyə qapılmağa başlayan cəmiyyətlərdə sabaha inam, qarşılıqlı etimadın, mədəniyyətin şəxsiyyətin mənəvi zənginliyinin, idmanın fiziki sağlamlığın mənbəyinə çevrilməsi, sağlam ruhlu rəqibliyin faydalı əməkdaşlığa keçməsi fürsətidir.

Qədim yunan filosofu Platonun belə bir fikri var ki, hər bir insanda müsbət keyfiyyəti tapmaqona əsaslanaraq tərbiyə etmək lazımdır. İnsan hər zaman yaxşını görməyə, gözəlliyi duymağaonu qiymətləndiməyə, qarşılıqlı münasibətlərdə dözümlülüyə yönəlikli olmalıdır. Çünki insan sağlam düşüncə və sağlam münasibətlə zəngin mənəviyyata malik ola bilər.

Bu gün Azərbaycan hər an dəyişir, inkişaf edir, güclənir. Bu dəyişikliklər insanlarımızın həyata baxışlarına, zövqlərinə, istək və arzularına, maraqlarına ciddi şəkildə öz müsbət təsirini göstərir. Azad, müstəqil, tənqidi düşüncə tərzinə malik Azərbaycan vətəndaşları öz talelərini müstəqil həll etməkdə israrlı, inamlıdırlar. Təəssüf ki, xalqın bu istəyi, dövlətinin güclənməsi, dünyanın hər yerində öz vətəndaşına sahib çıxmaq cəhdi bir sıra xarici dövlətin bəzi siyasi dairələrində kəskin etirazlara səbəb olur. Sankigöygöz kosa”nın əlləri uzaq, gözəgörünməz məkandan uzanaraq körpəni elə beşikdəcə boğmağa çalışır. Buna baxmayaraq, demokratik dəyərlərə sadiq olanlar müasir, müstəqil Azərbaycanın vətəndaşlarının istəklərinə və onların iradəsini ifadə edən Azərbaycan Prezidentinə dəstək verirlər. Onlar yaxşı bilirlər ki, xalqın istəyinə hörmətlə yanaşmaq lazımdır. Əslində, bu dəstək hərtərəfli və birmənalı olmalıdır. Çünki bərabərhüquqlu tərəfdaşlıq tolerantlığın, xoşbəxt birgəyaşayışın hərəkətverici qüvvəsidir.

Bu mənada da I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, Şərqlə Qərbi, sözün əsl mənasında, birləşdirən ölkədə keçirilən idman oyunlarına bütün beynəlxalq təşkilatların dəstək verməsi, Avropa ölkələrinin bu oyunlarda təkcə fəal iştirakçı yox, həm də fəal tərəfdaş olması demokratiya yolunda ilk, amma inamlı addımlarını atan müstəqil Azərbaycanla faydalı əməkdaşlığın qurulmasında dəyərli kömək olardı. Amma bu köməyi göstərmək əvəzinə, bəzən həqiqətə uyğun olmayan informasiyanın zorla insanlara “ötürülməsi”, “zorla ixrac edilən laborator demokratiyaüsulunu xatırladır. Bu isə xalqın heysiyyatına toxunur, onun beynəlxalq aləmdən gözləntilərini doğrultmur. Necə ki, 23 ildir Ermənistan tərəfindən işğal edilmiş Qarabağın azad edilməsi qulaqardına vurulur, bu mövzuda danışmağı “xoşlamırlar”, hətta bəziləri buna görə bizdən incik də düşürlər. Onları başa düşməyi xahiş edirlər. Bəs necə, axı, onların seçicilərinin bir qismi, amma seçkilərini maliyyələşdirənlərin tam əksəriyyəti erməni diasporuya onların hamiləridir. Yazıqlar olsun belə “demokratlara”!

Hər bir xalqda belə bir adət var ki, qonşuda, yaxud qohumlarda bir xeyir olanda umu-küsü unudular, hamı bir yerə yığışar, qollarını çırmayıb hər kəs bacardığı bir işə kömək edər. Həm də aradakı inciklikləri unutmaq, soyuqluğu aradan götürmək, qaranlıq mətləblərə aydınlıq gətirmək üçün bu fürsətdən istifadə edərlər. Hər bir xalqın psixologiyasında bu dəyərlər sisteminin mühüm elementlərindəndir. Biz azərbaycanlılar da çox istərdik ki, ev sahibliyi etdiyimiz I Avropa Oyunlarına bütün dünyada belə bir münasibət olsun. Bizimlə birlikdə bizim uğurlarımıza sevinərək sevincimizi bölüşsünlər, acılarımızı unutdursunlar, bir-birimizi daha yaxından tanıya bilək. Belə olanda bir-birini başa düşmək də asan olur. Axı, 1990-cı illəri, o illərin faciələrini unutmaq çox çətindir. Axı, ümummilli lider Heydər Əliyevin Amerikayabaşqa ölkələrə səfərləri zamanı Azərbaycanın xəritəsini özü ilə o ölkələrə aparıb oradakı siyasətçilərə, ictimaiyyətə Azərbaycanın harada olduğunu xəritədə çubuqla göstərərək bizi tanıtması, dərdimizi, ədalətsizliyi, XX əsrin sonunda Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımını anlatması uzaq keçmiş deyil. Bunu necə unutmaq olar?!

Biz istərdik ki, dünyanın hər yerindən insanlar gəlsinlər və özləri hər şeyi görsünlər, bizi eşitsinlər, tanımayanlar isə tanısınlar! Azərbaycan hamıya açıq ölkə, açıq cəmiyyətdir. Bəs, niyə Azərbaycana gəlmək istəyənlərə çağırışlar edirlər ki, o ölkəyə getməyin? Şər, böhtan xarakterli məlumatlar bəzi “beynəlxalq QHT-lər” tərəfindən müxtəlif ünvanlara ötürülür. Çünki onlar qorxurlar. Qorxurlar ki, insanlar gəlib həqiqəti özləri görəcəklər və Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişin, qondarma, məkrli “erməni soyqırımı” kimi milyardlıq layihələrin müəlliflərinin üzü açılacaq. Onlar öz ölkələrində vətəndaşları tərəfindən qınaq hədəfinə çevriləcəklər. Nəticədə isə siyasi riyakarlara birdəfəlik “yox” deyiləcək və onlar tarixin arxivinə atılacaqlar.

Bu gün Azərbaycanda Məşəl alovlanıb! Beynəlxalq turnirlərdə qalib olaraq şanlı Azərbaycan bayrağını ucaldan, onun dövlət himnini səsləndirərək hər kəsin farağat dayanması uğrunda mübarizə aparan, qəhrəmanlıq göstərərək xalqını, dövlətini tanıtdıran minlərlə idmanıçımızın yolunu nurlandıran Məşəl yandırılıb! Xalqın birlik, qürur simvolu olacaq bu Məşəl!

Bu Məşəl bütün dünyanı birliyə, dostluğa, əməkdaşlığa, həmrəyliyə səsləyir! Dünyada günahsız insanların qırğınına son qoymağa, hər bir insana yaşamaq və xoşbəxt olmaq haqqını tanımağa, Qarabağı azad etməyə səsləyir!

Qürur hissi ilə qədim “Atəşgah”da alovlandırılan bu sönməz Məşəl xalqımızın xoşbəxt gələcəyini işıqlandıran bir rəmz kimi tariximizin şanlı səhifələrinə yazılacaqdır!

 

Bəxtiyar ƏLİYEV,

AMEA-nın müxbir üzvü, professor, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri

 

Azərbaycan. - 2015.- 2 iyun.- S.5.