Rusiyada ulu öndər Heydər Əliyevin adını daşıyan orta məktəbdə ümummilli liderin xatirə lövhəsinin açılışı olub

 

 

Rusiya Federasiyasının Ulyanovsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan 78 nömrəli məktəbdə ulu öndərin xatirə lövhəsinin açılışına həsr edilən təntənəli mərasim keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə Ulyanovsk şəhərinin rəhbərliyi və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Ulyanovsk vilayətinin Milli Siyasət Departamentinin rəhbəri, Ulyanovsk qubernatoru Sergey Mironov məktəbə ulu öndər Heydər Əliyevin adının verilməsini təqdirəlayiq hal adlandırıb və bu münasibətlə ÜAK-nın yerli nümayəndəliyinin üzvlərini və 78 nömrəli məktəbin kollektivini təbrik edib. Qubernator bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının bu məktəbə verilməsi dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək.

ÜAK-nın Ulyanovsk regional bölməsinin rəhbəri İslam Hüseynov ulu öndər Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərdən danışıb. Ümummilli lider Heydər Əliyevin 1977-ci ildə Ulyanovskda Nəriman Nərimanovun heykəlinin açılışında iştirakını, 1983-cü ildə isə Ulyanovskda baş vermiş qatar qəzasını araşdıran komissiyaya məhz ulu öndərin rəhbərlik etdiyini xatırladan diaspor rəhbəri ikitərəfli dostluq münasibətlərinin bu günuğurla inkişaf etdiyini vurğulayıb. İslam Hüseynov 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Ulyanovskun bir sıra abidələrində rekonstruksiya işlərinin aparılmasının münasibətlərin inkişafının göstəricisi olduğunu qeyd edib.

78 nömrəli məktəbin direktoru Gennadi Çarev bildirib ki, təhsil ocağına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi onlar üçün böyük şərəfdir və bu hadisə məktəbin müəllim- şagird heyətini daha məsuliyyətli olmağa ilhamlandıracaq.

Çıxışlardan sonra şagirdlər Azərbaycan haqqında şeirlər səsləndirib, milli rəqslərimizi ifa ediblər.

Sonda ulu öndər Heydər Əliyevin adının əks olunduğu lövhənin açılışı olub və önünə tər çiçəklər düzülüb.   

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 2 iyun.-  S.10.