Nağıllar aləmi adlı kukla sərgisi

 

Port Baku Mall Ticarət Mərkəzində Nağıllar aləmi adlı kukla sərgisi açılıb. Sərgidə rəssam Fərəh Əliyevanın Müəllif kuklalar art-studiyasının 15 tələbəsinin əl işləri olan gəlinciklər nümayiş etdirilir.

Sərginin açılışında çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov Fərəh Əliyevanın yerlixarici sərgilərdə uğurla iştirak etdiyini söyləyib. O, kukla yaratmağın çox maraqlı, zəhmət və həvəs, fantaziyazövq tələb edən proses olduğunu bildirib.

Rəssam Fərəh Əliyeva qeyd edib ki, Nağıllar aləmi yaradıcılıq studiyası tələbələrinin ilk sərgisidir. Burada təqdim edilən işlər iki il ərzində hazırlanıb. Sərgi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Günel Şıxəliyeva, Fidan Əliyeva, Xədicə Quluzadə, Xavər Əliyeva, Nərmin Vəliyeva və başqalarının 70-dən çox əl işinin yer aldığı sərgi üç gün davam edəcək.

Qeyd edək ki, Fərəh Əliyeva bu fəaliyyətlə altı ildir ki, məşğuldur. O, Müəllif Kuklalar Beynəlxalq Təşkilatının və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Fərəh Əliyevanın rəhbərlik etdiyi Müəllif kuklalar art studiyası iki ildən çoxdur ki, fəaliyyət göstərir. Bu studiyada müxtəlif yaşda qızlar məşğul olur. Art-studiyanın məqsədi gəncləri yaradıcılığa, incəsənətə və gözəlliyə cəlb etməkdir.

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 2 iyun.- S.11.