Heydər Əliyev Mərkəzində müğənni Tünzalə Ağayevanın I Avropa Oyunlarına həsr olunan konserti keçirilib

 

 

Mayın 31-də Heydər Əliyev Mərkəzində əməkdar artist, “Bakı-2015” I Avropa Oyunlarının ulduz elçisi Tünzalə AğayevaXoş gəldin” adlı konsert proqramı ilə çıxış edib. İfaçını “Hicazqrupu müşayiət edib.

Əməkdar artist bu proqramla dünya idman tarixində yeni səhifə açacaq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini alqışlayıb, mötəbər yarışın iştirakçılarını və izləyicilərini öz mahnıları ilə salamlayıb.

Tünzalə Ağayeva I Avropa Oyunlarına həsr olunan konsertin təşkilində onu dəstəkləyən Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib və belə bir məkanda iki gün solo çıxış edəcəyindən qürur duyduğunu deyib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi ölkələr və xalqlar arasında dialoq məkanı olmaqla yanaşı, idman sahəsinin inkişafına xidmət edən layihələrə də dəstək verir. Tünzalə Ağayeva məhz Heydər Əliyev Mərkəzinin səhnəsindən insanları bu yarışda şövqlə iştirak etməyə səsləyib, Avropa Oyunlarının həyəcanına bayram ovqatı qatıb.

Müğənni konsertdə populyar mahnılarının yeni variantlarını, həmçinin dünyada məşhur olan kompozisiyaları, I Avropa Oyunlarına həsr edilən “Bakının üzü gülür” mahnısını səsləndirib.

Müğənninin konsertə “Hədiyyə” mahnısı ilə başlaması təsadüfi olmayıb. Bu mahnının ifasından sonra o deyib: “Sənətçinin həyatında tamaşaçı onun ən böyük hədiyyəsidir. Siz mənə qol-qanad verirsiniz. Mən özümü başqa həyatda təsəvvür etmirəm. Bu sevgini sizə borcluyam. Ən böyük hədiyyəm sizsiniz, əziz tamaşaçılar”.

Xatırladaq ki, paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınmışdı. Bu məqamı xatırlayan müğənni həlak olanların ailələrinə başsağlığı veribonlara səbir diləyib. Daha sonra T.Ağayeva dahi Hüseyn Cavidin sözlərinə bəstələnmiş “Gülbahar” mahnısını ifa edib.         

Konsertin maraqlı məqamlarından biri də Tünzalə Ağayeva ilə birlikdə məşhur türk gitaraçı Özgür Abbakın xüsusi ifası olub.

Sonda əməkdar artist “Bakı-2015” I Avropa Oyunlarına həsr olunan “Bakının üzü gülür” mahnısını səsləndirib. Müğənninin bu ifası tamaşaçıların xüsusi alqışları ilə qarşılanıb.

Konsertdən sonra təəssüratlarını jurnalistlərlə bölüşən T.Ağayeva deyib: “Heydər Əliyev Mərkəzi kimi möhtəşəm məkanda konsert proqramı ilə çıxış etməyi çoxdan arzulayırdım. Mərkəzin konsert salonuna heyran olmuşdum. Bu salonun mükəmməl akustikası var. İnanıram ki, tamaşaçılar zövq ala bildilər. Konsertin gözəlliyi, şübhəsiz ki, onun tamaşaçılarıdır.

Bu konsert I Avropa Oyunlarına həsr olunub. Çox xoşbəxtəm ki, bu şans mənə nəsib oldu bundan iki gün istifadə edəcəyəm. Bakıda ilk Avropa Oyunlarının keçirilməsi tarixi hadisədir. Səhnədən insanlara demək istəyirəm ki, gəlin bu tarixi hadisəni lazımi şəkildə dəyərləndirək. Azərbaycan yeni möhtəşəm bir idman layihəsinə imza atır. Bu, qürur doğuran hadisədir. İdmançılarımıza uğurlar arzulayıram. Mahnıda deyildiyi kimi, “Bakının üzü gülsün”. 

T.AğayevanınXoş gəldinadlı konsert proqramı Heydər Əliyev Mərkəzində iyunun 1-də təqdim edilib.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 2 iyun.- S.12.