Məşəl dostluq və qardaşlıq rəmzinə çevrildi

 

I Avropa Oyunlarının məşəli Xızıdan ölkənin şimalına Qusara yola salındı. Ölkəmizi bürüyən bu möhtəşəm tədbiri izləmək üçün bizQusara gedirik. Mənzil başına çatana yaxın Balazar deyilən yamacı aşaraq, dağ kəndini keçirik. Növbəti dikdə - Qusar rayonunun ərazisi başlayan yerdə bizi Azərbaycan bayrağı qarşılayır.

Rayon mərkəzinə gedən avtomobil yolu Qusarçayın üstündəki körpüdən keçir.  Yol boyu düzülən işıqlar ətrafa qeyri-adi gözəllik verir. Hətta çiskinli havada, qarlı günlərdə bu körpü əfsanəvi gözəlliyini itirmir, əksinə, xırda yağış zərrələrində, qar dənələrində sınan işıqlar körpünün üstündə ecazkar bir işıq tuneli yaradır. Qusarlılar körpü salınan gündən bura “Cənnət yoluda deyirlər, gözəlliyinə və birinsan ruhuna rahatlıq, dinclik və ucalıq gətirən hisslərə görə.

Özündən asılı olmayaraq düşünürsən ki, deyəsən təbiətin özü libasını dəyişərək sabah Qusara gətiriləcək Oyunların məşəlinin pişvazına çıxmağa hazırlaşır. Biz də əhval-ruhiyyəmizə qol-qanad verən nağılvari körpüdən adlayaraq sabahkı bayram təntənəsinə hazırlaşan şəhərə daxil olduq. Gecə şəhərin küçələrində dəstə-dəstə, sakit gəzişən yaşlı adamları, qadınları, uşaqları gördükbir qədər də təəccübləndik.

Onlardan biri ilə salamlaşırıq. Nəriman Osmanova şəhərin girəcəyində gördüyümüz gecə mənzərələrindən söz açırıq. Gülümsəyib “Qusar nəinki gecə və gündüz, hətta ilin istənilən fəslində gözəldir. Yağış və çiskin, çən və duman, qar da şəhərimizin gözəlliyinin müxtəlif çalarlarıdır. Valehedici sıx meşələrə, şəlalələri ilə ruha dinclik gətirən  gur çaylara, güzgü kimi saf və sərin suları ilə şərqi deyən bulaqlara bir dəfə mehman gələnin bir də ayaqları buralardan kəsilmir. İlin bütün fəsillərində burada səyahətə çıxan minlərlə təbiət həvəskarına da rast gəlmək mümkündür” - deyir.

Dinmədiyimizi görüb sözünə davam edir:

- Oyunların rəmzi məşəlinin rayonumuza səfərinə də çox sevinirik. Bu, bizim hamımız üçün şərəfli və qürur doğuran bir məqamdır. Vaxt var idi ki, qış düşəndə dağlara gedən yollar bağlanardı, ucqar kəndlərin sakinləri qışın ruzisini başının altına yığıb istilərin düşməsini gözləyərdilər. İndi ən ucqar kənlərdə belə, rahat asfalt yollar çəkilib. Təsəvvür edin ki, ən qarlı havada da bizim diyara qonaq gələnlərin sayı-hesabı olmur. Dəfələrlə bu yollarda turistlərin maşın karvanlarından yaranan tıxacların şahidi olmuşam. Biz bilirik ki, Qusarın ölkənin ən müasir şəhərlərdən birinə çevrilməsində, burada nəhəng layihələrin reallaşmasında, müasir turizm infrastrukturunun inkişafında Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Buna görə biz qusarlılar dövlət başçısına minnətdarıq. Sabahkı tədbiri də fəxarət və qürur hissi ilə keçirəcəyik.

Nəriman müəllimlə sağollaşıb ayrılırıq. Həqiqətən də, son illər rayonda reallaşan nəhəng investisiya tutumlu layihələr Qusarın şöhrətini çox-çox uzaqlara yayıb. Prezident İlham Əliyevin sərəncamına əsasən inşa edilən və 2008-ci ildə istifadəyə verilən Qusar Olimpiya İdman Kompleksini buna misal gətirmək olar. Yenə də dövlət başçısının tapşırığı ilə rayon mərkəzindən 30 kilometr şimalda, dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə yerləşən Şahdağ Milli Parkının ərazisində inşa edilən “Şahdağ” Qış-Yay Turizm Kompleksi isə ayrı bir söhbətin mövzusudur...

Səhərisi gün bayram ovqatını yaşayan Qusarın küçələrinə çıxırıq. Şəhərin aşağı girəcəyində I Avropa Oyunlarını qarşılayan rəmzi giriş qapısı, mərkəzi meydanda isə tədbirə yekun  vurmaq üçün səhnə qurulurdu.

Tədbirin başlanmasına qalan vaxt tükəndikcə məşəl keçən küçələrdə canlanma artırdı. Hamı deyib gülürdü. Yanımızda ləzgicə danışan bir neçə nəfərlə salamlaşıb müxbir olduğumuzu deyirik. Sonra da soruşuruq ki, ləzgilərlə azərbaycanlıların dostluğu nədən güc alır, bəhrələnir? Özünü Qoşqar kimi təqdim edən müsahiblərimizdən biri bərkdən gülür və sualımıza sualla cavab verir: “Məgər hər ləzgi dilində danışan ləzgidir?” Sonra özü bizi düşdüyümüz vəziyyətdən çıxarır:

- Mən azərbaycanlıyam, amma orta məktəbi Qusarda bitirmişəm, ləzgi dilinə də marağım olduğu üçün uşaqlıqdan öyrəndim. Bu, Qusarda adi haldır, ləzgilər Azərbaycan dilini bilir, biz də onların dilini öyrənirik. Belədə dostluğumuz daha möhkəm olur. Ən yaxın dostlarım həm də ləzgilərdir, onlardan vəzifədə olanla da, olmayanla da əlaqələrimiz var. Yaxşı günümdə də, yaman günümdə də yanımızda olurlar. Hamımız qohumuq, qardaşıq. Bugünkü bayram hamımıza eyni sevinci bəxş edir, eyni ucalığı gətirir.

Budur, mərasimə start verilir. Rəmzi giriş qapısından ilk olaraq məşəli Zeynal Əsgərov qəbul edir. Məşəl 2,68 kilometr məsafədə idmançıların birindən digərinə ötürülərək alqış sədaları altında şəhərin mərkəzi meydanına tərəf istiqamət alır. Onu yol boyu “Yaşasın Azərbaycan!” sədaları müşayiət edir.

Rayon sakini Nürmət Zəkiyev sevincini gizlədə bilmir:

- Rayonumuz bu mərasimə xeyli vaxt idi ki, hazırlaşırdı. Hamımızın qəlbində Azərbaycan adlı Vətənimizə, bayrağımıza sonsuz bir sevgi var. Biz fəxr edirik ki, Azərbaycan torpaqlarının azadlığı uğrunda azərbaycanlılarla birlikdə, çiyin-çiyinə ləzgilər də vuruşub, şəhid olublar. Vətən o zaman qüdrətli və güclü olur ki, onun bütün vətəndaşları birləşə bilir.

Biz danışdıqca, müxtəlif insanlardan kiçik müsahibələr götürdükcə, məşəlçilər İlqar İsrafilov, Elşən Şükürov, Sədaqət Ağabəyova və başqaları növbə ilə məşəli başları üzərinə qaldıraraq M.Vəliyev, Ləzgi Əhməd, M.Adilov, F.Mustafayev küçələrindən keçib Heydər Əliyev prospekti ilə rayonun mərkəzi meydanına daxil olurlar. Məşəlçi Zaur Bədəlov xüsusi hazırlanmış səhnəyə qalxaraq I Avropa Oyunlarının məşəlini alovlandırır. Sonra minlərlə rayon sakininin iştirak etdiyi mərasimdə rəmzi çıraq yandırılır və Oyunların sonunadək qorunması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilir. Rayon sakini Ülviyyə Mustafayeva bizə bu qürur doğuran məqamda keçirdiyi hisslərdən danışır:

- Bu gün biz unudulmaz bir tarixin ən möhtəşəm dəqiqələrini yaşadıq. Bu anlar hər birimizin yaddaşına sanki qızıl suyu ilə həkk olundu. “Atəşgah”da dövlət başçısının alovlandırdığı məşəl öz işığını bizim şəhərə də saldı. 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində Prezident İlham Əliyev Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin ən yüksək səviyyədə təmin edildiyini xüsusi vurğulayaraq bildirdi ki, bu bizim çox böyük sərvətimizdir və ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz inkişafı üçün əsas şərtdir. Bundan sonra da Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bizim dövlət siyasətimiz bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik bizim böyük sərvətimizdir və bizim üçün güc mənbəyidir. Mən Qusar rayonunun timsalında görürəm ki, Prezidentin dediyi bu sözlər müdrik və xalqını sevən bir rəhbərin bütün ölkəyə, dövlətimizə olan sonsuz sevgisinin təzahürüdür.

Söhbətimizə özünü Kamran Əliyev kimi təqdim edən başqa bir rayon sakini qoşulur:

- Mən də deyilənlərlə razıyam və həm də əminəm ki, intibahımız davamlıdır. Birliyimiz, sarsılmaz gücümüz düşməni mütləq sındıracaq, dizini qatlayacaq. Atəşkəs məğlubiyyət deyil, atəşkəs bizim düşmənə reallıqları və siyasi məğlubiyyətini dərk etməsi üçün verdiyimiz zamandır. Bu zaman artıq tükənmək üzrədir. Xalq Ali Baş Komandandan əmr gözləyir. Düşmən anlamalıdır ki, bizim səbrimizin tükəndiyi və qəzəbimizin püskürdüyü vaxt artıq yetişmək üzrədir.

Müsahiblərimizin sevinci tükənmək bilmir, bayram ovqatına bələnən şəhərdə hisslərini bizimlə bölüşmək istəyənlərin sayı nə qədər çox olsa da, vidalaşmağa məcburuq. Çünki qürur doğuran I Avopa Oyunlarının məşəli Qubaya sola salınırdı. Yüzlərlə qusarlı Qubada qeyd ediləcək alov festivalında iştirak etmək üçün qonşu şəhərə gedəcəklər. Biz Qusardan ayrılanda bayram xalq gəzintisi ilə davam edirdi.

 

Azərbaycan. - 2015.- 2 iyun.-  S.8.