Azərbaycan dünya idman tarixində daha bir yeniliyə imza atır

 

 

Son illər Azərbaycanda vüsət alan abadlıq və quruculuq, infrastruktur yenilikləri, sosial-mədəni həyatda inkişaf insanlarda xoş ovqat yaradır.

Ölkə başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanı siyasi, iqtisadi, habelə mədəni sahədə dünyada tanıtmaq üçün əllərindən gələni edirlər.

Dünyanın buya digər ölkələrində, xüsusən də Avropa ölkələrində keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpoziumlar, sərgilər, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər buna bariz nümunədir. I Avropa Oyunlarından əvvəl Azərbaycan bütün dünyaya səs salanEurovisionkimi musiqi yarışmasına ev sahibliyi edib. Bundan başqa, dünyanın aparıcı dövlətlərinin iştirakı ilə keçirilən bir neçə möhtəşəm beynəlxalq tədbirin təşkilatçısı olub. Demək, Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Odur ki, tam əminliklə deyə bilərəm ki, 12-28 iyun tarixli ilk Avropa Oyunları ölkəmizdə yüksək səviyyədə keçiriləcəkdir. Bu Oyunlar ölkəmizdə idmanın inkişafı, idmançılarımızın tanıdılması və təbliği üçün böyük bir şansdır. Sevinirəm ki,  Azərbaycanı nəinki Avropada, bütün dünyada qəbul edirlər. Bilirlər ki, hazırda Azərbaycan iqtisadi və mədəni cəhətdən sürətlə inkişaf edən, müstəqil siyasəti və öz mövqeyi olan ölkədir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin ən böyük səmərəsi budur ki, dünya birliyi, dünya ictimaiyyəti Azərbaycanı daha yaxından tanıyacaq və mötəbər bir dövlət kimi qəbul edəcəklər.

Oyunların bir üstünlüyü  də ondadır ki, ölkəmiz idman tarixində daha bir tarixi yeniliyə imza atacaq. Növbəti Avropa Oyunları başqa ölkələrdə təşkil olunacaq. Amma bu, ilk olaraq Azərbaycanda baş tutduğundan hər kəs biləcək ki, ilk Avropa Oyunları Fransada, İngiltərədə yox, məhz Odlar diyarı, neft ölkəsi kimi tanınan Azərbaycanda keçirilib. İllər, əsrlər ötəcək və onda Azərbaycanın dünya idman tarixində yeri  gücü daha aydın görünəcək.

Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, dünyanın müxtəlif guşələrinə canlı yayımlanması həm də Azərbaycanda turizmin inkişafına yeni təkan verəcək. Oyunlarda 6 min idmançının iştirakı, habelə 10 minlərlə xarici tamaşaçının ölkəmizə gəlişi gözlənilir. Bu da imkan verir ki, Oyunlar ərəfəsində idmançılar və qonaqlar Azərbaycanın qədim tarixi, adət-ənənələri, ölkəmizdə dünya standartlarına uyğun yaradılan infrastrukturla yaxından tanış olsunlar. Bu tanışlıq sırasında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını görsünlər və bilsinlər. I Avropa Oyunları bu problemin həllinin daha da tezləşməsi istiqamətində mühüm rol oynaya bilər. Belə bir misal var: yüz deməkdənsə, bir dəfə görmək yaxşıdır. Xarici nümayəndələr hər şeyi öz gözləri ilə görəndən sonra bir daha əmin olacaqlar ki, Azərbaycan sülhpərvər, zəngin tarixə və dərin mədəni köklərə malik ölkədir.

Bu növrağın mübarək, Azərbaycan! İdmançılarımıza qələbələr, tamaşaçılara yüksək əhval-ruhiyyə arzulayıram.

 

Aydın ƏZİMOV,

bəstəkar, əməkdar incəsənət xadimi, professor

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.5.