Niderland Milli Olimpiya Komitəsi: “Azərbaycan ilk Avropa Oyunlarını keçirdiyinə görə fəxr edə bilər”

 

Niderland Milli Olimpiya Komitəsində (NMOK) “Bakı-2015” I Avropa Oyunlarında iştirak edəcək yığmanın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar NMOK-un saytında “Niderlandın “Bakı-2015” I Avropa Oyunlarında iştirak edəcək yığmasının Papendalda təqdimat mərasimi keçirilib” sərlövhəli məqalə dərc olunub.

Yazıda Niderlandın I Avropa Oyunlarına 119 idmançı ilə qatılacağı qeyd olunub. NMOK-un sədri Andre Bolhuis idmançılara müraciət edərək bildirib ki, “Bakı-2015” I Avropa Oyunları mötəbər idman tədbiridir. Odur ki, bütün diqqətinizi yarışlara yönləndirin və uğur qazanaraq tarix yazın.

Niderland komandasının rəhbəri Yeroen Beyl vurğulayıb ki, biz Oyunlarda üstün olmaq, yaxşı nəticələr göstərmək üçün Bakıya yollanırıq. “Bakı-2015”də Olimpiya Oyunlarına nisbətən az ölkə iştirak edir. İdman yarışlarının sayının da az olmasına baxmayaraq, Bakı Oyunları izləmək üçün olduqca maraqlı yeniliklər təqdim edir. Burada Olimpiya formatına daxil olmayan karate yarışı yer alıb. Avropa Oyunları Olimpiya Oyunlarının cazibəsinə malikdir. Təşkilatçılıq ən yüksək səviyyədədir - yerləşmə, qidalanma, nəqliyyat, idman obyektləri olduqca yaxşı təşkil edilib. Atletlər kəndində 6 min idmançı yerləşdiriləcək. Bununla yanaşı, “Bakı-2015”ə tamaşaçıları cəlb etmək üçün uğurlu təşkilatçılıq nümayiş olunur. Düşünürəm ki, Azərbaycan Avropa Oyunlarını keçirdiyinə görə fəxr edə bilər.

 Yeroen Beyl Niderland atletlərinin idmanın 5 müxtəlif növü üzrə ən az səkkiz medal qazanacaqlarına ümid etdiklərini bildirib.

Təqdimat mərasiminin sonunda komitənin sədri Andre Bolhuis estafetin idmançılara ötürülməsinin rəmzi olaraq ölkə bayrağını komandanın rəhbəri Yeroen Beylə təqdim edib.

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 7.