İtaliya mətbuatında “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı növbəti məqalələr yayılıb

 

İtaliya mətbuatı “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı növbəti məqalələr yayıb. Yarışlarla bağlı ətraflı məlumatların yer aldığı yazılarda artıq bu möhtəşəm tədbirin başlanmasına az bir vaxtın qaldığı ərəfədə həyəcanın artdığı qeyd olunur. Vurğulanır ki, “Bakı-2015” vasitəsilə Avropanın 49 ölkəsindən 6 minə yaxın atlet Azərbaycanın paytaxtı Bakıda bir araya gələcək. Bakının bu yarışlara ev sahibliyi etməsi ilə bağlı qərar Avropa Olimpiya Komitəsinin 2012-ci ilin dekabrında keçirilmiş iclasında verilib.

Məqalələrdə “Bakı-2015”in yüksək səviyyədə təşkili üçün Azərbaycanda yaradılmış infrastrukturdan da bəhs edilir. Vurğulanır ki, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi artıq yarışlara hazırdır. Bütün bunlar Avropanı heyran edən Azərbaycanda yarışlar ərəfəsində görülmüş işlərdir.

Yazılarda diqqətə çatdırılır ki, “Bakı-2015” “Rio-2016” Yay Olimpiya Oyunlarına hazırlıq baxımından yaxşı fürsətdir.

 

Maqsud DADAŞOV,

AZƏRTAC-ın xüsusi müxbiri

 

Roma

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 7.