Azərbaycan dünyaya Şərq müdrikliyi nümayiş etdirir

 

“2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları qitə səviyyəsində sülh, əməkdaşlıq və inkişaf üçün önəmli platformadır”

 

(BMT-nin Baş Assambleyasının 2014-cü ildə qəbul edilmiş 69/6 saylı qətnaməsindən)

 

Bu günlər Şimalın da, Şərqin də, Cənubun da, Qərbin də gözləri Azərbaycanın xoş növrağına dikilib, büsatına heyran qalıb. Necə ki, üç il bundan öncə - 2012-ci ildə “Evrovisionla bağlı belə bir durum yaşanmışdı.

Xəzərin mirvari boyunbağısına bənzəyən dənizkənarı bulvar, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, dünya standartları səviyyəsində qurulan magistral yollar, körpülər, keçidlər, Şərqlə Qərbin memarlıq ənənələrini özündə ehtiva edən yaraşıqlı binalar, yaşıllıqlar, parklar, istirahət guşələri, çəmənliklərlə müşayiət olunan xiyabanlar, ən nəhayət, ilk Avropa Oyunları keçiriləcək 70 min tamaşaçı tutumlu dünya brendlərindən olanMilli stadion” könülləri oxşayır. Bu günlər Bakının xəzrisi, gilavarı əsən küləklərə, səmada biri-birini əvəzləyən buludlara qoşulub sanki gecə-gündüz “Cənnət görmək istəyən Azərbaycana gəlsin!” deyir. Gələnlər də gümanlarında yanılmayırlar. Təsadüfi deyil ki, aprelin 26-da “Atəşgah” məbədində ölkəmizin və dünyanın idman tarixində əlamətdar hadisə baş verən gün Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxışında demişdir: “Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir”. Bəli, ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı, gənc və müstəqil Azərbaycanın Prezidenti bütün dünyaya Şərq müdrikliyi nümayiş etdirir. Həmçinin ölkəmiz bununla, demokratik dəyərlərə sadiq qaldığını, tolerantlığını, insan faktoruna yüksək qiymət verdiyini bir daha dünyaya bəyan edir. Bu gəlişin, bu gedişin bir üstünlüyü də ondadır ki, qonaqlar ölkəmiz haqqında daha çox məlumat alacaqlar. Azərbaycanı tanıyanlar onu sevəcəklər, birbu yerlərə gəlmək istəyində olacaqlar. Çünki Azərbaycan tarixi müstəqilliyini bərpa etdiyi son 24 il ərzində çox böyük və möhtəşəm işlər görülüb. Özübunu təkcə biz demirik, bütün dünya görür və qəbul edir. Dövlət başçılarının, ictimai-siyasi xadimlərin, dünyada tanınan ünlü politoloqların, siyasətçilərin açıqlamaları sırasında uğurlarımız etiraf olunmaqdadır. Azərbaycan son on-on beş ildə müstəqil dövlət kimi öz imicini çox yüksəklərə qaldırıb. Bu yüksəklikləri görən və hiss edən dünyanın tanınmış siyasətçilərinin: “...Ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycanın dünya arenasında nüfuzu artır” fikri çox mətləblərə işıq salır.

Bəli, bunu danmaqya görməmək göydə Günəşi danmağa bərabərdir. Bu gün Azərbaycan BMT-dən tutmuş regional təşkilatlaradək bütün beynəlxalq qurumlarda təmsil olunur. Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Hazırda respublikamızda bölgələr də daxil olmaqla 40-dək idman olimpiya kompleksi, onlarla idman-sağlamlıq mərkəzləri fəaliyyətdədir. Ölkəmizdə indiyədək bir çox Avropadünya miqyaslı idman tədbirlərinin uğurla başa çatması ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə zəmin yaratmışdır. Bu Oyunlarla əlaqədar ölkəmizə gələcək minlərlə avropalı mədəniyyətimizə, tariximizə, sülhpərvərliyimizə və qonaqpərvərliyimizə dair bilgilər əldə edə biləcəklər. Oyunların yayımlanmasına dünya dövlətlərinin ən məşhur yayım şirkətlərinin xüsusi maraq göstərməsi Azərbaycan gerçəkliklərinin dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün əvəzsiz məqamdır. Ölkəmizə 900-ə yaxın xarici media nümayəndəsinin gəlməsi gözlənilir. Onlara səmərəli işləmək və istirahət etmək üçün lazımi şərait, habelə mədəniyyət və turizm mərkəzi yaradılıb. Burada jurnalistlərə gərəkli müxtəlif məlumatların əxz olunduğu bukletlər və kitablar sərgilənir. Xarici media təmsilçilərinə yaradılan şərait Avropa Oyunlarını operativ şəkildə dünya ictimaiyyətinə çatdırmağa imkan verəcək.

Bütün bunlar, eləcə də Oyunların keçiriləcəyi ərəfədə teatr və muzeylərin səmərəli fəaliyyəti, paytaxtda və bölgələrdə silsilə mədəni tədbirlərin, tarixi məkanlarımıza ekskursiyaların təşkili xarici qonaqlarda mədəni irsimiz və qədim tariximiz haqqında bilgiləri zənginləşdirəcək, ölkəmizə olan turist marağını daha da gücləndirəcəkdir. Bu möhtəşəm idman bayramı həm də Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə həqiqətlərin dünya birliyinə çatdırılmasında önəmli platformaya çevriləcək. İstər tədbir iştirakçıları, istərsə də dünyanın dörd bir tərəfindən ilk Avropa Oyunlarını izləyənlər Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, onun yerləşdiyi geopolitik məkan, üzləşdiyi problemlər, həmçinin Azərbaycanın liderliyi ilə Qafqaz regionunun perspektiv inkişaf imkanları barədə ətraflı məlumat əldə edəcəklər.

Azərbaycanın Avropanın bir hissəsi olub-olmadığını bilən və bilməyənlər də var. Bu möhtəşəm tədbirlə bağlı ölkəmizə gələn idmançılar və qonaqlar Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın Avropanın bir hissəsi olması reallığı ilə üzləşəcəklər. “Avropanın xəritəsində qəbul etmək istəmədiyi respublika siyasi cəhətdən o dərəcədə inkişaf edib ki, qitə miqyaslı iri tədbirlər Bakıda, Xəzər dənizinin sahillərində keçirilir”. Bu sözləri Oyunlara tamaşaçı qismində qatılan Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Təbiətdən istifadə və ekologiya komitəsi sədrinin müavini Maksim Şinqarkin mətbuata açıqlamasında demişdir. Rusiya Federasiyası rəsmisi onu da etiraf etmişdir ki, “...bu, Avropa mədəniyyətinin Avropa üzərində “qəhvəyi taunun” dolaşdığı 70 il əvvəl təsəvvür edildiyindən xeyli geniş olmasının göstəricisidir. Avropa Oyunları üçün Azərbaycana gələnlər əmin olacaqlar ki, bu Şərq mədəniyyəti həm Avropa mədəniyyətinin, həm də dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsidir. Yüksək inkişaf sürəti nümayiş etdirən, dövlətin hər bir vətəndaşının qayğısına qaldığı Azərbaycan Avropa ölkələrinin çoxuna nümunə göstərilə bilər”.

İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu möhtəşəm hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə idman tədbirinə ev sahibliyi etməsi təbii ki, həm də son illərdə ölkəmizin idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Bu, bir daha təsdiqləyir ki, dörd ildən bir keçiriləcək Avropa Oyunlarının standartları məhz Azərbaycanda müəyyən olunacaq.

...Azərbaycan bayram əhval-ruhiyyəsindədir. Bu cah-cəlal, bu büsat tarixlərə tarix yazır. Bakı al-əlvanlığı ilə gündüzlər gecələrə, gecələrsə gündüzlərə xoş ovqat bəxş edir. Aprelin 26-da Bakıda qədim “Atəşgah” məbədində Azərbaycan Prezidentinin əli ilə yandırılan ölkəmizin milli rəmzi olan I Avropa Oyunlarının məşəli bölgələrimizi oba-oba, oymaq-oymaq dolaşır, ürəklərə sevinc, qəlblərə işıq saçır. Gözün aydın, Azərbaycan!

 

Rəhman SALMANLI,

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.8.