Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində proseslər inkişaf edir

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi və Cənubi Qafqaz üzrə regional direktoru Zahidul Haqla görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Brukun  da iştirak etdiyi görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın makroiqtisadi inkişaf göstəricilərini diqqətə çatdırıb. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində proseslərin müsbət yöndə inkişafına da şərait yaratdığı vurğulanıb. Qeyd olunub ki, aparılan təhlillər sabit demoqrafik vəziyyətin hökm sürdüyü Azərbaycanda əhalinin 2005-2015-ci ilə qədər olan dövrdə 1 milyon 145 min 600 nəfər artdığını göstərir. Hazırda əhalinin sayının 9,6 milyondan çox olduğu respublikada əhalinin illik artım tempi 1,3 faiz təşkil edirproqnoza əsasən 2025-ci ildə ölkəmizdə doğulanların sayının 205 min 300 nəfərə, əhalinin sayının 10 milyon 970 min 300 nəfərə çatacağı gözlənilir.

Nazir, həmçinin ölkəmizdə uşaq ölümü hallarının kəskin şəkildə azaldığını, gözlənilən ömür uzunluğunun mütəmadi olaraq artdığını konkret göstəricilər əsasında nəzərə çatdırıb.

S.Müslümov BMT-nin Əhali Fondu ilə hələ 1994-cü ildən həyata keçirilən əməkdaşlıqdan bəhs edib, o cümlədən həmin il Qahirə konfransında qəbul olunmuş “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinin demoqrafiya və əhali sakinliyinin inkişafı ilə bağlı aparılan milli siyasətdə həmişə diqqətdə saxlandığını bildirib. Qeyd edib ki, UNFPA ilə əməkdaşlıqda icra olunmuş proqramlar ölkədə müvafiq sahədə məsələlərin həllində, institusional  bazanın təkmilləşdirilməsində, kadr potensialının yaradılması və inkişafında, maarifləndirmə işlərində və s. mühüm dəstək rolunu oynayıb. S.Müslümov deyib: “Azərbaycanda 2015-2025-ci illəri əhatə edən növbəti “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” layihəsinin qiymətləndirilməsi işlərində də UNFPA-nın ekspert dəstəyini yüksək dəyərləndiririk. Bu layihədə qeyd olunan Fəaliyyət Proqramındakı vacib tezislər, eləcə də BMT-nin 2015-ci ildən sonrakı dövr üçün irəli sürdüyü siyasi prinsiplər, ölkənin milli strateji prioritetləri əhatə olunub”. Nazir həmin proqramın qəbulundan sonra onun icrası sahəsində də əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olacağını bildirib.

Z.Haq Azərbaycanda əldə olunan sürətli tərəqqi proseslərinin, o cümlədən müsbət demoqrafik mənzərənin, əhali sakinliyi sahəsində pozitiv proseslərin onda xoş təəssürat oyatdığını, həmçinin respublikada bu sahədə aparılan siyasətdə BMT prinsiplərinin həmişə nəzərə alınmasından məmnunluğunu ifadə edib. O, qarşıdakı dövrdə də UNFPA ilə Azərbaycan arasında birgə işlərin uğurla davam edəcəyinə əminliyini bildirib.

Görüşdə UNFPA tərəfindən hazırlanmış gender əsaslı cinsi seçimlə mübarizəyə dair layihənin həyata keçirilməsi, ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində elmi-tədqiqat işlərinin aparılması, bu sahədə elmi kadr potensialının inkişafı, Əhali SakinliyiDemoqrafiya üzrə Tədqiqat və Təlim Mərkəzinin fəaliyyət göstərməsinin təmin edilməsi, demoqrafik inkişafın qiymətləndirilməsi, əhali proqnozlarının hazırlanması və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 10 iyun.- S. 15.