Azərbaycan ilə Meksika arasında əlaqələrin inkişaf perspektivlərindən danışılıb

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 11-də ölkəmizdə səfərdə olan Meksika Senatının xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas BarronMeksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.

Baş nazirin müavini Əli Həsənov 2012-ci ildə Meksikaya rəsmi səfərini xatırladaraq, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb, Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkının, burada ümummilli lider Heydər Əliyevin abidəsinin və Tlakskoake-Xocalı Meydanının açılışı mərasimində Mexiko şəhər rəhbərliyi və əhalisinin nümayiş etdirdiyi xoş münasibət haqqında danışaraq, təəssüratlarını bölüşüb.

Baş nazirin müavini Əli Həsənov, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının baş verməsini təsdiq edən qətnamənin 2011-ci ilin dekabrında Meksikanın Deputatlar Palatası tərəfindən qəbul edildiyinə toxunaraq, nümayiş olunmuş prinsipial və ədalətli mövqeyə görə Azərbaycan hökuməti adından dərin təşəkkürünü bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, onun yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlər barədə ətraflı məlumat verən Baş nazirin müavini Əli Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən ərazimizin 20 faizinin işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində 20 il ərzində bu problemin həll edilmədiyini bildirib.

O, Azərbaycan xalqının sülhsevərliyindən, Azərbaycandakı tolerantlıq ənənələrindən danışıb, bunun dünyanın bir çox ölkələri üçün nümunə olduğunu bildirib. Ölkəmizin Avropanın ən böyük mədəni tədbirlərindən olanEurovision” mahnı müsabiqəsinə, bu gün isə tarixdə ilk dəfə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini bildirib.

Azərbaycanın münaqişənin də sülh yolu ilə həllində maraqlı olduğunu bildirən Baş nazirin müavini qeyd edib ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanın işğal altında saxladığı torpaqları azad etməsi barədə qərar və qətnamələr qəbul etməsinə baxmayaraq Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirməkdədir. Rəsmi Bakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır və bu siyasəti dəyişməz olaraq qalır. Lakin terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı qəbul olunmuş qətnamələrə məhəl qoymur.

Azərbaycan tərəfi müntəzəm olaraq müxtəlif ölkələrdən olan nüfuzlu nümayəndə heyətləri ilə keçirilən bütün görüşlərdə ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemini ətraflı müzakirə etməsinə baxmayaraq, dünya birliyi bu ədalətsizliyə hələ də göz yumur. Bütün bunlar isə beynəlxalq aləmdə ikili standartların mövcud olduğunu göstərir.

Görüşdə Meksika Senatının xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barron Azərbaycanda olduğu müddətdə ölkəmizdə demokratik dəyərlərin yüksək qiymətləndirildiyini, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyinin şahidi olduğunu söyləyib. O, Azərbaycanın artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsindən heyran qaldığını bildirib, “Bakı-2015” birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib. Xanım Qabriela Kuevas Barron Bakıda səfərdə olduğu müddətdə Meksika nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Meksikalı Senator, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunaraq, Azərbaycan xalqının tolerant olduğunu söyləyib. O, regionda və Avropanın enerji təhlükəsizliyi məsələsində xüsusi rol oynayan Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artmasına baxmayaraq, ölkəmizin indiyədək bu münaqişənin diplomatik vasitələrlə və danışıqlar yolu ilə həll edilməsinə üstünlük verdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 4.