Bakıda Məşəl şənliyi

 

Dünən I Avropa Oyunlarının məşəli paytaxtın əsas istirahət, əyləncə və mədəniyyət mərkəzlərində və digər məkanlarda oldu.

Məşəl estafetinin ilk dayanacağı Müasir İncəsənət Muzeyi idi. Xalq rəssamı Fərhad Xəlilov məşəllə nadir sənət ocağının zallarını gəzdi.

Sonra məşhur heykəltəraş, xalq rəssamı Ömər Eldarov məşəli ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzə gətirdi.

Məşəl səyahətinin sonrakı ünvanı xalq artisti Fərhad Bədəlbəylinin müşayiəti ilə Heydər Əliyev Sarayı və Parkı oldu.

Nizami küçəsindən Fəvvarələr Meydanına qədər məşəli ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev, “Bakılı oğlanlar” komandasının tərkibində “Şən və hazırcavablar klubunun  qalibi olmuş Tahir İmanov, muğam ifaçısı, xalq artisti Ağaxan Abdullayev apardılar. Sonra estafeti xalq yazıçısı Çingiz Abdullayev qəbul etdi və məşəli Nizami adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinə gətirdi.

Qış parkında isə məşəli bəstəkar Faiq Sücəddinov, şahmat qrossmeysteri Şəhriyar Məmmədyarov, veteran güləşçi İlham Umayev, veteran gimnast Elşad Nərimanov  “28 Maymetro stansiyasına qədər apardılar. Güləş üzrə dünya çempionu Arif Abdullayev məşəllə Cəfər Cabbarlı meydanının qarşısına gəldi. Orada estafeti qəbul edən tanınmış güləşçi  Vitali Rəhimov Bakı metropolitenində “28 May” stansiyasından “İçərişəhər” stansiyasına qədər məşəli daşıdı.

Estafetin növbəti mərhələsində pianoçu Murad Adıgözəlzadə, idman veteranı Yaşar Məmmədov, “Bakı- 2015”in ulduz elçisi Röya Ayxan və müğənni Abbas Bağırov məşəli Filarmoniya bağından Funikulyora qədər apardılar. Burada estafeti veteranlar - futbolçu Kazbek Tuayev  boksçu Ağacan Abiyev davam etdirdilər.

Sonra məşəl veteran güləşçi Firudin Qurbanovun, taekvondo üzrə  dünya çempionu Radik İsayevin, veteran futbolçu Yaşar Babayevin, London-2012 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə bürünc medalçısı Emin Əhmədovun, əməkdar məşqçi Elçin Cəfərovun, ağırlıqqaldırma veteranı Məmməd HüseynovunAvropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Bakı buxtasını və Dağüstü parkı səyahət etdi.

Dövlət Filarmoniyasında məşəli məşhur dirijor Teymur Göyçayev qəbul etdi. Sonra  Aida Mahmudova məşəli YARAT incəsənət mərkəzində gəzdirdi.

“Bakı 2015”in mərasimlər üzrə direktoru Katerina Uqvu məşəl estafetilə  bağlı dedi: “Səbirsizliklə gözlədiyimiz 17 günlük yarış üçün I Avropa Oyunları ərəfəsində beynəlxalq standratlara uyğun inşa edilmiş yüksək səviyyəli obyektlər və tamamlanmış infrastruktur işləri ilə yanaşı, məşəl səyahətinin də göstərdiyi kimi, Bakı həm də yüksək milli-mənəvi dəyərlərə malik - mədəni dünyası, sosial mühiti, zəngin tarixi irsi ilə vəhdət yaradan gözəl şəhərdir”.

Günün ikinci yarısında  I Avropa Oyunlarının məşəli “Bakı-2015” Əməliyyat Komitəsinin  (BAOƏK) baş ofisinə gətirildi.  Buraya alovu BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq daşıdı. Mərasimdən sonra o dedi: “Məşəlin bizim üçün çox böyük əhəmiyyəti var. Çünki məşəl məhz bizim son dövrlərdə gördüyümüz nəhəng işlərin göstəricisidir. Hər birimizin əməyini, hisslərini və bütün xalqın coşqusunu bu məşəl vasitəsilə əks etdirməkdən məmnunuq”.

Sonra məşəl BAOƏK-in baş ofisindən I Avropa Oyunlarının Atletlər Kəndinə aparıldı.

Burada məşəli Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə daşıyıb.

Məşəl səyahətinin sonuncu ünvanı Dənizkənarı Milli Park olub.

Alov Bakı estafeti müddətində saxlanıldığı məkandan - Qız qalasından götürülərək sonuncu dayanacağına yollanıb. Dənizkənarı Milli Parkda məşəli UNICEF-in milli səfiri, ABŞ Milli Basketbol Assosiasiyasının oyunçusu Xose Manuel Kalderondan qəbul edən "Eurovision-2013" mahnı müsabiqəsindəki təmsilçimiz Fərid Məmmədov onu "Sadko" limanına gətirib. Limanda F.Məmmədov məşəli alov qoruyana təhvil verib. Məşəl bugün keçiriləcək açılış mərasiminə aparılması üçün Bakı Olimpiya Stadionuna yola salınıb. Yolasalma mərasimində möhtəşəm atəşfəşanlıq olub.

 

Rizvan HİLALOĞLU,

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 14.