Tarixin unudulmaz səhifəsi

 

Tarixdən ibrət dərsi almaq, öyrənmək və nəticə çıxarmaq hər bir insanın borcu olsa da, hamı bunu eyni qaydada dərk edib qiymətləndirmir.

Tarixin, reallıqların dərk edilib vaxtında qiymətləndirilməməsi zəif düşüncənin təzahürü olmaqla bərabər, həm də həyatın, həqiqətlərin inkar edilməsidir, haqqın tapdalanması, yalanın, böhtanın şaxələnməsi, insanların aldadılmasıdır.

Azərbaycan tarixinin müəyyən dövrlərdə düzgün araşdırılmaması və lazımınca qiymətləndirilməməsi ən böyük səhvlərimizdəndir. Bu müstəqillik tariximizə, yaxın keçmişimizə də aiddir.

XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr və bu hadisələr fonunda yaranan xoşagəlməz hallar o dövrdə hakimiyyətdə olanların və hakimiyyətə gəlməyə can atanların tarixin dərslərindən lazımınca ibrət götürmədiklərini və əsrin əvvələrində qazanılmış müstəqilliyimizin əldən verilməsində rol oynayan amilləri lazımınca qiymətləndirmədiklərini göstərdi və sübut etdi ki, reallıqlar dəyərləndirilməyəndə, xalq öz düşünərlərinə, başbilənlərinə güvənməyəndə ölkə və millət fəlakətə düçar ola bilər, torpaq işğala məruz qalar, hərc-mərclik, özbaşınalıq, aclıq insanları qula çevirər, ömürləri parçalayar, ölümə, qana, ədalətsizliyə yol açar.

Ulu öndər Heydər Əliyev sağlığında dönə-dönə söyləyirdi ki, “tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır”.

15 iyun tariximizin unudulmaz şərəfli səhifəsidir. 1993-cü ilin iyun günləri həm də xalqımızın həyatında ən təlatümlü, ən qorxulu günlər kimi tarixiləşib. O günlər müstəqilliyimizin əldən getməsi, ölkənin parçalanması qorxusu ilə yaşadığımız, vətəndaş qarşıdurmalarının mövcud olduğu, hərc-mərcliyin, anarxiyanın baş alıb getdiyi dövr idi. Qardaş qardaşa silah çevirirdi, qan axıdılırdı.

Mübarizə torpaqlarımızı erməni işğalçılarından qorumaq, insanları bir məqsəd üçün səfərbər etmək uğrunda deyil, hakimiyyət, vəzifə tutmaq uğrunda gedirdi. Vəzifədə olanların özlərini qorumaq, hakimiyyətə gəlmək istəyənlərin isə tez bir zamanda vəzifə tutmaq hərisliyi torpaq, xalq mənafeyini unutdurmuşdu. Düşmən yaddan çıxmışdı. Müharibə Qarabağ torpaqlarında deyil, Bakıda, Gəncədə vəzifə uğrunda gedirdi.

Bəli, o günlər yaddan çıxmaz tarixdir və həmin tariximizin qara səhifələrini ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə aydınlığa qovuşdurdu. Xalqı fəlakətdən, ölkəmizi parçalanmaqdan, müstəqilliyimizi məhv olmaqdan xilas etdi.

Milli Qurtuluş Günü haqqında çox yazılıb və daha çox yazılmalıdır. Çünki həmin günlərin ağrı-acılarını, səbəbkarlarını, nə üçün törədildiyini, kimlərin mənafeyi üçün edildiyini, hansı fəlakətlərlə nəticələnə biləcəyini aydın dərk etməliyik. Belə xoşbəxt, sərbəst, qorxusuz yaşayışımız üçün kimə borclu olduğumuzu bilməliyik.

Vətənini sevən hər bir azərbaycanlı, xalqımızın gələcəyini düşünən hər bir insan çevrilib kecmişinə nəzər salmalı, işğal olunan torpaqlarımızı, döyüşlərdə axıdılan qanları, səriştəsiz, qorxaq vəzifə sahiblərini, bir-birinə qarşı duran silahlı qruplaşmaları, siyasi partiyaları, aclığı, səfaləti, solğun, ümidsiz bənizləri, gözü yaşlı ana-bacılarımızı göz önünə gətirməli və düşünməlidir. Dərindən təhlil edə-edə, hadisələri izləyə-izləyə, dünənlə bugünün fərqinə vara-vara, vicdanının hökmü ilə qəlbini oyada-oyada düşünməli və Qurtuluş Gününün qədrini bilməyənlərin cavabını verməlidir.

Belə olmasa, bədxahların cavabı verilməsə, müstəqilliyimizə, inkişafımıza qara yaxanların qarşısı alınmasa, xarici havadarlarına arxalanıb ölkədə ictimai-siyasi sabitliyi pozmağa, yalanla, böhtanla insanları çaşdırmağa çalışanların, siyasi qiyafəyə girib ölkənin mənafeyi ilə dəllallıq edənlərin dərsi vaxtında verilməsə, 1990-cı illərin hadisələri yenidən alovlana, təkrarlana bilər. Ağalıq eşqinə düşənlərin, çevriliş etmək arzusu ilə yaşayanların, torpaqları satmaq istəyənlərin sayı çoxalar, özbaşınalıq halları, qətllər, qarətlər yenidən baş alıb gedər.

Bunu deməyə əsas var. Çünki həm daxildə, həm də xaricdə ölkəmizin inkişafını gözü götürməyən, müstəqil siyasətimizə qısqanclıqla yanaşan, Azərbaycanı daim təsir altında saxlamağa, nailiyyətlərimizə qara yaxmağa çalışan qüvvələr az deyil. İşğal altında olan torpaqlarımızın, bir milyondan artıq qaçqın-köçkünün halına acımayıb Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərin qeyd-şərtsiz azad olunması haqqında beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayan bəzi təşkilatların vətənə xəyanətdə saxlanılan, yaxud konkret cinayət əməlinə görə istintaqa cəlb edilən bir-iki jurnalistin, hüquq mudafiəçisinin müdafiəsinə qalxmaları, haray-həşir salmaları, ölkədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirləri, I Avropa Oyunlarını boykot etmək çağırışları, böhtan, yalan kampaniyaları, mitinqlər yolu ilə insanları küçələrə çıxarıb qarşıdurmalar yaratmaq cəhdləri bizi sayıq olmağa, yaxın keçmişimizi xatırlamağa vadar edir.

Bu bir reallıq və inkaredilməz həqiqətdir ki, əgər 15 iyun 1993-cü ildə xalqın səsinə səs verib Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, nə bugünkü firavan həyatımızdan, sürətli inkişafımızdan, dövlətimizin artan nüfuzundan, dünyada möhkəmlənən mövqeyindən, nə də ki Azərbaycanın bütövlüyündən, müstəqilliyindən danışmaq mümkün idi.

Bəs onda nəyə görə bu həqiqət hamılıqla dərk edilməməli, qiymətləndirilməməlidir?

üçün bir vaxtlar bu ölkəni xarabazarlığa çevirib insanları qırğına verən, torpaqlarımızın erməni silahlı birləşmələri tərəfindən işğalına imkan yaradan, qardaşı qardaşa qarşı qoyub qan axıdan, çətin anda qaçıb gizlənən adamlar bu gün müxtəlif partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri, jurnalist kimi ortaya atılıb ölkəmizə, dövlət başçısı cənab İlham Əliyevin gördüyü böyük işlərə, həyata keçirdiyi mühüm tədbirlərə, sürətli sosial-iqtisadi inkişafımıza qara yaxmaqla məşgul olmalıdırlar?

Hansı haqla onlar havasını udub, çörəyini yedikləri ölkəni xarici havadarlarına satmalı, insanlarımızı, dövlət strukturlarını şərləməli, xaricdən aldıqları pullar hesabına xalqımızın imicinə ziyan vurmalıdırlar?

Milli Qurtuluş Günü unudulmaz tarixdir. Vətənini, xalqını sevən hər bir azərbaycanlı bu tarixi yaşatmalı, öyrənməli hər gün vərəqləməlidir. Yaxşı hadisələr, ibrətamiz anlar təbliğ olunmalı, pis vərdişlər, çağırışlar, müraciətlər, yad meyillər, məkrli niyyətlər atılmalı birdəfəlik cəmiyyətimizin həyatından silinməlidir.

Bu, müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi, xalqımızın birliyi gələcəyi, torpaqlarımızın azğın düşməndən azad edilməsi, ilk növbədə dünyada demokratik, sivil bir dövlət kimi şöhrətlənməyimiz, söz sahibi olmağımız, xarici maneələri qətiyyətlə dəf etməyimiz, Azərbaycanı ucaltmağımız xalqımızı sevdirməyimiz üçün çox vacibdir.

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2015.- 14 iyun.- S.5.