Luvr muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb

 

Fransız incəsənət həvəskarları qarşısında öz yaradıcılığını dəfələrlə nümayiş etdirən istedadlı gənc rəssam Məryəm Ələkbərli həyati duyğuları yaratdığı tablolarda özünəməxsus şəkildə əks etdirir. Bu duyğular onun rənglər dünyasına çevrilərək yağlı boyalarla kətana hopub. Bu rənglər dünyasında Məryəmin öz seçimini, dünyabaxışını, təbiətsevərliyini, insanlara münasibətini, mövzu axtarışını aydın duymaq olur. Məryəm öz hisslərini, gördüyüduyduğu dünyanı tamaşaçılara çatdırmaq üçün rəng seçiminə xüsusi diqqət yetirir.

İyunun 12-də Fransanın məşhur Luvr muzeyinin Karusel qalereyasında keçirilən möhtəşəm “Art Shopping“ festivalında Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb. Dünyanın tanınmış rəssamlarının sərgilərinin təşkil olunduğu bu qalereyada gənc rəssamın da tablolarının yer alması onun daha bir uğurudur.

Sərgini açan qalereyanın direktoru xanım Miryam Anone-Kastane festival çərçivəsində bir çox ölkələrin rəssamları ilə yanaşı, Azərbaycanı təmsil edən Məryəm Ələkbərlinin də fərdi sərgisinin açıldığını deyibonun əsərlərinin tamaşaçılarda böyük maraq oyadacağına əminliyini bildirib.

İncəsənət tarixçisi və sərginin təşkilatçısı xanım Janett Zvinjenberjer Məryəmin sərgidə nümayiş etdirilən əsərlərinin əsas məziyyətlərindən danışıb. O bildirib ki, istedadlı rəssam muğam musiqisini dinləyərkən keçirdiyi hissləri rəsm əsərlərində tamaşaçılara çatdırmaqla mahir fırça ustası olduğunu bir daha sübut edib. Janett Zvinjenberjer rəsm əsərlərində gitarada, akkordeonda, saksofonda ifa edənlərin portretlərini canlandıran Məryəmin həyatında musiqininmühüm yer tutduğunu vurğulayıb, onun rənglər dünyası ilə musiqi duyumunun vəhdət təşkil etdiyini, əsərlərində onu əhatə edən dünyanı çiçəklə təsvir etməsini rəssamın təbiətə vurğunluğundan xəbər verdiyini bildirib.

Məryəmin rəngləri musiqiçinin öz notları kimi seçdiyini diqqətə çatdıran incəsənət tarixçisi bu baxımdan onun təkrarolunmaz istedadı ilə digər rəssamlardan fərqləndiyini qeyd edib.

Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşı Ayaz Qocayev Məryəm Ələkbərlinin əsərlərinin tamaşaçılarda böyük rəğbət oyadacağına, onlara bəşəri hisslər aşılayacağına əminliyini ifadə edib. A.Qocayev artıq istedadlı rəssam kimi özünü təsdiq edən Məryəmin əsərlərindən ibarət sərgilərin doğma Vətəni Azərbaycanda və onun hüdudlarından kənarda - Almaniyada, İtaliyada, Rusiyada, Türkiyədə, Litvada və dəfələrlə Fransada müvəffəqiyyətlə nümayiş etdirildiyini və müəllifinə böyük uğur qazandırdığını vurğulayıb.

Məryəmin yaradıcılığından və rənglər dünyasından bəhs edən rəsm müəllimi Lük Qotye onun tablolarında müxtəlif rənglərin mövzular üzrə seçildiyini, bu seçimin gənc rəssamın artıq istedadlı bir rəssam kimi yetişdiyini, Məryəmin sərgidə nümayiş etdirilən 46 tablosunun istər mövzu, istərsə də rənglər baxımından biri-birindən tamamilə fərqləndiyini diqqətə çatdırıb.

Məryəmin qardaşı Cavid Ələkbərli sərgiyə gələnlərə ailələri adından təşəkkür edib.

Sərgi iştirakçısı Jan-Lui Düma Məryəmin əsərlərindən aldığı təəssürat barədə AZƏRTAC-a müsahibəsində deyib: “Mən bununla üçüncü dəfədir ki, bu istedadlı gənc rəssamın Parisdə təşkil olunan sərgisində iştirak edirəm. Hər dəfə də Məryəmin rəngləri duymasına və müxtəlif mövzularla bağlı rəng seçiminə heyrət edirəm. Onun fırçasından çıxan və kətanda əks olunan əsərlərə tamaşa edərkən özünü tamamilə rənglər dünyasında hiss edirsən, bir tərəfdən sanki rənglərin musiqisini dinləyirsən, digər tərəfdən isə təbiətin əsrarəngiz gözəlliyinə qovuşursan. Rəssamın dünyaya baxışı, insanlara münasibəti onun yaratdığı tablolara hopub. “Azərbaycan muğamı”na həsr etdiyi silsilə tablolara tamaşa edərkən Məryəmin musiqi duyumunun nə qədər incə olmasına heyranlığını gizlədə bilmirsən. Sərgidə dənizlə bağlı iki tablosu onun təbiətə vurğunluğuna dəlalət edir. Bir tərəfdən mavi ləpəli dəniz, digər tərəfdən isə qürub edən günəşin dənizə verdiyi ecazkar rənglər. Eyni mövzuya həsr edilməsinə baxmayaraq, onlar müxtəlif rənglərlə təsvir olunub. Bu bir daha Məryəmin rənglərlə necə hissiyyatla davranmasından, mövzuya uyğun rəng seçimində parlaq istedad nümayiş etdirməsindən xəbər verir. Onun yaratdığı portretlər də Məryəmin artıq püxtələşmiş bir rəssam kimi yetişdiyini sübut edir”.

İyunun 15-dək davam edəcək sərginin açılışında Azərbaycan musiqisi səslənib.

 

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2015.- 14 iyun.- S. 16