Avropa İttifaqının “commonspace.eu” saytında I Avropa Oyunları şərh edilib

 

Avropa İttifaqının media qurumu və təşkilat tərəfindən maliyyələşdirilən “commonspace.eu” saytında “Bakı-2015” I Avropa Oyunları ilə bağlı şərh dərc edilib.

AZƏRTAC xəbər verir ki, Ermənistanın Avropa Oyunlarında iştirakından bəhs edən məqalədə I Avropa Oyunları yüksək profilə malik irihəcmli idman yarışı kimi dəyərləndirilib. Şərhdə Ermənistan idmançılarının bu yarışlarda iştirak etmək üçün Azərbaycana gəlməsi və Bakıda onlar üçün yüksək təhlükəsizlik şəraitinin təşkili, ölkədə buna etiraz ab-havasının olmaması yüksək qiymətləndirilib.

“Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişəyə baxmayaraq, Oyunların açılış mərasimində azarkeşlər və erməni idmançılar arasında sülh hökm sürüb. Oyunlar hələ təzə başlasa da, bunun sona qədər davam edəcəyinə ümidvarıq. İdman rəqabət vasitəsi olmaqla yanaşı, həm də xalqlar arasında dostluğun qurulması üçün bir vasitədir” - deyə müəllif bildirib.

 

Azərbaycan.- 2015.- 17 iyun.- S. 11.