Azərbaycan idman tarixində ən yaddaqalan “Zəfər Günləri”ni yaşayır

 

 

İyunun 12-də start götürən I Avropa Oyunlarının həyəcanı getdikcə artır. Çünki idmançılarımız hər gün medallar uğrunda əzmkar mübarizə apararaq xalqımıza sevinc hissləri yaşadırlar. Bütün arenalarda bir-birindən maraqlı və gərgin oyunlar keçir. Elə bu səbəbdən də oyunları yarış meydanlarında izləyən azarkeşlərin sayı günbəgün artır və onlar medallar uğrunda mübarizə aparan idmançılarımıza böyük dəstək nümayiş etdirirlər.

Avropa Oyunlarında medal qazananlar isə bir gün sonra Milli Olimpiya Komitəsinin (MOK) binasında təşkil olunan “Zəfər Günləri”ndə öz sevinc hisslərini paylaşırlar. MOK-un təşkil etdiyi bu mərasimdə idmançılar xüsusi hədiyyələrlə mükafatlandırılır və media nümayəndələri ilə keçirdikləri hissləri, öz təəssüratlarını bölüşürlər.

Dünən də MOK-da bayram əhvali-ruhiyyəsi vardı. İyunun 16-da ölkəmizə medal qazandıran 3 idmançı - Anjela Doroqan (güləş, 53 kq), Valentin Demyanenko (kanoe, 200 m) və Patimat Abakarova (taekvando, 49 kq) da “Zəfər Günləri”nin səbəbkarları sıralarına imzalarını atdılar. Toplantıda gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edirdilər.

Mərasimdə ilk çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, artıq Azərbaycan idmançıları müxtəlif yarış növlərində medallar qazanırlar: “Bütün xalqımız görür ki, Azərbaycanı təmsil edən idmançılar ölkəmizi layiqli təmsil edirlər. Hər bir idmançı medal almaq üçün var gücünü ortaya qoyur, xalqımızı sevindirmək üçün əlindən gələni edir. Milli Olimpiya Komitəsi isə hər gün bayram şənliyi keçirir. Oyunlar bitənədək hər günümüz belə keçəcək. Medallarımızın sayı hər keçən gün artacaq. Yaxşı günlərimiz hələ qabaqdadır”.

Çingiz Hüseynzadə daha sonra qeyd etdi ki, atletlərimizin çıxışları hazırlıqların yüksək səviyyədə keçdiyindən xəbər verir. Ona görə də hər bir idmançımız Azərbaycan bayrağını yüksək zirvələrdə dalğalandırmaq üçün bütün imkanlarından istifadə edir.

Gənclər və idman naziri Azad Rəhimov da qürur hissi keçirdiyini vurğuladı. O bildirdi ki, Azərbaycanın uğurları qazanılan medalların sayında da özünü büruzə verir: “Bundan öncə iştirak etdiyim tədbirdə fikirlərimi bildirmişdim. Amma sözlərimi yenə də qürur hissi ilə təkrarlamaq istəyirəm. Dünən daha 3 idmançımız medal qazanıb. İdmançılarımıza sona qədər azarkeşlik etməkdə davam edəcəyik”.

Azad Rəhimov digər qürur doğuran halların da olduğunu vurğuladı. “Bunun biriodur ki, Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Avropa Oyunları onun dəstəyi altında keçirilir. Məhz Patrik Hikki sayəsində Avropa bu gözəl anları yaşayır. Bu gün həm də onun 70 yaşı tamam olur”.

Sonra nazir səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə təbrik edərək dedi ki, Avropa Oyunları çərçivəsində bütün tibb işçiləri gücləndirilmiş rejimində çalışırlar, arenalara təhkim olunmuş tibb işçiləri isə çox diqqətli işləyirlər.

Gənclər və idman naziri son olaraq bir məsələni də diqqətə çatdırdı. Bildirdi ki, dünən Olimpiya Komitəsinin binasında konfrans keçirilib və həmin iclasda Azərbaycan Badminton Federasiyasının yeni prezidenti seçilib. Yeni prezident təhsil naziri Mikayıl Cabbarovdur. A.Rəhimov Azərbaycan Badminton Federasiyasının bundan sonra daha səmərəli və faydalı işlər görəcəyinə ümidvar olduğunu bildirdiyeni federasiya prezidentinə işlərində uğurlar arzuladı.

Azərbaycan Badminton Federasiyasının yeni prezidenti Mikayıl Cabbarov da mərasimdə çıxış edərək dedi ki, “Bakı-2015” dünyaAvropa üçün böyük yarış hesab olunur. Azərbaycan idman tarixində ən yaddaqalan günlərini yaşayır: “Qazanılan uğurlar hər birimizi sevindirir. Mənim Olimpiya Ailəsinə qoşulmağıma yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Könüllülərin fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Onların böyük hissəsi tələbələrdir və onların bu fəallığı da məni sevindirir”.

Çıxışlardan sonra MOK rəsmiləri qızıl medalçı Anjela Doroqanı, gümüş medalçı Valentin Demyanenkonubürünc medalçı Patimat Abakarovanı mükafatlandırdılar. İdmançılar xüsusi hazırlanmış lövhələrə xoş sözlərini qeyd etdilər.

Mərasimdən sonra jurnalistlərin suallarını çavablandıran MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə dedi ki, yarışların növbəti günlərində Azərbaycan boksçuları, cüdoçuları mübarizəyə başlayacaqlar. Əminik ki, onlar da uğurlu çıxışları ilə yüksək kürsülərə çıxıb himnimizi səsləndirəcəklər: “Milli Olimpiya Komitəsi “Zəfər Günləri” layihəsinə başlayanda inanırdıq ki, hər gün öz idmançılarımızın qələbələrini qeyd edəcəyik. Çoxları buna inanmırdılar. Düşünürdülər ki, ola bilsin, hər gün medalımız olmasın. Amma bizim buna çox böyük ümidimiz var idi. Bu gün isə biz gözəl anlar yaşayırıq. Hər gün idmançılarımız tarix yazırlar. Biz idmançılarımızdan böyük uğurlar, müsbət nəticələr gözləyirik”.

Rəsmi hissədən sonra jurnalistlərlə bir araya gələn medalçılarımız isə öz sevinc hisslərini paylaşır, onları dəstəkləyən idman ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkilləri çəkdirirdilər.

 

“Bakı-2015”də tarix yazmağı bacardım”

 

Anjela DOROQAN

Avropa Oyunlarının qalibi:

- Bu, mənim karyeramda qazandığım ilk qızıl medaldır. Çox sevinirəm. Azarkeşlərin inanılmaz dəstəyi məni çempionluq yolunda irəli apardı. Avropa Oyunları sanki Olimpiya Oyunlarıdır.

Etiraf edim ki, əslində çempionluq haqda düşünmürdüm. Lakin “Bakı-2015”də tarix yazmağı bacardım. Ən xoş hisslər yaşayıram. Çünki bayrağımızı qaldırdım finalda layiqli şəkildə güləşdim.

Keçirdiyim görüşlərdə ən prinsipial oyunum yarımfinalda oldu. Çünki yarımfinalda moldovalı Natalya Budu ilə qarşılaşdım. Keçən il keçirilən dünya çempionatında o məni məğlub etmişdi. Mən o məğlubiyyətin əvəzini çıxıb qalib gəlib finala çıxmaq istəyirdim.

Finalda polşalı güləşçi Roksana Zasinana çox güclü şəkildə qalib gəlmək istəyirdim. Axıra kimi güləşdim. Özümü toparladım dedim ki, çempionluq medalını başqasına verməyəcəyəm. Budur, qızıl medal mənimdir. Bu medalı valideynlərimə, məşqçilərimə Azərbaycan xalqına həsr edirəm. Bu sevinc hisslərini bütün idmançılarımızın yaşamasını istəyirəm. İnanıram ki, Azərbaycan idmançıları hələ çox medal qazanacaqlar. Mən isə söz verirəm ki, bundan sonra daha yaxşı nəticələr göstərəcəyəm.

 

Qızıl medal üçün demək olar ki, santimetr çatmadı

 

Valentin DEMYANENKO

Avropa Oyunlarının gümüş mükafatçısı:

 

- Nə deyə bilərəm? Əlbəttə, çıxışımdan narazıyam. Çünki hamı həmişə, hər yerdə qələbəyə can atır. Bu dəfə qızıl medal alınmadı. Ümidvaram ki, hər şey yaxşı olacaq. Düzdür, kayakkanoe üzrə Azərbaycan yığmasına yeganə medalı qazandırdım. Üstəlik, Avropa Oyunlarında kanoe növündə tarixə düşdüm. 200 metr sprinter məsafəsi sayılır. Burada mikrosaniyə də öz sözünü deyir. Qızıl medal üçün demək olar ki, santimetr çatmadı. Yürüşün qalibi olan Henrikas Juştautas istedadlı idmançıdır, cəmi 20 yaşı var. Ümid edirəm ki, gələcəkdə ona yenə rəqib olacağam.

Komandamız kifayət qədər güclüdür. Amma elə alındı ki, medalsız qaldılar. Tezliklə onların da ilk növbədə ən azı mənim kimi nəticəyə imza atacaqlarına inanıram. İstərdim ki, hamısı qalib gəlsin, medal qazansın və nəticələrindən razı qalsınlar.

Gənclər və idman naziri mükafatlandırmadan sonra mənimlə görüşdü. Təbrik etdi və irəlidə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının olduğunu xatırlatdı.

Onu da deyim ki, hər şey çox yüksək səviyyədədir. Hava şəraitindən tutmuş avarçəkmə kanalınadək. Ümid edirəm ki, gələcəkdə Kür çayında hələ çox nüfuzlu yarış keçiriləcək.

 

Medal qazanmaq mənim üçün sürpriz olmadı”

 

Patimat ABAKAROVA

Avropa Oyunlarının bürünc mükafatçısı:

- Çox sevinirəm. Taekvando üzrə yarışlarda ilk medalçı oldum. İnanıram ki, digər komanda yoldaşlarım da medal qazanacaqlar. Çox ciddi hazırlıqlar keçmişdik. İnanırdım ki, nəticə göstərə biləcəm.

İlk döyüşümdə rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşdım və 7:1 hesabı ilə qələbə qazandım. İkinci döyüşdə yunanıstanlı taekvandoçu Ioanna Koutsou ilə görüşdən qalib ayrıldım. Yarımfinalda serbiyalı rəqibim Tiyana Boqdanoçivlə görüşə yaxşı başladım. Hesabda önə keçsəm də, sonra vəziyyətə nəzarət edə bilmədim. Nəticədə hesab bərabərləşdi və sonda rəqib qızıl xal götürərək, mənə qalib gəldi. Hesab edirəm ki, taktiki səhv buraxdım. Mən hesabda yenidən önə keçmək istəyirdim. Amma planım baş tutmadı.

Buna baxmayaraq Avropa Oyunlarının medalçıları sırasına düşdüyüm üçün çox sevinirəm. Hisslərimi bölüşməkdə çətinlik çəkirəm. Qazandığım uğurla fəxr edirəm. Medal qazanmaq mənim üçün sürpriz olmadı. Əslində, daha artığını gözləyirdim. Məqsədim qızıl medal qazanmaq idi. Bütün azarkeşlərə təşəkkür edirəm. Bizi həqiqətən yüksək səviyyədə dəstəkləyirlər.

Qeyd edək ki, “Zəfər Günləri” iyunun 29-dək davam edəcək. Hər gün Milli Olimpiya Komitəsinin binasının qapıları Avropa Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən insanların üzünə açıq olacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 18 iyun.- S.6.